Müşfiqin güllələndiyi, Yeseninin otel otağında özünü asdığı yaşdayam. Silvia Platın ilk və son romanını yazıb intihar etdiyi yaşdayam. Mənsə nə başımı sobaya soxub yanıq qoxusunu içimə çəkərək ölməyi, nə də cibimə daş doldurub çayda batmağı düşünürəm.
Özümü ruhi xəstəxananın həyətindəki əncir ağacının altında oturmuş Ester kimi hiss edirəm.
“Həyatım yaşıl əncir ağacı kimi qarşımda budaqlanıb. Hər əncir uzaqdan mənə göz vuran gələcəyimdən bir işarədir. Və hansı ənciri seçəcəyimi bilmirəm. Bütün əncirləri ayrı-ayrılıqda istəyirəm. Amma birini seçmək o birilərini itirmək deməkdir. Bu qərarsızlıq davam etdikcə əncirlər yetişir, qaralır və bir-bir ayağımın altına düşür.” (Silviya Plat)
Öyrəndim ki, dərilməyi gözləyən hər yetişmiş əncirə əlini uzatdığın anda əlinin üstündən vurarlar. Çünki o ənciri dərmək haqqına sahib olmadığını düşünən bir kütlə var. Əncir sənin həyat ağacında yetişmiş olsa belə.
Öyrəndim ki, o kütlə narsist eqosunu doyurmaq üçün yaşıl budaqlarını kəsə bilər. Lap istəsə kökünə balta da çalar.
Öyrəndim ki, 20-ə qədər başqalarını günahlandırırsan, ağıllı olduğunu düşündüyün üçün. 30-a qədər özünü günahlandırırsan, cahil olduğunu düşündüyün üçün. 30-dan sonra isə “Allah kərimdir” deyib avtopilota bağlayırsan həyatı.
Öyrəndim ki, həyat heç də matah şey deyil. Sonu olmayan yollar, yol ayrıcları, hər yol ayrıcında səndən qoparılanlar, qopub düşənlərdir həyat. Sanki doğulanda çiyninə görünməz yük qoyulub və ölənə qədər sənə o yükdən qurtulmaq öhdəliyi verilib. Ona görə itirə-itirə gedirsən. Cənnətə quş kimi yüngül daxil ola bilmək üçün.
Öyrəndim ki, hər kəs özünü tapmaq hayındadı. Amma özünü tapan bir insana rast gəlmədim. Addımbaşı özünü axtaran, fikirli insanlarla toqquşursan. O qədər başları qarışıb ki, soruşsan əslində nəyi axtardıqlarını çoxdan unutduqlarını anlayacaqlar.
Öyrəndim ki, içimdə öldürülən biri var. Əncir ağacının təpəsindən yerə çırpılmış biri.
Çiçəyini içində gizlədən əncir deyəsən ən doğrusunu edib. Özümü əncir kimi hiss edirəm. Bəlkə doğrudan da dünya çiçək açacaq yer deyil?..