Türkan Mürsəlova. Cavidin “dün”ü bizi səsləyir..

Romantizm real hadisələrdən daha çox yazıçı təxəyyülündən gələn, onun ideal hesab etdiyi hadisələri və ya xüsusiyyətləri ön plana çəkməsi, birinci mərtəbəyə yerləşdirməsi, işıqlandırmasıdır. Romantik əsərlərdə daha çox yazıçı təxəyyülünün məhsulu olan obrazlara rast gəlirik. Azərbaycan romantizminin əsas istiqamətlərindən biri də keçmişə, keçmiş dəyərlərə qayıdış, ilkinlik, keçmişlə indinin müqayisəsidir. Romantiklər, ümumiyyətlə, xəyal dünyaları ilə yaşadıqları, yaratdıqları üçün daim keçmişin təsiri, keçmişdə baş vermiş hadisələrin hal-hazırkı dövrlə müqayisəsini edirlər. Keçmişə qayıdış motivlərinin rast gəlindiyi əsərlərə Hüseyn Cavidin “Dün və bugün”, “Hübuti-Adəm” (“Adəmin cənnətdən еnməsi”), “Yadi-mazi” (“Kеçmişin yada salınması”) kimi şeirlərində rast gəlirik. Ümumiyyətlə, Hüseyn Cavidin “Keçmiş günlər” şeirlər toplusunun olması onun bu mövzu üzərində nə qədər dayandığının sübutudur. Hüseyn Cavidə görə keçmiş bədbinlikdir. Əslində şeirlərdə o, bədbinlikdən optimistliyə keçid edir. Tam bədbinlik də görə bilmirik. Elə misralar var ki, keçmişi tərifləyir, onun yaxşı dövr olduğundan danışır. Elə misralar da var ki, həmin dövrü – dünü nisgilli, kədərli bir dövr adlandırır.

Hüseyn Cavidin “Dün və bugün” şeirindən

Dün səadətlə parlayan gözlər,

Şimdi yəsü kədər nisar eylər.

Dün təhəvvürlə gürləyən sözlər,

Şimdi bir başqa macəra söylər.

Dünkü xəndan könül bugün sızlar,

Dün sönən bir əməl bugün parlar.

Misralarda Cavid müqayisələr aparır. Dünlə bugün arasındakı ziddiyyətləri göstərir. “Dün” sözü təkcə dünəni deyil, ümumiyyətlə, keçmişi ifadə etməkdədir. Cavidə görə əvvəllər səadətdən, nəşədən gözəl üzlər bugünkü gün kədərli baxır, kədərli görünür. Əsəblə dolan sözlər bu gün bir gözəllik, bir macəra ifadə edir. Dünən sevincdən dolub-daşan könüllər bu gün kədər içindədir, dünən insanlara mənasız görünən əməllər bugün dünyaya parlaqlıq gətirir.

Mərhəmətsizdir iştə köhnə fələk,

Bəşəriyyətlə əylənir daim.

Bəşəriyyətlə əylənir gülərək…

Dünkü məhkum olur bugün hakim,

Dünkü bədbəxt olur bugün məsud,

Dünkü məsud olur bugün mərdud.

Cavid taleyin mərhəmətsizliyindən, insanlıqla əylənərək davranmasından söz edir. Dünən məhkum olanların, bu gün artıq haqqın başına keçdiyini, dünənki bədbəxtlərin bu gün xoşbəxtliyə qovuşduğunu, dünən xoşbəxtlikdə olanların bu gün səfil və bədbəxt qaldıqlarını deyir.

Başqa, pək başqa şimdi zevqi-cihan,

Dünkü peymanələrdə qan coşuyor.

Dünkü məmurələr bugün viran,

Dünkü viranələr bugün məmur…

Həp pozulmuş da dünkü peymanlar,

Yeni dost olmuş əski düşmanlar.

Dünyanın dəyişdiyini, deyərək dünənki şərab dolu qədəhlərin içində hal-hazırda qanların olduğunu, Əvvəlki məkanların indi dağıldığını, dağılan məkanların bu günlər düzəldiyini, əvvəlki düşmənlərimizin indi bizə dost olduğunu deyir.

Yoq təbiətdə öylə bir qüvvət,

Əbədi, həm də paydar olsun.

Həp dəyişməkdədir bütün xilqət,

Həp dəyişməkdədir həyatü fünun.

Olmayan varmı inqilabə zəbun?

Varmı sarsılmaz öylə bir qanun?

Dünyada ədəbi olan heç nəyin olmadığını deyir. Bütün yaradılışın, həyatın daim dəyişməkdə olduğunu deyir. Həyata, inqilaba qarşı gücsüz olan insanların var olduğunu və bunun dəyişilməyəcək bir qanun kimi var olduğunu deyir.

Seyr edin iştə kainatı bütün,

Devrilir hər adımda bir əzəmət,

Dinləməz dünkü hadisatı bu gün,

Parlıyor hər dəqiqə bir hikmət.

Hər qaranlıqda çırpınır bir nur,

Hər həqiqətdə bir xəyal uyuyur.

Şeirin ən son bəndində bütün mətləbləri açıq, sanki sonluq kimi qeyd edir. İnsanları kainata yaxşı baxmağa çağırır. Dünən olan hadisələri bugün heç nəyin dinləmədiyini, insanlara qaranlığın içində işıq axtarmağı, hər həqiqətin içində bir yalanın, xəyalın olduğunu bildirməyə çalışmışdır. Cavid, əslində nəinki dünənimizə bədbin yanaşır. Əksinə hər dövrə, hər zamana aid özünəməxsus xüsusiyyətlərin var olduğunu və bunu yaxşısı və ya pisilə qəbullanmağımızın vacib olduğunu bizə çatdırmağa çalışmışdır.

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

"Ədəbiyyat qəzeti " (edebiyyatqazeti.az) saytı "Ədəbiyyat səyyahları" rəsmi internet saytının təqdimatı barədə Azərtac-ın məlumatını yayınlayıb.

Ça İyl 5 , 2022
Aşağıdakı hiperəlaqəya keçid edərək xəbəri oxuya bilərsiniz. https://edebiyyatqazeti.az/news/gundem/9115-edebiyyat-seyyahlari-resmi-internet-saytinin-teqdimati-olub