( Rəssam: Vaqif Ucatay)
O gün məktəbdə Həsən mənim dəftərimi cırmış, mən də onun ən çox sevdiyi qırmızı yazan qələmini qırıb, üstəlik ona bir “yağlı” şillə də yapışdırmışdım. Dərs başa çatanda müəllim danlasa da, mənə elə gəldi ki, dərsdən əla qiymət aldığıma görə, o, mənə “əhsən, Sərdar, dərsinə həmişə belə hazırlaşmalısan” – deyirdi.
Həsənin qırmızı qələmini qırıb, ona “yağlı” bir şillə vurduğum gün, on iki yaşıma kimi keçirdiyim ömrümün, bəlkə də, ən mənalı günü idi. Çünki məktəb yoldaşlarım bu xəbəri hamıya yayacaqdılar. Və mən səhəri gün məktəbə sinəmi gərə- gərə gedəcəkdim. Bir şillə nəmənə şeydi – deyib keçməyin… Bu bir şillə az iş deyildi. Bir gün sonra hamı bu məsələni danışacaqdı.
“Nabatalının nəvəsi Sərdarı gördünmü? Kosalı uşağı Həsəni məktəbdə o qədər yığınağın, hətta müəllimin gözü qabağında şillələyib…” Belə bir sözü eşitmək bir yana, hətta xəyal etmək belə mənə hədsiz ləzzət verirdi.
Bizimlə Kosalı uşağı arasındakı düşmənçilik Kəlbə Fatma nənəmin dilucu dediyinə görə, Sürməli çuxuru ermənilərin əlinə keçəndən başlayıbmış. Bu iki qəbilə kəndin ən ağır qəbiləsi idi. Onların arasında davam edən qardaş qırğınında öldürülənlərin sayı– hesabını kənddə bilən yox idi. Son üç ildə dava– dalaşın bir az səngiməsi də araya düşən düşmənçiliyi söndürə bilməmişdi.
Hələ o Səfər əminin ölümü… O nə zülm idi, ay Allah?!
Əmim təsgərəsini alıb evə gələndən iki gün sonra Qobuların aşağı tərəfində meyiti tapılmışdı. Meyitdə neçə xəncər, güllə yarası vardı… Onda mən altı yaşın içindəydim… Əmimin nişanlısı Salatın bu dərddən sarsılıb özünü asmışdı. Hadisənin üstündən altı il keçdiyi halda, o günkü mənzərə yadıma düşəndə tüklərim biz – biz olurdu. Bəzən yuxuma girəndə yuxudan cinni kimi oyanırdım. Yazıq anam əldən- ayaqdan gedirdi.
Məni aparmadığı həkim, molla, seyid, pir qalmamışdı. Əlinə keçəni mənə nəzir deyirdi. Üç il əvvələ kimi…
Üç il əvvəl Kosalı uşağı Qara Qasımı maşını ilə birgə parça– parça eləmişdilər. Bunu kimin elədiyi bilinməsə də, suç bizim qəbilənin boynunda qaldı. O gecə nakam əmim yenə yuxuma girmişdi. Əmimi öldürənlərdən biri də elə Qara Qasım idi. Qara Qasım əlindəki xəncəri əmimin düz ürəyinin başına soxanda, o elə bərk qışqırdı ki, mən də yuxudan dəli bir qışqırtı ilə oyandım. Səsimə hamıdan əvvəl yenə anam sıçramışdı. Kaş heç oyanmayaydım. Anam yerindən elə sərsəmcəsinə sıçramışdı ki, başı evin içindəki dirəyə dəymişdi. Atam oyanıb çırağı yandıranda, anamı özündən getmiş halda gördüm. Balaca bacım, zavallı Səlbi isə qalxıb süd əmmək üçün anamın döşlərini axtarırdı. Mən gördüyüm bu mənzərə qarşısında bir az əvvəlki dəhşətli yuxunu yaddan çıxartdım. Atam Ələkbər nə qədər “Zəhra, Zəhra”– deyə onu haraylayırdısa da, anamdan səs– səmir çıxmırdı. Bu halda qapı bərkdən döyüldü. Yüyürüb qapını açdım. Səsə gələn Kəlbə Fatma nənəm idi. Nənəm anamı bu halda görəndə hirsli– hirsli atamın üzünə baxdı. Atam da eynən eləcənə mənə baxdı. Hətta dişlərini də qıcadı. Sonra babam Nabatalı və bibim Bağdagül gəlib çıxdı. Atam məsələni onlara danışdı. Nənəm atama dönüb:
-Gəlini təcili həkimə çatdırmaq lazımdı, – dedi.
Atam gömgöy göyərmişdi. Mauzerinə əl atıb çölə çıxdı. Anamın başını dizimiz üstə alıb, həzin-həzin ağlayırdıq. Nənəm balaca bacım Səlbini anamdan güclə ayırdı. Babamsa məni dümsükləyib astadan deyirdi:
-Ədə, Sərdar, ananı atanmı vurdu? Mənə düzünü de!
Onun bu qəfil sualı məni təzədən bir az əvvəl gördüyüm yuxuya qaytardı və mən əli xəncərli Qara Qasımı bir də gördüm. Əmim yenə acıqla qışqırdı. Onun səsinə səs vermək istəyirdim ki, babam:
-Ədə, sənə demirəm, bunu atanmı vurdu?-deyə təzədən soruşdu.
-Yox!
-Düzünü de!
-Səfər əmimin goru haqqı, düz deyirəm, atam vurmadı. Bax bu dirək vurdu.
Balaca bacım çatlayır, nənəmlə bibim göz yaşlarını ürəklərinə axıdırdı. Babam əlindəki çəliyi üstümə qaldırıb hirslə:
-Bu yalanı atan uydurdu, eləmi? Köpəy oğlunun qoduğu, dirək də adamı vura bilərmi?-dedi.
Babam Nabatalının gözləri çanağından çıxmış halda məni hədələyirdi. Qaçıb Kəlbayi nənəmə qısıldım, dilim söz tutar-tutmaz:
-Anam mənim bağırtıma oyandı-dedim.
-Necə yəni mənim bağırtıma? Sən niyə bağırdın ki?..
-Yuxuda Səfər əmimi gördüm.
-Yenəmi o ömrü gödək olmuşu gördün?
Səfər əminin adı babamı bir az yumşaltmışdı. Çəliyini aşağı endirdi. Amma ürəyi soyumamışdı. Bayaqdandı göz yaşını ürəyinə axıdan Kəlbayi nənəm hönkürə-hönkürə:
-A kişi, gədənin ürəyini üzmə, ölənimiz azdımı?-dedi.
Babam daha da yumşaldı.Üzünü mənə tərəf tutub dedi:
-Bala, əmini necə gördün?
Daha qorxum qalmamışdı. Balaca bacım isə heç kirimək bilmirdi.
-Qara Qasım onun ürəyinin başına xəncər soxmuşdu.
