Əvvəli: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – KLV
VII
Ser Yutas Pedlerin gündəliyindən
(davamı)
Görünür, mənim rahat dəqiqələrim heç vaxt olmayacaq. Üstəlik həm də bu, ona görə qəribədir ki, mən məhz sakit həyatı xoşlayıram. Öz klubumu, brici, dadlı yeməkləri, yaxıd şərabları xoşlayıram. İngiltərənin yayını, Fransız Riverasının qışını sevirəm. Orada mənə müxtəlif sensasiyalar danışırlar, hərçəndi bəzən sobanın yanında oturaraq sensasiyaları qəzetlərdən də oxumağa razıyam. Bir sözlə, istədiyim, yalnız rahatlıqdır. Bir az qayğı və çoxlu pul. Bununla da vəssalam! Lakin şəxsən mənimlə birbaşa bağlı olmasa da, tez – tez böyür – başımda müxtəlif hadisələr baş verir.
Bax, bu gün səhər Qay Peqqet əlində teleqram yataq otağıma soxuldu. Onun sifəti hüzndə olduğu kimi sallanmışdı.
Peqet mənim katibimdir. Çalışqan, əməksevər, bir sözlə, xarakterinin ümumi cəhətlərinə görə yaxşıdır. Halbuki, məni heç kim onun qədər narahat etmir. Ondan yaxa qurtarmaq üçün az bəhanə aramamışam. Amma, özünüz deyin, adamı yalnız işi əyləncədən üstün tutduğuna, səhərdən axşamadək çalışdığına, zərərli vərdişlərdən uzaq olduğuna görə işdən çıxarmaq olarmı? Peqqetin yeganə, həm də qəribə nöqsanı sifətində idi. Onun sifəti xalis XIX əsr adam zəhərləyənlərinin sifətinə oxşayırdı.
Düzünü desəm, məni də işləməyə məcbur etməsəydi, Peqqetin əleyhinə heç bir fikrim olmazdı. Mən yüngül, sərbəst, xüsusi səy göstərmədən başa gələn işi qiymətləndirirəm.
Peqqet isə hər şeyi həddindən artıq ciddi qəbul edir.
Ötən həftə ağlıma gözəl bir ideya gəldi-onu Florensiyaya göndərmək. Necə oldusa, o, mənə Florensiya barədə danışdı və üstüörtülü işarə etdi ki, orada olmağı arzulayır.
“Əzizim-deyə, sevindim. –Günü sabah gedin. Bütün xərcləriniz mənim boynuma.”
Sonrakı həftəni gözəl keçirdim. Istədiyimi elədim. Lakin, bir neçə gün sonra Peqqetin olmamasından əməlli-başlı nəşələnməyə imkan tapmamış, o, səhər tezdən qarşımda peyda oldu. Xoş günlərimə son qoyulduğunu anladım.
– Əzizim, Peqqet! Bu nədir, dəfn mərasimi artıq başa çatıb? Yoxsa, hələ təzə başlayır?
Yumor hissindən tam məhrum olan Peqqet çaşdı.
– Necə? Siz artıq hər şeyi bilirsiniz, ser Yustas?
– Nə barədə soruşursunuz? -deyə həyəcanlandım.
Peqqet əlindəki teleqramı yellədi.
– Ser, bilirəm, ertədən durmağı xoşlamırsınız. Ancaq, artıq saat doqquzdur! ( səhər saat doqquzun günorta olmasına Peqqet tam əmin idi ) Fikirləşdim ki, belə vəziyyətdə…
– Di, bir deyin görək, axı, nə olub?
– Polisdən teleqram gəlib. Marlouda, sizin evdə qətl baş verib!
– Belə de!- ucadan dilləndim.- Nə üçün, məhz, mənim evimdə?
– Bu haqda heç nə yazılmayıb. Belə hesab edirəm ki, tezliklə İngiltərəyə qayıtmalıyıq.
– Niyə ki?
– Polis…
-Polisin nə dəxli var bura?
– Axı, bu sizin evinizdir!
– Hə, bədbəxtlikdən mənimdir. Ancaq mənim günahım deyil.
– Üstəlik, öldürülən əcnəbidir-Peqqet davam etdi.
