Hamlet İsaxanlı. Son görüş olmayaydı

“Dünya Məktəbi”nin həmtəsisçisi və qurucu direktoru olmuş tanınmış pedaqoq, təhsil təşkilatçısı, musiqiçi Nailəxanım İsayevanın vəfatından 5 il ötür.

Klv.az saytı oxucularının marağını nəzərə alaraq Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik, şair, yazıçı, publisist Hamlet İsaxanlının həyat yoldaşı Nailəxanım İsayeva haqqında xatirələrini təqdim edir

Həyat yamanca dəyişdi

İnsan xatirələrlə yaşayır. İnsanın kimliyi onun keçmişi ilə bağlıdır. Kim olduğumuzu söyləmək üçün, həyatımız barədə danışmaq üçün yaddaşımızı işə salırıq – hansı ailədə doğulmuşuq, uşaqlığımız harada və necə keçib, hansı məktəbdə və necə oxumuşuq, ailəmiz necə olub, qohum, qonşu, dost və tanışlarla necə ünsiyyətdə olmuşuq?! Mayamız keçmişdə yoğrulub. Keçmiş keçib gedib, ötən günlər geri qayıtmır, amma keçmişimiz yaddaşımıza yazılıb. Yaddaşımız keçmişi gözümüz önündə canlandırır, danışdırır. Yaddaşımızın övladıyıq. Həyat yolu yaşadığımız dünəndən sabaha, xatirələrlə dolu keçmişdən dumanlı gələcəyə doğru hərəkətdir. Keçmişin həsrətini çəkirik, gələcəyə ümid bəsləyirik.

Gələcək arzumdur, keçmiş xəyalım

Biri əlçatmazdır, biri ünyetməz

Birindən pay umar eşqim, amalım

Birinin həsrəti, nisgili bitməz.

Əzizim Nailə, gözəlim Nailə xanım, əl-ələ, çiyin-çiyinə verib, bərabər getdiyimiz yol bitdi. Sevgi dolu xoşbəxt həyat yaşadıq səninlə. Amma bu xoşbəxtlik yox oldu, o cənnət yoxa çıxdı, mən yaşamağa davam etsəm də, həyatım dəyişdi, soldu, qəmqüssə ilə, göz yaşları ilə doldu.

Həyat yamanca dəyişdi

Əlimdə titrəyir qələm

Bilirəm ki, o behişti

Bir daha görən deyiləm.

Səni tanıyan hamı sarsıldı. Və hamı səni gözəl xatirələrlə andı. İnsan xoş ünsiyyətdə olduğu şəxsi unutmur. Yaddaşda oturmuş, yer tutmuş xatirələr canlanır, danışılır, yazılır, başqa insanlara çatır, tarixin məhsuluna çevrilir. O əlçatmaz keçmişə yalnız xatirələrlə dönə bilirik. Gözəl insan barədə xatirələrə monopoliya yoxdur. Tanış, yaxın, dost olan hər kəsin yaddaşında başqalarından fərqli, başqalarının bilmədiyi, eşitmədiyi xatirə yuva salır. Səni yada salan, hüznlə xatirə söyləyən və yazan, adın gələndə köks ötürən və eyni zamanda xoş təbəssümlə səni anan nə qədər insan varmış! Bu insanlardan biriyəm mən. Amma sənin sevgilin, ömür-gün yoldaşın, həyat yoldaşın, yaxın dostun, güvəndiyin, səni çoox, laap çoox sevən, sənin həyatında böyük yer tutmuş şəxsəm mən.

Sənsiz həyatı təsəvvür etməmişəm, sənin varlığın həyatımı bəzəmiş, məni yaradıcı həyata səsləmiş, xoşbəxt etmişdir. Keçmiş mənim həyatımın ən əziz hissəsidir. İndi sən cismani olaraq yanımda deyilsən, ömürlük belə olacaq. Mən sənsiz qalmışam, amma hər saatım, hər günüm səninlə bağlıdır. Səni düşünürəm, düşünə – düşünə içim yanır. İlk tanışlığımızdan son günə qədər uzanan həyatımız barədə düşüncələrlə yaşayıram. Xatirələr məni sənə bağlayır. Yanımda olsan, bu xatirələri qələmə aldıqdan sonra sənə oxusam, nə qədər əlavələr, dəqiqləşmələr edər, mənim demədiyim, unutduğum maraqlı söz və hərəkətləri yada salardın. Sən başımıza gələn bütün əhvalatları məndən daha ətraflı və dəqiq təsvir edirdin.

İndi səninlə söhbət edirəm, həyatımızda baş vermiş bəzi hadisələri yada salıram, sənsizliyimi səni yada salmaqla keçirirəm…

Ayişə xala və Anya xala

İlk görüşümüzlə son görüşümüz arasında, hardasa, 53 il keçdi. İlk görüş – birgə getdiyimiz yolun başlanğıcı həyatımızdakı ən xoş xatirələrdən birinə çevrildi. Gələcək xoşbəxt binamızın təməli ilk görüşdə atıldı, xoşbəxt həyatımızın toxumu ilk görüşdə səpildi.

Azərbaycan Dövlət Universitetində oxuyurdum, mexanika riyaziyyat fakültəsində (İndiki Bakı Dövlət Universitetində). Tələbə yataqxanasında özümü rahat hiss etmirdim. Tezliklə ev kirayə etməli oldum. Poluxin küçəsində (№ 13; indiki Murtuza Muxtarov küçəsi) çox gözəl bir insanın, tatar əsilli Ayişə xalanın evində qalmağa başladım – yerlimiz olan iki tələbə yoldaşla birlikdə. Ayişə xala Nəriman Nərimanovla tanış imiş, onun Həştərxandakı fəaliyyəti barədə danışırdı, ümumiyyətlə, məlumatlı qadın idi, çox dost olduq. Məni qızlardan qoruyurdu; həmin həyətdə yerlimiz tələbə qızlar yaşayırdı, onlar bəzən hansısa bir sualla, çox zaman riyaziyyatla bağlı mənə müraciət etmək istəyirdilər. Mən evdə tək məşğul olanda Ayişə xala onları içəri buraxmırdı: “Oğlum məşğul olur, ona mane olmayın”. İki ilə yaxın vaxt keçdi, Ayişə xalanın oğlunun hansısa qohumunun ailəsi ev məsələsində korluq çəkirmiş. Biz Ayişə xaladan ayrılmalı olduq hər iki tərəf qucaqlaşıb ağlaya-ağlaya.

Yaxında bir ev tapdıq, orada işimiz o qədər yaxşı olmadı, hayküy çoxdu… Yeni ev axtarmağa başladıq. Həzi Aslanov küçəsində (№ 31) yaşayan Anya xala (Тетя Аня) məni və yerlimiz tələbə İlyası evində saxlamağa razı oldu. Həyətdə, birinci mərtəbədə yerləşən mənzil iki otaqdan ibarət idi, kiçik giriş otağında Anya xala özü qalırdı, bu otağın həyət tərəfi şüşəbənd olduğuna görə həm işıqlı idi, həm də ordan həyət görünürdü. Anya xalanın yanından keçib bizim yarıqaranlıq otağa daxil olurduq. Otağımızın bir kiçik arxa pəncərəsi dalana baxırdı və əsasən bağlı olurdu. O pəncərəni işıq üçün deyil, havanı bir qədər dəyişdirmək üçün açırdıq. Digər pəncərə isə həyət tərəfə, daha doğrusu, Anya xalanın otağına açılırdı; oradan işıq gəlirdi.

Anya xala: “Mənim otağımda kitab oxuyub, çalışa bilərsiniz” – demişdi. O, evdə olmayanda həmişə orda otururdum, əslində isə o, evdə olanda da: “Gəl, burda otur, oxu” – deyirdi. İlyas gündüz işləyib, gecə oxuyurdu, mən günün ikinci yarısı universitetdən qayıdanda Anya xalanın otağında rahat oxuyub-yaza bilirdim.

Pilləkənlə qalxıb-düşən qız

Bizim mənzilin qapısı önündən iki-üç addım aralıda ikinci mərtəbəyə pilləkən qalxırdı. İkinci mərtəbədə yaşayan və bu pilləkənlə qalxıb-düşən bir qız vardı. Bir dəfə o, aşağı enərkən qapını açdım, məni gördü, xəfif bir təbəssümlə salam verib keçdi. Onun aydın gözləri, məsum sifəti, ceyran yerişi yadımda qaldı. İkinci mərtəbədən tez-tez fortepiano səsi gəlirdi – gah hansısa klassik musiqi parçası, gah müxtəlif, sürətli qammalar, gah da Azərbaycan mahnıları. Anya xala: Bu Nelya`dır, musiqi məktəbində oxuyur, yaxşı qızdır”, – dedi. Bir dəfə Anya xala, İlyas və mən söhbət edirdik, həmin qız pilləkənlə aşağı enirdi. Anya xala mənim ona tərəf baxdığımı görüb göz vurdu, “tanış olmaq istəyirsinizmi” deyə soruşdu və cavab gözləmədən: “Nelya, gəl bura, oğlanlarımla tanış ol”, – dedi.

Sən içəri daxil oldun, sakit salam verdin, Anya xalanın taxtında (taxta divançarpayı), onun yanında oturdun. Anya xala bizə baxıb, “özünüzü Nelyaya təqdim edin görüm” dedi. İlyas mənə baxdı, mən dillənmədim, İlyas davam etdi, adını, hardan gəldiyini, harada, neçənci kursda oxuduğunu dedi, sonra üzünü mənə tutub: “Bu da Hamletdir, yerliyik”, – dedi. Anya xala onu dayandırdı: “Deyirsən ki, Hamletin dili yoxdur? Qoy özü danışsın”.

Mən, deyəsən, üzümdəki təbəssümdən başqa bir şey nümayiş etdirmək həvəsində və bəlkə də iqtidarında deyildim. Üstəlik, ən azı, İlyasdan daha utancaq idim. Sən köməyimə gəldin: “Nə yaxşı addır –Hamlet. Siz harada oxuyursunuz, ixtisasınız nədir?” Sən gəlməzdən əvvəl görkəmli Amerika alimi, riyaziyyatçı və kibernetik Norbert Wiener`in “I Am a Mathematician” kitabının ruscaya tərcüməsini oxuyurdum (Норберт Винер. “Я – математик”). Kitab hələ əlimdə idi, heç nə demədən, kitabın üzünü sənə tərəf tutdum, yəni, oxu – riyaziyyatçıyam. Sən gözlərinlə məni süzdün: “Hə?! nə yaxşı”. Nəhayət, mənim dilim açıldı: “Nelya? Yəni?” Mənim bu eyhamlı sualıma tez cavab verdin: “Adım Nailə`dir, Nelya deyirlər”.