Qara Qasımın adını çəkməyim onları özünə gətirmişdi. Kəlbayi nənəmin gözlərində yaş qurudu. Bibimsə anama “Zəhra, Zəhra, oyan, bir kəlmə danış! Bax, Kosalı Qara Kazım da öldü. Uşağın daha qorxulu yuxu görməyəcək. Gözlərini aç, qurban olum,-” deyirdi. Balaca bacım hələ də çığırırdı. Babamın bayaqkı hirsi yoxa çıxmışdı. Dirəyə söykənib, çəliyini küncdəki dolaba tuşlayaraq:
-Bütün bu olanların günahkarı sənsən, kafir köpəy oğlunun malı,-dedi,-aramıza bu qanı sən saldın, sənin sahibin saldı. Səni…
Kəlbayı nənəm ona sözünü bitirməyə macal vermədi:
-A kişi, sən Allah, yenə başlama! Dolabın nə günahı var. Günahın hamısı o kafir uşağındadır.
Sonra da məni göstərərək:
-Uşağı duyuq salma,-dedi.
Atam içəri girdi. Nökərimiz Qurbanəli qapının ağzında dayandı.
-Necədi? Özünə gəldimi?
-Yox, hələ danışa bilmir, ancaq nəfəsi gedib-gəlir,-deyə bibim atama cavab verdi. Atam:
-Daşqa hazırdı,-dedi.
Yorğan-döşəyi daşqaya nökərimiz Qurbanəli apardı. Sonra da atamla köməkləşib, anamı daşqaya mindirdilər və gecə vaxtı həkimə apardılar. Balaca bacımsa hey ağlayır, ağlayırdı…
Mən o gecə səhərə kimi qapısında yekə bir qıfıl olan dolaba baxdım, baxdım… Bu dolabın sirri nə idi? Fikrimdən nələr keçdi, nələr… Bir adam boyunda olan ensiz dolabda nə var idi ki, bunca qana səbəb olmuşdu? Dolabın qapısındakı iri qıfıl açılmaya-açılmaya pas atmışdı. Açar yerinə də pas dolmuş və dümdüz olmuşdu. Kəlbayı nənəm balaca bacımı kiritməyə çalışırdı. Babam dirəyin dibində çömbəlib dərin fikrə getmişdi. Mənsə gözlərimi küncdəki bu sirr küpündən heç ayırmırdım.
Səhərisi gün günortadan əyilən vaxt atamgil şəhərdən qayıtdı. Anam üç ay yatdı, sonra yavaş-yavaş ayağa qalxdı. Başında o vaxtdan bəri kəskin ağrı qalmışdı. Hərdən tutanda yaman incidirdi onu. Biz buna da şükür eləyirdik. Ancaq balaca bacıma baxan olmadığı üçün öldü. Çünki anamın döşlərinin südü qurumuşdu. Və bacım elə ağlaya-ağlaya da öldü. Evin yıxılsın, bayıs…
Kosalıların uşağı Həsənə bir şillə vurduğum zaman əmimlə bacım gəlib gözümün qabağında durmuşdular. O biri tərəfdə isə Qara Qasım maşınıyla birgə yanırdı… İki od arasında qalmışdı. Məni bu boğucu vəziyyətdən elə o bir şillə qurtarmışdı. İndi azad idim və bir neçə yaş böyüyüb, necə deyərlər “kişi” olmuşdum. Bizim qəbilənin, eləcə də evdəkilərinin bu hadisəni mənim ağzımdan eşitmələrini istəmirdim. Onun üçün də dərs qurtarıb şagirdlər qaça-qaça və sevinə-sevinə evlərinə qayıdanda mən ayaqlarımı sürüyürdüm. Məktəbin həyətindən çıxanda Həsəni bir də gördüm. Bacısı Gülruh ilə evlərinə gedirdilər. Gülruh məndən iki yaş kiçik olmasına baxmayaraq, iri, ala gözləriylə mənə elə baxdı ki, sanki ürəyimə bir ox sancıldı. Sonra da qardaşına eyham ilə dedi:
-Sən də onu vuraydın. Niyə, ondan xırdasan? Atama nə cavab verəcəksən?
Həsən bircə onu dedi ki:
-Az danış! Bilmədiyin işə burnunu soxma!
Onlar məni ötüb keçdilər. Mən məktəbin bağçasındakı balaca çeşmədə əl-üzümü yuduqdan sonra evə döndüm.
Qışın qılınc nəfəsi el-obadan çəkilməmişdi. Bayırda tala-tala qar vardı. Camaat yavaş-yavaş Novruz bayramına hazırlaşırdı. Qocalar bu aya “çih çömbəl” ayı deyirdilər. Divarların günçıxan və qiblə tərəflərində, dükanların qabağında ikibir, üçbir oturub dərdləşirdilər. Özümdən asılı olmayaraq yanından ötdüyüm adamlarla fəxrlə yaşıma uyğun olmayan tərzdə salamlaşırdım. Amma yenə də ayaqlarımı sürüyürdüm. Elə yeriyirdim ki, sanki yaşı yetmişi ötmüş, çəliyi dayaq eliyə-eliyə yeriyən babam Nabatalıdan da yaşlı idim. Özümün qaz yerişimə özüm də güldüm.
Qəhrəman əminin dükanının qapısı gündoğana açılırdı. Onun da qabağında üç-dörd qoca oturub söhbət eləyirdi.
-Deyirlər, Novruz bayramında Nabatalı uşağıynan kosalıları barışdıracaqlar.
-Qiyamətdə inanmaram, a Sultan! Nə danışdığındı, onlar barışmaz. Ötən il də belə bir söz ortalığa atmışdılar. Qurban bayramından qabaq birini aradan götürdülər. İndi də görəsən hansı yazığın axırı çatıb? İnanmıram.
-Niyə inanmırsan, Meydan? Deyirlər, bu işə indi valinin özü əl qoyub. İki tərəfin böyüklərini çağırıb danışıbmış.
-Mən də güman eləmirəm, amma barışsalar yaxşıdır. Bayaq bizim balaca gədə deyirdi ki, bu gün məktəbdə uşaqlar savaşıb. Ələkbərin oğlu, Nabatın nəvəsi Həsəni döyüb.
İsa belə deyəndə mən daha da yavaşıdım. Sultan kişinin dediklərinə heç özüm də inanmadım. Və yəqin elədim ki, Həsənə vurduğum şillənin səsi indi evə də çatıb. Bunun əvəzində evimizin yaxınlığındakı xaraba evin nağılını babamdan xahiş eləyəcəkdim. Dolablı xaraba ev haqqında danışması üçün babama neçə dəfə yalvarmışdımsa da, o, söhbəti dəyişdirib: “Yekələndə deyərəm, hələ vaxtı deyil,-”demişdi. İndi isə özümü “kişi qırığı” deyil, “kişi” hesab eləyirdim. Ancaq Sultan kişinin dediyi “barışıq” sözü fikrimi bulandırdı, kefimi pozdu.
