Türkan Mürsəlova. Səhradan yüksəlişə

Varis Dirie “Səhra çiçəyi” romanından

Əsəri oxuyarkən onun orjinallığı diqqətimi xüsusilə çəkdi. “Səhra çiçəyi”nin təsirini xeyli müddət özümdən uzaqlaşdıra bilmədim. Əsər gerçək həyat hekayəsindən götürülərək sətirlərə tökülüb. Yazar öz həyatını: uşaqlığını, yeniyetməliyini və gəncliyini qeydə alıb. Əsərdə təsvir olunan bütün hadisələr Varisin xatirələrinə əsaslanır və həyati faktlarla bağlıdır. Əsərdən oxuduğum qədərilə “Səhra çiçəyi”də təsvir edilən obrazlar real şəxslərdir, lakin onların məxfiliyini qorumaq üçün şərti adlardan istifadə edilib.

İnsan həyat yolu ilə addımlayanda, tufanlardan keçib günəşin şəfəqlərində həzz alanda, burulğanın ortasında taleyin növbəti zərbəsini gözləyəndə ona yalnız öz iradəsi kömək ola bilər. O iradə ki, bəzi insanlarda bu xüsusiyyət yoxdur. Mənəvi dəstək deyilən bir qavram mövcuddur. Belə ki, insanlar hər hansı bir işi üzərilərinə götürərkən və ya dözülməz günlərdə bu dəstəyə ehtiyyacları olur. Hansı ki, bu dəstəyi ətafımızdakı mənəvi dəstəyə ehiyyacı olan insanalara bir çoxumuz verə bilirik. Dəstəyi göstərək ki, onların həyat yolunun işıqlanmasına yardım edək, yadım edək ki, intihar etmək dərəcəsinə çatmış bir insana yaşıl işıq olub həyatdan ikiəlli yapışmasına vəsilə olaq.

Əsəri oxuduqca hədsiz dərəcədə təsirləndim, eyni zamanda təəccübləndiyim məqamlar da oldu. Əsəri təsirli edən mövzusunu həqiqi həyat hekayəsindən almasıdır. Səhifələr tükəndikcə Varisin keçirdiyi ağrı – acını içdən hiss etmək olur. O cür çətinliyin içərisindən necə yaxa qurtarması, bütün uğursuzluqlara baxmayaraq, ayaqda qalmağı bacarması onun həqiqi iradə və əzminin bariz sübutudur. Əsəri oxuyarkən yaşadığım həyat üçün nə qədər şükür etməli olduğumu bir daha anladım. Qadın kimsənin şəxsi əşyası deyil, onu istədikləri kimi kəsib, töküb, ölümünə səbəb olub, ən yaxşı halda ömrü boyu ağrılarla, izlərlə “şikəst” qoyub, bunu fəxr sayan qadın və kişilərin varlığı iyrəndirdi məni…

Bu kitabı oxuyana qədər dünyada qadın sünnətinin varlığından belə xəbərsiz idim. Ancaq nə qədər qızlar uşaq yaşlarından buna məruz qalırmış halbuki… Hələ də dünyanın bəzi ölkələrində qadın sünnəti adı ilə qız uşaqlarına qarşı edilən bu cinayəti şiddətlə qınayır və bir gün bu amansız ənənənin tamamilə yoxa çıxmasına ümid edirəm.

