Mirzə Mehdi Şükuhinin “Divan”ından seçmələr. İlk dəfə

KLV.az filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifovanın təqdimatında Mirzə Mehdi Şükuhinin “Divan”ından seçmələri təqdim edir.

Məlumat üçün qeyd edək ki, Mirzə Mehdi Şükuhi XIX əsrdə Marağada yaşayıb yaratmışdır. Öz yaradıcılığında klassik ənənələri davam etdirərək tərəqqipərvər və maarifçi sənətkarlarımızdan biri kimi yadda qalmışdır. Kitabda Təbriz dialektinin özəllikləri saxlanılmış, çətin misra və beytlərin əsas mənası izah edilmiş, bəzilərinin isə sözlüyü verilmişdir.

 

SƏFƏRNAMƏ

Səfər rəxtü bəxtin geyindim səhər,

Səhər çıqdım evdən be əzmi-səfər.

 

Təfəül xəyalimdən etdi xütur,

Səri-rahə hər dəm edərdim nəzər.

 

Ki, ta kim, gəlür halətindən onın,

Məali-səfərdən bilüm bir xəbər.

 

Tülu` etdi nagəh səri-kuçədən,

Çü xurşid bir dilbəri-simbər.

 

Boyı sərv idi, leyk bir sərvinaz,

Yüzi bərgi-gül, leyk gülbərgi-tər.

 

Səmənçöhrə, nəy, nəy sərapa səmən,

Şəkərləb, nə, bəlkə ləbaləb şəkər.

 

Həmə işvəvü nazü ğəncü dəlal,

Ze sər ta bəpavü ze pa ta bəsər.

 

Nə pistan, nə sinə necə vəsf edim,

Ki, nur əla nur idi müxtəsər.

 

Libasi-qumaşi geyüb rəng-rəng,

Çü tavusi-cənnət olub cilvəgər.

 

Səfa sinəsiydi, mina gərdəni,

Yüzi Kə`bə, xali-siyahi həcər.

 

Əsər cün nəsimi-səhər zülfinə,

Dəgər qəlbi-üşşaqə eylər əsər.

 

Nə mislin görüb dideyi-ruzigar,

Nə nəqqaşi-Çin böylə surət çəkər.

 

Ləbi-lə`li-nabın qılub dürəfşan,

Edüb qəlbimi dürci-lə`li-gühər.

 

Deyərdi: uğur xeyrdir, aşiqa!

Xudahafiz olsun, səfər bixətər.

 

Nə xoş saət əzm etmisən, mərhəba,

Müqabil durub Müştəri ba Qəmər.

 

Sənə bu mübarək səfərdə mənim,

Ümidim budur nəf`i-külli yetər.

 

Saralmış yüzində sirişkin kibi,

Ki, təhsil edirsən bəsa simü zər.

 

Mənə yaqşı sovqat bari gətir,

Ki, çoq artucaq nəf`in olsə əgər.

 

Dedim: “Ey nigari-Məsihinəfəs,

Əya, lə`li-sirabi, abi-Xəzər.

 

Mələksən nəsən, bavərim yoq mənim.

Bu hüsnü vəcahətdə olsan bəşər.

 

Götürrəm yanımcə əyaqın tozın,

Edim ta ki, yollarda kühli-bəsər.

 

Səfərdən qərəz nəf` etmək degil,

Səni görmək az mənfəətdir məgər?

 

Göstərrəm sənə tüşə hicranda çün,

Dönər lə`lü mərcanə xuni-cigər.

 

Xudahafiz etdim o Leylivəşi,

Könül atəşi-hicrdən sö`ləvər.

 

Dutub rahi-səhra olurmuş dəli

Müsafir çü Məcnuni-şuridəsər.

 

Zibəs çəkdi nəqşi-üzarın xəyal,

Gülü lalədən doldı səhravü bər.

 

Səri-kuyi tək oldı sərmənzilim,

Bəsa dilgüşavü bəsa xubtər.

