Ələkbər Salahzadə. Bir də gördün

Klv.az saytı “Poeziya inciləri” rubrikasından Ələkbər Salahzadənin  şeirlərini təqdim edir

BİR DƏ GÖRDÜN

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.

Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.

Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu.

 

MƏNSİZ GECƏ

Ulduzları mürgü döyən
sakit, heysiz bir gecədi.
Ay hardasa itib-batib,
yoxsa göysüz bir gecədi.

Öz-özünə axır keçir,
qədim, nəfis bir gecədi.
Bir az xəfə, bir az qəfəs
təngnəfəs bir gecədi.

Nə yaxşı ki, sonsuz deyil,
uzun, ensiz bir gecədi.
Bir az həzin, bir az qərib,
sanki mənsiz bir gecədi…
2000

QAR

Elə bil gün o gün, qar o qar,
haradasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar,
Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
haradasan?
Söyüdlər qarıdı,
haradasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara.
Qurudu, yerində qurudu,
dayanıb qapıda
o qara qarğıyar
bir qarı –
haradasan?
Qar o qar,
baxaram, gözlərim ağrıyar,
izlərim qar altdan çığırar, çığırar.
Çığırar – çığırmaz
üstünə qar yağar,
qar yağar o qara,
o günə qar yağar-
haradasan?!

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Corc Oruellin esseleri ilk dəfə Azərbaycan dilində

İngilis ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və publisist Corc Oruellin esselərinin bir qismi, xüsusilə müharibə mövzusunda yazdığı esselər ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edilib. Nəşrin tərcüməçisi Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Xanım Cəfərli, elmi redaktoru isə universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeqzar […]