Fransız ufoloqu Emme Mişel bir dəfə belə bir eksperiment aparmışdır. O, Fransanın xəritəsində UNO müşahidə olunan yerləri qeyd etmişdir. Müəyyən olunmuşdur ki, bir gün ərzində UNO-ların müşahidə olunması barədə məlumatlar xəritədə düz xətt boyunca yerləşən yerlərdən gəlir. Özü də söhbət düz xətt boyunca uçan bir UNO-dan deyil, müxtəlif formaya malik fərqli “aparatlar”dan gedirdi. Mişel bunu qanunauyğunluq hesab etmiş və bu barədə “Sirli izaholunmaz obyektlər” kitabında söz açmışdır.
Bu cür müşahidələri yeni zelandiyalı Bryus Kati də aparmışdır. Kati də Avstraliya və Yeni Zelandiyanın xəritələrində UNO-ların müşahidə olunduğu yerləri işarə etmişdir. Bütün bu nöqtələr üfüqi və şaquli düz xətlər boyunca düzülmüşdülər. Özü də bu xətlər düz bucaq altında kəsişərək kvadrat tor əmələ gətirirdilər ki, kvadratın bir tərəfi 33 dəniz milinə (1 mil = 1852 metr) bərabərdir.
Ufoloqlar Reymon Lavye və Şarl Qarro bu rəqəmlərin doğruluğunu yoxlamaq üçün Fransa xəritəsi üzərində Bryus Kartinin eksperimenti təkrar etdilər. Eyni nəticə əldə olundu: hər tərəfi 33 dəniz milinə bərabər kvadrat əmələ gəldi.
Sözügedən tədqiqatçılar hesab edir ki, dünyanın müxtəlif yerlərində bu cür torun əmələ gəlməsinin təsadüf olma ehtimalı azdır. Belə görünür ki, özgə planetdən gələnlər yer kürəsinin xəritəsini kvadratlara bölmüşlər və ardıcıl olaraq bu kvadratları tədqiq edirlər. Yəni, yerdə yaşayan alimin hər hansı ərazisini tədqiq etmək üçün nə edərdisə onu icra edirlər.
Doktor S.Fridmanın ehtimalına görə planetimiz inkişaf mərhələsinin çox aşağı səviyyəsindədir və buradan genetika üzrə eksperimentlər aparmaq üçün nümunələr seçmək, eləcə də daimi müharibələr, təbiətin məhv edilməsi, idarəolunmaz iqlim və s. şəraitində yaşayan ibtidai cəmiyyətimizin inkişafını müşahidə etmək olar.
1961-ci ilin fevral ayında Avropadakı NATO qüvvələrinin radarları Sovet İttifaqı istiqamətindən yaxınlaşan bir neçə uçan aparatı qeydə aldı. Bir neçə saniyə sonra onlar Qərbi Avropanın hava məkanına daxil oldular. Uçan obyektlərin sürəti və manevrliliyi heyranedici idi. Həyəcan siqnalı ilə havaya qırıcı təyyarələr qaldırıldı. Ancaq, bu an uçan obyektlər radarların ekranından itdi. NATO qoşunlarının komandanlığı obyektlərin taktiki-texniki xarakteristikalarını təhlil edərək belə bir nəticəyə gəldilər ki, dünyanın heç bir dövlətində belə uçan aparatlar yoxdur. Elə həmin il NATO qüvvələrinin aviasiya marşalı Tomas Payk bu obyektlərin xüsusiyyətini və mümkün təhlükəsini öyrənmək üçün məxfi qrupun yaradılması barədə əmr verdi. 1963-cü ilin mayında peşəkar əks-kəşfiyyatçı Bob Din qrupa qoşuldu. Ehtiyac qrupu kömək üçün bu mütəxəssisə müraciət etməyə vadar etmişdi: UNO problemi barədə məxfi sənədlər və məlum olmayan şəraitdə qrupun iki üzvü itkin düşmüşdü.