Əsərə başlamamışdan əvvəl beynimdə gəzişən fikirlər var idi. Fikirlər əsəri oxuyub, oxumamaqla bağlı idi. Bundan əvvəl də çoxlu avtobioqrafik məzmunlu müxtəlif janrlı əsərlər oxumuşdum. Lakin bu əsər diqqətimi xüsusilə özünə çəkdi. Əsəri oxumağım üçün sadəcə üz qabığı kifyət etdi ki, mən həmin kitabı əlimə alıb, xoş ətrini içimə çəkim. Səhifəsinin elə də az olmamasına baxmayaraq, əsəri fasiləsiz şəkildə iki gün boyunca oxudum. Oxuduqca necə təsirli hislər keçirdiyimi, hətta duyğulandığımı izah etməyim, yəqin ki, çox mürəkkəb olar. Əsərin ön sözündə Varisin bu hekayəni anasına xatiə yazdığı qeyd olunub. Necə incə duyğudur ki, bir insan anasına əsər ithaf edir. Yazıçı “MAMA ÜÇÜN” deyə bir qeydlə başlayır öz hekayəsinə… Onun mamasının taleyi ondan da acınacaqlı idi. Ona görə də Varis onu başa düşəcək yeganə insanın anası olduğunu düşünürdü. Anası uşaq yaşlarında Varis kimi sünnətin qurbanı olmuşdu. Sonra isə Varisin “ata” dediyi insana rast gəlmişdi. Və onlar evlənib səhranın ucsuz-bucaqsız çöllərində köçəri həyat yaşamağı Somalinin şəhər həyatından üstün tutmuşdular. Elə bundan sonra ananın ağrılı-acılı günləri başlayır. Ailəsindən uzaqda yeni ailə ilə çətin şəraitdə həyatda qalma gücü, öz ailəsi ilə yeni ailəsinin əvvəlki düşmənçilik hallarına görə hər dəfə onu alçaltmaları bir növ qızının taleyi ilə oxşar idi. Amma nə yaxşı ki, Varis həmin gün evdən qaçdı. Ana isə Varis qaçan zaman ona mane olmadı. Bilirdi ki, mane olsa qızı da onun taleyini yaşayacaq. Həmin gün evdən qaçmasaydı “ata”sı onu özündən üç qat böyük olan biri ilə evləndirib anasının taleyinin eynisini ona yaşadacaqdı. Bəlkə də, “Böyük qaçış” Varisin ilk və ən böyük riski idi. Bu risklə gələcək uğurunun ilk təməli quruldu. Balaca, yalın ayaqları ilə ucsuz-bucaqsız səhrada addımlayan, hər addımını atdıqca dönüb geriyə baxan, darıxacağına rəğmən yenə də dayanmayan Varis bundan sonrakı həyatında pis niyətli insanların qurbanı olmamaq üçün hansı istiqamətdə gedəcəyini belə bilmədən yola düzəlmişdi. O qədər yorğun idi ki, atasının bir müddət onun arxasınca gəlməyini belə tamam unutmuşdu. Sadəcə bir fikirlə yaşayırdı.O, Moqadişiyə gedəcək. Amma necə və haradan gedəcəyini təsəvvür edə bilmirdi. Ac və susuz halda isə səhrada yalnız çox qısa bir müddət qala bilərdi.Tək çarə yaxınlıqdan hər hansısa bir karvanın keçməyini gözləmək idi. O da ki, Yaradanın rəhminə bağlı idi…

Səhər yuxudan ayılanda üzərində bir nəfəs hiss etdi. “Şir elə yaxınımda idi ki, onun isti havaya yayılan üfunətli iyini hiss edə bilirdim. Allaha üz tutdum: “Ya rəbbim, əcəlim çatıb, mənə kömək ol”. Mənim uzun səhra yolçuluğumun sonu çatmışdı. Nə bir silahım var idi, nə də həyan olacaq kimsəm. Qaçmağa da artıq taqətim qalmamışdı. Hətta ən yaxşısını fikirləşib ağaca dırmaşmaq istəsəm belə, bilirdim ki, pişiklər kimi, şirlər də güclü caynaqları ilə bunu çox yaxşı bacarırlar. Pəncəsiylə bircə dəfə vurmağı bəs edərdi. Qorxmadan gözlərimi açdım və dedim: “Gəl, ye məni. Hazıram”. Şir üzümə baxdı və yavaşca bal rəngli gözlərini qırpdı. Eyni zamanda mən də qəhvəyi gözlərimi ona zilləmişdim, nəzərimi ondan çəkə bilmirdim. Ətrafa baxdı. “Gəl, gəl tut məni” – yenə mənə baxdı və yenə qırağa baxdı, dodaqlarını yalayıb arxa ayaqları üstə oturdu. Sonra qalxdı, qarşımda o tərəf – bu tərəfə məğrurcasına var – gəl etdi. Nəhayət, çevrildi və uzaqlaşmağa başladı, şübhəsiz, fikirləşdi ki, bir dəri, bir sümüyəm, heç ağız bulaşdırmağa dəymirəm. Beləcə, ağır addımlarla uzaqlaşdı və sarımtıl-qəhvəyi xəzi qumda gözdən itdi. Başa düşəndə ki, şir məni yeməyəcək, rahatlaşmadım, çünki heç qorxmamışdım. Artıq ölməyə hazır idim. Lakin, görünür, həmişə ən yaxın sirdaşım olan Allahın məni sağ saxlamaqda başqa nəsə planı var idi. Üzümü Allaha tutub: “Ya rəbbim, bu nədir? Mənə kömək ol, mənə yol göstər” – deyərək ayağa qalxmağa çalışdım”.

Vəhşi heyvanın önündə gözlərini qırpmadan ölümün üzünə dik baxan Varis insanlıq tarixinin yeni bir səhifəsini açdı. O səhifə ki, hər sətrindən zəhmət, iradə, əzm, qorxmazlıq qoxusu gəlirdi. Bu qorxmazlığı onu yüksəklərə daşıdı. Hər nə qədər əziyyət çəkməsinə baxmayaraq, o, həyatda öz cığırını yarada bildi. İnamla addımladı. Onu yolundan döndərmək istəyənlərdən isə güclü oldu, başqalarının iradəsinə yenilmədi.

