Əvvəli: https://klv.az/2024/04/24/edmund-husserl-kartezian-dusunceleri-19/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 49. “Başqasının” təcrübəsınin intensional izahının gediş layihəsi
“Obyektiv dünyanın” mənim birqaydalı dünyam əsasında varlıq mənasının quruluşu bir neçə səviyəyə malikdir. Birinci olaraq “başqa eqo”nun və ya “ümumiyyətlə başqalarının” quruluş səviyyəsini, yəni mənim özümün konkret varlığımdan kənar edilən (birinci qayda eqo kimi məndən kənarlaşdırılan) eqo səviyyəsini ayırıb göstərmək lazımdır. Buna müvafiq olaraq, daha dəqiqi, öz motivini buradan əldə etməklə, mənim birqaydalı dünyam üzərində universal mənalı üstqurum həyata keçirilir ki, bunun da sayəsində sonuncu, mənim özüm də daxil olmaqla, bizim hər birimiz üçün eyni olan bir dünya kimi, nə isə müəyyən bir obyektiv dünya hadisəsi olur.
Beləliklə, birinci “başqası” (birinci MƏN-olmayan) özlüyündə “başqa MƏN”-dir. Bə bu “başqa MƏN” də, ümumiyyətlə obyektiv aləmə və obyektiv təbiətə konstitutiv yanaşma ilə, “başqasının”, bütün digər eqoların və mənim də daxil olduğum yeni sonsuz sahəsini mümkün edir. Xalis “başqa eqolar” əsasında başlayan bu müəyyənləşdirmə, öz mahiyyətinə görə belədir ki, burada mənə münasibətdə “başqaları” bir-birindən ayrı qalmırlar, əksinə, mənim də daxil olduğum – təbii ki, mənə məxsus sferada – MƏN-lərin bir-biri üçün, həm də bir-birinin yanında mövcud olan cəmiyyət kimi, nə isə bir MƏN cəmiyyəti, belə desək, hansısa bir monadalar cəmiyyəti təşkil olunur, məhz elə bir cəmiyyət ki, (öz əlbirliyi vasitəsi ilə intensionallığı müəyyən edən) son nəticədə eyni bir dünyanı təşkil edir. Bu dünyada bütün MƏN-lər yenidən meydana çıxır, ancaq indi onlar obyektivləşdirən appersepsiyada “insanların”, yəni dünya obyektləri kimi, psixofiziki insanların düşüncəsi ilə ayrılır. Transsendental intersubyektivlik bu cəmiyyətin yaranması sayəsində özünün nə isə bir intersubyektiv sferasını əldə edir, belə ki, o bu sferada intersubyektiv olaraq obyektiv dünyanın tərkibini təşkil edir və beləliklə, transsendental kimi “Biz” bu dünya üçün, həmçinin dünya insanları üçün onun subyektivliyi olur, o formada ki, özü özünü obyektiv olaraq həyata keçirmişdi. Əgər burada yenidən intersubyektiv xüsusi sfera ilə obyektiv dünya arasındakı fərq irəli sürülərsə, onda, nə qədər ki, mən eqo kimi, mənim xüsusi mahiyyətli mənbələrimdən təşkil olunan intersubyektivliyin zəminində dayanıram, hər halda onu dərk edirəm ki, obyektiv dünya sözün həqiqi mənasında bu sferanı və onun xüsusi intersubyektiv mahiyyətini artıq transsendensiya etmir, ancaq ona immanent transsendentlik kimi aid olur.
Daha dəqiq desək, obyektiv dünyanın özü, ideya kimi, intersubyektivliyin ideal korrelyatı kimi, yəni fasiləsiz yekdilliklə həyata keçirilən, ola bilsin ki, ideal həyata keçirilən intersubyektiv ümumiləşdirilmiş təcrübə kimi nəhayətsiz ideal aşkarlıqda və ideal subyektlərdə təşkil olunan, həm də qarşılıqlı uyğunluğu ilə verilən və konstitutiv sistemlərlə razılaşan intersubyektivliklə əlaqədardır. Ona görə də obyektiv dünyanın quruluşu əhəmiyyətli çəkildə özündə monadaların harmoniyasını birləşdirir – məhz, ayrılıqda tək-tək monadalarda həyata keçirilən bu harmonik quruluş, buna müvafiq olaraq özündə həmçinin ayrı-ayrı monadalarda harmonik hərəkət edən genezisi də birləşdirir. Lakin bu monadik harmoniyanı, monadaların özü metafiziki uydurma və hipotez olmadığı kimi, eyni ilə bu cür, nə isə bir metafiziki qurulmuş hipoteza kimi başa düşmək lazım deyil. Əksinə, bütün bunların hamısı, bizim üçün təcrübədə iştirak edən faktiki dünyaya məxsus intensional tərkiblərin izahına aiddir. Bununla belə artıq bir neçə dəfə qeyd edildiyi kimi, təkrarən nəzərə almaq lazımdır ki, nəzərdən keçirilən ideyalar nə isə bir şeyin modusları və ya nə isə bir şeyin“bir növ” fantaziyaları deyil, həm də onlar bütün obyektiv təcrübələrin vəhdətində təşkil olunur, eləcə də özlərinin üsulları ilə qanunauyğunluq əldə etməyə və öz yolları ilə elmi fəaliyyətin inkişaf prosesinə nail olurlar.
Beləliklə, biz intensional araşdırmanın, bizim pillə-pillə keçməli olduğumuz həmin yolunun ilkin görünüş sahəsini şərh etdik, əgər biz transsendental problemi yeganə mümkün mənada həll etmək istəyiriksə, onda həm də, işdə transsendental idealizmi fenomenologiyaya xas üsulla həyata kecirməliyik.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/05/08/edmumd-husserl-kartezian-dusunceleri/