Bob qrupa gəldikdən sonra “Tam məxfi” qrifi altında saxlanılan sənədlə tanış oldu. Bu çoxsaylı illüstrasiya, qrafik və rəqəmlərdən ibarət ağır cild qrupun iki illik zəhmətinin nəticəsi idi. Sənəddən məxfilik qrifi hələ də götürülməməyinə baxmayaraq Bob Din dövlət sirrini pozmaqda və bu sənədin bəzi hissələrini çap etməkdə özündə cəsarət tapdı.
1. Yer planeti bir neçə yad planet sivilizasiyası tərəfindən intensiv və geniş şəkildə müşahidə olunur. Onların texnologiyaları imkanlarına görə yerdəkiləri min illərlə qabaqlayır.
2. Müşahidələr və onların bir neçə min il ərzində aparılması faktı xüsusi plan və proqramın mövcudluğundan xəbər verir.
3. Hərbi kəşfiyyatın məlumatları yad planetlər tərəfindən birbaşa təhlükənin olmamağını bildirir. Ancaq, bəzi faktlar onların dövlət işlərinə müdaxilə etmək potensialını təsdiq edir.
Bu sənədin surəti 60-cı illərin ortalarında NATO üzvü olan bütün ölkələrin başçılarına təqdim olunmuşdur.
1964-cü ilin yanvar ayında ABŞ-nın Arizona ştatında yer-hava tipli raketlə özgə planetə məxsus kosmik gəmi vurulmuşdur. Gəminin düşdüyü yerə gəlmiş mütəxəssislər gəminin çoxsaylı qırıqlarını, naməlum aparatın hissələrini və bir neçə cəsəd tapmışlar. Cəsədlər boz dərili, boyu 110-120 santimetr, insanın kəllə sümüyü ilə müqayisədə böyük kəllə sümüyünə malik məxluqlara məxsus idi. Qırıntıların arasında özgə planetdən gəlmiş məxluq tapılmışdır. O, ABŞ-nın Arizona ştatında HHQ-nin məxfi bazasında bir neçə ay saxlanılmışdır. Şöbənin əməkdaşları onunla ünsiyyət qurmağa nail olmuşdular.
Özgə planetdən olanın sorğu-sual materialından:
– Kənar sivilizasiyaların təmsilçilərini hansı obyektlər maraqlandırır?
– Hökumət və hərbi müəssisələr, sənaye obyektləri.
– Siz öz məqsədlərinizə nail olmaq üçün hansı vasitələrə maliksiniz?
– Miniatür izləmə aparatı, agent-hibridlər şəbəkəsi.
– Onları təsvir edin?
– Birincilər audio-vizual məlumat ötürən, 2 millimetrdən böyük olmayan cihazlardır. İkincilər bizim planetin adamlarının DNK-sının yer planetini adamlarının DNK-sı ilə birləşdirilməsi ilə süni yaradılmış məxluqlardır. Hibridlər zahirən insanlara oxşayır, ancaq, güclü psixoloji qabiliyyətlərə malikdirlər ki, bu əsasən telepatiya və telekinezdir.
Özgə planetdən gələn məxluq bu bazada naməlum xəstəlik səbəbindən ölmüşdür. Hərbi kəşfiyyat diversiya versiyasını istisna etmirdi. Şöbənin iki əməkdaşı şübhəli bilindi. Bir neçə ay sonra onları həbs etməyə cəhd etdilər. Saxlanma zamanı onlardan biri öldürüldü. Digəri, yəqin ki, hazırlanan əməliyyat barədə məlumat alaraq gizləndi. Öldürülən şəxsin cəsədi yarıldı və onun genetik kodları tədqiq edildi. Analiz göstərdi ki, onun quruluşu, genetik zənciri və hüceyrədaxili prosesləri insandakı quruluş və proseslərlə uyğun gəlmir.
