Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 6

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

Homeopatik magiyanın xüsusi bir sahəsi ölülər üzərində ixtisaslaşır; homeopatik prinsipə uyğun olaraq ölü sümüklərinin, yaxud da ümumiyyətlə ölümün nəfəsi dəymiş hər şeyin köməyilə siz insanları ölü kimi kor, kar və lal edə bilərsiniz. Məsələn, gənc qalelo gecə sevgilisi ilə görüşə gedəndə məzardan bir ovuc torpaq götürür və onu düz elə sevgilisinin ata-anasının yatdığı yerin üstündə onların evinin çatısına tökür. O xəyal edir ki, məzar torpağı onları çox bərk, ölü yuxusuna daldıracaqdır və onlar onun öz yarı ilə görüşünə mane olmayacaqlar. Bir çox ölkələrdə ev yaran oğrular onların peşəsində çox “faydalı” olan bu magiya növündən hökmən istifadə edirdilər. Məsələn, cənub slavyanlarında ev yaran oğru soyğunu bəzən ondan başlayır ki, yandırıcı bir tənə ilə “Qoy bu adamlar bu sümükdən tez oyanmasınlar” deməklə yaracağı evin üstünə ölü sümüyü atır. Bundan sonra guya ki, evdə bir nəfər də olsun oyaq adam qalmır. Yava adasında evyaran şəxs qəbirdən torpaq götürür və onu, guya ki, ev sakinlərini dərin yuxuya daldırmaq məqsədilə yarmaq istədiyi evin ətrafına səpir. Elə bu məqsədlə hindli evin qabağına ölü yandırılmış olan tonqalın külünü, peru hinduları – üyüdülmüş ölü sümüyünün tozunu səpir, ev oğrusu – rusinsə qalça sümüyünün iliyini çıxarır, yerinə piy doldurur və sonra onu yandırır. Piy alışandan sonra bu cür özünəməxsus şamla üç dəfə evin ətrafında dolaşır, guya bu, evin sakinlərini ölü kimi yatızdırır. Yaxud da, elə həmin rusin ölünün ayaq sümüyündən fleyta düzəldib çalır, guya ki, bunu dinləyən hər kəsi yuxu basır. Elə həmin bədxah məqsədlə meksika hinduları ilk uşağını doğarkən ölmüş qadının sol çiyin sümüyündən (bazu önündən) istifadə edirdilər. Yarılması nəzərdə tutulan evə girməzdən öncə hindu sümüyü üç dəfə yerə vururdu. Bu, ev sakinərinin nitqini və əl-ayağını qurutmalı idi; bunu görüb eşidəndə onlar ölü kimi tam taqətsiz olurdular. Avropadasa bu cür xassələri asılmış şəxsin qurudulmuş və mumiyalanmış əlindən başqa bir şey olmayan “düşərli ələ” aid edirdilər. Əgər “düşərli ələ” şamdan kimi o özü də dar ağacından asılmış caninin piyindən düzəldilmiş yanar şam qoyurdularsa, o, guya onu görən hər kəsin matını-qutunu qurudurdu: ölülər kimi onlar da heç barmaqlarını belə tərpədə bilmirdilər. Bəzən ölünün əlinin özü bir şam, daha dəqiqi, bir dəstə şam olurdu, çünki onun bütün qurumuş barmaqlarını yandırırdılar. Əgər barmaqlardan biri yanmırdısa, demək evdəkilərdən kimsə oyaqdır.  Bu cür mənfur şamları yalnız südlə söndürmək olardı. Bəzən oğru şamını yeni doğulmuş və ya daha yaxşısı, ölü doğulmuş uşağın barmağından hazırlamaq tövsiyə olunurdu. Başqa halda oğrunun evin hər bir sakini üçün ayrıca bir şamı olması zəruri sayılırdı, çünki onda bircə şam belə çatmasa evdə kimsə hökmən oyanar və onu tutar. XVII əsrdə belə hallar da olurdu ki, soyğunçular bətnlərindəki döldən bu cür şamlar düzəltmək üçün hamilə qadınlara hücum edirdilər. Qədim yunanlarda soyğunçu və ya ev oğrusu düşünürdü ki, əgər o, ölü yandırılmış tonqaldan bir kösöv gətirsə, ən yaman keşik iti belə susar və qaçar. Evlilik həyatının məşəqqətlərindən bezmiş serb və bolqar qadınlar ölünün gözünə mis pul qoyur, onu çaxır və ya su ilə yuyur və bu mayeni ərlərinə içirdirdilər. Bundan sonra guya  onlar gözlərinə pul qoyulmuş ölülər kimi öz arvadlarının xəta və qələtlərinə göz yumurlar.

