Camal Yusifzadə. Bu şəhər yağışa düşüb ömürlük

Klv.az saytı Camal Yusifzadənin “Bu şəhər yağışa düşüb ömürlük” şeirini təqdim edir

Bu şəhər yağışa düşüb ömürlük,
Bu şəhər yağışda islanıb tamam.
Gözümü açanı
Dəniz görmüşəm;
Kükrəyən, çağlayan,
Təmiz görmüşəm.

Bu dəniz yağışa düşüb ömürlük,
Bu dəniz yağışda islanıb yaman.
Gözümü açanı
Meşə görmüşəm;
Qızılı yarpağı,
Yaşıl talanı
Yuyulub-silinmiş
Şüşə görmüşəm.

Bu meşə yağışa düşüb ömürlük,
Bu meşə yağışda islanıb yaman.
Gözümü açanı
Duman görmüşəm.
Dumanı həmişə
Daman görmüşəm.
Görmüşəm tül kimi,
Əfsanə kimi;
Sərilib yuxuma,
Məhəbbətimə,
Aparıb huşumu
Sirli aləmə.

Bu duman ömürlük yağışa düşüb,
Bu duman yağışda islanıb yaman.
Yuyula-yuyula
Açılar səhər,
Yuyula-yuyula
Ağarar axşam.
Nə vaxtdır yağışda yuyulmamışam!
Bu şəhər yağışda islanıb tamam,
Bu axşam yağışda ağarıb yaman.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ələkbər Salahzadə. Bir də gördün

Klv.az saytı “Poeziya inciləri” rubrikasından Ələkbər Salahzadənin  şeirlərini təqdim edir BİR DƏ GÖRDÜN Bir də gördün beşikdi adam, bir də gördün bəbədi. Bir də gördün uşaqdı adam, bir də gördün babadı. Bir də gördün oğuldu adın, bir də gördün atadı. Bir də gördün yox oldu adam, bir də gördün fotodu. […]