Adam kimi danışmaq əvəzinə kitabın üzünü göstərməklə mən, az da olsa, bir yekəxanalıq etmişdim (bunu sonra başa düşdüm), indi də çoxbilmişlik etdim: “Nailə Nelyadan daha yaxşı səslənir”. İstədim Nailə və Nelya arasındakı fərqləri – heca sayını, sait sayını, ahəngi, uzaltma-qısaltmanı deməklə fikrimi əsaslandırım, amma, bunları deyəcək qədər sərbəst deyildim, dayandım. Sən mənim qiymətverici fikrimi nəinki qınamadın, əksinə, çox gözəl bir söz dedin: “Nailə`dir əsl adım, sadəcə rusdillilər arasında Nelya deyirlər. Siz mənə Nailə deyin”. Xeyli sonralar bildim ki, sənin əsl adın Nailə Xanım`dır, doğum şəhadətnaməndə Nailə Xanım İsmayıl qızı Əsgərli yazılıb.

Tanış olduq. İlk görüşdən xoşuma gəldin, ayrı-ayrı cizgilərlə deyil, bütövlükdə, varlığınla, məlahətinlə, ağlın və zərifliyinlə xoşuma gəldin. Amma həyatıma möhkəm daxil olduğunu, həyatıma məna və xoş ahəng bəxş edəcəyini, sənsiz həyatı təsəvvür edə bilməyəcəyimi get-gedə, zaman keçdikcə anlayacaqdım.

İsmayıl kişi və Bilqeyis xanım

Səni və ətrafındakıları tanımağa başladım, əsasən sənin danışıqların və kiçik təmaslar nəticəsində. Atan qubalı İsmayıl Əsgərli maliyyəçi idi, məsul vəzifələrdə çalışmışdı, çox dəqiq (hətta pedant), ehtiyatlı və sakit adam idi. Anan şəmkirli Bilqeyis xanım yeniyetmə yaşlarında yetim qalmış, Gəncədə qohumlarının yanında yaşamış, oxumuş, ictimai fəal şəxs olmuşdu. Əli Bayramov adına qadınlar klubunun fəal üzvü kimi qadınlar arasında ictimai iş aparmaq üçün Quba rayonuna göndərilmişdi. Qadınların çadralardan azad olunması üçün çalışmışdı. Əksəriyyəti savadsız olan qadınları başına yığıb, onlara sosializmin nə olduğunu başa salırmış, hətta, deyilənə görə, onlara Marks`ın Kapitalı`nı oxuyub, izah edirmiş. Respublika miqyaslı fərdi təqaüdçü idi. Qubada atanla tanış olmuş, evlənmişdilər. Bilqeyis xanım açıq təbiətli, deyib-gülən, əliaçıq, insaflı, rəhmdil qadın idi. Köhnə rəfiqələri və tanışları arasında çətin vəziyyətə düşmüş olanlara rast gələndə, onları evə gətirir, yedizdirir, ciblərinə müəyyən xərclik qoyurdu.

Sonralar, biz daha yaxın olanda, ata və ananın başlarına gələn bəzi hadisələri güləgülə danışardın. Bilqeyis xanım başında bir beret İçərişəhərdə yol gedirmiş, birdən bir yeniyetmə onun başından beretini qapıb, qaçmağa başlayır. Bilqeyis xanım nə etsə yaxşıdır? Oğlanın dalınca qışqırır: “Ay bala, ay bala, qaçma, yazıqsan, yıxılarsan, əzilərsən, qaçma, beretim halalın olsun”.

Mir Cəfər Bağırov Bilqeyis xanıma Bakıda təcili yaxşı ev verilməsini əmr edir: “Gəlin sizə evləri göstərək, ürəyiniz istəyəni seçin götürün”, – deyirlər. Ev seçmək işi İsmayıl kişiyə həvalə olunur. O, “Monolit” deyilən evdəki yaxşı mənzilə: “Eh, ora kim çıxacaq”, – deyir, digər çox yaxşı mənzillərə də yox deyir, nəhayət, Həzi Aslanov küçəsindəki mənzili göstərəndə: “Hə, bu yaxşıdır, ikinci mərtəbədir, yeri də yaxşıdır, amma bizə iki otaq bəsdir, üçüncü otağı götürün, başqa adama verin”, – deyir. Beləliklə, ailə bu şüşəbəndli ikiotaqlı mənzildə məskunlaşır.

Həmin evdə bir dəfə gecə vaxtı qapı açılır və tanıdıqları bir adam içəri bir çanta tullayıb qaçır. Həmin adam nəsə cinayət işlətmiş, işi məhkəmədə imiş. Çantanı açırlar – içi dolu pul! Belə çıxır ki, həmin adam Bilqeyis xanımdan bu işə kömək etməsini istəyir və buna görə rüşvət gətirib. Və rüşvəti geri qaytara bilməsinlər deyə, çantanı içəri ataraq, qaçıb gizlənib. Ər-arvad bilməyiblər nə etsinlər, bəlkə həmin adamı güdürlər və indi kimsə içəri girəcək ki, bu nə puldur?! İsmayıl kişi pul dolu çantanı götürüb, evdən çıxır və əlində çanta səhərə kimi şəhərdə dolaşır, səhər açılanda o adamı tapıb pulunu, çantasını geri qaytarır. Ailə rahat nəfəs alır.

Qardaş, bacılar

Sən ailənin kiçik uşağı olubsan, qardaşın və iki bacınla aranızda yaş fərqi çox olub. Qardaşın Firidun həkim idi, idman həkimi, travmatoloq kimi çalışırdı. Çox şən və musiqi dolu insan idi. Ümumiyyətlə, ailənizdə musiqi çox sevilirdi. Gəncliyində anan qarmon, atan dəf çalarmış. Firidun pianoda çalıb oxuyurdı, rus romansları və Odessa mahnılarını ifa etməyi sevirdi, onun “madam, kupite papiğosı” oxuduğu yaxşı yadımdadır, “papirosı” deyil, məhz “papiğosı”.

Bacın Alya gözəl, xanım-xatın bir insandı. Rus dili müəlliməsi idi. Pianoda çalır və oxuyurdu, oyun havaları çalmağı sevirdi. Biz evlənəndən sonra Alya xanımı daha yaxından tanıdım, çox yaxın dost olduq. Sən həmişə təbəssümlə xatırlayırdın – sən demə, Alya boynundan asdığı medalyonuna mənim şəklimi qoyubmuş. Həyat yoldaşı ona “Alya, mən sənin ərinəm, niyə mənim deyil, Hamletin şəklini gəzdirirsən?”, – deyə soruşanda, qısaca: “Sən yanımdasan, şəklini neynəyirəm”, – deyə cavab veribmiş. Bacın Ədilə`ni mən görmədim.

Onu həmişə bir hüznlə xatırlayırdın: “Ailəmizdə ən azərbaycanlı, ən milli adam o idi”, – deyirdin. Ədilə tar məktəbində oxuyur, yaxşı tar çalır, Azərbaycan mahnı və muğamlarını ifa edirmiş. Səid Rüstəmov “Tar məktəbi” kitabını öz imzası ilə Ədilə`yə bağışlayıbmış. Ədilə`də özündəngetmə, epilepsiya xəstəliyi varmış, bu səbəbdən dünyasını tez dəyişib.

Məktəb. Bakı və Quba

Qubada və Bakıda eviniz olub, atan Qubada, anan Bakıda işləyib yaşayıblar.

Məktəbi Bakıda oxumusan, yay zamanı isə əsasən Qubada dincəlmiş, bəzən də Şimali Qafqazın kurort yerlərində istirahət etmisiniz. İbtidai orta məktəblə yanaşı musiqi məktəbində, piano sinfində oxumusan, ayrıca müəllimlərin də olub; Vaqif

Mustafazadənin anası Zivər xanımdan İçərişəhərdə, evində piano dərsləri almısan. Bacı-qardaş hamı musiqi sevən və pianoda ifa edən olsa da, Azərbaycan mahnılarını çalmağı adətən səndən xahiş edirdilər. Orta məktəbin son sinfini Qubada oxumusan. Sinifdəki bəzi qızlar “şəhərdən gələn qız”ın sakitliyini, çox dinib-danışmamasını özünü dartmaq kimi anlamış, ona sataşmağa çalışmışlar. Lakin, tezliklə bu qızın çox utancaq, sadə və təvazökar olduğunu görüb, yaxınlaşıb üzr istəmişlər. İqbal, Zəminə, Dilarə və sən ayrılmaz dostlara çevrildiniz. Sən onları gözəl sayır, özünü bəyənmirdin. Əslində isə, sən o zaman (elə hər zaman) gözəl və məlahətli olmusan, xoş xasiyyətin ətrafındakıları isidir, gözəlliyini daha cazibəli edirdi.

Rus məktəbində oxumuşdun. Firidun və Alya da rusca oxumuşdular. İsmayıl kişi və Bilqeyis xanım isə rusca bilsələr də, doğma dildə danışmağa üstünlük verirdilər. Sən Azərbaycan türkcəsində də rahat danışırdın, sadəcə, arada bəzi səciyyəvi sözləri rusca deyirdin. Qubada məktəbin son sinfində oxumaqla yanaşı musiqi məktəbində piano dərsi də deyirdin. Həm Bakıda, həm rayonda yaşamaq, şəhəri də, kəndi də içdən anlamaq, yəqin ki, səndə insanları daha yaxşı tanımaq və qiymətləndirmək duyğusunu qidalandırmışdı.

Qonşuluq, şeir və musiqi

Kənddə qonşuluq ya şəhərdə qonşuluq – hər ikisi qonşuluqdur, adətən qonşular tez-tez bir-birini görür, hal-əhval tutur, qonşu uşaqlar bir-birilə oynayır, qonşular arasında gediş-gəliş olur. Kənddə hər ailənin öz ayrı evi, həyəti, bağı-bostanı var, amma qonşulararası yaxınlıq var, birinin o birinə işi düşür, evdə olmayan şeyi qonşudan istəmək olur. Şəhərdə vəziyyət fərqlidir; çoxmərtəbəli evdə yaşayanlar hərə öz mənzilinə qapanır, qonşular bir-birini az görür, bir çox hallarda yaxşı tanış olmur, onların bir-birinə işi az düşür. Lakin şəhərdə girişi-çıxışı bir olan ümumi qapalı həyət, həyətdən o azmərtəbəli evlərə açılan qapılar və yuxarı qalxan pilləkənlər sıx qonşuluq münasibəti yaradır, demək olar ki, hamı bir-birini tanıyır.

Beləliklə, səninlə qonşu oldum. Pianoda çaldığın zaman özümü sənin yanında xəyal edirdim. Çaldığın tanış mahnıları ürəyimdə və ya sakit səslə oxuyurdum. Hərdən Anya xala səni çaya dəvət edirdi. Ordan-burdan söhbət edir, mahnıları yada salırdıq. Orta məktəbdə oxuyarkən, radioda populyar mahnıları dinləyir və sözlərini yazmağa çalışırdım; adətən iki dəfə qulaq asmaqla bir mahnının mətnini bərpa etmək olurdu. Az mahnı tapılardı ki, sözləri mənim qalın dəftərimdə olmasın. Məktəbdə, elə bütün kənddə də kim mahnı ilə maraqlanırdısa, məndən sözlərini istəyirdi. Bu səbəbdən səninlə mahnı söhbətimiz məzmunlu alınırdı. Mənim sevdiyim bəzi köhnə mahnılar sənin repertuarında yoxdu, amma, “havasını yadıma sala bilərsənmi?” – deyirdin. Mən utana-utana zümzümə edirdim və sən ürəyimi titrədən təbəssümünlə: “Sənin xatirinə öyrənib çalaram”, – deyirdin. Və həmən mahnının melodiyasını tutmağa və çalmağa başlayırdın.

Mahnıdan şeirə keçirdik. Mən Nəsimi və Füzuli, Vaqif, Vidadi və Nəbati, Sabir və Cəfər Cabbarlı, Səməd Vurğun və Müşfiq, Şəhriyar və Nazim Hikmət və digər şairlərin şeirlərini, həmçinin, xalq şeirlərini sənə söyləyirdim. Mən, adətim üzrə, şeiri hay-küysüz, yüksək həyəcan nümayiş etdirmədən, sadə şəkildə deyirdim. Sən elə təbii, səmimi maraq göstərirdin ki, mən şeir deməkdən əvvəllər duymadığım dərəcədə həzz alırdım. Rus şairlərindən də söz salırdıq – Puşkin, Lermontov, Yesenin, Axmatova… Yadımdadır, bir gün rusca bir neçə şeiri o dərəcədə gözəl səsləndirdin ki, məni heyrət bürüdü. Səsindəki enib-qalxan musiqi, yerində qoyduğun vurğular və pauzalar çox cəzbedici idi. “Yevgeni Onegin”dən

Tatyananın Oneginə məktubunu necə gözəl söylədin, bunu təsvir etməkdə acizəm. Mən həmin məktubu S. Vurğunun tərcüməsində Azərbaycan türkcəsində sənə oxudum, sonra orijinalı və tərcüməni sətirbəsətir oxuyub müqayisə etdik, tərcümənin gözəlliyinə heyran qaldığını dedin.

Həyatımızı bəzəyən şeir və musiqi bizi ruhən yaxınlaşdırdı. Şeir və musiqi sevgisi həssaslığın, güclü hisslərin, həyat eşqinin göstəricisidir.

Qonşuda qız sevmək…

Qarşıdakı pilləkən maraq dairəmə daxil oldu. İstər-istəməz pilləkənin necə başlaması, necə burulması, maillik dərəcəsi, ikinci mərtəbədəki qapıya necə çatması kimi incəliklərə fikir verdim. Sənin pilləkən boyu atdığın addımları, necə qalxıb, necə enməyini izləmək xoşuma gəlirdi. Amma həya-abır gözümü çəkməyə məcbur edirdi. Ağzımı açıb sənə baxdığımı ilk növbədə sənin görməni istəmirdim, ona görə diqqəti cəlb etmədən gözaltı baxır, baxıb başımı aşağı salırdım, yəni sənin yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya doğru hərəkətini tam izləməkdən məhrum idim. Bu fikir məni yeni, gizli müşahidə üsuluna gətirib çıxardı. İki və ya üç güzgünü yanaşı, pilləkənın burumasına uyğun bucaq altında düzməklə artıq pilləkənə tərəf deyil, güzgülərə baxıb sənin mübarək addımlarını görürdüm.

Yaşasın fizik və lirik birliyi!

Sənin ayaq basdığın pillələr mənim yer üzündə, birinci mərtəbədə doğulan sevgimi pillə-pillə yuxarı mərtəbələrə, səmalara qaldırdı…

Qonşuda qız sevmənin öz ləzzəti və öz çətinliyi var. Tez-tez görmək imkanı adamı darıxmağa qoymur, xüsusi görüş vaxtı, xüsusi görüş yeri ilə bağlı narahatlıq və qeyri-müəyyənlik yaranmır. Lakin çox şeyin göz qabağında olması, göz qoymaq, göz yetirmək imkanı, “hardadır ”, “hara getdi”, “nə vaxt getdi”, “niyə getdi”, “nə vaxt qayıdacaq ” kimi suallar istər-istəməz adamın rahatlığını əlindən alır. Yadımdadır, qar yağmışdı və külək əsirdi. Sənin pilləkənlərlə qaça-qaça düşdüyünü gördüm. Kitab oxuyurdum, hardasa 5-6 dəqiqəyə yarımçıq qalan mətni oxuyub geyindim, bayıra çıxdım. Görəsən, hara getmişdin? Həyətdə deyil, çıxıb küçədə dayandım və gözləməyə başladım. Xeyli vaxt keçdi, üşüdüm, narahatçılığım artdı, ürəyimdə səndən incidim. Hardasan? Mənə niyə deməmisən hara getdiyini? Bu boranda, qarda hara gedə bilərdin ki? Ağlıma ağılsız fikirlər də gəlməyə başlayırdı. Hirsli-hirsli evə qayıtdım və… həyətə girəndə piano səsi eşitdim, səs sizdən gəlirdi, “Qubalı qız”ı çalırdın. Bu sən idin! Bu necə oldu, ay Allah? Göydənmi düşdün? Məlum oldu ki, mənim başım kitaba qarışanda sən qaça-qaça çörək alıb qayıdıbsan. “Bəs niyə mənə deməyibsən, bərabər gedərdik?!” sualıma sadə cavab verdin: “Gördüm kitab oxuyursan, mane olmaq istəmədim”. Mənim intizarda qalmağım boşa getmədi, xeyli güldük və daha bir kiçik hadisə xatirəyə dönüşdü…

İnsan ömrü boyu seçim edir

Həm Azərbaycan el dilində, həm də ədəbi dildə doğma türkcədən gələn sevgi və sevda sözləri ilə yanaşı, ərəbcədən gələn eşq və məhəbbət sözləri də geniş yayılmışdır. Sevgi hər yaşa xasdır, insan hər yaşda sevgi oduna, eşq atəşinə, məhəbbət alovuna yana bilir. Azyaşlı uşaq, məsələn, oğlan barədə o, bir qızı sevir demək sadəcə o qızdan xoşu gəlir deməkdir; xoşu gəlmək hələ tam sevgi deyil. Sevgi təbiətin ən bütöv, təbii və şahanə hadisəsidir. Sevgi adamı tam istəyir, yarımçıq sevgi olmur, yarımçıqlıq ötəri hiss və ya ehtirasda ola bilir.

Gerçək sevgi, onun doğurduğu aludəçilik, ehtiyac duyğusu, qısqanclıq, ayrılıq qorxusu, sevginin bəxş etdiyi xoşbəxtlik, yəqin ki, müəyyən yetkinlik çağında baş verə bilir. Adətən, 15-16 və daha böyük yaşlı uşaqlar, orta məktəbin ortadan yuxarı sinif şagirdləri aşiq ola bilir, onlarda sevgi, şiddətli bağlılıq istəyi yaranır. Dərin vurğunluq bəzi insanlara onların yaşlı vaxtında qismət olur; bu, ağır məsələdir, yaşlı vaxtda lazım gəldiyindən artıq tənqidi düşüncə insanla onun ətrafı arasına girib, insani münasibətlərə mane ola bilir.

İnsan ömrü boyu seçim edir – müstəqil surətdə və ya başqalarının məsləhəti ilə. Hər şəxs mövcud imkanlar daxilində hansı peşəyə yiyələnəcəyini, hansı ali məktəbə və ya orta-ixtisas məktəbinə daxil olacağını, iş yerini seçməli olur. İnsan kiminlə dost olacağını, harada yaşayacağını, harada istirahət edəcəyini seçir.

Xoşuna gələnlər arasında kimi sevəcəyini də seçir – ağıl və hisslərin buyruğu ilə. Əslində, oğlan olsun ya qız, kişi olsun, ya qadın, o, qarşı cinsdən olan çox insanlarla qarşılaşır, onlarla dostlaşır, onlardan xoşu gəlir. Yəni heç bir oğlan deyə bilməz ki, mənim ancaq bir qızdan xoşum gəlib, eynilə, ömrü boyu yalnız bir oğlandan xoşlandığını deyən qız ola bilməz (qeyri-səmimilik və patoloji hallar istisna olmaqla). Xoşa gələnlər arasında birini seçmək, qərar qəbul etmək məsuliyyətli işdir.

Hər sevdiyi qismət olmur insana

Orta məktəbdə sinif yoldaşım olan ala gözlü bir qızla münasibətimiz get-gedə sevgiyə dönüşdü. Bakıda fərqli ali məktəblərə daxil olduq. Riyaziyyatçı olmaq qərarım ağır, arasıkəsilməz zəhmət tələb edirdi, tez-tez deyil, müəyyən fasilələrlə görüşür, şəhərdə bir az gəzişir, sonra gələn görüşədək ayrılırdıq. O qızla münasibətimizə kölgə salan bir cəhət vardı; atamın o qızın ailəsi ilə münasibəti yaxşı deyildi, səbəbini bilmirəm, amma gah özü bu məsələni qaldırır, gah da dostyoldaşlar vasitəsilə mənə ciddi ismarıc göndərir, təkidlə o qızdan aralı durmamı istəyirdi. Mən geri çəkilməsəm də, kefsiz idim.

Səninlə tanış oldum, bu xoş tanışlıq addım-addım irəlilədi, boy atdı, sevgiyə dönməyə başladı. Mən ilk sevgimlə vidalaşmaq qərarına gəldim, bu, çox ağrılı idi. Böyük günah işlətdiyimi bilirdim, amma əlacım yox idi, seçim etmək zamanı gəlmişdi. O qız ayrılıq faciəsinə dözə bilməyəcəkdi, bundan qorxurdum.

İlk sevgi istisna hallarda izdivaca çevrilir. İlk sevgi çox uzun sürməsə də, ürəkdə qalır, daha doğrusu, yaddaşda özünə həmişəlik yer tutur.

Hər sevdiyi qismət olmur insana

Ürəyində bəslədiyi sevgilər qalır ona.