Məlum olduğu kimi, heyvanlar insana faydalı ola bilən xassələrə malikdirlər və homeopatik magiya müxtəlif yollarla bu xassələri insanlara ötürməyə çalışır. Məsələn, besuanlardan bəziləri sehrli bir şey kimi safsar dərisi gəzdirirlər, çünki bu canı bərk heyvan guya onları da özü qədər canı bərk edir. Bu xalqın başqa nümayəndələri elə həmin məqsədlə hansısa bir şikəst edilmiş, lakin canlı həşərat gəzdirirlər. Besuan döyüşçüləri saçlarının içində buynuzsuz öküz tükü, bürüncəklərində isə qurbağa dərisi gəzdirirlər. Bu tilsim əşyalarını gəzdirən adam inanır ki, onu da elə buynuzsuz öküz yaxud da sürüşkən qurbağa kimi tutmaq çətindir. Öz qara qıvrım saçlarına bir tutam siçovul tükü taxan Cənubi Afrika döyüşçüsü də şəkk etmir ki, diribaş siçovulun ona atılmış şeydən nə qədər yayınmaq şansı varsa, onun da düşmən nizəsindən elə o qədər yayınmaq şansı vardır. Buna görə həmin bölgədə müharibəyə hazırlıq gedəndə siçovul tükünə böyük tələbat olur. Qədim hind kitablarında belə bir buyruq vardır: qələbə naminə qurban veriləndə mehrabın tikintisi üçün gətirilən gili qaban yatağından götürmək lazımdır ki, bu torpağa  qabanın gücü keçmiş olsun. Əgər birsimli udda çalarkən barmaqlarınız keyiyib uyuşursa, onda uzunbuğum çöl hörümçəklərini tutub yandırmaq və külünü barmaqlara sürtmək lazımdır, guya ki bu, barmaqları hörümçəyin ayaqları qədər əsnək (elastik) və çevik edər. Ən azı, qalelolar belə düşünürlər. Qaçmış qulu qaytarmaq üçün ərəb yerdə sehrli dairə çəkir, onun ortasına bir mıx çalır və ora bir böcək bağlayırdı, özü də ki böcəyin cinsi qaçqın qulun cinsinə uyğun olmalıydı. Mıxın ətrafında sürünərək böcək bağı get-gedə qısaldaraq və mərkəzə yaxınlaşdıraraq sapı mıxa sarıyırdı. Qulun yiyəsi inanırdı ki, böcək kimi qaçqın qul da homeopatik magiyanın köməyilə çəkilib ona tərəf gətiriləcəkdir.

Britaniya Yeni Qvineyasından olan adalı meşəyə getmzdən əvvəl bir ilan öldürüb yandırır və külünü ayaqlarına çəkir: belə hesab olunur ki, bundan sonra bir neçə gün ərzində onu heç bir ilan sancmaz. Qədim yunanlar düşünürdülər ki, bülbül əti yemək yuxusuzluq gətirir: uzağı pis görən adamın gözünə qartal ödü sürtsən, o, qartal kimi iti görər: qarğa yumurtaları qocanın ağ saçlarına qarğa qaralığı verər.

Quiçol hinduları ilanların dərisindəki gözəl naxışların vurğunudurlar. Ona görə quiçol qadın tikiş tikəndə onun əri böyük bir ilan tutur və haça çubuqla sıxılmış halda saxlayır. Qadın əvvəlcə sürünəni boyboy sığallayır, sonra elə həmin əlini alnına və gözlərinə çəkir ki, ilanın naxışları qədər gözəl naxışlar sala bilsin.

Homeopatik magiya prinsiplərinə uyğun olaraq belə düşünülürdü ki, heyvanlar və bitkilər kimi cansız şeylər də daxili təbiətləri və fürsət düşdükdə ovsunçunun onlardan yararlanmaq bacarığı sayəsində ətrafa həm yaxşı, həm də zərərli təsir göstərə bilərlər. Səmərqənddə qadınlar uşağa nabat verir və əllərinin içinə yapışqan sürtürdülər ki, o böyüyəndə nitqi şirin olsun və bahalı şeylər onun əllərinə “yapışsın”. Onlar həm də düşünürdülər ki, qurdun parçaladığı qoyunun yunundan tikilmiş paltar qoturluq və dəri səpməsi törədərək yiyəsinə ziyan vuracaqdır. Onlarda belə bir fikir də vardı ki, əgər itin ağzından çıxmış daşı çaxıra salsan, bu onu içən adamlar arasında dava-dalaş yaradar. Moablı sonsuz ərəb qadınları çoxuşaqlı qadının paltarını birovuza götürürlər ki, onunla birgə yiyəsinin çoxdoğarlığını da kəsb etmiş olsunlar. Sofaladan (Şərqi Afrika) olan kafrlar qamış və ya saman kimi içiboş şeyləri harasa çırpmaqdan dəhşətə gəlirlər və bu hətta onlara xəsarət yetirmiş belə olsa, yoğun dəyənək və ya dəmir çubuqla vurulmağı daha üstün tutarlar. Onlara elə gəlir ki, adamı içiboş bir şeylə vursalar, onun içalatı da ölənədək vərəmdən dığlayacaqdır. Şərq dənizlərində böyük balıqqulağıların Selebes adasındakı bukinezlərin “qocalar” adlandırdığı bir növü yayılmışdır. Cümə günləri onlar bu “qocalar”ı evlərinin astanasına belə bir inamla qoyurlar ki, astanadan içəri keçmiş hər bir kəs ən ahıl çağadək yaşayacaqdır. Yetkinliyə çatdıqda brəhmən – oğlan sağ ayağını daşın üstünə qoymalı və bu sözləri təkrarlamalıdır: “Bu daşın üstünə çıx və onun kimi möhkəm ol.” Elə həmin ayin və sözlər brəhmən evlənəndə onun nişanlısı tərəfindən icra olunur və deyilir. Madaqaskar adasında taleyin dönüklüyünə əks-təsir etmək üçün evi saxlayan ağır dirəyin altına daş basdırılır. Daşlara and içmə yayğın adəti, ola bilsin, o inama əsaslanır ki, daşın gücü və bərkliyi andı möhkəmləndirər. Belə ki, danimarkalı tarixçi Sakson Qrammatik[1] nəql edir ki, “qədimdəkilər hökmdar seçməli olanda, adətən yerə batmış daşın üstünə çıxır və oradan qərarlarını bildirirdilər; qərarın qətiliyinə daşın sarsılmazlığı zamin olurdu”.