 

 

Füruşü xəridim behəsbül-murad,

Bəsa kamranü bəsa bəxtəvər.

 

Qəddi-sərv limuyi-pistanı tək,

Nihali-ümidim gətirdi səmər.

 

Könül şadü məsrur ba zadrah,

Ərz eylədim mən rücui-həzər.

 

Genə bir neçə gün keçəndən sora,

Səfər əzminə bağladım mən kəmər.

 

Genə mən həman niyyəti-əzm ilə

Həman kuçədən çünki qıldım güzər.

 

Həman yerdə nagah gəlüb qarşımə,

Müqabil bir ifriteyi-bədgühər.

 

Kəsi görməyib böylə sirri-ğərib,

Müzəkkər əcuzə, müənnəs zəkər.

 

Zənəx xayeyi-qoçü yüz kuni-boz,

Dəhən kusi-gav, burun kiri-xər.

 

İki xik pistani tək şey yox,

Bu ondan yamanü o bundan bətər.

 

 

Gözi təng, suraxi-məşqəb kibi,

Zəbani çü suhan, dişi çün təbər.

 

Ləb zirü bəm hər zəman kim açar,

Olur xaneyi-eyş zirü zəbər.

 

Ləimü təm`kar manəndi-kus,

Şərirü bədü bihəya çün zərər.

 

Mən abi-dəhanimdən atdım xədəng,

O küməxti-rüxsarın etdi sipər.

 

Bi əmrə gərək olmasun mürtəkib

Ki, ondan şəyatin edər əlhəzər.

 

Əgər olsə Nəkireyn edənməz sual,

Nə var onda cür`ət, nə bunda hünər.

 

O zəngivəşi çünki gördim çöküb,

Bu ayineyi-qəlbə zəngi-kədər.

 

Düşüb göz işıqdan, kəsildi nəfəs,

Ki, az qaldı keçsün çiraği-pədər.

 

Hərasanü tərsanü lərzan olub,

Gürizanü guyan eynüs-səfər.

 

Rəhi-məqsəd oldı çü rahi-cəhim,

“Li ənnəs-səfər qitə`tun min əs-səqər”.

 

Mənazil səirü həva zəmhərir,

Kəsilməzdi bir ləhzə bərfü mətər.

 

Neçə gündə bir mənzili teyy edüb,

Bə səd rənc çün mürği-bibalü pər.

 

Yetişdim qərəz çünki sərmənzilə,

Mənə oldı bir künci-zindan məqər.

 

Könül dərdnak oldı, canım məriz,

Mətaim kəsad oldı, sə`yim hədər.

 

Füruşimdə yoq bircə dinar nəf`,

Edüb qarət əşyaimi nisyəbər.

 

Bu yolki səfərdə mənim başimə,

Gəlüb, əlqərəz, min qəzavü qədər.

 

Yetişdi mənə dərd balayi-dərd,

Ziyan bər ziyanü zərər bər zərər.

 

QOCALIQ

O böyük zəlzələ, aya, gecə ya gündüz imiş,

Bilirəm onda sənin əllidə sinnin düz imiş.

Rus İranə gələn vəqtdə şayəd yüz imiş,

Nadiri təxtdə görübsən, bu mühəqqəq söz imiş,

Görməyüb sən kibi bir kimsənə adəm qocalıq.

 

Nə gəlirsən dalımızcə bu dili-təngin ilə,

Xəfəqan sinən ilə, bu yaraqan rəngin ilə,

Dutmısan əldə əsa bu qədəmi-ləngin ilə,

Uzanub ney kibi burnun öpüşür əngin ilə,

Eyləyübdir səni ə`cubəyi-aləm qocalıq.

 

Eyləyübdir qocalıq qamətini dal kibi,

Yüri get gir yerinə bəndəni tap yal kibi,

Nə şikar axtarusan gürgi-kühənsal kibi,

Baxusan həsrət ilə kişmişə həmmal kibi,

Nə salur fikri-məhalə səni hər dəm qocalıq.