Həyətə kişilənə- kişilənə girmişdim. Babam evin qiblə tərəfindəki divarın dibində oturmuşdu. Uzun təsbehini çevirirdi. Mən ona da salam verdim. O, çanağına çökmüş qıyıq gözlərini təsbehdən ayırmadan ucadan “Allahu Əkbər” deyərək, yenə təsbehinin muncuqlarını dənələyib, pıçıldamağa başladı. Mən başa düşdüm ki, bu ucadan “Allahu Əkbər” sözündə nəsə bir sirr, sehir var və bu məsələ mənimlə bağlıdı. Ayaq saxladım. O, zikrini qurtarıb, təsbehini üç dəfə sığalladıqdan sonra başını qaldırıb:
-Əleyküməssalam,-dedi,-bu gün niyə gec gəldin, bala, yoxsa naxoşlamısan?
-Yox, naxoş deyiləm. Bu gün dərsim çox idi, yorulmuşam,- dedim.
-Hə, onda söz yoxdu. Ananın yenə başının ağrısı tutmuşdu, atan onu şəhərə apardı. Bir azdan gələrlər. Kəlbayı nənənlə bibin evdədi, get, xörəyini ye.
Onu da deyim ki, bibimin ərini də kosalılar öldürmüşdü. Və o bizdə qalırdı. Uşaqlarına da atamgil baxırdı.
Babamın danışığından başa düşdüm ki, Həsənə vurduğum şillənin səsi hələ gəlib evə çatmayıb. Bu hal mənim iştahımı qaçırdı. Könülsüz otağa keçdim. Kəlbayı nənəm yastığın içinə pambıq doldururdu, bibimsə düyü seçirdi. Anamın çadır parçasından tikdiyi kitab çantamı stolun üstünə atıb, çölə çıxmaq istəyəndə bibim soruşdu:
-Ədə, Sərdarcan, kimlə gəldin? Solmazla Kamal hanı?
-Tək gəldim. Mən məktəbdən çıxanda onları görmədim.
-Ay qız, sənin fikrin hardadı? Bəs səhər məktəbə gedəndə uşaqlara xalangildən qab-qacaq gətirmələrini tapşırmadınmı?
-Eh, fikrim lap dağılıb, ana can! Sərdar, bala, Kamalgil gec gələr. Gəl, otur, sənin xörəyini qoyum, ye. Anangil də bir azdan gələrlər.
Bibim mənə xörək çəkmək üçün qalxmaq istəyəndə:
-Ac deyiləm,-dedim,- qara toyuq bu gün yumurtlayacaq. Mən gedirəm hinə baxam.
Bu sözü deməyimlə otaqdan çıxmağım bir oldu. Həyətə düşdüm. Kamalgil gəlmədiyinə görə evdəkilərin heç nədən xəbəri yox idi. Amma harada olsalar da bir azdan gələcəklər və məktəbdə olan hadisəni hamıya söyləyəcəklər. Fikirləşdim ki, onlar gələnə kimi mən hardasa yubanmalıyam. Əvvəlcə gedib hinə baxdım. Qara toyuğumuz həmişəki yerində yumurtlayıb, hindən çıxmışdı. Yumurtanı əlimə aldım. Hələ soyumamışdı. Onu da götürüb anbardakı o biri yumurtaların yanına qoydum və sayıb gördüm ki, bununla düz doqquz dənədir. Hamısını da qara toyuğum yumurtlayıb. Onun yumurtası çox bərk olurdu. Ötən ilin Novruz bayramında bu qara toyuğun yumurtaları ilə düz bir papaq yumurta udmuşdum. Novruza bir neçə gün qalmışdı. Deməli, on beşdən artıq yumurta olacaqdı. Yumurtaların üstünü örtüb, anbardan çıxdım. Həyət qapısını açıb, arxın qırağına gəldim. Buradan o xaraba ev bütün çılpaqlığı ilə görünürdü. Bu ev nağıllardakı qorxunc xaraba dəyirmana bənzəyirdi. Bəs görəsən atamgil bu xaraba evi niyə yıxıb dağıtmırdılar? Neçə dəfə içinə də girmişdim. Əhəngi tökülmüş hisli, hörümçək torlu divarlarından özgə heç nəyi qalmamışdı. Çox fikirləşdim. Fikir məni lap uzaqlara aparmışdı. Məni bu xəyal aləmindən Kamalın səsi ayırdı.
-Sərdar, ay Sərdar, hardasan? Səni dayım çağırır.
Oturduğum yerdən qalxanda, ətim çimçəşdi. Günəşin son ziyaları yavaş-yavaş əriyirdi, hava soyumuşdu. Həyət qapısında Kamalla üz-üzə gəldik:
– Dayım səni çağırır.
Axşam yeməyi zamanı heç kəs mənim barəmdə danışmadı. Stolun arxasına keçib, qabağıma bir kitab qoymuşdum, ancaq qulağım səsdə idi. Gecə keçirdi. Camaat ikibir-üçbir qalxıb yatmaq üçün otağına çəkilirdi.
-Hə. Ələkbər, bəs gəlinin ağrısına həkim nə dedi? Yenə həmin Məmmədəli Dərmana apardın?
-Yenə ora aparmışdım, ata. Bir qutu həb verdi. Bunlardan gündə üç dəfə toxqarına udsun, daha lap yaxşı olacaq,- dedi.
-Allah ona uzun ömür versin. Bu mahal üçün nələr eləmir? Çox yaxşı həkimdi. Mən də yavaş-yavaş gedim yatım.
Atam onun durmağına kömək elədi. Çəliyini tapıb verdi. O, həmişəki asta yerişlə otaqdan çıxmaq istəyəndə üzünü mənə tutub dedi:
-Sərdar, bala, dərsinə yaxşı diqqət elə. Hə, bir də o qaniçən köpəyoğlunun qohumlarına ilişmə! Bax, əgər sözümü eşitsən, bu bayramda söz verdiyim o nağılı danışacam. Gecdir, siz də durub yatın. Sabah ola, xeyir ola… Gecəniz xeyirə…
Nabatalı babama nə “xeyirə qarşı” deməyə, nə də durub ayaqqabılarını cütləməyə özümdə güc tapa bildim. İki hissin-sevinclə kədərin arasında ilişib qalmışdım.
Günlər keçib Novruza yaxınlaşdıqca sevincimiz artır, kədərimiz əriyirdi. Qara toyuğumuzun yumurtalarını anam soğan qabığıyla boyadı. Hətta onlardan bir neçəsini Kamala verdim. Hər gün dərsdən çıxandan sonra gedib bərabər yumurtanı döyüşdürürdük. Yumurtaları dükançıya verib, ayın-oyun alırdıq.
Atam çərşənbə bazarlığı üçün şəhərə getmişdi. Deməli, axşam ləzzətli keçəcəkdi. Mən atama çoxlu qoz almasını tapşırmışdım. O gün həyət-bacanı süpürüb, çör-çöpü küllüyün yanına yığmışdıq. Axşam bu çör-çöp tayasına od vurub, tonqal qalayacaqdıq.
Atam şəhərdən əlidolu qayıtdı. Gətirdiyi şeyləri nökərimiz Qurbanəli ilə daşıyıb, babamla Kəlbayı nənəmin qaldığı böyük otağa yığdılar.
Gün qurtarmaq bilmirdi. Elə darıxmışdım ki, vuruşmağa adam axtarırdım. Məmmədrza əminin səsini minarədən eşidəndə eynim açıldı. Axşam əzanı oxunurdu.