Somali cəmiyyətində yalnız iki anlayış var idi: yaşamaq və ölmək. Başqa seçim yox idi. Yaşayırsansa, deməli yaxşısan… Kimsə öləndə isə sağ qalanlara görə şükür edirlər və həyat beləcə öz axarı ilə sakit-sakit gedir. Həmişə həyatlarını “İnşallah fəlsəfəsi” idarə edir. Belə demək daha doğru olar ki, həyat insanlara Allah tərəfindən verilən bəxşişdir və ölüm onun əlindədir, biz bəndələrin isə onun işinə qarışmağa haqqı yoxdur. Varis bütün bunları bilərək ümidini yalnız Allaha bağlamışdı.

Somalidəki insanlar köçəri həyat tərzi keçirir, dünyanın bir çox hissəsində insanlar üçün çətin olacaq şeylər onların həyat tərzinə çevrilib. Evə düyünün alınmasını bayram qəbul edən insanlar yaşamın ən çətin mübarizəsini verir. Xüsusilə də qadınlar. Əgər qadınsanız, dünyanın harasında olmağınızdan asılı olmayaraq həyat fərqli yollarla sizi sınaya bilər və sınayır. Tanrı daha dəqiqlik və incəliklə bir gündə deyil bir neçə gündə yaratdığı qadına kişi ilə bərabər hüquq verib, onun azadlığını təmin etetmişdir. Buradakı insanların bu gözəlliklərdən xəbərləri belə yox idi, onlar öz dünyalarını yaratmış, qaydalar uydurmuşdular. Məsələn, dünya xaqlarının bir çoxu ən parlaq ulduzu – Veneran sevgi, eşq timsalı və qadının simvolu kimi adlandırdıqları halda, burada o parlaq ulduzu “maqal hidhid” adlandırırdılar, mənası isə “qoyunların gizlədilməsi” idi. Heyvalara, mal-qaraya xüsusi önəm verirdilər, hətta belə bir şey bildirirdilər ki, heyvanlarla insanlar arasında xüsusi bir instinkt var. Heyvanlara özlərindən daha çox qiymət verirdilər. Əsəri oxuyarkən hələ də belə bir cəmiyyətin varlığına çox təəccübləndim. Onların qadınlar haqqında düşüncəsi isə tamamilə fərqli idi. Dünyanın daxilən mürəkkəb olub, zahirən sadə görünən varlıqlarına orada dəyər yox dərəcəsində idi. Lakin bir məlumatı bilməli idilər ki, qadınlar da kişilər kimi daha yaxşı səbəblər üçün, sevib-sevilmək, dəyər görmək, dəyər vermək, sevinc hiss etmək, qayğı görmək üçün yaradılmış əsrarəngiz varlıqlardır. Varis deyirdi ki, arıqlamaq üçün lazımsız yerə həkimlərə pul tökməyin adı yoxdur. Əgər arıqlamaq istəyirsinizsə, “Afrikaya gedin”. Həyatda insan üçün puldan, naz-nemətdən, həyatın özündən daha dəyərli olan bir məhfum mövcuddur. O, insanın canının sağlamlığıdır. Bunu yalnız can sağlığı ilə sınanan insanlar daha yaxşı başa düşə bilər.

Qadınlar və kişilər hər ikisi insan fərdidir. Onlar canlıdır və bir canlının digər canlıya zərər verməyə, onu məhv etməyə haqqı yoxdur. Qadın isə sevgi və sülh rəmzidir. Onu deyə bilərəm ki, dünyada sülhün varlığını qoruyub saxlayanlar da məhz elə qadınlardır. Məqsədim qadınları tərifləmək deyil, kitabdan oxuduğum reallıqları obrazlaşdırıb sizlərə çatdırmaqdır.

Sonda isə bildirmək istəyirəm ki, Varisin həyatının müəyyən hissəsinin ağrılı-acılı keçməsinə baxmayaraq, o, həyat mübarizəsindən üzü ağ, alnı açıq çıxdı.Varisin səhradan başlayan uzun hekayəsi modelliklə davam edərək BMT qadın hüquqları səfirliyinə qədər uğurlu bir yol keçdi. Varis hal – hazırda yaşayır və özünə edilmiş haqsızlıqların başqalarına edilməməsi üçün qadınlara dəstək olur.

“Ya bir ömür başqaları kimi həyatını bada ver, ya da başqalarından seçilib öz istəklərinin ardınca get özün ol, seçim sənindir”

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Zeynalabidin Makas. Orxan həkim (hekayə)

C İyl 8 , 2022
Atalar deyir, şərti şumda kəsək, xırmanda davamız düşməsin. Həmçinin, mən də. Bəri başdan deyim ki, mən bu Orxan həkimi görməmişəm. Amma onunla bağlı çox şey eşitmişəm. Söhbət eşitdiklərimdən gedir. O vaxtlar hələ balaca idim. Demək olar ki, məktəbə getmirdim. Atam aşıqlıq eləyirdi. Qapımızda mal-qaramız da vardı. Bir təhər dolanıb- keçinirdik. […]