Mütəxəssislər 1965-ci ilin aprel-may aylarında özgə planetlərə məxsus izləmə cihazları aşkar etdilər. Onlar əsasən əməkdaşların paltarlarında yerləşdirilmişdi, ancaq, bir neçə implantant – burunun selikli qişasına və başın dərisinə yerləşdirilmiş cihazlar da müəyyən olunmuşdur.
1967-ci ilin qışında qrupun qərargahının üzərində UNO peyda oldu. Uçuş 500-700 metr hündürlükdə aşağı sürətlə həyata keçirilirdi. Birinci səfərdən bir neçə gün sonra növbəti səfər oldu. Bu zaman analitiklər qrupundan bir nəfər xəbər-ətərsiz yoxa çıxdı. Buna görə də, 1967-ci ildə ali komandanlığın əmri ilə qrup ləğv edildi.
Hələ bir neçə on il bundan əvvəl alimlər Ştremer və Van der Pol səmaya göndərilən radiosiqnallardan sirli radio əks-səda aldılar, sanki hansısa obyekt onları yer kürəsinə fərqli tezlikdə əks etdirirdi. Kənar sivilizasiyalar üzrə mütəxəssis R.Breysul belə güman etdi ki, bu planetimizin ətrafında gizlicə fırlanan özgə planetin zondunun “əməli”dir. Sonrakı tədqiqatlar bu fikri nə təsdiq, nə də təkzib edə bilmədi.
Bəs bu doğrudursa, onda necə? Gəlin yer kürəsini zəbt etmək qərarına gəlmiş özgə planetdən olanların mümkün fəaliyyətlərini təsəvvür edək. UNO-dan gizlicə desant endirilir və bir neçə gizli baza yaradılır. İnsan simasına malik gəlmələr yer kürəsindəki strukturlara yerləşdirilir ki, sivilizasiyamızı “lazımi istiqamətdə” yönləndirsinlər. Aparıcı ölkələrin elmlər akademiyalarını nəzdində UNO və gəlmələrin fəaliyyəti ilə bağlı digər “möcüzələr”in sırf yer kürəsinə aid səbəblərlə izah edən qruplar yaradıla bilər. Bundan başqa, “Ulduz müharibələri” kimi proqramların hazırlanmasını qadağan etmək lazımdır ki, insanlar xarici təcavüzə qarşı kosmik silahdan istifadə edə bilməsin. Bu mövzu üzrə fəaliyyət göstərən alimləri isə aradan götürmək yaxşı olardı.
Əksər qəzetlər “yer kürəsini yad planetin müdaxiləsindən qorumağa qadir kosmik layihə üzərində çalışan ingilis alimləri müəmmalı şəraitlərdə ölür” deyə yazırdılar. Niyə?
Bu 1986-cı ilin oktyabrında Bristolda baş vermişdir. Qəşəng kostyum geyinmiş bir kişi ipin bir ucunu səliqə ilə ağaca bağlamış digər ucunu halqa edib boynuna keçirmiş və öz maşının qaz pedalına basmışdır. Ölüm ani olmuşdur. Hadisə yerinə gəlmiş polis vəfat etmiş şəxsin portmanetindən professor Ərşad Şərifin adına olan sənədləri tapmışdır. Qəzetlərdə bunun sui-qəsd olduğu yazılmışdı. Belə görünür ki, kimsə sui-qəsd etmək istəyən professor Şərifin nədənsə Londondakı evindən yüz kilometr uzağa Bristola getməsi kimi maraqlı fakt barədə maraqlanmamışdır.
Bu arada daha bir londonlu professor Vimal Dazibay özünü Bristol körpüsündən atmaq üçün eyni məsafəni qət etmişdi. Həyəcanlandırıcı təsadüfdür, xüsusən də bu alimlərin eyni mövzu – ABŞ-dakı “Ulduz müharibələri”nin analoqu olan ingilis hökumətinin proqramı üçün elektron silah hazırlanması üzərində işləyirdilər. Daha bir maraqlı detal həm Şərif, həm də Dazibay UNO-larla maraqlanırdılar…
Müstəqil araşdırma aparmaq istəyən tanınmış amerikan yazar Sidni Şeldon aşkar etmişdir ki, UNO və ulduz silahı ilə məşğul olan ingilis mütəxəssislərin müəmmalı ölümləri 1987-ci ildə davam etmişdir.