Belə hesab olunur ki, daşlarda sehrli güc vardır. Təkcə elə ağır çəkili və bərk olduqlarına görə deyil. Ayrı-ayrı daşlara, onların məxsusi forması və rəngindən asılı olaraq sehrli xassələr aid edilir. Məsələn, Peru hinduları daşların bir qism növlərindən qarğıdalı məhsulunun, başqa bir qismindən kartof məhsulunun artırılması, üçüncü bir qismindənsə – mal-qaranın sayının çoxaldılması üçün istifadə edirdilər. Mais (qarğıdalı) məhsulunun artırılması üçün istifadə olunan daşlar formaca mais qıçalarını, guya ki, davar sayının artmasına köməklik göstərənlərsə, qoç formasını xatırladırdılar.

Daşların, təbiəti daşın forması ilə əlaqələndirilən sehrli gücə malik olduğuna inam Melaneziyanın da bəzi bölgələrində özünə yer tapmışlar. Belə ki, dəniz sahilində suyun cilaladığı mərcan parçası çox vaxt heyrətamiz dərəcədə çörək ağacının meyvəsinə oxşayır. Banks adalarının belə bir mərcan tapmış sakini bunun ağacı yaxşı bar verməyə sövq edəcəyinə ümid edərək, öz çörək ağaclarının birinin dibində onu basdırır. Əgər bu ümid özünü doğruldursa, daşın sahibi müvafiq bir ödənc qarşılığında öz soydaşlarından daha az sehrli xassəyə malik daşları qəbul edir və onları öz daşının yanına qoyur ki, onlara da onun sehrli təsiri hopmuş olsun. Belə bir inam da vardır ki, səthində kiçik dairələr olan daş, pulları artırmaq üçün kara gəlir. Əgər kimsə balalamış donuzun altındakı çoşqalar kimi böyük bir daş, altındasa çoxlu xırda daşlar görürsə, o şübhə etmir ki, belə bir daşın üstünə pul qoysa, öz çoşqalarının da sayını artırmış olar. Bu cür və buna bənzər hallarda melaneziyalılar sehrli qüvvəni daşın özünə deyil, ondakı ruha aid edirlər. Bəzənsə, elə indicə gördüyümüz kimi, insan daşın üzərinə nəzir qoymaqla bu ruhu rəhmə gətirmək istəyir. Lakin rəhmə gətirilməli olan ruhlar barədə təsəvvür magiya sahəsinə deyil, dini sahəyə aiddir. Bu cür təsəvvürə sırf sehrli ideya və hərəkətlərlə bağlı rast gəlindiyi hallarda (gətirilmiş misalda olduğu kimi) bu sonuncular, bir qayda olaraq, sonradan ona dini təsəvvürün calaq edilmiş olduğu əsas gövdə olurlar. Axı bunu güman etməyə karlı əsaslar vardır ki, magiya dindən və təfəkkürün təkamülündən daha öncə mövcud olmuşdur. Bu məsələyə biz bir daha qayıdacağıq.

(davamı var)

                                                                                                                                                                                         Tərcüməçi: Obaçı

 

[1] Sakson Qrammatik (1140 – təq.1208) – Danimarka xronist-salnaməçisi

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 7 – KLV

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Apokaliptik dünyanın qəddarlığı: melanxoliya

“Tarkovskinin qadınları əsəbi və sehrlidirlər” Lars von Trier Stanford Universitetində bir qadın tədqiqatçı iş dünyasındakı qadın və kişi nisbəti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, iş dünyasında qadın-kişi nisbətinin bir qədər tarazlaşması üçün 2159-cu ili gözləməliyik. Görəsən, elmi və texnogen inkişaf çağında niyə arada bu qədər dərin bir uçurum […]