Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 5

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

Madaqaskar tarixi müəlliflərindən biri xəbər verir ki, “kişilər savaşdan qayıdanadək qadın və qızlar gecə-gündüz rəqs edir, yatağa uzanmır və evlərdə yemək yemirlər. Və ərləri və nişanlıları müharibədə olduğu müddətdə dünyada heç bir şey onları hansısa bir kişi ilə cinsi əlaqəyə girməyə vadar edə bilməz. Onlarda belə bir tam əminlik olur ki, əks halda döyüşçülər ya öldürüləcək, ya da yaralanacaqlar. Rəqs, onların inamına görə, döyüşçülərə güc verir, mərdlik aşılayır və uğura yol açır; buna görə belə bir qızğın dövrdə onlar özlərini əsirgəmirlər. Bu adət bütün ciddiliyi ilə gözlənilir”.

Qızıl Sahilin tşi dilində danışan xalqlarında müharibədə olan kişilərin arvadları özlərini ağ rəngə boyayır və bədənlərini muncuqlarla bəzəyirlər. Gözlənilən döyüş günü onlar tüfənglər və tüfəng formasında kəsilmiş çubuqlarla qaçır və qovuna oxşayan po-po ağacının göy meyvələrini, bunlar sanki yağıların başları imiş kimi, tutub bıçaqlarla doğrayırlar. Şübhə yoxdur ki, bu pantomim kişilərə düşmənlərlə qadınların po-po meyvələri ilə etdiklərini etməkdə kömək etmək məqsədi güdən imitativ magiyanın bir nümunəsidir. Qərbi Afrikada Aşanti ilə qızğın müharibə gedəndə Fitscerald Merriot Framin şəhərində müharibədə xərəkçi qismində iştirak edənlərin arvadlarının ifa etdiyi bir rəqsi görmüşdür. Qadınlar ağ rəngə boyanmışdı, əyinlərində yalnız gödək donlar var idi. Yürüşə çox gödək ətəkli don geymiş, uzun, irəliyə çıxan buynuz şəkilli teli olan üzü qırışmış qoca bir cadugər başçılıq edirdi. Onun sinəsinə, üzü, əl və ayaqlarına dairələr və ayparalar çəkilmişdi. Bütün qadınlar əllərində camış və ya at quyruğundan düzəldilmiş uzun ağ süpürgələr aparır və rəqs zamanı belə deyirdilər: “Ərlərimiz Aşanti ölkəsinə gediblər. Qoy onlar öz düşmənlərini yer üzündən süpürsünlər!”