Bir qədər sonra sənə hər şeyi danışdım – olduğu kimi – orta məktəbdə o qızı ürəkdən sevdiyimi, ali məktəbin ilk iki ili ərzində onunla görüşdüyümü, sonra görüşlərin seyrəldiyini söylədim. Bəzi şeirlərimin ona həsr olunduğunu deməyə ehtiyac yoxdu, hər şey aydın görünürdü. Sən bu eitrafı rahat qarşıladın. Sonralar mənim orta məktəbi bitirməm ərəfəsində hazırlanmış ənənəvi vinуetkanı sinif şagirdlərinin və müəllimlərin şəkillərindən ibarət lövhəni gətirib mənim evdəki iş otağımdan asdın; orada, təbii ki, həmin qızın şəkli də vardı…

Ay allah, yasəmənlərə bax

Anan Bilqeyis xanımla tanış olduq; kənd təbiiliyini və ləhcəsini qoruyub saxlayıb, aşıq musiqisini sevirdi. İlyasla məni, “tələbə balaları” yeməyə dəvət etdi. İlk dəfə evinizdə olduq. Səndən piano arxasına keçməni xahiş etdim. Populyar mahnılar çaldın, “ürəyinizdən nə keçir, deyin çalım”, – deyə müraciətinə bəzi xalq mahnıları, bəstəkar mahnıları və romansları çalmanı istədim. O gün səninlə bir yerdə olmanın həzzini duydum, səninlə xoşbəxt ola biləcəyimi düşündüm…

Ad günün ərəfəsində ağlıma bir fikir gəldi. Sənin gülləri, o cümlədən yasəməni çox sevdiyini bilirdim. Gecə yarı bulvara getdim. Oradakı çiçəkli yasəmən kolları çox xoşuma gəlirdi. Qucağım tutan qədər çiçəkli budaqlardan qırdım və evə döndüm.

Sizin şüşəbəndin quruluşu yadımda idi. Ehmalca ikinci mərtəbəyə qalxdım.

Şüşəbəndin yarıaçıq pəncərəsini tam açıb, yasəmən budaqlarını döşəmənizə atdım.

Sonrasını sən söylədin. “Səhər yuxudan qalxanda çiçək ətri məni tutdu. Təəccübləndim, bu qədər gözəl qoxu hardandır? Şüşəbəndə çıxdım. Ay allah, yasəmənlərə bax, nə gözəldir və nə qədərdir! Bir anlığa çaşdım, anlamadım bu hardandır. Sonra… sən gözümün qabağına gəldin. Sən nə yaxşı oğlansan… Çiçəkli budaqları qucağıma yığdım, onların ətrini içimə çəkdim, öpdüm onları. Səni çox sevdim…”. Bu sadə əhvalat sənə çox təsir edibmiş ki, sonralar, yeri gəldikcə, onu məmnuniyyətlə yada salırdın.

Şahanə bir qısqanclıq

Universitetdə hərbi dərs keçirdik və qaydaya görə iki ay praktik hərbi təlim, hərbi hazırlıq keçib, imtahan verib hərbi rütbə almalıydıq. Bu təlimi keçmək üçün bizi Gəncədəki hərbi hissələrdən birinə göndərdilər. Bakı-Tbilisi qatarı ilə Gəncəyə gedəcəkdim. Sən məni ötürmək istədiyini dedin. Dünyanı mənə bağışladın sanki. Vağzala gəldin, mənim əmioğlumla birlikdə, kefin yaxşı idi, səmimi və bir az oynaq şəkildə mənə yaxşı yol arzuladın, sənsiz darıxacam dedin. Məni xoşbəxt etdin.

İki ay əsgərlik həyatım maraqlı oldu, sanki, bir kişilik məktəbi keçdik, tələbə yoldaşlar bir-birimizi daha yaxından tanıdıq, həm gözəl, həm də qəribə xasiyyətlər ortaya çıxdı. Axşamlar əsgərlik həyatından qaçıb şəhərə çıxmaq ləzzətindən bəhrələndik. Gəncə və gəncəlilərlə tanış olduq. Hacıkənd və Göygöl mənzərəsindən həzz aldıq.

Gəncə əsgərlik həyatımın ən yadda qalan, ən xoş günləri səninlə məktublaşmaq, xüsusilə, səndən gələn məktubları oxumaq oldu. Orta məktəbdə aldığım bir neçə sətirlik kiçik bir məktub istisna olmaqla bu, mənim xoşuma gələn, sevdiyim qızdan aldığım ilk ciddi məktub idi. Bir-birimizə açıq sevgi elan etmirdik, amma məktubların ruhu, xoş, bəzən də ikimənalı ifadələr, incə çalarlar hər şeyi deyirdi, bir-birimiz üçün darıxdığımızı yazırdıq. Mənim sənə sevgim gözümdə yazılmışdı, yəqin ki, bunu görürdün, amma sözdə, dildə bunu ifadə etməmişdim (amma bir dördlük yazmışdım):

Qüdrətdən pay versin Füzuli, Xəyyam

Vəsfinə gücüm yox, özgədir əyyam

Gözlərim söyləyir sənə sevgimi

Neyləyim, dilimi bağlaıb həyam.

Bir məktubunda yazmışdın ki, “mənə əsgər paltarında şəklini göndər”. O zamanlar indiki mobil telefon kimi qıvraq vasitələr yoxdu. Mən, təbii ki, əsgər paltarımda fotoatelyeyə getdim, fotoqrafdan mənim “yaxşı” bir şəklimi çəkməsini xahiş etdim. Fotoqraf qabiliyyətli adama oxşayırdı, sənətimi, harada oxuduğumu, şəkli kimə göndərəcəyimi soruşdu və mənə: “Kresloda əyləş”, – dedi. Sevdiyim qayda ilə ayağımı ayağımın üstünə aşırdım. Fotoqraf: “Elə yox, ayaqlarını yanaşı tut”, – dedi və bir jurnal uzatdı: “Bunu da əlində saxla”. Yəni məni özü bildiyi “mədəni” vəziyyətə salıb şəklimi çəkdi. Əlimdə tutduğum nə jurnal idi, ona fikir vermədim. Tezliklə sənin şirin məktubun gəldi, bir kənara çəkilib, ürəyim döyünə-döyünə oxumağa başladım. Məktubun əvvəlində yazmışdın ki, “Əlində tutduğun jurnalın üzündəki qız kimdir? Səni ona qısqanıram”. Qısqanclıq, ümumiyyətlə, yaxşı xüsusiyyət deyil, amma, bu, həyatda ən xoşuma gələn, şahanə bir qısqanclıq oldu…

“Yaxşı qıza oxşayır”

Gəncə əsgərlik həyatımdan sonra universitet təhsilimin son ili başlayacaqdı. Yayın sonu kəndimizə getdim. Evimizdə qadınlara yaxşı bir qızla tanış olduğum və gələcək barədə ciddi fikrim olduğuna işarə vurdum; atamla bu mövzuda danışmağa utandım. Təbii ki, söhbəti atama da çatdırdılar. Əslində, formal cəhətdən sənə evlənmə təklifi etməmişdim. Amma bunu edəcəkdim və müsbət cavab alacağıma şübhə etmirdim. Düzdür, haqqımda sizin evdə “yaxşı oğlandır” qiyməti ilə yanaşı, “lap uşaqdır ki” sözü deyildiyi qulağıma çatmışdı. Bu “uşaq” ifadəsi nahaq deyilməmişdi, bir tərəfdən yaş baxımından aramızda bir neçə ay fərq vardı, yəni, sən məndən az da olsa, böyük idin. Digər yandan, məndə, doğrudan da, bir uşaqlıq sifəti vardı; sifət ifadəm, xarici görünüşüm və sadə, bəzilərinə isə sadəlövh görünən uşaqsayağı davranışım, utancaqlığım məni belə tanıdıbmış. Ümid edirdim ki, sən məni elə-belə uşaq kimi yox, “yaxşı uşaq” kimi tanıyıbsan və gələcəkdə bu uşağın uşaq kimi qalmayacağını, “adam olacağını ” başa düşübsən. Elmə, ədəbiyyat və tarixə marağımı bilirdin, gələcək haqqında bəzi nikbin düşüncələrimdən xəbərin vardı.

Payız gəldi. Bakıya qayıtdım. Səninlə görüşümüz çox təsirli oldu. Məktublaşma könüldən könülə yol salmışdı. Məni Gəncəyə yola salanda səninlə əl tutuşub ayrılmışdıq. İndi Bakıda heç bir sözlü hazırlıq aparmadan, icazə istəmədən, çəkinib-utanmadan səni qucaqladım. Sən də təbii surətdə qucağıma sıxıldın, qucağım səadətlə doldu.

Kənddə bizim evdə böyümüş bibim qızı (biz tərəflərdə “mamam qızı” deyirlər) Mehriban Neft daşlarında məsul vəzifədə çalışan bir yerlimizlə ailə qurub Bakıda yaşayırdı. Mehriban böyük bacım rolunda idi, onun təkidi ilə tələbə olduğum illərdə hər həftə sonu onların evinə gedirdim. Nəticədə paltarlarım yuyulub ütülənir, dadlı ev xörəyi yeyir, yazıb-oxumaqla yanaşı, bir qədər dincəlirdim. Səni Mehribanla tanış etmək qərarına gəldim. Sonra bildim ki, sən demə, kənddə sənin varlığın haqqında sakit, amma, inamlı söhbətimdən sonra Mehribana tapşırıblar ki, sənin kim olduğunu, necə qız olduğunu öyrənsin. Mən bu görüşü necə təşkil etmək barədə düşündüm; sənə nə deyim, ya bəlkə deməyim, harada və necə görüşək, görüşüb nə etməliyik?