Əlbəttə ki, o, haqlı idi. Evimizdə qadın öldürülübsə, pisdir, əgər o, “üstəlik əcnəbidirsə”, ikiqat pisdir.
– İlahi!- deyə, inildədim.- Ümid edirəm, bu, Karolinanı o qədər də məyus etməz.
Aşpaz Karolina Ceyms-bağbanımın arvadıdır. Əla xörəklər bişirir. Elə buna görə də əri bekara bağban olsa da dözürəm.
– Belə hadisədən sonra düşünürəm ki, Karolina qalmaz, çıxıb gedər…
– Ancaq, siz onu qalmaq üçün dilə tutun. Peqqet!- deyə əmr etdim.
Üç gündən sonra
Qışda İngiltərədən getməyə imkanı olan, lakin bunu etməyən adamları başa düşə bilmirəm. Dəhşətli iqlimi var…
Təsərrüfat qayğıları həmişə yorucudur. Agentlikdən xəbər verdilər ki, indi Mill-hausdakı evi çətin ki, kirayə vermək olsun. Karolinaya ikiqat maaş təyin etdiyim üçün sakitləşdi. Əslində, burada biz o qədər də lazım deyilik. Elə günü sabah Kanna qayıdırıq.
Bir gün sonra
Qeyri –adi hadisələr baş verirdi. İndicə Avqustus Milreylə qarşılaşdım. Bu adam bizim hazırki hökumətdə heç də az olmayan köhnə uzunqulaqların xalis nümunəsi idi. O məni kənara çəkib müəmmalı şəkildə Cənubi Afrikadakı vəziyyət, baş verə biləcək tətillər və nəsə “gizli fəaliyyətlər” barədə danışdı. Nəhayət, səsini alçaldaraq pıçıltıya keçən Milrey xəbər verdi ki, hansısa mühüm sənədləri Generala çatdırmaq lazımdır.
– Çatdırın də – əsnəməmi saxlayaraq razılaşdım.
– Bəs, bunu necə edək? Vəziyyət çox qarışıqdır.
– Poçtla göndərin.
– Əzizim Pedler, – Milrey gözlərini qıydı,- adi poçtla? !
– Əgər poçtla istəmirsinizsə, onda adamlarınızdan biri ilə göndərin.
– Yox bir! Bu mümkün deyil. Əmin olun ki, ehtiyat etməyə əlimizdə tam əsas var. Ciddi əsas.
– Bütün bunlar son dərəcə maraqlıdır- deyə, bildirdim, – ancaq bağışlayın, tələsirəm…
– Bir dəqiqə, əzizim Pedler, yalvarıram sizə, bircə dəqiqə, səbr edin. Bu düzdürmü ki, yaxın vaxtlarda Cənubi Afrikaya getməyə hazırlaşırsınız?
– Bəli iki həftədən sonra.
– Bir az tez gedə bilməsinizmi? Tutalım, bir həftədən sonra?
– Mənə poçtalyon rolunumu tapşırmaq istəyirsiniz?
– Bayaqdan elə bu barədə danışmaq istəyirəm. Üstəlik, sizin qeyri-rəsmi şəxs vəziyyətində olmağınız.. Ümidvaram ki, hər şey əla olacaqdır.
– Nə deyim… Etiraz etmirəm.
– Sizdən çox razıyam,Pedler, lap çox! Şəxsən Generala. Əldən- ələ, başa düşürsünüz? “Kilmorden Kastl” şənbə günü yola düşür. Gözəl gəmidir.
Axşam eşikağası Yarvis mənə yaxınlaşıb, dedi:
– Ser, bir centlmen sizi görmək istəyir. Deyir ki, şəxsi işdir, adını bildirməkdən də imtina etdi.
Təbii ki, gözlənilməz qonağı Peqqetin yanına göndərmək olardı, lakin o, həmin saat mədəsilə əlləşirdi. Və mən gələn şəxsi qəbul etmək istəmədim. AmmaYarvis tezliklə geri qayıtdı.
– Ser Yustas, centlmen deyir ki, onu mister Milrey göndərib.
Bu, işi dəyişirdi. Bir qədər sonra günəşdən qaralmış, gözəl üzü bir neçə çapıqla korlanmış möhkəm bədənli gənc qarşımda dayanmışdı.
