I
Bir hekayə yazmalıyam mən,
Yasəmən ətri verən…
Oxumalısan sən,
Sevməlisən…
Gizlədə bilməyib duyğularını,
Unudaraq soluna qalib gələn sağını,
Üzdə bir az hüznlə,
Təmiz bir təbəssümlə
Gülməlisən…
Düşünməlisən…
Qara qaşlarını çatıb,
Gözəl gözlərini qıyıb,
Bəlkə də, sonuncu dəfə
Məni düşünməlisən…
Bir hekayə yazmışam mən
Yasəmən ətri verən…
Oxumamısan sən,
Sevməmisən…
II
Bir xəyal qur,
Gizlət hamıdan,
Lap qırxlı körpəni bədnəzərdən qoruyan kimi…
Bir xəyal…
Yıxmağa əlin gəlməsin.
Bir dilək tut,
Bildirmə özünə,
Lap təmiz… məsum… dərin.
Bir dilək…
Diləməyə dilin gəlməsin.
Bir dua yerləşdir köksünə,
Bir varlığın xəbər tutsun,
Bir də səni var edən.
Bir dua…
Lap içdən… məhrəm… gizlin.
Bir mahnı dola dilinə,
Sözləri zildən gəlməsin,
Bir az bəmdən… həzin.
Bir mahnı…
Bütün heykəllər rəqs edə bilsin.
III
Xəstəlik kimisən, əzizim,
Yoluxmaq istəyirəm sənə…
Qanım çəkilsin, üzüm solsun,
Amma yanımda ol…
Sən torpaq kimisən, əzizim,
Səndən gəlmişəm sanki,
Qayıtmaq istəyirəm sənə…
Nəfəsim kəsilsin, sonum olsun,
Amma yanımda ol!..