O axşam babamgil yatdıgı böyük otaqda iynə atmağa yer yox idi. Bərbəzəkli torbalar birər-birər açılır, hamısının da içindən eyni şeylər çıxırdı. Almalar, portağallar, püstə, fındıq, qoz, lukum, əncir, rəng-rəng konfetlər, daha nələr-nələr…
Atamla bibim ayın-oyunları böyük məcməyilərdə qarışdırıb yan tərəfə çəkildilər.Babam hərəyə bir qab bayram çərəzi verəndən sonra qürbətdə olanların payını da Kəlbayı nənəmin ətəyinə tökdü.
-Yadımızdan çıxan olmadı ki?
-Kiçik gəlinə bir qab daha verməlisən.
-A Kəlbayı, onun payını, deyəsən, verdim axı!..
Kəlbayı nənəm gülümsünə- gülümsünə:
-A Nabatalı, deyəsən, daha qocalmısan. Gəlinə bir qab az vermisən,-dedi.
O yan-bu yandan xısın- xısın gülümsüyənlər oldu. Babam özünü o yerə qoymayıb.
-Hə, indi başa düşdüm,-dedi,- a kəlbayı, əsl qoca sənsən elə. Bə bunu mənə deməliydin axı. İnşaallah, gələn Novruzda balaca nəvəmizin özü öz payını alar. Bax, sən bir qab demişdin, mən öz payımı da gəlinimizə verirəm. Al, qızım.
Cavanşir əminin arvadı utana- utana babamın verdiyi çərəzlə dolu qabı alıb, başıaşağı da kənara çəkildi.
-Hə, Kəlbayı arvad, bu qalanını da qonaq-qaraya və bayramlığa gələnlər üçün götür. Deməli, sabah çərşənbə, biri gün cümə axşamı, şənbə günü bayramın necə olsa da öz günüdür. A bala, Ələkbər, əyər-əskiyimiz varmı?
-Yox, baba, hər şey öz qaydasındadır.
-Şəhərdə və qıraq kəndlərdəki qohumlarımıza xəbər göndərdinizmi? Yoxsa…
-Şəhərdəkilərə bu gün özüm bir-bir dedim. Qıraq kəndlərdəkilər üçün də sabah Qurbanəlini göndərəcəyəm.
-Yaxşı. Yaddan çıxan olmasın, sonra küsərlər. Dayın Teymuru Göycəliyə gedib daşqaynan özün gətirirsən, yaxşımı?
-Yaxşı, dadaş.
Gecə keçdikcə otaqda qalanların sayı azalmışdı. Mən torbaya doldurduğum ayın-oyun payımın içindən bir lukum götürüb, babama uzatdım.
-Al, baba, payın çox olsun.
-Əşşi, mən havayı yerə ömrü yanmış qardaşımın adını bu Qaragöz balama qoymamışam ki?! Ömrün uzun olsun, ay qağa. Bundan belə sənə “qağa” deyəcəyəm. Yəqin bu gün dərsin azdı. Sabah nənəndən ayın-oyun alıb müəlliminə də apararsan, deyərsən Nabatalı babam göndərib.
-Yaxşı, apararam.
-Hə, özün də bu gecə bizim otaqda yatıb ayaqlarımı ovxalasan, sənə nağıl deyərəm.
Bu nağıl sözü lap ürəyimcə olmuşdu. Sevinclə:
-Səhərə kimi ayaqlarınızı ovxalayacağam,-dedim.
Otaqda babam, Kəlbayı nənəm və bibimdən savayı qalan yox idi.
– Kəlbayı, sən də get bu gecə qızının otağında yat, mən qağam Sərdarla qalıb onun nağıl borcunu ödəyəcəyəm.
Bibim babamın yatağını hazırlayandan sonra nənəmlə bərabər çıxıb getdi. Mən durub qapını daldan bağladım. Babam iki yastığı üst-üstə qoyub yatağına uzandı. Başladım onun ayağını ovuşdurmağa.
-Hə, qağa, de görüm, indi hansı nağılı istəyirsən? Cırtdanın nağılını, yoxsa Məlikməmmədin nağılını? Yoxsa…
-Yox, onların hər ikisini Kəlbayı nənəm mənə danışıb.
-Deməli, bu nağıllar daha səni maraqlandırmır, eləmi?
-Yox.
-Bəs onda hansı nağılı istəyirsən?
-Bizim otaqdakı ensiz köhnə dolab ilə xaraba evin nağılını.
Babam dərindən köks ötürdükdən sonra:
-Belə deyəcəyini bilirdim, qağa,-dedi. Sənə hər baxanda o bimuraz qardaşım gəlib gözlərimin qabağında durur. Ona çox oxşayırsan.
-Kimə, baba?
-Qardaşım Sərdara. Of… of…
-Ona nə oldu ki?
Babam ovuşdurduğum ayağını yığışdırıb, o biri ayağını uzadandan sonra bir az dikəldi:
-Birinci dünya müharibəsi təzəcə qurtarmışdı. Mən elə sən yaşda olardım. Buralara doluşan ermənilər bir qudurdular ki, gəl görəsən. Əvvəllər qılıqlanırdılar. Elə ki, yerlərini möhkəmlətdilər, başladılar sağa-sola buynuz atmağa. Hökumət də urusun əlindəydi. Bizdən əsgər-zad aparmazdılar. Güclü olan fağıra zülm eləyirdi. Heç kəs də ondan hesab soruşmurdu. Bu vəziyyət bəzilərinə sərfəli idi. Müsəlman bir başqa müsəlmanı öldürəndə hökumət ona iş kəsmirdi. Ölən ara yerdə gedirdi. Amma aman… bir müsəlman ermənini öldürsəydi, onun nəslini yer üzündən kəsərdilər. Belə-belə, biz get-gedə azalırdıq. Ermənilərsə çoxalırdı. Və çoxaldıqca da bizə daha çox zülm eləyirdilər. Sonralar onların ildə bir dəfə keçirdikləri bayram yaxınlaşanda türk uşaqlarından (oğlan uşaqlarını deyirəm ha) itənlər oldu. Camaat təşvişə düşdü. Bu işi kafirin qurduğunu kim ağlına gətirərdi ki? Beləliklə, bizim camaatın arasına düşmənçilik saldılar. O vaxt qardaşım Sərdarın altı yaşı vardı. Elə gümrah, elə ağıllı, elə gözəl uşaq idi ki… Rəhmətlik anam deyirdi: “Bu uşaq çox yaşamaz, nəzərə gələcək…” Neçə mollaya dua yazdırıb, üstünə tikmişdilər. Qış idi. Böyük çillənin içindəydik. O il çox qar yağmışdı. Lap çox. Mən mala baxıb pəyədən çıxanda rəhmətlik anam soruşdu: “Ədə, Nabatalı, Sərdar sənin yanındadımı? Bayaqdan onu axtarıram. Pəyəyə girib onu çağırdım, səs verən olmadı. Dedim bəlkə mənimlə oynamaq istəyir”. Axura, qapının dalındakı səbətə, hər tərəfə baxandan sonra çıxıb anama dedim ki, burada yoxdu. Anam başladı üz-gözünü cırıb, özünü döyməyə. Səsinə qonşuluqdan bir arvad gəldi. Dedilər bəlkə atasıyla dükana gedib. Məni dükana göndərdilər. Rəhmətlik Bəxtiyarın dükanına. Atam hərdən gedib orada oturar, Aşıq Bəhmənin söylədiyi dastanlara qulaq asardı. Mən dükana girib, soruşdum ki, ata, Sərdar səninləmi gəldi? Atamın gözləri böyüdü. Yazıq kişi özünü itirdi. Handan-hana “yox” dedi və qalxıb yüyürərək evə gəldi. Hərəmiz düşdük bir tərəfə. Ora Sərdar, bura Sərdar… Sərdar hardaydı? O gecə heç birimiz yatmadıq. Atam anama daha nə demədi ki?.. Onda dədə qoydu, nənə qoydu? Yeddi arxa dönənini qəbirdən çıxartdı. Hələ bir neçə dəfə ikimizi də o ki var döydü. Bağırtımız otağı başına götürmüşdü. O gecə səhərə qədər pəncərənin qabağında xısın-xısın ağladım. Qonşumuz Hovanesin çırağı səhərə kimi yandı və evdən heç kim bizim tərəfimizə gəlmədi. Yazıq anam lap əldən-dildən düşmüşdü…
-Bala, deyəsən, yoruldun deyə daha ayağımı ovxalamırsan. Sənnənəm, a Sərdar! Yuxun gəlirsə, dalısını səhər danışaram.
