Sənət yaradıcılığın ən mühüm hissəsidir. Burada olan incə nüans və zövqlər insanları heyran etməklə bərabər düşündürməlidir. Adi bir kağız üzərində çəkilmiş iki yanaşı xətt bizim üçün adi görünsə belə, bəzi insanlar üçün mühüm əhəmiyyət daşıya bilər. Çünki orada olan fikri, düşüncəni anlayır və bilirlər.
İndi isə sənətin möhtəşəm nümunələrini yaradan, divarlara həbs edilməyən əsərlərinin satışına sadəcə xeyriyyə məqsədilə icazə verən, gizli, kimliyi bəlli olmayan bir rəssamdan danışacağam. Sənət ruhu narahat edən, ya da orda olan gözəl hisslərin büruzə formasıdır. Biri musiqi ilə, digəri şeirlə, başqa biri sözlə və bizim qəhrəman da rəsmlə yansıtır ruhunun meyvəsini.
Gizli bir kimliklə fəaliyyət göstərən bu şəxs özünə Banksy ləqəbini götürmüşdür. Bu, onun imzasıdır – rəsmləri üzərində qoyduğu iz kimi. İşin maraqlı qismi isə odur ki, bu qədər dəyərli sənətkarı heç kəs tanımır. O seçdiyi məkanlara daxil olur, səssizcə və diqqət çəkmədən rəsmini çəkir və ortadan yox olur. Rəsmləri barədə isə o qədər maraqlı məlumatlar var ki, insan oxuduqca həm rəsmlərə, həm də hekayəyə heyranlıq duyur. Sadəcə rəssamın bu qəribə fəaliyyəti insanların beyinlərində suallar doğurur. Oxuduğum bir məqalədə belə qeyd olunurdu: “1974-cü ildə İngiltərənin Bristol şəhərində anadan olan sənətçi gənc yaşlarında qəssab təhsili alıb və bir çox başqa işlərdə də çalışıb. Banksy 1980-ci illərin sonlarında İngiltərədə divar rəsmləri çəkməyə başladı. Küçə rəssamı olmağın ən böyük amili gənc yaşda aldığı travmadır. Banksy 9 yaşında olanda ən yaxın dostunun yıxılaraq huşunu itirməsinə səbəb olur. Ona görə də ibtidai sinifdən qovulur. Əslində, bu böhtan idi, çünki dostu huşsuz idi. Lakin Banksy hər zaman həqiqəti xatırlamaqda çətinlik çəkir və özünə haqq qazandıra bilmirdi. Hətta Banksyın anası onun günahkar olduğuna inanaraq oğluna təzyiq göstərir. Bütün bu hadisələrdən sonra sənətkar özünü partizan və vandal titullarına layiq görür. O, özünü aparan davranışını öz sözləri ilə belə izah edir: “Düşünürəm ki, o qədər erkən öyrəndiyim üçün çox şanslı olmuşam. Belə ki, yaxşı olmağın mənası yoxdur. Heç vaxt etmədiyin bir şeyə görə bir gün cəzalandırıla bilərsən. İnsanlar həmişə səhv edə bilərlər. Ölüm hökmünə inanan hər kəs güllələnməlidir”.
Bir-birindən maraqlı və əsrarəngiz, düşündürücü tablolar yaradan Banksy bir travma nəticəsində belə möhtəşəm yola qədəm qoymuş və göründüyü kimi çox uğurlu olmuşdur. Banksyın ən uğurlu rəsm əsərlərindən biri “Quzuların fəryadı” olmuşdur. Burada həm heyvanlara edilən işgəncə, həm də oyuncaq sənətçisinin zəhmətli, əziyyətli həyatı əks olunmuşdur. Bir rəsm üzərindən iki düşüncə modelinin təqdim edilməsi özü möhtəşəm istedad nümunəsidir. İncəlik və diqqət burada canlı, və ya cansız fərq etmədən önəmsəmə və dəyər vermə duyğularını aşılayır.
Ən çox sevdiyim əsərlərindən biri “Yaşlı haqlarına hörmət” olmuşdur. Üçbucaq yol hərəkəti qaydalarını göstərən tablonun üzərinə belləri əyilmiş yaşlı insan rəsmləri göz oxşayır. Burada insanın mədəniyyət və düşüncə tərzini, həmçinin incəliyini yansıtmışdır.
Canlı və ya cansızlar, heyvanlar, yaşlılar və daha çox mövzulara toxunan Banksy Zəhra Doğanın həbsi ilə bağlı da bir divar rəsmi çəkmiş və oraya azadlıq çağırışlarını əks etdirən yazı da əlavə etmişdir. Qadın haqlarını qoruyan, ümumiyyətlə, haqqın tərəfdarı olan Banksy kimliyini bildirməsə belə, rəsmləri ilə daxilini insanlara təzahür etdirir.