…1987 –ci ilin yanvar ayı. “Sinq-Qada”nın müəllifi itkin düşmüş və öldüyü bildirilmişdir.
…1987-ci ilin fevralı ayı. Piter Piqeqelin qarajda özü maşını ilə basılıb öldürülmüşdür.
…1987-ci ilin mart ayı. Devid Senyas maşınını yüksək sürətlə kafeyə çırparaq özünü öldürmüşdür.
…1987-ci ilin aprel ayı. Mark Vizner özünü asmışdır.
…1987-ci ilin aprel ayı. Stuart Qudinq qətlə yetirilmişdir.
…1987-ci ilin aprel ayı. Devid Qrinxalq körpüdən yıxılmışdır.
…1987-ci ilin aprel ayı. Şani Uorenn suda boğulmuşdur.
…1987-ci ilin may ayı. Maykl Beyker yol qəzasında ölmüşdür.
Şeldonun məlumatına görə ümumilikdə qısa müddət ərzində Şərif və Dazibayın ardınca onların iyirmidən çox həmkarı o biri dünyaya göndərilmişdir. Dəqiq desək 23 nəfər. Bunu sadə təsadüf hesab etmək olarmı? Bu bir təsadüf deyilsə, onda necə?
Kosmik tədqiqatların atası, Amerikanın milli qəhrəmanı, məşhur astronavt Qordon Kuper dərin hörmətə malikdir. Onun barəsində çoxsaylı kitablar yazılıb. Buna görə də onun 90-cı illərin sonunda UNO ilə canlı (!) əlaqələri əsl şoka səbəb olmuşdu…
Amerikanın “qaqarin”inin səmimiliyinə şübhə etmək ağılsızlıqdır!
Kosmik tədqiqatların veteranı UNO ilə görüşlərini jurnalistlərlə söhbətində ətraflı təsvir etmişdir. O, soyuq müharibənin başlanğıcında – 50-ci illərin əvvəllərində öz həmkarı ilə Almaniya üzərində “qəribə işıqsaçan disklər”i təqib etmişdi. Kuper gəncliyində debütant pilot olarkən ABŞ-nın hərbi bazasında xidmət etmiş və tez-tez “səmada vals oynayan” qəribə obyektlər görürdü. Onda Kuper səmanın bu cür hədiyyələr baxımından niyə belə əliaçıq olmasını anlamırdı və belə izaholunmaz obyektləri məxfi hərbi eksperimentlərə aid edirdi. Baş verənlərə hakimiyyətin münasibəti Kuperi həyəcanlandırırdı. Növbəti “işıldayan obyektlər”dən sonra onlar şahidlərə gördükləri barədə məlumat verməyi qəti qadağan etdilər və mətbuata yanlış məlumatlar verdilər.