– Eşidirəm,- dilləndim.
– Mister Milrey mənə əmr edib ki, sizi Cənubi Afrikaya qədər müşayiət edim. Katib simasında.
– Lakin əzizim, artıq mənim katibim var və ikincisinin xidmətinə ehtiyac duymuram.
– Buna şübhəm var, ser. Yeri gəlmişkən, katibiniz hardadır?
– O bir balaca kefsizdir. Qastriti var.
– Əminsinizmi ki, onun xəstəliyi qastritdir?
– Əlbəttə ki,- cavab verdim.- həmişə çalışqan gənclərdə qastrit olur.
Gənc gülümsədi.
– Qastrit ola da bilər, olmaya da. Bunu zaman göstərər. Yeri gəlmişkən, mister Milrey öyrənsə ki, katibinizi aradan götürmək istəyirlər qətiyyən təəccüblənməz. Yox- yox, həyəcanlanmayın! Şəxsən sizi heç nə gözləmir. Ancaq mister Milrey təkid edir ki, sizi mən də müşayiət edim. Və xahiş edir ki, pasportumun qayğısına qalasınız. Amma bunu elə etmək lazımdır ki, guya məni özünüz dəvət etmisiniz.
– Yaxşı- razılaşdım və gəncin getməyə hazırlaşdığını görəndə, istehzayla əlavə etdim:
– Əgər təzə katibimin adını bilsəydim, yəqin ki, daha yaxşı olardı. Yavaşca dedi:
– Harri Reyborn. Münasib addır, deyilmi?
“Qəribə manera göstərir” – deyə, fikirləşdim.
VIII
Annanın hekayətinin davamı
Qəhrəmanların dəniz xəstəliyinə tutulmasında nəsə bir ləyaqətsizlik var. Şəxsən mən ilk yırğalanmadan özümü pis hiss etdim və bütün sirlərə marağımı itirərək üç gün kayutdan bayıra çıxmadım. Nəhayət, dəniz sakitləşdi və birtəhər göyərtəyə çıxıb digər zərərçəkənlərlə bərabər özümü şezlonqa yıxdım. Dözümlülər göyərtədə gəzişir, deyib – gülürdülər. Günəş şüalarına qərq olmuş okean gözəl idi. Bir az özümə gələn kimi ətrafıma nəzər salmağa başladım. Qadınlardan biri məni xüsusilə maraqlandırdı. Zahirən ona otuz yaş vermək olardı. Bəstəboylu, mavigözlü idi və aşkar Paris üslubunda yüksək zövqlə tikilmiş paltar geyinmişdi. Qadınlarda xoş, cazibədar manera vardı. Şübhəsiz, bütün bunları bildiyindən həmin qadın özünü sahibə kimi aparırdı. Onun göstərişlərinə rəğmən stüardessalar irəli- geri yorturdular. O, şezlonqu hara qoymaq barədə düşünərək fikrini üç dəfə dəyişdi. Və hər dəfə bunu heyranlıqla etdi. “Özümə gələn kimi onunla tanış olaram deyə” – fikirləşdim.
Günorta üstü “Kilmorden Kastl” Madeyra limanına çatdı. Məftunedici qadın hündürboylu, qarabuğdayı kişinin müşayiətilə sahilə endi. Kişiyə qırx yaş vermək olardı. Saçları çallaşmışdı. Məncə o, gəmidəki kişilərin ən qəşəngi idi.
– Kimdir o qadın?- stüardessadan soruşdum.
Ledi Bler. Onun haqqında qəzetlər tez-tez yazırlar.
Bundan sonra naməlum qadına marağım daha da artdı. Səhərisi isə təəccüblü olsa da, missis özü mənə yaxınlaşdı.
– Hə, daha özünü yaxşı hiss edirsənmi?- təbəssümlə soruşdu.
– Təşəkkür edirəm, bu gün doğrudan da vəziyyətim yaxşıdır.
– Dünən elə kökə düşmüşdünüz ki, polkovnik Reyslə fikirləşdik ki, dənizdə bizi dəfn mərasimi gözləyir. Amma, siz bizi heyrətləndirdiniz.
– Təmiz hava kömək etməlidir- mən gülümsəməyə çalışdım.