Maraq məni elə aparmışdı ki, bütün varlığımla babamı dinləyirdim.
-Sərdar, bala yoruldunmu?
-Yox, baba, danış!
-Bayaqdandı ayağıma ovmursan, axı!
Mən onun ayağını təzədən ovxalamağa başladım. O biri böyrü üstə çevrildi.
-Hə, onda dur, bir az su ver içim. Lukum məni susatdı.
Qalxıb sənəkdən bir parç su doldurub ona verdim.Əlinin birini alnına qoyub suyu içəndən sonra parçı mənə verib dedi:
-Su kimi ömürlü olasan, bala!
-Sağ ol!
-Nağılımız harda qalmışdı?
– Yazıq anam lap dildən düşmüşdü.
-Kimin anası?
-Sənin rəhmətlik anan. Sənin atan onu döymüşdü.
-Hə, yazıq anam lap əldən düşmüşdü. Bu kafirlərin əlindən nələr çəkdik, nələr… Səhərin gözü açılmamış yenə başladıq Sərdarı axtarmağa. Hərəmiz bir tərəfə düşmüşdük. Günorta anamla gəlib mal-qaraya baxdım. Gün günortadan əyiləndə atam gəldi. Əlində qardaşımın ayaqqabısının bir tayı var idi. Anam ayaqqabını alıb, bağrına basdı və yenə başladı üz-gözünü cırıb, ağlamağa. Atam yan otağa keçəndə dedi:
-Nabatalı, get Bəhlul əminə de ki, atam səni çağırır.
Mən gedib Bəhlul əmini evindən soruşdum. Dedilər dükana çay-şəkər almağa gedib. Dükana getdim. Bəhlul Kosalıların başbiləni idi. Uşaqlarının ikisini də erməni Hovanesin qucağına qoyub, onunla kirvə olmuşdu.
-Türklə erməni necə kirvə ola bilərdi, baba?
-Olurdu da…Kafirin şərindən qorunmaq üçün yazıq müsəlman nə lazımsa eləyirdi. Nələr çəkdik, qağa, nələr…
Bəhlul kişi dükandan aldığı çay-şəkəri oğlu Mədətlə evə göndərəndən sonra bizə gəldi. Anam o biri otaqda ağlayırdı, yanında da bir-iki arvad var idi. Atam onu qapıda qarşılayıb, yan otağa apardı, işarə elədi, mən eşiyə çıxdım. Ancaq qapının yanında dayanıb, qulaq asmağa başladım. Atam dedi:
-Bəhlul, bizim balaca gədə dünəndən yoxa çıxıb. İz sənin kirvən Hovanesgilə gedib çıxır. Gədənin ayaqqabısının tayını onların evinə gedən cığırın kənarından tapdım. Bilirsən ki, mənim onlarla aram yoxdu. O donuz məsələsindən sonra… Səndən xahişim odur ki, qonşuluq haqqı üçün bu sirdən məni hali eləyəsən.
-Onlar uşağı aparıb neyləyəcəklər, a Nəbi?
– Nə bilim? Olar da… Bilirsən, hər il bu vaxtı kənddə bir neçə oğlan uşağı yoxa çıxıb. Deyirəm, bəlkə…
– Vallah, heç inanmıram, amma… Bilirsən, amma onlardan sirr çıxmaz. Bu gün qızı Məryəm bizə fətir gətirmişdi, sabahdan desəydin, soruşardım.
-Ümidim sənə qalıbdı, Bəhlul.
-Görüm hələ…
Onların söhbəti qurtaranda mən ayaqlarımın ucunda qapıdan uzaqlaşdım. Atam Bəhlulu yola salıb təkrar evə qayıtdı. Mən eşitdiyimi eşitmişdim. Bir neçə gün gözlədik. Bəhlul kişidən xəbər çıxmadı. Mən başladım Hovanesin qızı Məryəmi yanlamağa. O donuz otarırdı, mənsə mal-davar. Bu sirri öyrənmək üçün yay uzunu onun donuzlarını otardım. Köpəyoğlunun heyvanları elə pis qoxurdu ki… Əkinlərə düşən donuzları qaçıb geri qaytarardım. Qız get-gedə mənə yaxınlaşmağa başladı. Donuzları hər qaytaranda, ondan bir öpüş alırdım. Bu onun çox xoşuna gəlirdi. Ancaq qardaşım Sərdarın adını hər çəkəndə, o qızarır-bozarır və söhbəti dəyişirdi.
-Baba, erməni də öpülərmi?
-Öpülər, niyə öpülmür, öpülər hələ desən… Axı mən də indiki kimi qırışıq-quruşuq deyildim, yaraşıqlı bir oğlan idim… Bir gün yenə malları çıxarıb otarmağa aparmışdım. Günortaya kimi Məryəm yanıma gəlmədi. Mən təşvişə düşdüm, xeyli fikirləşdim. Günorta malın yataq yerində onu gördüm və nə üçün yanıma gəlmədiyini soruşdum. Kefi yox idi və qorxulu bir halı vardı. Nədənsə, məndən uzaq qaçmaq istəyirdi. Gözləri şişmiş və qızarmışdı. Görünür ağlamışdı, çox ağlamışdı. Dedim: “Məryəm, səni kim döyüb?” Cavab vermədi. Nəsə, məndən bir şey gizlədirdi, demək istəmirdi. “Əğər deməsən, sənin donuzlarını bir də otarmayacağam. Palçığa batan donuzlarını çıxarmayacağam, sənə camış kərəsi verməyəcəyəm”.
Mən belə deyəndə, onun gözləri doldu. Demə, bir sözə bənd imiş. Sözümü dəyişdim.