 

Sən hara, mən hara, zülmat hara, nur hara,

Güli-gülzar təmaşasi hara, kur hara,

Şuxi-tənnaz hara, zaviyeyi-gur hara,

Divi-meyşum hara, cilvəgəhi-hur hara,

Cəm`dir səndə bu gün həm dəlilik, həm qocalıq.

 

Get bir ayinədə öz surəti-əhvalına baq,

Bir çövkanəvü kuhanə dönən dalına baq,

Qıl kibi boynını gör, yun kibi saqqalına baq,

Öz-özindən bir utan, sinninə baq, salına bax,

Eyləyübdir səni bir mərgi-mücəssəm qocalıq.

 

Gözlərin yoq görəsən təl`əti-rəxşəndə nədir,

Eynəgin harda seçər arizi-fərxündə nədir,

Qovza bir başını, gör qədi-bərazəndə nədir,

Ruyi heykəl nə bilür işvə nədir, xəndə nədir,

Dərdü çordur, vərəmü nəzləvü matəm qocalıq.

 

BƏHAR

Şükuftə tərfi-gülistanda bərgi-laləvü gül,

Çəkərdi nalə çəmənlərdə qumrivü bülbül.

Təvilə içrə oturmazdi gavü xər xamuş,

Gedərdi şövq ilə yaylaq seyrinə camuş.

Yağış yağardı axardı, olurdı bir palçıx,

Naxır gedərdi çərayə götürməgə talçıx.

Gəzərdi tərfi-çəragahi anqırardı ulağ,

Dağılmışdı çölə mişü bərrə ilə ulağ.

Çalardı seyrkünan dağara çoban düdəgi,

Qovardı vəcdkünan kəndara köpək köpəgi.

Sular bulanmış və coşqun axırdı xeyli-rəvan,

Ərirdi hər dərədən qar, olurdı seyli-rəvan.

 

* * *

 

Fəsl oldı, gözüm, tərfi-bağə baq,

Afaq səbrü xürrəm olub bağü dağə baq.

 

Çün xali-gülrüxan necə məhbubü dilfərib,

Hər bir çəməndə laleyi-həmradə dağə baq.

 

Çün çeşmi-aşiqan necə giryanü əşkriz,

Hər bir tərəfdə çeşməvü çayü bulağə baq.

 

Sərzir bir qəfəsdə çəkər əndəlib zar,

Tərfi-çəməndə balü pər açmış kəlağə baq.

 

Gəlmir qulağə çəh-çəhi-bülbül, ey əcəb,

Gül şaxəsində naləvü fəryadi-zağə baq.

……………………………………………………

Ey bihəya utan, başını sal aşağə baq.

 

Tərkibə baq, yaraşığə baq, surü şəklə baq,

Əndamə baq, yüzə, gözə baq, əl-əyağə baq.

 

Əqlü kəmalə baq, işə baq, iddiayə baq,

Saqqalə baq, boya baq, baş-qulağə baq.

 

Durma gözüm önində, itil get cəhənnəmə,

Boynı yoğundu, peysərə baq, qaş-qabağə baq.

 

Baq bu köpəkdə bir sarı saqqalə, gög gözə,

Zurnaburuna seyr eylə, çirkin dodağə baq.

 

Bassıx olub, salub onı zəncirə lutiyan,

Dünbəg çalanda, gərdişə bax, oynamağə baq.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Nuray Əhədova. Ruhun meyvələri

Şb Sen 24 , 2022
Sənət yaradıcılığın ən mühüm hissəsidir. Burada olan incə nüans və zövqlər insanları heyran etməklə bərabər düşündürməlidir. Adi bir kağız üzərində çəkilmiş iki yanaşı xətt bizim üçün adi görünsə belə, bəzi insanlar üçün mühüm əhəmiyyət daşıya bilər. Çünki orada olan fikri, düşüncəni anlayır və bilirlər. İndi isə sənətin möhtəşəm nümunələrini yaradan, […]