– Əlbəttə, yalnız dəniz havası – polkovnik Reys təsdiq etdi.
– Bu kayutların dustaqxana həyatı kimi desən öldürər- deyə missis Bler bildirdi.- Ümidvaram ki, pəncərəniz dənizə baxır.
– Xeyr.
– Booy, körpəm mənim, kayutu niyə dəyişmirsiniz? Boş kayutlar ki var. Madeyrada xeyli sərnişin düşdü. Gedin kapitanla danışın.
– Yerimdən qalxmaq istəmirəm.
– Çətin olsa da, durun. Gəzmək sizə xeyirdir.
Missis Bler və polkovnik Reysin müşayiətilə göyərtədə gəzinməyə başladım. Biz əks tərəfə keçdik. Okean gözəl olduğundan missis Bler fotoaparat dalınca getdi. İki-üç kadr çəkəndən sonra o, məyusluqla dedi:
– Plyonka qurtardı. Ancaq eybi yoxdur. Mənim ehtiyatda bir kasetim də var. Budur o!
Elə bu vaxt gəmi yırğalandı, müvazinətini itirən Bler sürahıdan yapışdı və kaseti əlindən saldı.
– Bu niyə belə oldu,- deyə o, süni pərtliklə qışqırdı və sürahının üstündən əyilib, gözləri ilə okeanı axtardı.- Yəni kaset suya düşüb?
– Çətin ki- polkovnik gülümsədi.- Sizinki həmişə gətirir. Çox guman ki, kaset aşağı göyərtəyə, hansısa uğursuz stüardın başına düşüb.
Fit çalındı.
– Lanç-missis Bler şən halda dedi- lançla aranız necədir, miss Bedinqfeld?
– İmtina etmərəm.
Salonda stüard məni arxasında iki yaşlı ledinin və missionerin oturduqları stola tərəf gətirdi. Onlar ara vermədən qara qardaşlarımızdan danışırdılar. Missis Bler və polkovnik kapitan stolunun arxasında əyləşdilər. Orada gözlərim daha bir kişiyə sataşdı. Əvvəl nədənsə onu görməmişdim, yoxsa mütləq xatırlayardım. Hündürboy və arıq idi. Sifəti elə acıqlıydı ki, ətim çimçəşdi. Məlum oldu ki, bu, ser Yustas Pedlerin katibidir. Deməli, ser Yustas, Mill-hausun sahibi də buradadır? Daha bir təsadüfi uyğunluq!
– Bu da ser Yustas- kapitanın stolu arxasında yenicə oturan kişini mənə göstərdilər.
Lançdan sonra yenidən göyərtəyə çıxdım. Bir neçə addım aralıda Peqqet ser Yustasa nəsə izah edirdi. Və mən onun danışığında bir neçə ifadəni eşidə bildim.
– Mənə kayut lazımdır, ser Yustas. Sizinkində işləmək mümkün deyil. Ora sandıqlarla doludur.
– Bəsdir, dost!- Ser Yustas tənbəlcəsinə dedi, – mənim kayutum yatmaqdan ötrüdür və mən sənin yazı makinanın tıqqıltısına qulaq asmağa borclu deyiləm.
– Mən elə bu barədə danışıram, ser Yustas. Mən işləməliyəm.
Mən kayutumun yerləşdiyi göyərtəyə düşdüm və stüarda yerimi dəyişmək xahişilə müraciət etdim.
– “D” göyərtəsində boş yer var- deyə, o xəbər verdi. Sizə 13 nömrəli kayutu təklif edə bilərəm.
– Ancaq, 13-cü yox – lap dilxor oldum. Başqası yoxdurmu?
-Əgər, hələ tutulmayıbsa, 17-ci də boşdur.
Biz 17 nömrəli kayuta yaxınlaşdıq. Kayut boş idi.
Hər şey qaydasındadır, miss, köçə bilərsiniz. Mən şeylərinizi gətirərəm.
Elə bu an mənim ad qoyduğum “qəddar sifətli kişi” Peqqet bizə yaxınlaşdı.
– Üzr istəyirəm, – o dedi,- bu kayut artıq ser Yustas Pedlerə vəd olunub.