Tompson çaybasarı (Britaniya Kolumbiyası) tayfasının kişiləri müharibə cığırına çıxanda onların arvadları yalnız kiçik fasilələr verməklə durmadan rəqs edirdilər. Belə hesab olunurdu ki, rəqslər yürüşün uğurunu təmin edirlər. Rəqs edənlər bıçaq oynadır, uzun ucubiz çubuqlar atır, qarmaquclu çubuqlarla həmlələr edirdilər. Bu, düşmənin cıdalanmasını və ya onun zərbəsindən yayınmanı simgəliyirdi. Çubuqların çəkilib çıxarılmasısa döyüşçülərin bəladan qurtulmasını simvolizə edirdi. Bu məqsəd üçün, şübhəsiz, çubuğun ucundakı qarmaq xüsusilə yaxşı uyğunlaşdırılmışdı. Silahı qadınlar düşmən ölkəsinə doğru yönəldirdilər. Çöhrələrini onlar qırmızı rəngə boyayır, rəqs zamanı isə silaha ərlərinin canını salamat eləmək və onlara daha çox yağı öldürmək barədə dua ilə müraciət edirdilər. Bəziləri çubuqlarının uclarına qartal lələyi taxırdılar. Rəqs bitdikdən sonra çubuqları gizlədirdilər. Əgər silahı qınından çıxaranda əri müharibədə iştirak etmiş qadın onda tük və ya dəri parçası görürdüsə, onda bu, o demək idi ki, əri düşməni öldürmüşdür. Amma əgər silahda qan izi vardısa, şübhə qalmırdı ki, onun ərini düşmən öldürmüşdür. Yuki tayfasının kişiləri (Kaliforniya) müharibəyə gedəndə qadınlar çimir etmirdilər; onlar yaşıl budaqları yellədərək və mahnı oxuyaraq rəqs edirdilər. Onların dediklərinə görə, əgər onlar aramsız rəqs edərlərsə, ərləri yorğunluq hiss etməzlər. Hayda hinduları (Kraliça Şarlotta adaları) müharibəyə gedəndə evdə qalmış arvadları səhər tezdən dururdular. Guya onları kölə edirlərmiş  kimi uşaqlarının üzərlərinə hücum çəkirdilər, yəni bir növ müharibə səhnəsi qururdular.  Belə sanılırdı ki, bu, onların ərlərinə düşmənlərilə elə bu cür davranmağa kömək edər. Əgər qadın müharibə cığırına çıxmış ərinə xəyanət edirdisə, ərinin öldürülmə ehtimalı artırdı. On gecə dalbadal qadınlar başlarını döyüşçü qayıqlarının çıxıb getdiyi istiqamətdə uzadaraq yatırdılar. Sonra onlar pozalarını dəyişirirdilər, çünki belə hesab edirdilər ki, döyüşçülər artıq geri qayıdır. Massetdə döyüşçülər evdə olmadıqda halda qadınları hərbi mahnılar oxuyub oynayırdılar, özü də ətrafındakı hər şeyi bəlli bir qaydada saxlamaq lazım idi. Arvadının bu adətlərə əməl etməməsi guya ərinin həlakına səbəb ola bilərdi. Karib (Qəraib) hinduları (Orinoko çayı) dəstə ilə müharibəyə yollananda onların kənddə qalmış dostları döyüşçülərin düşmənin üzərinə edəcəyi hücum anını mümkün qədər daha böyük dəqiqliklə hesablamağa çalışırdılar. Həmin anda onlar iki gənci lüt soyundurub skamyanın üstünə yıxır və onları amansızcasına o ki var şallaqlayırdılar. Gənclər buna dinməzcə dözürdülər, çünki çəkdikləri əzabda onlara analarının südü ilə canlarına hopmuş sarsılmaz inam yardımçı olurdu: o inam ki, onların ruhunun möhkəmlik və gücündən döyüşdə olan yoldaşlarının mərdliyi və uğuru asılıdır.

Bəzi hallarda homeopatik, və ya imitativ magiyanın prinsiplərindən insanlar ağacları və başqa bitkiləri lazımi vaxtda bar verməyə vadar etmək üçün istifadə edirdilər. Məsələn, Türingiyada zəyərək əkən kəndli toxumları dizlərinədək sallanan uzun bir kisədə daşıyır. O, iri addımlarla yol gedir, odur ki, kisə o yan bu yana yellənir. İnanca görə bu, zəyərəyi (kətanı) da yellənməyə vadar edəcəkdir. Sumatra adasının iç nahiyəsində düyü səpən qadınların dağınıq saçları pərişan surətdə çiyinlərinə tökülür ki, çəltik də elə bu cür gen-bol boy atsın və sünbülləri də elə bu cür uzun olsun. Qədim Meksikada mais (məkə, qarğıdalı) tanrıçasının, uzunsaçlı ana adlandırılan ilahənin şərəfinə şölən keçirilirdi. O, qarğıdalı artıq tam boy atdığı və qıçasının üstündəki saçaqlar dənlərin yetişdiyini göstərdiyi çağda başlayırdı. Şölənin əsas hissəsini təşkil edən rəqslər zamanı qadınlar uzun saçlarını açıb buraxırdı və onlar yellənirdi. Bu onunçün edilirdi ki, qarğıdalının qıçaları da belə uzun,  dənləri enli və yastı olsunlar və xalq bolluq içində yaşasın. Avropanın bir çox bölgələrində rəqslər və hündürə tullanmalar guya ki, yaxşı məhsul olmasına kömək edən patentləşdirilmiş homeopatik vasitələrdir. Belə ki, Franş-Konte (Burqundiya) sakinləri belə deyirlər: çətənənin yaxşı boy atması üçün gərək xristian orucluğunda (Maslenitsada) doyunca rəqs edəsən.