“Zarafat eləyirəm, mən səni çox sevirəm. Deməsən də, yenə donuzlarını otaracağam. Di de, kim döydü?”
Onun gözlərində bir sevinc və sevgi işığı parladı. Mənim əlimdən tutub, o biri uşaqlardan uzağa, arxın o üzündəki təpənin arxasına çəkdi. Oturduq. Oğrun-oğrun ətrafa baxıb, heç kəsin olmadığından arxayın olduqdan sonra dedi: “Nabatalı, sənin məni öpdüyünü, donuzlarımı otardığını atama deyiblər. Bəhlul kirvə deyib. Atam da məni axşam çox döydü. Mən daha onu sevmirəm, səni sevrəm. Sənin qardaşını da atamgil öldürdü. Bilirsənmi?”
Tüklərim biz-biz oldu, dilim tutuldu. “Necə yəni, mənim qardaşımı öldürdülər?”
“-Bizlərdə müsəlman qanından çörək yapıb yemək savabdır,- atam belə deyir. Adamı dolaba soxub, qanını tökər, sonra da o qanla çörək bişirib yeyərlər. Mənim atam amansızdır. Nabatalı, Bəhlul kirvə ilə danışdı, sənin atanı da öldürəcək. Siz burdan köçüb, uzaqlara gedin, sonra gəl, məni də apar”.
O anda qəlbimdən Məryəmi elə oradaca boğub, öldürmək keçdi. Amma mən bütün kinimi udub, onu dəfələrlə öpdüm. Ayrı-ayrı cığırla sallanıb, uşaqların yanına gəldik və bir-birimizdən aralı oturduq.
Gün günortadan əyiləndən sonra heyvanları qaldırıb təzədən otarmağa apardıq. Mən o biri uşaqların gözündən yayınıb, malları birbaşa evə tərəf qovmağa başladım. Qaranəfəs həyətə girdim. Malları tez gətirdiyimə görə anam məni xeyli danladı. Atam qapını açıb, çölə çıxdı. Malları birtəhər pəyəyə doldurub, özümü atamın üstünə atdım. Anamın təəccübdən gözləri böyümüşdü. Məryəmin dediklərini atamla anama deyib ağlamağa başladım. Anam da ağladı. Atam bir az fikirləşdikdən sonra dedi: “Bax, ikinizə də deyirəm. Bu sirri heç kəsə deməyin! Yoxsa, ikinizi də doğram-doğram doğrayaram…” Yuxun gəlmir ki?
-Yox, gəlmir.
-Yuxun gələndə deynən.
-Vallah, yuxum gəlmir.
-Yaxşı.
“Atam belə deyəndə anamın da, mənim də gözlərimizdəki yaş qurudu. Anam gedib inəkləri sağdı, atam da kəndin içinə, dükana getdi.
Axşam atam dükandan qayıdıb evə gələndə üzündə-gözündə bir sevinc ifadəsi vardı. Mən bu işartını neçə vaxtdı ki, onun gözündə görməmişdim. Bəlkə də birinci dəfə idi ki, atam belə sevinirdi. Anam çəkinə-çəkinə nəsə soruşdu. Atam dedi: “Vallah, deyirlər türk əsgərləri yuxarı tərəfləri ermənilərdən təmizləyə-təmizləyə bu yana, bizim Sürməli Çuxuruna tərəf gəlirlər”.
Bu xəbərə hamımız sevindik. Çox sevindik. Çünki daha doğma kəndimizi, el-obamızı tərk edib başqa yerlərə, qürbətə getməyəcəkdik. Çünki Məryəmin dediklərini mən atama nağıllayanda anam demişdi: “A kişi, bu kafirlrlardan nə desən, çıxar. Gəl, yığışıb içəri məmləkətlərə gedək, görək hələ axrımız nə olur? Allah kərimdi. Həmişə gün bulud atda qalmayacaq ki? Sonra yenə qayıdıb gələrik”.
Atam kişiliyinə sığışdırmayıb bu fikri bəyənmədi, bir az fikirləşəndən sonra: “Hələ o sonranın işidi, baxarıq” dedi. Amma atalar deyib: “Sən saydığını say, gör fələk nə sayır”. Artıq Məryəmlə görüşmürdüm. Atası görüşməyəmizi qadağan eləmişdi. Düzünü desək, mənim atam da razı deyildi. Axşam üstü malları gətirib pəyədə öz yerinə bağladım. Əl-üzümü yuyub qapıdan ayağımı içəri atanda rəhmətlik anam dedi: “Nabatalı, oğul, neftimiz qurtarıb, atan dükana gedəndə yadımdan çıxdı. Dirəkdən şüşəni götür, get, atan neft alsın. Siz gələnə kimi mən də süfrəni hazırlayım”.
Mən dirəkdən şüşəni götürüb, dükana getdim. Dükanda çox adam var idi. Hardansa bir radio tapıb müharibə xəbərlərini dinləyirdilər. Hamının üzündə heyrət və sevinc qarışıq bir ifadə vardı. Gözlədim xəbərlər qurtardı. Hamı sevinirdi. Nefti alıb atamla dükandan çıxdıq. Hava qaralmışdı. Bizim həyətə burulan küçəyə tərəf döndük. Bir neçə addım atmışdıq ki, Bəhlul, Hovanes, bir də Hovanesin kürəkəni qabağımıza çıxdılar. Ətim çimçəşdi. Atam onlara salam verdi. Hovanes atamın salamına nağandan açılan atəşlərlə cavab verdi. Hovanesin kürəkəni isə məni tutmaq istədi. Şaşqın halda əlimdəki şüşəni onun başına çırpıb havar təpə-təpə evə qaçdım. Səsə anam çıxdı. Evimizə bir şivən düşdü ki, Allah heç kəsə göstərməsin. Çox çəkmədi həyət-baca adamla doldu. Əmilərim, qohum-əqrəbamız tökülüb gəldi. Gedib atamın meyitini daşqaya qoyub həyətə gətirdilər.
-Nəbi babam ölmüşdü?
-Bəs ürəyinin başına yeddi güllə dəyən adam da sağmı qalar? Yazıq heç suya da tutulmadı. Atamı gecəylə aparıb qəbirstanlıqda basdırdılar… Sərdar, bala, hekayə uzundur. Mən çox şeyi demirəm… O günlər getsin, bir daha gəlməsin… Üç gün sonra Hovaneslə bərabər kənddə nə qədər erməni vardısa, vəzndən yüngül, qiymətdən ağır hər şeyi yığışdırıb, gecəylə qaçdılar. Gedəndə də kənddəki bütün türk evlərinə, ot tayalarına, samanlıqlara od vurdular. O il mahalda adam bir yana, heç bilirsən nə qədər heyvan acından qırıldı?
-Yox!