– Eyb etməz- stüard onu sakitləşdirməyə çalışdı. Biz ser Pedlerə 13-cünü verərik.
– Bizə on yeddinci vəd olunmuşdu!
– Lakin, ser, on üçüncü daha geniş və rahatdır.
– Yox, bizə on yeddinci lazımdır! Mənə dedilər ki, biz onu tuta bilərik.
– Bağışlayın- mən işə qarışdım, on yeddinci mənə vəd olunub.
– Heç cür ola bilməz on yeddincini mən tutacağam.
– Burada nə baş verib?- daha bir sərnişin özünü bizim mübahisəyə qoşdu. Stüard, şeyləri on yeddinci kayuta qoyun.
Bu, mənimlə stol qonşusu olan müqəddəs Edvard Çiçester idi.
– Bağışlayın, ona etiraz etdim, – bu, mənim kayutumdur.
– Yox, ser Yustas Pedlerin kayutudur!- Peqqet israr etdi.
Açığını desəm, səfəri hansı kayutda davam etdirməyin mənim üçün heç bir əhəmiyyəti yox idi. Lakin ehtiraslar coşdu, heç kim geri çəkilmədi və məni həvəs götürdü. Birdən stüard hiss etdirmədən mənə göz vurdu və artıq “tüstülənməyə” başlamış “səhnədən” dərhal kənara çəkildim. Kapitan köməkçisi bizə yaxınlaşmışdı.
– Qulaq asın! – deyə, yalvardım.- Kayutumu dəyişməyə söz veriblər. On yeddinci məni tamamilə təmin edir. Lakin mister Çiçesterlə mister Peqqet höcətləşir, mənə güzəştə getmək istəmirlər…
Kapitan köməkçisi mübahisə edənlərə tərəf addımladı və hövsələsiz tonla elan etdi:
– On yeddinci bu miss üçün saxlanılıb, sizə isə on üçüncü və iyirmi səkkizinci qalır, özünüz seçin.
Hərarətli baxışlarımla ona təşəkkürümü bildirdim və on yeddinci kayuta daxil oldum. Kiçik qələbə əhval-ruhiyyəmi yaxşılaşdırdı. Tezliklə çay içmək üçün üst göyərtəyə qalxdım, qayıdanbaş isə həyəcanlanmış stüardessanı yanımda gördüm.
– Kayutunuzu dəyişməli olacaqsınız, miss,- o dedi.- Orda xoşagəlməz iy əmələ gəlib.
İy həqiqətən ürəkbulandırıcı idi. Ancaq, hardandı bu belə? Axı, bir saat əvvəl iy yox idi. Stüardessaya cavab verdim ki, əvvəlcə paltarımı dəyişməliyəm, sonra kayutu dəyişmək barədə danışarıq. Tək qalanda havanı bir də qoxuladım. Iy tanış gəldi. Hə, əlbəttə ki! Bu asafetiddir. Hərbi xəstəxanada işləyəndə dərmanları ayırd etməyi öyrənmişdim.
Çarpayıda oturdum. Şübhəsiz, mən olmayanda kimsə kayutu asafetid qırığı atmışdı. Nə üçün? Ona görə ki, rədd olum buradan? Bu, kimin nəyinə gərəkdir? O saat kayut uğrunda mübahisə gözümə tamam başqa fonda göründü. Doğrudan da, nə üçün birdən hamıya on yeddinci lazım olub? Nə üçün Peqqet də, Çiçester də məhz, bura köçməyə çalışırdı. 17.I 22!.. On yeddisində biz Saythemptondan çıxdıq. Bu vaxtadək əmindim ki, 17 – “Kilmorden Kastl” ın yola düşmə vaxtıdır. Ağlıma yalnız bu gəlirdi. Ancaq, deyəsən mən heç də haqlı deyildim. Yaxşı, nəyə görə kimsə yaxın tarixi yazaraq üstəlik, ili və ayı da göstərir? Yox, əgər ilk iki rəqəm kayutun nömrəsidirsə, bəs, onda o biriləri nəyi göstərir? Bəlkə,vaxtı? Deyək ki, saat I – i! İyirmi iki isə – günü? Sabah iyirmi ikisidir…
Rəqəmlərin uyğunluğu – kayutun nömrəsi, gün, vaxt – məni əmin etdi ki, həqiqi izə düşmüşəm. Və indi asafetidin iyinə baxmayaraq kayutu heç cür əldən buraxmaq olmaz. Sabah, yanvarın 22 – də, gecə və ya gündüz saat birdə nəsə baş verməli idi. Çox ehtimal ki, gecə saat birdə. İndi axşam saat yeddidir. Beləliklə, altı saatdan sonra…
Gözləməyə səbrimin çatmasına mat qalmışdım. Vaxt dözülməz dərəcədə ləng keçirdi. Budur, nəhayət ki, gəmi saatı gecə biri vurdu. Və… heç bir şey olmadı. Gəmidə tam sakitlik idi. Birdən dəhlizdə səs-küy eşidildi. Kimsə qaçırdı. Qəfil qapı açıldı və naməlum şəxs mənim kayutuma yıxıldı. “Xilas edin” – o xırıldadı, – məni qovurlar.” Məsələni aydınlaşdırmağa vaxt yox idi. Bir anda çemodanı çarpayının altından çəkdim, naməlum adam ora girdi və dərhal çemodanı əvvəlki yerinə itələdim.