Tapdım! Mən səninlə yaxında yerləşən Mərkəzi univermağın qarşısından keçərkən

“təsadüfən” bir-birilə söhbət edən əmioğlum və Mehribana rast gələcəyik (Mehribanla şərtləşdiyimiz vaxtda)… Görüşdük, Mehribanı “yaxın ailə üzvü”, səni

“qonşu dost qız” kimi yüngülcə bir-birinizə təqdim etdim. Hər ikiniz az danışdınız. Əmioğlum sənin barədə xoş sözlər demək istədi, onu dayandırdım, zarafata keçdim, “şəxsiyyətə pərəstiş olmasın” dedim. Bir qədər sonra sən getmək üçün icazə istədin, səni evə ötürüb, geri qayıtdım. Əmioğlum səni açıq tərif etməkdə idi. Mehribanın bir xasiyyəti vardı: tərif etməyi sevmirdi, onun kimisə ürəkdən təriflədiyini eşitməmişdim, əksinə, qəmiş qoymaqda usta idi. O, sənin barəndə sadəcə, “yaxşı qıza oxşayır” deməklə kifayətləndi, sonra əlavə etdi: “Yaxşı qızdır, təki sənin xoşuna gəlsin”. Sonralar Mehribanla yaxın dost, bir-birinizə dayaq oldunuz, Mehriban ağır xəstəliyə düçar olanda onun müalicəsini tam öhdənə götürdün, hər cür qayğısını çəkdin…

Məlum deyil kimi kimə verdilər

Məni öz ailə üzvlərinlə və rəfiqələrinlə tanış etdin. Gediş-gəlişimiz artdı. Səni hara çağırdılarsa və ya hara göndərirdilərsə mənimlə gedirdin. Rusdilli rəfiqələrin məni görəndə üzümə “Kakoy xoroşiy, milıy malçik” (“какой хороший, милый мальчик”) deyirdilər. Deyəsən, mənim haqqımda “uşaq” və “malçik” sözləri işlətmədən danışa bilmirdilər. Bu mənə bir qədər qəribə gəlirdi. Bununla onlar məni bəyəndiklərini bildirirdilər, ya bu uşağın hardan çıxdığına təəccüb edirdilər? Bilmirəm, mümkündür ki, bəyənirdilər, amma mən onların gözlədikləri şux, cüssəli, dildən pərgar, əsasən rusca danışan, spirtli içki içən, tez ünsiyyət quran şəhər gənclərindən deyildim. Hər halda, rus və azərbaycanlı rəfiqələrinlə get-gedə dostlaşdıq və mənim heç də darıxdırıcı adam olmadığıma əmin oldular, “malçik” sözündən əl çəkməsələr də, yeni sifətlər də daxil etdilər – əvvəlcə “interesnıy” (“интересный”), sonra “seryoznıy” (“серьезный”). Rəfiqələrin mənim üstümə düşəndə sən gülümsəyir, heç nə demir, mənim qızardığımı görəndə mehribanlıqla əlimdən tutur, bəzən də şən təbəssümlə göz vururdun.

Mehriban xoş xəbər gətirdi: “Bizimkilər kənddən sizə elçi gəlmək istəyirlər”! Məsələ ciddiləşməyə başladı. Eşqə düşmək, sevib-sevilmək yaxşı şeydir, insan sanki qanad açır, uçur. Evlənmək göylərdən yerə enməkdir, sərbəstlik kəskin şəkildə azalır, qanad açıb uçmaq əvəzinə gah düz, gah kələ-kötür torpaq üzərində yeriməli, addımlarını ölçüb-biçməli olursan, qayğılar artır. Lakin evlənmənin gözəl tərəfi daha çoxdur – sevdiyin insanla birləşmək, əl-ələ tutub yeni yola çıxmaq, bu yola xas olan yeni hisslərə qovuşmaq həyata yeni məna verir. Bu birlik əksər hallarda bar verir, dünyaya yeni insanlar gətirir.

Elçilər gəldi. Mən gözə dəyməmək, gizlənmək istəyirdim, lakin, hər iki tərəf mənim və sənin meydanda olmamızı tələb etdilər. Xülasə, səni mənə verdilər. Bu ifadə bir az köhnəlmiş sayılır, məlum deyil kimi kimə verdilər. Mənimkilər kəndə dönəcək, mən Bakıda, yəni, sənin yanında qalacam, sonra, nə zamansa, səni götürüb gedəcəm kəndə. Daha sonra, yəqin ki, şəhərə qayıtmaq lazım gələcək.

Hara getsək də, bir olmaq yazıldı alnımıza…

Əlindən tutub dünyanı gəzdirəcəm

Tezliklə kiçik nişan mərasimi baş tutdu. 1970-ci il yanvarın 1-də sizin evdəki böyük otaqda sənin və mənim dostlarımız, əsasən gənclərin iştirakı ilə bir məclis quruldu. Dostların bir qismi nişanlıları ilə gəlmişdilər. İç tərəfində 1.1.1970-ci il və adımız yazılmış nişan üzüklərini barmağımıza taxdıq. Çox şən, sözlü-musiqili məclis keçdi. Vokal qabiliyyəti olan dostumuz xahiş etdi ki, onu pianoda müşayiət edəsən. Biz də ona dəm tutduq, səsi olan da, olmayan da oxuyurdu.

Dostlardan biri maraq oyandırmaq və məni sınamaq istədi: “Nailə xanıma gələcək həyatınızda nə vəd edirsən? Bu gün, hamımızın şahidliyi ilə buyur, ona de, söz ver, biz də eşidək”. Mən çaşdım. Nə vəd edim ki, dəyərli olsun? Tez cavab verdim:

“Nailə, səni xoşbəxt etməyə çalışacam, yəni, çalışacam ki, birlikdə xoşbəxt olaq”.

Hay-küy qalxdı. Bəyənənlər də oldu, intriqanı böyüdənlər də. Kimsə:

“Riyaziyyatçı olduğun bilinir, mücərrəd, çox ümumi şey vəd edirsən, yerə en, öhdənə konkret bir şey götür”, – dedi. Nə vəd edə bilərəm? Maddi nemət, var-dövlət, cah-cəlal vəd edə bilmərəm. Elmlə məşğul olmaq istəyirdim, bunu sən də bilirdin. Daha bir səs gəldi: “Elə şey de ki, sonra onu gözlə görmək, yoxlamaq mümkün olsun və Nailə xanım sənə sağ ol, vədini yerinə yetirdin deyə bilsin”. Mən məclisin coşğun ruhuna uyğun səviyyədə qızışıb vəd etdim: “Nailə, dünyanı sənin ayaqların altına sərəcəm. Əlindən tutub dünyanı gəzdirəcəm. Əlbəttə, bəxtim müttəfiq olsa”. Sən gülümsədin. Mənim bəzi planlarım barədə söhbətlərimiz olmuşdu, həyatımızın mənalı və xoş keçəcəyinə inamın vardı. Üstəlik, boş vəd verməklə aram olmadığını bilirdin. Təntənəli şəkil alan bu vədvermə müzakirəsi dayandı, şənlik davam etdi.

Nə qəribə adam olmuşam

Biz nişanlandıqdan sonra Bilqeyis xanım israrla: “Bura da sənin evindi, həmişə gəl, burada ye, iç, dincəl”, – deyir, sən də məni evinizdə görməyə ürəkdən şad olduğunu göstərirdin. Hərdənbir də sən bizə gəlirdin. Ara-sıra şəhərdə gəzməyə çıxır və ya kinoteatrlarda filmə tamaşa etməyə gedirdik. Mənim xahişimlə saçlarını bir qədər uzatmağa başlamışdın.

Mən oxuyur, diplom işi yazır, dövlət imtahanlarına hazırlaşırdım. Elmlər

Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu məni işə götürmək istəyirdi. İşə girməklə yanaşı imtahan verib, aspiranturaya (indiki terminlə desək, PhD proqramına) daxil olmaq imkanından faydalana bilərdim. Bu uğurlu olacağı təqdirdə oxumaq tədqiqat üçün Moskva Dövlət Universitetinə getmək ideyası da ortada idi. Bütün bunlar üçün gərgin çalışma birinci yerdə dursa da, həll olunması vacib olan və mənim çətinlik çəkdiyim bir məsələ də vardı – məzunların böyük əksəriyyətini rayonlardakı orta məktəblərə müəllim göndərir, digərlərini isə əsgərliyə aparırdılar. Mən müəllim göndərilməli olanlar arasında idim. Riyaziyyat və Mexanika İnstitutunda işə düzəlmək və aspiranturaya sənəd vermək üçün göndərildiyim rayondan “uçotdan çıxarma”, yəni, “sənə ehtiyacımız yoxdur” adlı bir sənəd tələb olunurdu. Əhvalatı sənə danışanda: “Bəlkə atam buna kömək edə bilər”, – dedin və gümanın doğru çıxdı. Atan İsmayıl kişi Quba rayonunda sayılan kişilərdən biri idi. O: “Universitetin verdiyi təyinat göndərməsini Quba rayonuna al”, – dedi və qısa bir zamanda Quba rayonunun mənə ehtiyacı olmadığı barədə sənəd əldə olundu. Sevincimin həddi-hüdudu yoxdu, indi elmlə məşğul olmaq üçün hər şey yalnız özümdən asılı idi.

1970-ci il yaddaşımızda böyük, mühüm yer tutdu. İlin ilk günü nişanlandıq. Birbirimizə isnişdik, daha yaxın olduq. Mən universiteti bitirdim. Yay tətili ərəfəsində iş və aspirantura təhsili üçün Akademiyanın Riyaziyyat və Mexanika İnstitutuna müraciət etdim. Payızın əvvəlində uğurla imtahan verib aspiranturaya daxil oldum.

Sonra Moskvaya getdim, elmi-tədqiqat işimi Lomonosov Moskva Dövlət Universitetinin riyaziyyat və mexanika fakültəsində, funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrası üzrə davam etdirmək hüququ qazandım. Yaxın illər nə işlə məşğul olacağımız tam müəyyənləşdi və evlənmək zamanı gəldi.

Noyabr ayının 24-də Bakıda, Səadət sarayında toyumuz oldu. Toyda Gülağa Məmmədov oxuyurdu. Bizi rəqsə dəvət etdilər. Çox utanırdım, rəqs etməkdən imtina etdim. Sən yaxşı rəqs edə bilirdin və əlbəttə, toyumuzda gərək rəqs edəydik, amma bacarmadım. Sən normal insan kimi sözsüz ki, rəqs etmək istəyirdin, amma mənim vəziyyətimi görüb üz vurmadın. Bilirəm ki, pis iş gördüm. Çox güman ki, bu yerdə sənin rəfiqələrin mənə, bu qeyri-normal uşağa, haqlı olaraq, “strannıy malçik” (“странный мальчик”) kimi yeni sifət yapışdırmışdılar (?!). Sonralar yadıma düşəndə xəcalət çəkirdim, doğrudan da, nə qəribə adam olmuşam, adam da öz toyunda öz nişanlısı ilə rəqs etməzmi?!