“Yaxşı yadımdadır ki, “ONLAR” yüngül, parıltılı quşlar tək, öz ideal quruluşlu “gövdə”ləri ilə göydə necə süzürdülər. Onlar necə də zərif idilər! Çox vaxt bu qəribə “quşlar” göz önündəcə çoxalırdılar. Bir diskdən toz kimi onlarla kiçik disk ayrılırdı. Onların hərəkəti ilk baxışda xaotik görünürdü, ancaq, diqqətlə baxdıqda onların müəyyən uçuş planının olduğunu yəqin etmək olurdu. Biz pilotlardan heç kəs bu “quşlar”a çata bilmirdi. Onların sürəti bizim “yazıq” maşınlarımız üçün əlçatmaz idi. Demək olar ki, biz bir dəfə də olsun rəhbərliyin əmrini yerinə yetirə bilmir və bazaya əliboş qayıdırdıq. Bazanın bütün işçilərinə aydın şəkildə başa salırdılar ki, bu barədə kənarda hər hansı məlumata görə biz və ailələrimiz amansız şəkildə cəzalanacaq…”
Qordon Kuper 1957-ci ildə “Edvars” HHQ bazasında sınaqçı pilot olur. O hərbi operatorların UNO-nun düşdüyü yerə getdikləri gün növbədə olduğunu xatırlayır. “Mən operatorların çəkdiyi materialı izlədim, – Kuper deyir. Planetlərarası qəribə gəminin hansı formada olduğu və qurumuş gölün dibinə neçə düşməsi yadımdadır. Diametri təqribən 9 metr olan nəhəng gövdə ortadan ikiyə bölündü. Ətrafa səpələnmiş qırıqlar çox yüngül dəmirdən düzəldilmişdi. Elastik “rezin” kağızaoxşar dəmirin hissələrini cızmaq və ya kəsmək mümkün deyildi. “Kağız”ı buranda və ya bir neçə dəfə qatlayanda o dərhal ilkin vəziyyətinə qayıdırdı. Hətta mənim kimi elmi tədqiqatlardan başı çıxmayan şəxs də bu materialın planetimizdən kənarda düzəldiyini anlayırdı.”
Ancaq, Kuper məlumatlarının ikinci hissəsi şokedici, hətta fantastikdir. “Mən uzun müddət Rozuell bazasında (xatırlayırsınızsa 1947-ci ildə UNO məhz burada qəzaya uğramışdı) xidmət edən bir zabiti şəxsən tanıyıram. O mənə deyirdi ki, Rozuelldə baş verənlərin hamısı həqiqətdir. Meteozondun qəzaya uğraması barədə məlumatlar həqiqəti ört-basdır etmək üçün verilmişdi. Ancaq, o vaxt bazada işləyənlərin hamısı bir neçə başqa planetdən gələnlərin cəsədini yarılma üçün laboratoriyaya aparılmasını görmüşdü. Sonradan dostum Uayt Sendz bazasında xidmətə keçirilmişdi, burada onun vəzifələrinə “hökumət qonaqları”na saxta sənəd, pasport və rəsmi sənədlərin yazılması daxil idi. Bu naməlum “qonaqlar” kim idi? Niyə onlara tipik amerikan ad və soyadları verilirdi? Niyə onlar müxtəlif ştatlarda yerləşdirilir, yüksək vəzifələrə təyin olunur, yerli əhali ilə assimilyasiya edilirdilər? Bəlkə bunlar yerdə özünə ev qurmuş başqa planetdən gələnlər idi? Dostum bu ehtimalları təkzib etmirdi. O bu “qonaqlar”ın xidmət müqabilində amerikan hökumətinə xalis platin ilə ödəniş edildiyini və qabaqcıl texnologiyalar sayəsində onlarda bu metalın bol olmasını da bildirmişdi… Mən tez-tez amerikan hökumətinin bu və digər faktları təkzib etməkdə və gizlətməkdə hansı məqsədi güdməsi barədə düşünürdüm.”
Kuper Uayt Sendz bazasında xidmət edən dostu ilə çoxsaylı söhbətlərindən birini də xatırlayır. Dostu ona hökumətin seçilmiş incəsənət xadimləri ilə insanların “beyninin yumşaldılması” “döyüşdən” əvvəlki hazırlıq kimi bir şey barədə gizli razılaşma olması barədə də məlumat vermişdi. Müəyyən olunmuşu ki, bu seçilmiş xadimlər arasında rejissor Stiven Spilberq də var. Ona öz gerçəkliyi (!) ilə şoka salan – “Özgə planetdən gələn” “Üçüncü dərəcəli yaxın əlaqələr” filmlərini çəkmək imkanı verən unikal sənədlər təqdim olunmuşdu. Yoxsa bu “ONLAR”ın tezliklə gələcəyi barədə insanların şüuruna məlumat yeridilməsi üçün edilmişdi?