-Hardan biləcəksən? Kafir köpəyoğulları bizdə adam qoydular ki, heyvan da qoyalar?! Amma Allah da səbirli Allahdı. Qisası qiyamətə qoymur. Hovanesin arabası Alıcan kəndinin yanında arxdan keçəndə çevrilmişdi. Özü, arvadı və iki oğlu arabanın altında qalıb gəbərmişdi. O gecə sabaha kimi kənddə güllə səsindən, insan qışqırtılarından qulaq tutulurdu. İtlər elə ulaşırdı ki, adamın tükləri biz-biz olurdu. Üç gün keçdi. Nəhayət ki, türk əsgəri buralara da gəlib çıxdı. Erməniləri qovub buralardan çıxartdı. Sonra da Arazdan sərhəd çəkdilər. Erməni yığışıb gedəndən sonra xalam oğlu Heydərlə bərabər gedib Hovanesin qapısını qırdıq. Evdən təkcə o sizin otaqdakı dolabı götürüb çıxdıq. Axşam da evə od vurduq. Hovanesin əkin yerlərinə, üzüm bağına Bəhlul kişi sahibləndi. Bircə onun xaraba evinə yaxın düşə bilmədi. Çünki bizim evə yaxın idi. Allah var, özləri də suçluydular. Onlar qardaşımın qanıyla bişirilən fətirdən yemişdilər. Amma fətirin insan qanıyla yoğrulduğunu bilməmişdilər. Gərək erməniyə yaxın durmayaydılar. Adam kirvə olanda elə öz əslini-kökünü itirməz ki?!.. Deyəsən, yavaş-yavaş gözlərin xumarlanır, hə?..
-Yox! Vallah, yuxum gəlmir.
-Onda bir parç su ver, içim. Söhbəti qurtaraq. Hamısını nağıllasam, heç bir həftəyə də qurtarmaz. Adda-budda, yan-yörəsindən danışıram.
Mən durub sənəkdən bir parç su doldurub, ona verdim. Yenə əvvəlki kimi suyu içib, parçı mənə verdi. Ancaq bu səfər yanı üstə çevrilmədi.
-Hə, bala, bizim millətin başına gələn bəlaların çoxu elə Bəhlul kimi satqınların üzündən gəlir. Belə satqınların nə bu dünyada yeri var, nə də o biri dünyada. Yaşım on altıya çatanda mən Bəhlul ilə əmisini vurub, qaçaq oldum. Yaşım az olduğuna görə doqquz il iş kəsdilər. Onun da altı ilini çəkəndən sonra Atatürkün əfvi çıxdı. Həbsdən azad oldum. Sonra əlli-altmış il bir erməninin üzündən bir-birimizi qırdıq. Hər iki tərəfdən ölənlərin adlarını yazmışam.
Babam döş cibindən çıxartdığı qatlanmış kağızı əlləri titrəyə- titrəyə mənə uzatdı:
-Sayı yadımdan çıxıb. Hələ gör burada neçə adamın adı yazılıbdı? Mənim gözüm saya bilmir.
Kağız ərəb əlifbasıyla yazılmışdı. Bir üzü ölənlərin adlarıyla tamam dolmuşdu.
-Baba, mən bu əlifbanı oxuya bilmirəm.
-Bu da bir dərddi, bala. Bu siyahıya Sərdar adı bir dəfə yazılıbdı. Mən buraya Sərdar adının bir də yazılmasını istəmirəm. Nə vaxta kimi bir-birimizi qıracağıq? Aramızdakı düşmənçilik dastan olub. Vali çağırmışdı. Hər qəbilədən üç nəfər getdi. Novruz bayramı günü barışıq olmalıdı. Hər iki tərəf də razı olub. Qoy cibinə o kağızı, ərəb əlifbasını öyrənəndə oxuyarsan.
-Deyəsən, xoruz banlayır, hə?
-Hə, Kamalın çil xoruzunun səsidi.
-Başımız söhbətə qarışıb, gecə yarıdan keçib. Bir azdan sabah əzanı oxunacaq. Dur, yataq. Vay, dədə vay, deyəsən, qolum da üyüşüb. Dur, bala dur, lampanı keçirt.
Pencəyimi, şalvarımı çıxarıb, lampanı keçirdikdən sonra girdim babamın ayaq ucuna. Fikir dəryasına cumub, səhəri dirigözlü açdım. Babamın özünəməxsus xorultusu da məni fikirdən bir an belə uzaqlaşdıra bilmədi.
Ömrümdə ilk dəfəydi ki, Novruz bayramını belə təmtəraqlı keçirirdik. Atamgil nə vaxtsa durub çoxlu heyvan kəsmişdilər. Bəlkə otuz adam kəsilən heyvanları soyur, ət doğrayırdılar. Neçə yerdə ocaq qalanmışdı. Hamısının da üstündə tiyan qazanlar vardı və ocaqların dövrəsi arvadlarla doluydu. Qız-gəlinlər düyü arıtlayırdılar. Kimi alovu səngiyən ocaqların altına odun atır, kimi aş süzür, kimi kəsilən heyvanların haram bağırsaqlarını itlərə atır, kimi gələn qonaqları yerbəyer edib, atların qabağına tayadan ot tökürdü. Uşaqlar da ki… Onları daha çox maşınlar maraqlandırırdı. Ətraf tamam sulanıb, süpürülmüşdü. Nökərimiz Qurbanəli də əlində bir dəmir dolabın yanında durmuşdu. Bu məni əvvəllər çox düşündürsə də, indi vali maraqlandırırdı. Görəsən, o necə adam idi? Qonaqların ardı-arası kəsilmirdi. Uzaqda-yaxında nə qədər qohum-əqrəbamız varıydı, hamısı burdaydı. Həyətə hər maşın gələndə əlinə çubuq alıb uşaqları maşınların yanından qovan Yaqub dayıdan soruşurdum ki, vali deyilmi? O da dilucu “yox” deyirdi.
Kənddə nə qədər toy olsaydı, Nadir bəyi toybəyi seçərdilər. Ona görə də kənddəki uşaqlar ondan qorxardılar. Bu gün də o öz vəzifəsində idi. Günortaya yarım saat qalmış bir “halla-halla”qopdu ki… Maşınların səsindən qulaq tutulurdu. Sürücü maşını üstündə fırlanan allı-güllü lampasını yandırıb, siqnallar verirdi. Uşaqlar yavaş-yavaş hərəkət eləyən maşınların yanlarıyla qaça-qaça bizim həyətə girdilər. Bayaqdandı səs- küyləriylə uşaqlardan heç də geri qalmayan arvadlar tez özlərini yığışdırdılar. Ətrafdan “vali gəldi, vali gəldi” deyə səslər ucaldı.
Kişilər əllərindəki işləri buraxıb bir oldular. Uşaqlardan bir neçəsi polis maşınının səsindən qorxub qaçıb gizləndilər. Çoxusu da durduğu yerdə dinməzcə dayandı. Məktəbə gedən uşaqlardan bir neçəsi də böyük adamlar kimi bir sıraya düzülüb “hazır ol” vəziyyəti aldılar. İki saatdan bəri əlindəki çubuq ilə uşaqları, hətta arvadları belə qorxudan Nadir dayı çubuğu divarın dalına tullayıb, kişilər arasında özünə yer tapdı. Mən də kişilərin cərgəsinin ən sonuna keçdim və “hazır ol” vəziyyəti aldım. Maşınlar dayandı. Sürücü düşüb, qara rəngli uzun maşının qapısını açdı. İçindən görkəmli bir adam çıxdı. Gözəl geyimli, ucaboylu bir adam. Atam qoçun başına bıçaq çəkdi. Vali qoçun cəmdəyi ilə başının arasından keçdi və atama nəsə dedi. Kosalı tayfası da gəlib, bir az aralıda bir cərgə oldu. Vali əvvəlcə bizim tayfanın kişilərinə əl verdi. Tək-tək hamının əlini sıxdı. Hər kəs də ona ya “xoş gəldin, vali bəy”, ya da “xoş gəldin, sayın valimiz” deyirdi. Vali mənə doğru addım-addım yaxınlaşdıqda həyəcanım artır, dizlərim titrəyirdi. Mənim də əlimi sıxıb, “salam” deyəndə, mən də ona “xoş gəldiniz, sayın valimiz” dedim.