İnsanın homeopatik şəkildə bitkiyə təsir edə bilməsinə dair təsəvvür bir malaylı qadının cavabında parlaq şəkildə ifadə olunmuşdur. Çəltik yığımı zamanı nəyə görə bədəninin yuxarı hissəsini çılpaq tutduğunu soruşanda, o belə demişdi: “Mən belə edirəm ki, çəltiyin qabığı nazik olsun, çünki qalınqabıq çəltiyi döymək çox yorucudur.” O əmin idi ki, onun əynində nə qədər az paltar olarsa, çəltiyin qabıqları o qədər az və nazik olacaqdır. Hamilə qadınlara aid edilən münbitlik vermə məntiqi qabiliyyəti bavariyalı və avstriyalı kəndlilərə yaxşı bəllidir. Onlar hesab edirlər ki, əgər ağacın nübarını hamilə qadına versən, ona növbəti ildə o, (ağac) bol məhsul verəcəkdir. Baqanda adalılarının düşüncəsinə görəsə dölsüz qadın öz sonsuzluğu ilə ərinin bağını da yoluxdurur və ağacların münbitliyinə əngəl törədir; buna görə uşağı olmayan qadından, bir qayda olaraq, boşanırlar. Yunanlar və romalılar sonsuz qadınları taxıl (dən) və torpaq ilahələrinə qurban verirdilər ki, torpaq münbit olsun və sünbüllərin dənləri dolu olsun. Bir katolik keşişi Orinoko çaybasarı hindularını dilə tuturdu ki, südəmər körpələri olan qadınları qızmar günəş şüaları altında tarlaları əkməyə qoymasınlar. Buna kişilər belə cavab verirdilər: “Ata, bu adətlər səni ona görə qısqandırır ki, sənin onlardan başın çıxmır. Görmürsənmi, kişilərdən fərqli olaraq qadınlar uşaq doğmağa adətkərdədirlər. Qadınlar dən səpəndə maisin bir sünbülü iki və ya üç qıça, yukkanın bir kökü – iki-üç səbət bar verir və hər şey bərabər nisbətdə çoxalır. Bəs bu nəyə görə belədir? Ona görə ki qadınlar özləri doğa bildiklərindən toxumun bəhər verməsi üçün nə etmək lazım olduğunu da bilirlər. Qoy səpini də elə onlar etsinlər. Bu işdə biz kişilər onlara tay ola bilmərik”.

Beləliklə, homeopatik magiya prinsiplərinə görə insan öz hərəkət və halları ilə bitkilərə pis ya yaxşı təsir göstərə bilər. Məsələn, guya çoxuşaqlı qadın bitkiləri münbit, sonsuz qadınsa – bəhərsiz edir. İnsanların bu və ya digər keyfiyyət və ya əməllərinin zərərli və yoluxucu olmasına inam çoxsaylı yasaq və tabular doğurmuşdur: torpağın bəhərlərini homeopatik olaraq yoluxdurmamaq üçün insanlar müəyyən hərəkətlərdən saqınırlar. Bu qəbildən olan saqınma və ya qaçınmalar, tabulaşdırma nümunələridir. Məsələn,  insan əməllərinin cansız şeylərə ötürülməsinə dair təsəvvürdən çıxış edərək qalelolar iddia edirlər ki, meyvə ağacının altında ox atmaq olmaz; əks halda meyvələr də oxlar kimi ağacdan yerə tökülər. Qovun yeyərkən tüpürülən tumlarla toxumluq tumları qarışdırmaq olmaz; hərçənd əks təqdirdə tüpürülən tum cücərər və saplağında çiçəklər açar, amma bu güllər tumlar ağızdan töküldüyü kimi tökülər və beləliklə, bu tumlar bar verməz. Elə həmin düşüncə bavariyalı kəndlini o şeyə inanmağa sövq edir ki, əgər o meyvə ağacının tingini yerə salarsa, onda bu ağac barını vaxtsız tökər. Kohinxinalı[1] çam qəbiləsindən olanlar quru çəltik zəmilərini əkəndə yağışın məhsulu zay etməsini önləmək üçün düyünü quru-quru yeyirlər.