İki mələk

O biri gün, noyabrın 25-də, axşam atam Bakı-Tbilisi qatarında Bakıdan kəndə gedən toy adamları üçün bütöv bir vaqon götürmüşdü. Qatarda söhbət edə-edə kəndimizə yollandıq. Noyabrın 26-da toyumuzun 3-cü günü sən kəndimizə qədəm basdın. Adətimiz üzrə ayaqların altında qoç qurban kəsildi. Qapıdan içəri girəndə qapının ağzına bir nəlbəki qoydular, adətə görə sən onu ayağınla vurub sındırmalı idin. Əvvəl tuflinin ucu ilə yavaşca, sanki nişan alan kimi nəlbəkiyə toxundun, sonra tuflinin dabanı ilə zərbə endirdin, nəlbəki çilik-çilik oldu. Uşaqlardan kimsə əl çaldı. Ev adamları, xüsusilə kiçik yaşlı və orta məktəbdə oxuyan qardaşlarım, qohum və qonaqlar sənin başına yığılmış, maraqla və bir növ sınayıcı baxışlarla səni süzürdülər. Sən uşaqlarla tez dil tapdın, onlardan neçənci sinifdə oxuduqları, hansı fənləri sevdikləri barədə soruşurdun, uşaqlar məmnuniyyətlə danışır və sənə müəyyən xidmət göstərməyə çalışırdılar.

Bir neçə gün sonra qardaşın Firidun toy adətinə uyğun olaraq, qız evinin nümayəndəsi kimi kəndə gəldi – səni və bizləri görməyə.

Yenə adətə görə bizim ailə üzvlərinə müxtəlif hədiyyələr gətirmişdi. Onun şən təbiəti, sadəliyi və açıqlığı hamının xoşuna gəlmişdi. Bizimkilər Firidunu hörmətlə, hədiyyələrlə Bakıya yola saldılar.

Artıq Bakıda, kəndə gəlməmişdən əvvəl sənə kəndə xas olan adətlər barədə məlumat vermiş, səni evdəki adamlar və yaxın qohumlarla qiyabi tanış etmiş, kənd yerində bəzi formal qaydalara əməl etmək lazım gəldiyini anlatmışdım. Sən heç bir çətinlik çəkmədən “kəndçi” ola bildin. “Ciji” dediyimiz nənəm Zeynəb qeyri-adi dərəcədə gözəl insan idi, başı bəlalar çəkmişdi. Gənc yaşlarında həyat yoldaşı, mənim babam məşhur Qaçaq İsaxan Sovet hökuməti tərəfindən pusquya salınıb öldürülmüş, onun qardaşının aqibəti də eyni olmuş, nənəm dörd kiçik uşağı ilə Qazaxıstana, sonra Qırğızıstana sürgün edilmiş, sonda vətənə qayıtmış, uşaqlarını böyütmüşdü. Tale elə gətirmişdi ki, məni də körpə yaşlarımdan əsasən o əzizləmişdi, mən də onun ruhunu duymuş, onun qucağını sevmişdim. Mənə görə o, mələk idi; mələk deyəndə mən həmişə nənəm Zeynəbi düşünmüşəm. Nizami demişkən (“Leyli və Məcnun”), “o, zamanın ziynəti idi, adı da Zeynəb”. Nənəm Zeynəb sonralar yazdığım “Ziyarət” poemasının baş qəhrəmanıdır. Mənim üçün mələk ideal qadın deməkdir. Səninlə müəyyən həyat yolu keçdikdən sonra anladım ki, sən də mələksən, sən mənim ikinci mələyim oldun. İki mələk bir-birini çox gözəl anlayırdı.

Ümumiyyətlə, ailəmiz qəti mühafizəkar deyildi. Amma, yenə kənd kənddir. Kənd qaydalarına görə gəlin bir müddət qayınatasının üzünə çıxmamalı, çıxmağa başlayanda isə başı örtülü olmalıdır.Nənəm də belə düşünürdü. Lakin, gəldiyimiz günün sabahı atam səni masa arxasında bərabər yeməyə dəvət etdi və qapanmağa heç bir ehtiyac olmadığını bildirdi. Sən qısa zaman ərzində hamı ilə yaxşı münasibət qurmağa nail oldun, hamının sevimlisinə çevrildin. Səndə bir məlahət vardı, insanlara hörmət və məhəbbətlə yanaşırdın, öz növbəsində səni tanıyanlar sənə vurulur, səni sevirdilər.

Moskva. “Evimizdə yeməyimiz var”

Belə qərara gəldik ki, mən Moskvaya yola düşüm, can atdığım elmi araşdırmalar mühitinə daxil olum, yəni əsas işimə başlayım, üstəlik, uyğun bir mənzil tapıb kirayə edim. Yeni ilə yaxın atam səni Moskvaya gətirsin və beləliklə, bərabər Moskva həyatına başlayaq. Belə də oldu. Xoşbəxt günlər yaşadıq Moskvada. Vaxtımın əsas hissəsini oxumaqla, Moskva universitetinin məşhur elmi seminarlarında iştirak etməklə keçirirdim. Mən universitetdə olanda sən evdə yemək-içmək hazırlayır, dincəlir, kitab oxuyur və ya yaxın ətrafda gəzibdolanırdın. İmkan olduqca birlikdə gəzməyə çıxırdıq.

Bakıdan Moskvaya xeyli kitab aparmışdım. Sən riyazi kitablarla yanaşı,

Azərbaycan ədəbiyyatına aid “Koroğlu” dastanı, sevgi dastanları, M.F. Axundov, Cəlil Məmmədquluzadə, Sabir, Cəfər Cabbarlı, Səməd Vurğun və İsmayl Şıxlı`nın əsərləri kimi kitabları görəndə çaşıb qaldın: “Axı sən bu kitabların hamısını oxuyubsan, çoxunu əzbər bilirsən, Moskvaya niyə gətiribsən bunları?”, – deyə təəccübünü bildirdin. Mənim cavabım, düşünürəm ki, gözlənilməz idi: “Bu kitabları sən oxumaq üçün gətirmişəm, istəyirəm Azərbaycan ədəbiyyatının bir sıra mühüm əsərləri ilə yaxından tanış olasan, üstəlik, Azərbaycan dilin inkişaf etsin”. Sən məmnun oldun, hətta bu kitablarla kifayətlənmədin, get-gedə Azərbaycan ədəbiyyatı ilə daha yaxından tanış oldun və Azərbaycan dilində səlis danışmaqla yanaşı, yaxşı yazmağı da adət elədin. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı, yəqin ki, bizi bir-birimizə daha da yaxınlaşdırdı; sən ədəbiyyat vasitəsilə mənim ruh halımı, sanki, daha yaxşı anladın.

Novruz bayramı ərəfəsində arzunu bildirdin: “Kəndə getmək istəyirəm, bir neçə günlüyə”. Mən çaşdım: “Kəndə, ya Bakıya?”. Çaşmağım təbii idi məgər sənin ömür boyu yaşadığın ev, valideynlərin, bacı-qardaşın, yaxınların Bakıda deyildimi? Niyə kəndə getmək istəyirsən? Sən izah etdin: “Kənd həyatı, kənd havası xoşuma gəldi. Kənd üçün, kənddəkilər üçün darıxmışam”. Qısa bir vaxtda səndə kəndimizə, mənim ailəmə qarşı belə rəğbət yaranması, bir az ibarəli dillə desək, sənin kəndlə birləşməyin (“kəndə inteqrasiya olunmağın ”) məni necə məmnun etməsin?! Kəndə xəbər verdik, imkan daxilində hədiyyələr alıb kəndə yola düşdün. Təyyarədən düşəndə necə qarşılandığını məmnuniyyətlə xatırlayırdın. Atam “gəlinim gəldi”, – deyə minik maşınına qırmızı kəlağay bağlamış, səni təntənə ilə qarşılamış, evdə qurban kəsmişdi.

Moskvada dolanışığımız pis deyildi, mənim təqaüdüm və evdən atamın göndərdiyi pullar ev kirayəsini verməyə, yeyib-içməyə kifayət edirdi; əlbəttə, gen-bol yaşayırdıq deyə bilmərəm. Lakin sənin evdarlığın işimizi asanlaşdırır, nikbinliyin həyatımızı bəzəyirdi. Sənin sayəndə kirayədə yaşadığımız sadə mənzil Moskvada yazıb-oxuyan azərbaycanlı dostlarımızın və onların dostlarının gözəl söhbət, musiqi və yeyib-içməklə müşayiət olunan cazibə mərkəzinə çevrilmişdi.

Elmi rəhbərimin mənə oxumaq üçün verdiyi ilk iri həcmli məqalələrdən biri ingiliscə yazılmışdı. Mənim orta məktəbdə öyrəndiyim və ali məktəbdə davam etdirdiyim xarici dil fransız dili idi. Sən isə ingilis dili öyrənmişdin, tələffüzün də yaxşı idi. Səninlə bərabər məqalənin girişini oxumağa çalışdıq. Xalis riyazi məqaləni anlamaq sənə çətin idi. Mən lüğətin köməyilə və ingilis dili qrammatikasının elementlərini öyrənməklə məqaləni oxuya bildim. Bir qədər sonra yeni və bu dəfə almanca yazılmış məqalə oxumaq lazım gəldi. Nə etməli? Səninlə gəzməyə çıxmışdıq. Kitablara baxırdıq. Böyük almanca-rusca lüğəti gördüm, əlimə götürüb baxdım və… geri yerinə qoydum. Pulumuz, demək olar ki, qalmamışdı.

Sən mənim sifətimdə məyusluq cizgiləri görübsənmiş. Lüğəti əlinə götürüb,

“alıram”, – dedin. Mənim “axı…” deyə başladığım fikri bitirməyə imkan vermədin:

“Allah kərimdir, evimizdə yeməyimiz var, bu kitab sənin işin üçün lazımdır”. Kitabı aldın, evə gəldik, atamın pul göndərdiyi barədə bildiriş gəlmişdi! Bu əhvalatı yada salmağı sevirdin…

Tələbə oldun

Yay ayları əvvəlcə kəndə getdik, bir qədər orada qalıb, Bakıya qayıtdıq. Sən hamilə idin.

Kəndimizdən üç qohum ali məktəbə imtahan verməyə gəlmişdilər; onlardan ikisi Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olmaq üçün sənəd vermişdilər. Sən savadlı idin və onların imtahana hazırlaşmasına kömək edirdin. Musiqi təhsili almışdın, lakin ali məktəbə daxil olmaq istəmirdin, səbəbi sanki ortada bir incikliyin olması idi. Sən ingilis dilini sevirdin və orta məktəbi bitirəndə ingilis dili ixtisası almaq istəmişdin. İmtahanları uğurla verməyə başlamış, ingilis dili üzrə şifahi imtahanda tanınmış pedaqoq İsmixan

Rəhimov`dan yüksək qiymət almışdın; o, sənin tələffüzünü tərifləmişdi. Lakin ən güclü olduğun rus dili yazı imtahanında sənə qəsdən yüksək qiymət yazmamışdılar ki, müsabiqədən keçə bilməyəsən. Təəssüf ki, o zaman ali məktəbə qəbul imtahanlarında kömək etmək istədikləri abituriyentə rəqib sayılanları kəsmək və ya aşağı qiymət yazmaq praktikası vardı; bu tərəfgirliyi ən rahat yazı imtahanlarında edirdilər. Bu hadisədən sonra sən: “Ali məktəbə qəbul olmaq istəmirəm”, – demişdin.