Qapı bərkdən döyüldü. Ağlıma gəldi ki, bu saat əlində tapança Peqqet yaxud missioner içəri soxulacaq . Ancaq, gözlədiyimin əksinə qarşımda stüardessa peyda oldu.
– Bağışlayın, miss! Çağırmısınız?
– Yox!- sözünü kəsdim.
– Üzr istəyirəm, miss,- stüardessa dedi. Amma, həddindən çox içmiş bir centlmen sərnişinləri qorxuda bilər.
– Ümüd edirəm ki, o bura girməyəcək- süni təlaşla dedim.
– Əlbəttə, miss. Ancaq, lazım gəlsə, zəng edin. Gecəniz xeyrə qalsın.
Sərxoş! Gör, nəzakətsizliklə kayutuma soxulmaq nə ilə bağlıdır.
– Bu saat rədd olun! – deyə , tələb etdim.
Cavab gəlmədi. Çemodanı kənara çəkdim. Kişi tərpənmədi. “Sərxoş ölü” deyə fikirləşdim. Bu vaxt gördüm ki, onun uzandığı yerdə döşəmə qana bulaşıb. Yad adamın sol çiynində yara vardı. O ayıldı, çətinliklə çarpayının altından çıxdı və səntirləyərək qalxdı.
– Mən sizi ötürərəm- ona ürəyim yandı.
– Dəyməz- təşəkkür bildirmədən köməyimdən imtina etdi.
– Səfehin biri! Nədir, bu vəziyyətdə gəmini gəzməyə hazırlaşırsınız?
Sözlərim təsir etdi və bundan sonra bacardığım kimi yarasını sarıdım.
– Belə – belə işlər. İndisə, buyurun, izah edin görək bütün bunlar nə deməkdir?
– Başqasının işinə qarışmayın!
– Elə niyə?
– Köhnə bir həqiqəti xatırlasanız, pis olmaz: əgər istəyirsənsə ki, sirrini hamı bilsin, onu hər hansı bir qadına söylə.
– Yəqin ki, bunu göstərdiyim yardıma təşəkkür kimi başa düşmək lazımdır.
Nəhayət, bayaqdan bəri ilk dəfə ona əməlli- başlı diqqət yetirdim. İşıqlı boz gözləri, qarabəniz, yanağında çapığı vardı. O, açıqca gülümsəyərək mənə baxırdı.
– Ümid edirəm, sizi böyük təhlükədən qurtardığımı başa düşürsünüz?
O, sıçrayışla stuldan qalxdı. Məni itələyərək qapıya yönəldi. Qapıya çatanda qəfil geri qanrıldı:
– Sizə təşəkkür etməyə borclu deyiləm. Lakin borc haqqında unutmaram və imkan düşən kimi qaytararam.
X
Gecənin qalan vaxtı sakit keçdi. Yuxudan gec oyandım. Göyərtəyə çıxan kimi missis Bler mənə yaxınlaşdı.
– Sabahın xeyir, mənim qaracığazım!
– Qaracığaz niyə?