Yuxarıda gətirilmiş misallarda insan ağac və bitkilərə öz şəxsiyyətinin pis və ya yaxşı keyfiyyətlərindən asılı olaraq arzuolunan və arzuolunmaz xassələr aid edir. Lakin homeopatik magiya prinsipi üzrə təsir qarşılıqlıdır, yəni guya təkcə elə insan bitkilərə təsir etmir, bitkilər də insana təsir etməyə qabildirlər. Çeroki hinduları homeopatik nümunəli praktiki botanika tərəfdarıdırlar. Ketqut bitkisinin cilli kökləri o qədər möhkəmdirlər ki, toxanın şumdakı hərəkətini ləngitməyə qabildirlər. Ona görə çerok qəbiləsi qadınları saçlarını möhkəmlətmək üçün bədənlərini onunla yuyurlar. Qalelo əmindir ki, yerə düşmüş meyvəni yeyən kimi sizdə dərhal büdrəmək və yıxılmağa meyl yaranacaq, işdir əgər nəsə unudulmuş bir şeydən (məsələn, güvəcdə qalmış şirin kartofdan və ya ocağın üstündə qalmış qoyun ətindən) dadarsınızsa, onda özünüz də unutqan olarsınız. Elə həmin qalelolarda belə bir fikir vardır ki, əgər qadın bir salxımdan iki banan yeyərsə, ekiz uşaqlar doğar. Cənubi Amerika quarani tayfasından olan hindular belə hesab edirlər ki, əgər qadın iki bitişik darı dəni yeyərsə, ekiz doğar.

Vedalar dövründə bu prinsipin maraqlı bir tətbiqi belə bir cadu vasitəsi doğurmuşdur ki, qovulmuş bir hökmdar onun köməyilə səltənəti özünə qaytarmağa çalışmışdır. Bunun üçün o, kəsilmiş ağacın kötüyündən doğranmış odunlar üzərində bişirilmiş bir yemək yeməli idi. Belə hesab edilirdi ki, ağacın möhkəmləndirici gücü oddan yeməyə, yeməkdənsə hökmdara keçər. Sundanlılar (Yava adası) o şeyə əmindirlər ki, əgər ev tikan basmış ağacın oduncağından tikilmişsə, onda onun sakinlərinin həyatı da belə tikanlı və keşməkeşli olacaqdır.

(davamı var)

                                                                      Tərcüməçi: Obaçı

 

[1] Vyetnamın cənub hissəsinin əvvəlki adı.

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 6 – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zeynalabdin Makas. Mismarlı dolab

( Rəssam: Vaqif Ucatay) O gün məktəbdə Həsən mənim dəftərimi cırmış, mən də onun ən çox sevdiyi qırmızı yazan qələmini qırıb, üstəlik ona bir “yağlı” şillə də yapışdırmışdım. Dərs başa çatanda müəllim danlasa da, mənə elə gəldi ki, dərsdən əla qiymət aldığıma görə, o, mənə “əhsən, Sərdar, dərsinə həmişə belə […]