İndi sənin həyatın mənsiz, mənim həyatım sənsiz təsəvvür edilmirdi və təbii olaraq, hər birimiz digər həyat dostunun iradə və istəklərini anlamağa çalışırdıq. Bu yerdə mən bir fikir irəli sürdüm: “Gəl sən də rus dili fakültəsinə daxil olmaq üçün sənəd ver”! Sən qəti etiraz etdin: “Yox, necə sənəd verim, mən bu barədə heç düşünməmişəm, imtahana hazırlaşmamışam”, – dedin. Mən sənin kifayət qədər savadlı olduğunu və qəbul olacağına şübhə etmədiyimi bildirdim. O qədər təkid etdim ki, mənə tabe oldun, tez-tələsik qəbul üçün zəruri olan sənədləri hazırladıq.

Qəbul imtahanlarında çətinlik çəkmədən uğur qazandın və tələbə oldun!

Aygün gəldi. Dağlara üz tutduq

Sənin ali məktəbə daxil olmağın və hamiləliyin Bakıda qalmağını tələb etdi, mən isə elmi araşdırmaları davam etdirmək üçün Moskva`ya qayıtmalı oldum. Tezliklə birinci övladımız, qızımız Aygün dünyaya gəldi, sən ana oldun, mən ata. Uşaqla təhsilin çətin olacağını düşünüb: “Bəlkə qiyabi təhsilə keçim?”, – dedin. Mən qəti etiraz etdim, “Anan Bilqeyis xanım Aygünü saxlamaqda sənə kömək edəcək, gündəlik dərsə get, oxu. Qiyabiyə keçsən, oxumağa marağın azalacaq, möhlət götürmək istəyəcəksən, nəticədə yaxşı təhsil ala bilməyəcək və mümkündür ki, həvəsdən düşüb təhsili yarımçıq qoyacaqsan”. Sən sözümə qulaq asdın, əyani oxudun; yaxşı oxuduğun üçün təqaüd alırdın.

Mən Moskvada, sən Bakıda – darıxırdıq birbirimiz üçün və mən həm də qızımız Aygün üçün. İl ərzində bir neçə dəfə, imkan olan kimi mən Bakıya gəldim, bir dəfə də sən Moskvaya gəldin. Tez-tez telefonla danışmağa çalışırdım. O zaman indiki mobil telefon cənnəti yoxdu, şəhərlərarası telefon köşkləri vardı, onun içindəki kiçik yarığa 15 qəpiklik sikkə salıb danışmaq olurdu. Lakin bu çox yorucu iş idi, telefon nömrəsini yığıb qarşı tərəfə zəng etmək cəhdi əksər hallarda uğursuzluqla nəticələnir və ya çox vaxt tələb edirdi.

Yay tətili başlananda Bakıya qayıtdım. Körpə Aygün həyatımıza yeni məzmun, yeni şirinlik, yeni gözəllik gətirdi. Yeni çətinliklər də əmələ gəldi, amma çətinlik çəkmək, məhrumiyyət duymaq bir ana kimi, əsasən, sənə qismət oldu. Mənim əlimdən çox iş gəlmirdi, körpənin atası olmaq anası olmaqdan müqayisəolunmaz dərəcədə rahat vəzifədir.

Kəndimizə getdik. Biz tərəflərdə aran xalqının yüz illərlə hər yay dağlara köç etmə ənənəsi var. Bu il də istisna olmadı, nənəm Zeynəb, sən, mən, Aygün və kiçik qardaşlarım Ermənistanın şimalındakı dağlara üz tutduq. Adətən Ermənistanın Vorontsovka (Воронцовека, Sovet adı – Kalinino), Calaloğlu (Sovet adı – Stepanavan) və Gümrü (Sovet adı – Leninakan) üçbucağında, Lori vilayətindəki alp çəmənliklərində məskən salardıq. Çay sahilində, bulağa yaxın bir yerdə çadırlar (dəyələr) qurulurdu. Bu yurdda yaşamağın ayrı ləzzəti vardı; burada çörək və xörək bişirmək, çimmək və paltar yumaq, gəzmək və dincəlmək maraqlı və qeyriadi şəkil alırdı. Sən dağ şəraitinə tez öyrəşdin, qonşular sənə, “şəhərli qız”a kömək etməyə, xidmət göstərməyə çalışırdılar. Çörək bişirənlərin hər biri sənə bir neçə çörək pay göndərirdi. Sən də borclu qalmırdın, dadlı piroq bişirib uşaqlara paylayırdın. Ətrafı yamyaşıl ot və çiçəklərlə dolu təpələr, dağlar və dərələr bürüyürdü. Sənin təşəbbüsünlə bəzən kiçik qazanları bir-iki vedrəyə doldurub çəmənə, gül-çiçəklərin arasına gedir, orda yeyib-içir, söhbət edir, mahnı oxuyur və dincəlirdik.

Sonrakı illərdə yay aylarını bir-iki dəfə Şimali Qafqazda və Gürcüstan (Başkeçid – Dmanisi) dağlarında, bir dəfə Moskvada, bir neçə dəfə Qubada keçirsək də, ənənəvi Lori yaylaqları bizi daha çox cəzb edirdi. Sən burada sadə xalqla, el adətləri, o cümlədən, köç mədəniyyəti ilə tanış oldun, aşıqlara qulaq asdın, “əvvəllər aşıq musiqisini başa düşmürdüm, səninlə, sizin eldə onu çox sevdim” deyir, bundan sonra televiziyada yaxşı aşıq musiqisinə, aşıq söz-söhbətinə məmnuniyyətlə qulaq asırdın. İki aşığın – Kamandar və Hüseyn Saraçlı`nın ifasını çox sevirdin. Mənim qardaşlarım və öz uşaqlarımızdan ibarət böyük ailəni dağlarda köçəri həyatın tələb etdiyi asan olmayan şərtlərə uyğun şəkildə bəslədin, bu həyata canlılıq, xoş əhval bəxş etdin. Qarabağ münaqişəsinin başlanması ilə çox faciələr baş verdi və ayağımız ənənəvi dağ yurd yerlərimizdən kəsildi. Dağdan kəndimizə döndük, bir neçə gün sonra isə Bakıya qayıtdıq. Sən ali məktəbdə dərsinə davam edəcək, Aygünün qayğısını çəkəcək, nazı ilə oynayacaq, mən Moskvaya gedəcəkdim…

Faciə. “Mən burda qalıram”

İnsan həmişə plan qurur. Böyük ya kiçik plan olsun – insan sabah, bir həftə və ya bir ay sonra, bu il və ya bir neçə il sonra nə edəcəyi barədə düşünür, görəcəyi işləri ardıcıllığa düzür, zaman keçdikcə uzun müddətə nəzərdə tutulan planlara yenidən baxır, onlarda dəyişiklik edir. Bəzən zəka, iradə və bəxt əl-ələ verir, insan düşündüyündən daha artıq uğur qazanır. Lakin insanın qurduğu planlar heç də həmişə həyata keçmir, çox hallarda insan nəzərdə tutduğunu tam əldə edə bilmir. Təəssüf ki, bəzən vəziyyət kəskin surətdə dəyişir, insan ondan asılı olmayan hadisələr qarşısında aciz qalır, planlar pozulur, alt-üst olur. Atalar demişkən: “Sən saydığını say, gör fələk nə sayır”.

Faciə baş verdi. Atam qəzaya düşüb, vəfat etdi. Dünyamız dəyişdi, dünyamıza qaranlıq çökdü. Kəndə toplaşdıq. Böyük ailə başsız qaldı; məndən kiçik qardaşlarımdan biri altı yaşında idi, digərləri məktəbdə oxuyurdular. Ailədə böyük kişi rolunda mən qaldım. Faciənin yaşatdığı sarsıntı ilə yanaşı, təcili cavab gözləyən suallar yarandı. Nə etməli? Necə yaşayaq? Ailənin qayğıları ilə mənim

Moskvada oxuyub elmi tədqiqatla məşğul olmağım sanki bir-birilə düz gəlmirdi.

Mən ayrı çıxış yolu görmədim – Moskva fəaliyyətimi dayandıracağımı, ən azı bir müddət təxirə salacağımı və kənddə qalıb ailəni çətin vəziyyətdən çıxarmaq istədiyimi söylədim. Uşaqlar çox sevindilər.

Bu ağır günlərdə yanımda idin, məni və uşaqları ovutmağa çalışırdın. Mən qərarımı elan edəndə sanki diksindin, amma dillənmədin. Gecə bu barədə ehtiyatla söhbət açdın. Mənim aspiranturanı bitirməyim üçün bir il qaldığını, bir neçə məqaləmin nəşr üçün nüfuzlu elmi jurnallara qəbul edildiyini, idman dili ilə desək, finişə yaxınlaşdığımı yada saldın. Və yenə ehtiyatla elmi fəaliyyətimi durdurmağın doğru fikir olmadığını vurğuladın. Sənin fikrin təbii və aydın idi, səni yaxşı başa düşdüyümü, lakin başqa yolum olmadığını da dedim.

Sabah səhər yas içində olan ailə və yaxın qohumların qarşısında: “Mən bir söz demək istəyirəm”, – dedin. Və başladın: “Mən istəyirəm ki, Hamlet Moskvaya getsin, işini davam etdirsin, yarımçıq qalmasın, dissertasiyasını yazıb, bitirib müdafiə etsin. Onda imkanı artar və ailəyə daha çox köməyi dəyər, tək indi deyil, gələcəkdə də. Və onun əvəzində mən burda qalaram”. Mən mat qaldım. Birdənbirə ortaya atdığın bu fikrə necə gəldin, nə vaxt gəldin? Mənimlə məsləhətləşməmiş rahatca belə fikir söyləyirsən. Sonra mənə demişdin ki, gecə yatmamısan, çox götür-qoy edib, nəticədə bu fikrə gəlibsən.