İnsanların əksəriyyəti UNO-lara inanmır və onlar barədə olan məlumatları “jurnalist fantaziyası” hesab edir. Yerdə isə qəribə hadisələr baş verməkdədir. İnsanlıq bioloji növ kimi göz önündə dəyişir. “Əlaqə quran”ların, “özgə planetlərdən gələn səs” eşidənlərin, fenomenal ekstrasensor bacarıqlara malik insanların sayı artmaqdadır. Alimlər bunu əhəmiyyətli dərəcədə zəifləmiş yer kürəsinin maqnit sahəsinin dəyişməsi ilə əlaqələndirir. Akademik V.Kaznaçeyev kinomaqnit kameralarda bu faktı sübut etmişdir. Bu kameralar vasitəsilə Yer kürəsinin maqnit sahəsindən təcrid olunmuş insanlarda telepatik və digər qeyri-adi bacarıqlar yaranırdı. Ancaq, Yer kürəsinin maqnit sahəsinin təbii şəkildə dəyişilməsinə kim zəmanət verə bilər?
Hər bir canlı sistemin, o cümlədən insanın qravitasiya dalğaları yayması barədə fərziyyə mövcuddur. Yəni, hər bir canlı orqanizm ətrafında şəxsi qravitasiya sahəsi var. Şəxsi qravitasiya sahəsi müəyyən səbəblərdən əhəmiyyətli dərəcədə genişlənərsə Yer kürəsinin təbii qravitasiya sahəsi ilə qarşılıqlı təsirə girir və bəzən onu “söndürür”. Bu “çəkisizliy”in təsir zonasında əks olunan “qravitasiyanın itməsi” və “çəkisizlik” effekti də buradan yaranır. Bu fərziyyə qəbul edildiyi təqdirdə, şüurumuzda formalaşmış əksər “klassik təbiət qanunları”nı şübhə altına qoyur və ya onların üstündən xətt çəkir. Buna görə də, əksər qocaman alimlər nəinki bu fərziyyəni nəzərdən keçirmək, heç onun barədə söz açmaq belə istəmir və bu mövzuya rəsmi qadağa qoyur.
Ancaq, biz qocaman alim olmadığımızdan və təbiət qanunlarının pozulması bizi qorxutmadığına görə, gəlin təsəvvür edək ki, bu fərziyyə doğrudur və insan doğrudan da qravitasiya dalğaları yayır. Gəlin fərz edək ki, Yer kürəsində kənar bir sivilizasiya da bu qabiliyyətə malikdir. Bu sivilizasiya tərəfindən yayılan qravitasiya enerjisi Yer kürəsinə qədər gəlib çatır və onunla əlaqəyə girərək onu pozur. Bu vəziyyətin nəticələrini yəqin etmək belə çətindir. Bu Yer kürəsinin nəinki bioloji, həm də fiziki quruluşunun da dəyişməsinə gətirib çıxarardı. Düşünməyə və həyəcanlanmağa dəyər!
Son vaxtlar hədindən artıq izaholunmaz hadisələr baş verir. Məsələn, nə üçün Yer kürəsini “dəlilik kəməri” əhatə etmişdir? Baxın: Koreya, Vyetnam, Əfqanıstan, Livan, İraq, keçmiş Yuqoslaviya, Moldova, Gürcüstan, Azərbaycan, Tacikistan, Çeçenistan. Çoxları deyəcək ki, bütün bu müharibə və münaqişələr siyasi hadisələrdir. Bəs onda niyə onlar zəlzələ və digər qeyri-adi təbiət hadisələri ilə müşayiət olunur? Niyə “dəlilik kəməri” aydın şəkildə halqaya çevrilir, orbit üzrə planetimizə dövrə vuraraq proqramlaşdırılmış düşmənçilik, aqressivlik, təbii kataklizmlər yayır? Bu sual cavabsız olaraq qalır. Qoy “fantastik fərziyyələr” reallıq yox, fantastika olsun!
Ruscadan: Xaqani Cavadoğlu