Əhməd Cəfəroğlu haqqında monoqrafiya yayınlandı

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” adlı monoqrafiyası nəşr olunub. Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatında nəfis şəkildə yayımlanan, I Türkoloji Qurultayın 100 illiyinə ithaf olunan kitabın elmi redaktoru professor Tofiq Məlikli, ön sözün müəllifi professor Osman Fikri Sertkaya, rəyçiləri isə professor Sebahattin Şimşir və professor Pərvanə Bayramdır.

XX yüzil Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, dünyaşöhrətli türkoloq, uzun illər İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmış Əhməd Cəfəroğlu haqqında yazılan monoqrafiyada onun folklorla bağlı araşdırmaları sistemli təhlil obyektinə çevrilmişdir. Kitabda alimin folklorşünaslıq araşdırmaları türkoloji tədqiqatları ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.

Monoqrafiyaya yazdığı ön sözdə Əhməd Cəfəroğlunu Mahmud Kaşğarlı və Fridrix Vilhelm Radloffdan sonra dünyanın üçüncü böyük türkoloqu kimi dəyərləndirən professor Osman Fikri Sertkaya onun həyatının gizli məqamlarına toxunmuş, yazılarına görə İ.V.Stalinin təkidi ilə Sovet Rusiyasına təhvil verilməsinin istənildiyini, lakin Mustafa Kamal Atatürkün müvəqqəti olaraq universitetdən uzaqlaşdırmaqla məsələni yoluna qoyduğunu qeyd etmişdir.

Monoqrafiyanın “Sayaçı sözlərinin arxaik düşüncə qatları”, “Azərbaycan bayatılarının Avropada tanıdılması”, “İnanc və ovsunların funksional-semantik təhlili”, “Paremioloji vahidlərin fərqli yozumu”, “Türk mifoloji sistemi onomastik düşüncə axarında”, “Qopuzun dünya kültüründə yeri və aşıq sənəti”, “Əfsanə, lətifə və nağılların ideya-estetik özəllikləri”, “Türk epik ənənəsi və dastan poetikası”, “Folklor mətnlərinin toplanması və sistemləşdirilməsi sahəsindəki fəaliyyəti”, “Tanıtım yazıları” və başqa bölmələrində Əhməd Cəfəroğlunun zəngin folklor araşdırmaları sistemli şəkildə təhlilə cəkilmişdir.

Kitabda, eyni zamanda, Əhməd Cəfəroğlunun türkologiyaya töhfələri barədə geniş bəhs olunmuş, həmçinin xatirələr işığında həyat və yaradıcılığının bilinməyən məqamlarına toxunulmuşdur.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Boz dünyaya səyahət” kitabının elektron nəşri

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana nasir, ədəbiyyatşünas,  Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərlinin “Boz dünyaya səyahət” adlı kitabını elektron formada nəşr edib. Üç bölmədən ibarət kitabda müəllifin indiyə kimi yazdığı bütün nəsr əsərləri toplanıb. “Boz kəpənək” adlı I bölmədə mənsur şeirlər, “Qəhvəyi pencəkli oğlan” adlı II bölmədə […]