Klv.az saytı aprel ayının 22-də V “Məmməd Araz Poeziya günü” çərçivəsində şairin anadan olmasının 90 illiyi münasibətilə ötən il elan olunmuş respublika üzrə şeir müsabiqəsinin qaliblərini təqdim edir
Əli Bəbiroğlu. (I yer)
Bir dua pıçıldadım
Sənlə keçən günlərdən xatirə qucaqladım,
Dilim dil açdı sanki, dindi – danışdı birdən.
İçimə xatirədən bir dua pıçıldadım,
Qəlbim gül açdı, güldü, şeir yarandı qeybdən.
Səmavi bir minacat gəzir göyün üzündə,
Onu qarşılamaq da, qucaqlamaq da bizdən.
Əgər şeir oxunsa saf suların üzündə,
İnci qalmaz dənizdə, pəri çıxar dənizdən.
Hər şey göydə olacaq, az şey yerdə qalacaq,
Qələm çəkən ta çəkib, qələm tutan ha çəkir…
Əlim, ayağım burda, göy aralı duracaq,
Məni ruhuna götür, ruh göylərə çəkilir.
Dilimin sözlərinə ölçüdən hədd qoyulub,
Hər işimin payına, hesab gəlir, say gəlir.
Saatın əqrəbi yox, ömrün vaxtı qurulub,
Bu ayı başa vurdum, sabah yeni ay gəlir.
İlahi, əlimi tut, əlimə xas xına çək.
Dilimi qarmağa sal, hülquma keçər barmaq.
Nəfsimə dəymə hələ, gözümü çarmıxa çək,
İlahi, duaçınam, zordu həsrətdə durmaq.
Sevinc Elsevər. (II yer)
Gözəl küsərdik…
Küsəndə
uşaq səmimiyyətilə küsə biləsən
masanın altına girəsən
çarpayının altında gizlənəsən
iri damlalar süzülə yanağına
dodağını büzəsən
Xalid Mahmud. (III yer)
Ümidin soneti
Ümidlər üşüyür boz təknələrdə,
darıxır adamsız dayanacaqlar.
Daha əllərini isidə bilmir,
çoxdan xatirəsi sönmüş ocaqlar.
Yıxılır gecənin yaxasından ay,
hardasa bəxtin də qarışıb başı.
Ayağı dolaşır, söz yorğun düşüb,
götür bu yükü də sən özün daşı.
İndi xoşbəxtliyin əlləri əsir,
tutub kəndirini çəkirsən özün.
Taleyin boş qalmış küçələrində,
ağ bayraq qaldırıb təsəlli sözü.
Yenə səssiz-səssiz uzaqlaşır gün,
Sənsə bu həyata məhkum və sürgün.