-Sən məktəbə gedirsənmi?
-Bəli,- dedim.
-Neçənci sinifdə oxuyursan?
-Beşinci sinifdə.
-Çox gözəl. Yaxşı oxu, məmləkətimiz və dövlətimiz üçün xeyirli bir insan olacaqsan, eləmi?
Mən bunu başımla təsdiq elədim.
Sonra keçib, kosalıların kişiləri ilə görüşdü. Məktəbli uşaqlara əl verdi. Bəzi uşaqların saçlarını, yanağını oxşadı və üstünə pərdə örtülmüş stolun başına keçib, camaata xitabən dedi: “Bəli, gördüyünüz kimi bir kafirin etdiyi pisliyi əlli-altmış ildə ancaq yuya bilirik. Hələ utanmaz- utanmaz deyirlər ki, türklər bizə pislik eləyib. Göydən allah baxır, axı… Belə bir əziz gündə barışdıqları üçün hər iki tərəfə təşəkkür edirəm. Məktəbinizin müdiri sayın Kamil bəyə də ürəkdən təşəkkür edirəm. Çünki kəndinizdəki bu hadisəni mənə o bildirdi. İndi sizlərdən yarım əsri aşan ədavətə son verməniz üçün dost və qardaş kimi qucaqlaşmanızı, öpüşmənizi rica edirəm. Buyurun…”
İki tərəfin kişiləri birər- birər gəlib, valinin hüzurunda bir-birinin əlini sıxıb öpüşdülər. Bu çox gözəl bir mənzərə idi. Bir-biri ilə barışanların üzlərindəki illərdən bəri daşlaşmış donuq ifadə bir anda yox olurdu. Gözlər işıqlanır, qırışıqlar açılırdı. Uşaqların hay-küyü ətrafı başına götürmüşdü. Kosalılardan bir neçə kişi də mənim üzümdən öpdü. Mən də onların əlindən öpdüm. Həsənlə üz-üzə gəldik. Yanında da bacısı Gülruh durmuşdu. Bir müddət gözlərimiz danışdı. Sonra utancaq addımlarla ona yanaşdım. Utancaqlığın nə demək olduğunu ilk dəfə o zaman başa düşdüm. Təkcə ruhum yox, Həsənə tərəf məni aparan ayaqlarım da utanırdı. Qucaqlaşdıq. Gülruhun gözləri də gülürdü. Onun ala, iri gözlərində bir neçə gün əvvəl gördüyüm oxların yerini indi ayrı bir oxlar almışdı…
Valinin səsi məni xəyaldan ayırdı.
-Hamınıza çox-çox təşəkkür edirəm. İndi də buyurun, bizə barbar deyənlərin yer üzündə görünməyən vəhşiliyini görək. Kamil bəy, məktubunuzda bəhs etdiyiniz o dolab hanı?
Pencəyini düymələyə-düymələyə irəli çıxan müdirimiz əli ilə mismarlı dolabı göstərdi:
-Buradadır, hörmətli valim.
-Onu gətirib bu masanın üstünə qoyun. Baxaq, necə bir şeydir.
Qurbanəli ilə bərabər iki kişi dolabı gətirib stolun üstünə qoydu. Sonra da yan tərəfə çəkildi.
Vali dolabın yan-yörəsinə diqqətlə baxandan sonra:
-Açın, baxaq,-deyə yanındakılara əmr verdi.
Qurbanəli əlindəki linglə qıfılı qırdı. Neçə ildən bəri türk qanına tamarzı dolabın qapısı insanı diksindirən bir cırıltı ilə açıldı. Hamı dəhşətə gəldi. Dolabın içi pas tutmuş və xüsusi bir iş üçün düzəldilmiş iynə uclu mismarlarla dolu idi. Yüzlərlə sıralanmış, ağız-ağıza gələn bu mismarlı dolab yer üzündə görünməmiş dəhşətli ölüm maşını idi. Dolabın alt tərəfində bir teşt də var idi.
Teştin dibində nə vaxtdansa tökülən qan quruyub qaysaq bağlamışdı. Bu bəlkə də, adını daşıdığım Sərdar babamın qanı idi.
Nabatalı babamın gözlərindən axan yaşlar saqqalının ucundan ahəstə- ahəstə yerə damcılayırdı. Ancaq ağladığının fərqində deyildi. Bəlkə də, məndən savayı heç kəs onun ağladığını görməmişdi. Deməli, tutduqları türk balalarını soyundurub bu dolabın içinə qoyur, sonra da dolabın qapısını zərblə örtüb kilidləyəndə iynə uclu mismarlar arxadan və qabaqdan uşağın canına keçib, qanını altdakı teştə axıdırmış. Sonra teştdəki qan gölündə xamır yoğurub, çörək, fətir bişirib yeyirmişlər. Aman allah, dəhşətə bax! İlahi, bu zülmü necə götürmüsən?..
***
Süfrələr açıldı, yeməklər yeyildi. Valini hörmətlə, izzətlə yola saldıq. Gedəndə muzeyə qoymaq üçün mismarlı dolabı da özü ilə apardı.
Bir neçə gün sonra atamgil gorbagor Hovanesin qanlı xarabasını söküb, yerində bağ saldılar. O bağın meyvələrindən ölən uşaqların ehsanı kimi ötüb-keçənlər yeyir, evinə aparırdılar.
Həsənlə mən liseyi qurtarana kimi eyni sinifdə oxuduq. Hətta universitetə birgə imtahan verdik. O, hüquq, mənsə şərqşünaslıq fakültəsinə qəbul olunduq. Orada ərəb əlifbasını öyrəndim. Sonra da babam Nabatalının mənə neçə il əvvəl verdiyi siyahıya baxdım. Hər iki tərəfdən öldürülənlərin sayı otuz səkkiz nəfər idi. Adları yadımdadı. Siyahını hələ də saxlayıram. Dördüncü kursa keçəndə atamgili Gülruha elçi göndərdim. Universiteti qurtarıb, müəllimliyə başlayandan sonra da evləndik. İlk uşağımız əkiz oldu. Bir qız, bir oğlan. Qızın adını Səbi, oğlanın adını isə Kazım qoyduq.
O vaxtdan çox sular axıb, çox küləklər əsib, çox körpələr doğulub, məndən nağıl diləyən türk çocuqlarına isə “Mismarlı dolab”ı danışmaqdan yorulmuram.