– Səfərimizin lap əvvəlindən səni belə adlandırıram. Məncə sizdə qaraçısayaq nəsə var. Və mənə elə gəlir ki, sizinlə ürəkdən danışmaq olar.
-Qəribədir! “Kilmorden”ə ayaq basan andan mən də sizə fikir verirəm.
-Əzizim, özünüz barədə danışın. Məsələn, Cənubi Afrikaya nədən ötrü gedirsiniz?
Atam və özüm barədə qısaca məlumat verdim.
-Demək siz Çarlz Bedinqfeldin qızısınız? Lakin, planlarınız haqda bir kəlmə də demədiniz. Yəqin ki, müəyyən planlarınız da var?
-Planlarım tamamilə qeyri-müəyyəndir -deyə, hər ehtimala qarşı ehtiyat etdim.
-Təvazökarliq etsəniz də bu gün yorğun görünürsünüz. Necə yatmısınız? Mən o qədər də yaxşı yatmamışam. Təsəvvür edirsinizmi, bu avara stüard yalnız kaseti qaytarmaqdan ötrü gecə yarısı məni yuxudan oyadıb. Dünən əlimdən saldığımı deyirəm, həm də gicbəsər özünü qəribə aparırdı: əlini ventilyatora uzadıb kaseti çarpayıya atdı. Yamanca qorxdum. Fikirləşdim ki, birdən bomba olar.
-Budur, sizin polkovnik də gəldi-deyə, müsahibimin diqqətini yayındırdım.
-Polkovnik yaxınlaşanda missis Blerdən aralandım. Öz kayutuma girdim və o saat hiss etdim ki, kimsə burada axtarış aparıb. Suallar saatbasaat çoxalırdı. Görəsən, nə axtarırmışlar? Gecə sərnişini nə üçün məhz, mənim kayutumda gizləndi? Onu kim yaralamışdı? Nəyə görə?
Sərnişinləri bir-bir fikrimdən keçirərək, mənə görə xüsusi diqqətə layiq olanlarını seçib ayırdım.
Birinci, parlamentin üzvü, Mill-hausun sahibi ser Yustas Pedler, sonra onun katibi Peqqet. Və nəhayət, müqəddəs Edvard Çiçester.
Çiçesterden başlamağı qərara aldım. Başımı yaylıqla örtüb, göyərtəyə qayıtdım və adamlar arasında öz “qurbanımı” axtarmağa başladım. Bax bu da o. Sürahiyə dirsəklənərək dalğın-dalğın uzaqları seyr edən Çiçesterə tərəf addımladım.
– Əminəm ki, kayuta görə mübahisədə höcətliyimi bağışlayarsınız –çöhrəmə nurlu təbəssüm verərək soruşdum.
– İncikliyi xristiansayağı etiraf etmirlər-o soyuq cavab verdi.
– Afrikaya ilk dəfədirmi gedirsiniz?-söhbətə körpü salmağa çalışdım.
– Cənubi Afrikaya birinci dəfədir. Ancaq Şərqi Afrikada hannibal sülalələri arasında işləmişəm.
Onun cavabından nədənsə hürkdüm. Deyir ki, Afrikada olub, lakin üzündə bir qırıq da qaralma əlaməti yoxdur. Yəni, o, həqiqətənmi müqəddəsdir? Yanımızdan ötən ser Pedler əyilərək Çiçesterin ayaqları yanından götürdüyü kağızı ona uzatdı: “Bu sizin deyil ki?”
Mister Çiçesterin sifəti pərtlikdən göyərdi. O, kağızı qamarladı, amma mənim baxdığımı görüb, tələsik izah etdi:
– Dua yazırdım.
– Belə de-e!
O kəkələyərək üzrxahlıq edib, uzaqlaşdı. “Dua” vərəqini ser Pedlerə yox, mənə qismət olması üçün çox şeydən keçərdim.
Günorta kofesi veriləndə ser Yustas Pedler və
Peqqetlə missis Bler və polkovnik Reys bir stol arxasında oturmuşdular. Heyranlıqla gülümsəyən Bler məni öz yanlarına dəvət etdi. Stol ətrafında İtaliya haqqında söhbət gedirdi.