2019-cu ildə İngiltərədə Brexit müzakirələri zamanı rəssam britaniyalı deputatları şimpanze kimi təsvir etmişdir. “Şimpanze” adlı bu rəsm əsərində Britaniya parlamenti tənqid olunur. Bu əsər rəssamın indiyə qədər gördüyü ən böyük işidir. Həm duyğu, həm canlılıq, həm də siyasətin birgə təsviri və yenə də ədalət axtarışında olmaq… Hər kəsin bacara biləcəyi bir iş deyildir, zənnimcə. Banksy burda da öz sənətkarlığını və istedadını ortaya qoyur. Həmçinin insanları, onların rifahını necə düşündüyünü böyük cəsarətlə təcəssüm etdirir. Deputatları şimpanze kimi göstərməkdən çəkinmir və digər insanlara qarşı necə ədalətsiz, düşüncəsiz davranış sərgilədiklərini göstərir.
Rəssam 2014-cü ildə suriyalı qaçqınlara dəstək məqsədilə çəkdiyi “Şarlı qız” adlı rəsm siyasi və müharibə əleyhinə yaradılmış əsərləri arasındadır. Yenə siyasi yönlü bir əsərdə insan ruhunun toxuna biləcəyi ən incə nüansın əks olunduğunu görə bilirik. Bütün bəşər müharibəni, əldə edəcəklərini düşünərkən Banksy əlində şar olan balaca bir qız rəsmini çəkir. Bu, onun müharibə rejimini dəstəkləmədiyini, uşaqların və insanların ölümünə qarşı olduğunu, insanlığın hələ də ölmədiyini göstərən rəsmlərindən biridir.
Digər maraqlı rəsmlərinədən biri “Hapşu” mənasını verən “Aachoo” əsəri pandemiya dövrünə təsadüf edir. Rəssam bu dəfə öz əsərini Totterdaunda Vale küçəsindəki yarımtikili evin divarına çəkir. Burada da insan sağlamlığını, ona qarşı gələn təhlükəni və bu təhlükədən qorunmaq lazım olduğu mesajını verən Banksy yenə öz ruhunun incə və nəcib düşüncəsi ilə insanı heyran edir.
Oxuduğum digər məlumatlara əsasən rəssamın pandemiyanın ilk dalğası zamanı Sauthempton Ümumi Xəstəxanasının divarına çəkdiyi sənət əsəri hərraca çıxarılıb və əldə edilən gəlir Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə xərclənib. Rəssamın əsərində oyuncaq səbətində Betmen və Hörümçək adam oyuncaqları əvəzinə uşağın oyuncaq tibb bacısı ilə oynadığı görünür. Rəssamın insan sağlamlığına olan diqqəti və insan sağlamlığını nə qədər çox önəmsədiyi burdan da aşikar şəkildə bəlli olur. İnsanları, canlı varlıqları, həyatı önəmsəyən bu insanın əsərləri bununla bitmir. Rəssamın bir-birindən maraqlı və rəngarəng mövzularda, hər biri həssas nöqtələrə toxunmuş incə ruhun meyvəsi olan bir çox əsəri vardır.
Nə gözəl deyiblər: “Rəssamlıq görmə qabiliyyətini itirmişlər üçün bir peşədir. Rəssam gördüklərini yox, hiss etdiklərini çəkir”.
Həqiqətən, belədir. İnsan bir şeyi hiss edərək yazırsa, çəkirsə daha təsirli alınır. İnsanın ruhuna toxunur. Yəni bu estetika nələrinsə gözəl olmasından deyil, ruhun ruha toxuna bilməsindən qaynaqlanır. Ruhun hiss etdiyini, orda kök salan duyğuları yansıtan zaman, həqiqətən insanları təəccübləndirmək mümkün olur. Bəlkə də, bu təəccübləndirmək deyil, sadəcə birinin ruhunda hiss etdiyini göz önünə sərməkdir.
Banksy rəsmlərindən göründüyü kimi təkcə adı bəlli olmayan bir sənətkardır. Çünki mənəvi kimliyini, ruhunu tanıya bilirik. Bir insanı tanımaq demək onun mənəvi kimliyini tanımaq deyilmi? Adlar, soyadlar, doğum tarixləri – hər biri gəlib-keçər. Lakin bir insanın mənəvi dünyasını, onu kimliyini tanıya bilmək hər kəsə nəsib olmaz. Banksy böyük sənətkardır. Bununla bərabər kəpənək ruhlu biridir. İncəliyi, zərifliyi hər zaman ruhunda yaşadır və yansıdır.
Holleyin: “Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir” deməsi eynilə Banksyın incəsənəti bütün ruhunda hiss etməsi kimidir…