– …Mənə isə italyanlar xoş gəlir!-Bler dedi. –Elə diqqətli adamlardır ki… Onlardan bir neçə yerə getməyi xəbər alanda marşrutu bildirmə əvəzinə o qədər məlumat verirlər ki, adamın az qala başı hərlənir. Bir kəsin üzü heyrətdən kəlləsinə çıxanda isə əlindən tutub hara lazımdır aparırlar.
– Florensiyaya da, hə, Peqqet?-ser Yestas qəfil öz katibinə tərəf döndü.
Peqqet qıpqırmızı oldu.
– Əlbəttə, hə!-deyə, anlaşılmaz şəkildə kəkələdi və dərhal dəstəni tərk etdi.
– Yazıq Peqqetin dəhşətli bir cinayətdə iştirakından şübhələnməyə başlayıram-Pedler gülümsədi. – İtaliya haqqında, onun bu yaxınlarda Florensiyaya səfəri barədə söz düşən kimi dərhal söhbətin mövzusunu dəyişir və sadəcə olaraq aradan çıxır.
– Oralarda adam öldürməkdə əli olmayıb ki? –missis Bler şən-şən Pedleri müdafiə etdi.
– Peqqet sizinlə çoxdan işləyir, ser Yustas?-polkovnik Reys soruşdu.
– Alti ildir-Pedler dərindən nəfəs aldı. –Qəddar sifətli doğulmağı o arzulayırdımı? Ancaq məsələ burasındadır ki, həyatda cazibədar simalı nə qədər qatil var. Elə Qrippeni götürək. Xatırlayırsınızmı? Axı o, şeytan tək suyuşirin idi.
– Deyəsən onu gəmidə ikən həbs etdilər, hə?-missis Bler soruşdu. Bu vaxt mister Çiçester gözlənilmədən fincanı əlindən saldı, lakin heç kim buna əhəmiyyət vermədi. Müsahiblər bir az da hava haqqında danışıb dağılışdılar. Missis Bler yorulduğunu bildijrib, yatmağa getdi. Sonra ser Pedler uzaqlaşdı və mən pollkovnik Reyslə təklikdə qaldım.
– Miss Bedinqfeld, özünüzü lap rahibə kimi aparırsınız, heç olmasa bu gün sizinlə rəqs etmək mənə qismət olacaqmı?
– Mən tez yatmağa adət etmişəm.
– Adətinizə bu gün də sadiq qalacaqsınızmı?
– Dəvətinizdən məmnunam, lakin missis Bler…
– Missis Bler rəqs etməyi xoşlamır!
Boynuma alıram ki, polkovnik Reysin təklifi məni həyəcanlandırdı. Yox, o, yaraşıqlı idi. Hətta mənə ideal kişi təsiri bağışlayırdı. Məhz elə buna görə də ehtiyat edirdim. Üstəlik, onun təklifinə missis Blerin necə münasibət bəsləyəcəyini bilmirdim.
Polkovnik gözəl tərəfmüqabil, nəzakətli və diqqətli idi, yüngül və sərbəst rəqs edirdi. Gecənin sonunda o, üst göyərtədə gəzinməyi təklif etdi. Təklikdə qalanda dedi:
– Miss Bedinqfeld, vaxtilə atanızla görüşüb, tanış olmuşam. O, özünün mülayimliyi, xüsusilə biliyinin zənginliyi ilə məndə güclü təəssürat oyadıb.
Atam haqqında xatirələrdən sonra Reys keçmişə səyahət etdi. Heç demə o hərtərəfli təhsil alıbmış. Buna baxmayaraq bir neçə taktki səhvə yol verdi.
Kayuta girəndə təxminən saat 12 idi. Fikrim polkovnikin yanındaydı. Onun, əlaltdan məni yoxlaması hissindən yaxa qurtara bilmirdim. Bəlkə qəsdən səhvlər buraxdı. Götür-qoy edərək belə nəticəyə gəldim ki, polkovnik bu söhbəti elə-belə düşünməmişdi. O, hər şeydən əvvəl yoxlayırdı görsün qarşısındakı həqiqətənmi Anna Bedinqfelddir. Lakin, bu yoxlama onun nəyinə gərəkdir?
Davamı: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 3
Tərcümə edən: Novruz İbrahimoğlu