Hamı hörmət və təəccüb dolu gözlərini sənə zilləmişdi. Sən davam etdin: “Mən burda uşaqlara baxaram, Hamlet qədər olmasa da, dərslərinə nəzarət etməyə çalışaram. Bəlkə, icazə versələr, məktəbdə rus dili müəllimi kimi işləyərəm, o da bizə bir kömək olar”. Kimsə dilləndi: “A bala, çox sağ ol! Allah bu ailəyə nə yaxşı belə gəlin qismət edib. Amma sənin körpə uşağın var”. Baş verəndən çox təsirlənmişdim, mən də sanki bir müşahidəçi kimi əlavə etdim: “Ali məktəbdə oxuyursan, onu buraxmaq olmaz…” Sən, deyəsən, doğrudan da, hər şeyi ətraflı düşünüb-daşınıbsanmış, cavabların hazır idi: “Aygünə anam baxacaq, bir az sonra, lazım gəlsə, bura gətirərik. Ali məktəbdə də qiyabiyə keçərəm”.

Bir qədər sonra atamın dost və həmkarları rayon maarif şöbəsi ilə soraqlaşıb, sənin məktəbdə rus dili müəllimi kimi işləyə biləcəyini müəyyən etdilər. Hadisələr elə sürət almışdı ki, sabahı gün səni məktəbə apardılar; orada bir dərs dediyin və bunun çox maraq və rəğbətlə qarşılandığı xəbəri yayıldı.

Mən odla su arasında qalmışdım. Sənin böyük ailəmizə və şəxsən mənə qarşı göstərdiyin fədakarlıq göz qabağında idi. Mən həm sənin bu yüksək iltifatın qarşısında heyran qalmış, həm də məni bir növ xilas etmək naminə hər cür əziyyətə qatlaşmaq istəyini kişi qüruruma sığışdıra bilmirdim. Sənin alicənablığın məni xoşbəxt edir, sənin Aygündən ayrı qalacağın, ali təhsildən kənarlaşmağın və bu mühitdə qarşılaşacağın şübhəsiz çətinliklər isə məni narahat edirdi.

Görünür ki, məsələlərin belə gedişi tək məni deyil, məndən daha böyükləri də narahat edirmiş. Bir gün əmilərim gəlib bizimlə, yəni mən və səninlə birlikdə söhbət etmək istədiklərini bildirdilər. Onlar başımıza gələn faciənin ağırlığını bir daha qeyd edib, belə vəziyyətlər-də adi hal almış “həyat davam edir” ifadəsi ilə başlayan təsəlliverici sözlər söyləyib, nəhayət, əsas mətləbə keçdilər: “Hamlet, bala, biz məsləhətləşib belə fikrə gəlmişik ki, nə səni Moskvadan yarımçıq ayırmaq düzdür, nə də Nailə Xanımı körpə balasından və ali məktəbindən. Biz belə başa düşdük ki, Hamletin bir ili qalıb Moskvada işini tamamlamağa. Atanın ən böyük arzusu səni elm adamı kimi görmək idi. Onun arzusunu yerinə yetir ki, ruhu şad olsun. Bununla cəmiyyətdə də bir mövqe qazanarsan, ailəyə də kömək edərsən. Biz burdayıq, nə lazım olsa onu edəcəyik ki, uşaqlar korluq çəkməsinlər. Və bu uşaqlar tezliklə Bakıya gedəcəklər – oxumağa, ali təhsil almağa. Ona qədər siz də möhkəmlənərsiniz, uşaqları oxudarsınız, elə bu da atanızın ruhunu şad edər”. Böyüklərin dediklərinə digər ailə üzvləri və yaxın qohum və dostlar da şərik oldular. Sən və mən göz yaşları içində razılığımızı bildirdik.

Cazibə mərkəzi

Başımıza gələn faciədən sonra özümüzə gəlsək də, mən də, sən də bu ağrını içimizdə yaşadıq. Mənim ilk məqaləm dərc olunanda sənin dediyin ilk söz yadımdadır: “Heyf, atan görmədi, görsəydi, hamıdan çox o sevinərdi”. Mən namizədlik (PhD) dissertasiyamı müdafiə etdim, maaşım bir az artdı, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunda çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində dərs deməyə başladım. Moskva Dövlət Universitetində geniş vüsət almış elmi seminarlar məktəbindən keçmişdim və Bakıda öz elmi seminarımı yaratdım. Elmi araşdırmalarımı daha da intensivləşdirmək üçün yenidən Moskvaya üz tutmaq ideyası da yarandı.

1983-ci ilə qədər elmi tədqiqatla bağlı ən çox, bəzən də uzun müddətə gedibgəldiyim şəhər Moskva idi… Sən də aradabir mənim yanıma, Moskvaya gəlirdin.

Hər gəlişin azərbaycanlılar arasında toy-bayrama çevrilirdi. Sən dadı damağımızda qalan xoş qoxulu plovun və dolmanla, ətirli, mürəbbəli çayınla, şirin, musiqili söhbətlərinlə bu bayramın cazibə mərkəzi və aparıcısı olurdun. Bəzi gəlişlərində Moskvaya uşaqlarımızı da gətirirdin. Bir dəfə Moskvaya gələn təyyarəni nə səbəbdənsə Moskva qəbul edə bilməmiş, təyyarə Voronejə enmişdi. Balaca Aygün hay-küy salmış, “mən Moskvanı, atamı istəyirəm, Moroneji (yəni, Voroneji) istəmirəm” deyə ağlayırmış.

Mənim oxuduğum kitab və məqalələri görürdün, məndən və dostlardan elm adamları – klassiklər və müasirlər barədə eşidirdin. Nəticədə elm adamları və elm tarixi barədə təsəvvürün genişlənmişdi. Riyaziyyat və fizika üzrə klassikləri tanıyırdın, çağdaş riyaziyyatçılar haqqında da məlumatlı idin, bir qismini görmüş, bəziləri ilə şəxsən tanış olmuşdun. Riyaziyyat və fizika tarixinə aid mənə suallar verməyi xoşlayırdın.

Elmi məqalələrimin ingilis dilinə tərcümə olunması sayəsində ABŞ hökuməti müəlliflik haqqı ödəyirdi. Sovet hökuməti bu haqqı mənə və digər müəlliflərə ABŞ dolları ilə deyil, uyğun sertifikat və ya çek şəklində ödəyirdi. Yəni hökumət müəlliflərə və ya xaricdə çalışan sovet vətəndaşlarına dollar və digər valyuta şəklində ödənilən pulları özü götürür, əvəzində müəyyən məbləğdə çek verirdi. Bu çek ilə “Beryozka” adlanan xüsusi mağazalar şəbəkəsində satılan şeyləri almaq olurdu. Beləliklə, hökumət xarici mallar alır və onları “Beryozka” mağazalar şəbəkəsində aldığı qiymətdən dəfələrlə baha qiymətə satırdı. Müəlliflik haqqı olaraq aldığım çeklər işimizə çox yarayırdı, qızlara, sənə və mənə dəbdə olan keyfiyyətli şeylər ala bilirdik.

Bu gəlinin əxlaqı, dili çox xoşuma gəlir

Sən institutun birinci ilində ikən Aygünü, institutu bitirmə ərə-fəsində isə ikinci qızımız – Zeynəbi dünyaya gətirdin. Mənim böyük və ya birinci mələyim – nənəm Zeynəb öz adını bizim qızımıza verməyi təkid etdi. Mən bunu istəmirdim, elə zənn edirdim ki, nənəm sağ ola-ola onun adının yeni doğulan körpəyə verilməsi nənəmin dünyadan gedəcəyinə işarədir. Lakin, nənəm sözünün üstündə bərk durmuşdu. Mən vəziyyətdən çıxmaq üçün müəyyən bir əsas uydurmağa çalışdım: “Sən gözümüzün işığısan, məndən kiçik gör neçə nəvən var, sonralar adını qoymağa çox namizəd olacaq”. Nənəm geri çəkilmədi və bu inadının səbəbini izah etdi: “Bu gəlinin, Nailənin əxlaqı, davranışı, dili çox xoşuma gəlir, onun dilindən heç vaxt söyüş, pis söz çıxmaz. Adım qızınıza qoyulsa, mən dünyamı dəyişəndən sonra adım ancaq xoş, təmiz sözlərlə çağrılar, ruhum da şad olar”.

Bir qədər sonra üçüncü qızımız – Aytən dünyaya gəldi. Yaxşı yadımdadır, Hüsü Hacıyev (indiki Azərbaycan) küçəsi ilə evə doğru gedirdim, arxadan adımı çağıran səs eşitdim. Döndüm, Məleykə xanım Abbaszadə idi, Lomonosov Moskva Dövlət Universitetindən tanış idik. Gözlədim, Məleykə xanım mənə çatan kimi: “Hamlet, sizə çatdıq”, – dedi. Anlamadım. Təəccüblə üzünə baxdığımı görən Məleykə xanım anlatdı: “Sizin iki qızınız var, bizim də əkiz iki qızımız oldu, bərabərləşdik”. Mən Məleykə xanımı təbrik edib güldüm: “Məleykə xanım, biz yerimizdə durmamışıq ki, gəlib bizə çatasınız, indi bizim üç qızımız var”.

Sən xeyli sonra sonuncu – dördüncü qızımız Ülkəri dünyaya gətirdin.

“Qoy bir qədər də öz istədikləri kimi yaşasınlar”

Ailə sözünə hər ikimiz geniş məna verirdik. Hələ sənin doğulduğun evdə anan və qardaşınla birgə yaşayarkən, yer darlığına baxmayaraq, mənim ali təhsil almağa gələn qardaşlarım da bizdə yaşadı. Sonralar da, qardaşlarım və hətta bəzi digər yaxın qohumlarım öz evimizdə və ya kirayədə olduğumuz evdə bizimlə yaşadılar. Sən bir dəfə də olsun çətinlik barədə söhbət açmadın, şikayət etmədin, əksinə, qardaşlarım və digər yaxınlarımın bizimlə bərabər yaşamasını çox təbii qəbul etdin, onların qayğısına qaldın, onlara ana, bacı, sirdaş oldun və qarşılığını layiqincə aldın. Onları sevdin, onlar da səni sevdilər. Mənim xəbərim olmadan onların problemlərini həll edir, ciblərinə xərclik qoyur, həyatlarını qurmağa kömək edirdin. Bəzən mən nəsə narazılıq bildirəndə (məsələn, “az oxuyurlar”, “yaxşı oxumurlar”,…), sən onları müdafiə edirdin: “Niyə elə düşünürsən ki, hamı alim olmalıdır?! Kömək edək, oxu deyək, amma, sıxışdırmayaq, qoy bir qədər də öz istədikləri kimi yaşasınlar”. Onlar bir fikrə düşəndə, bir arzuları olanda birinci mənimlə deyil, səninlə məsləhətləşmişlər. Bunların çoxunu mən sonralar bildim. Bu məsələdə sənə bənzər ikinci insanla rastlaşmadım, sənə oxşar ailə xanımı olmaq, yəqin ki, çox az qadına nəsib olur…

“Bir az qəmlənmək və dəmlənmək üçün”

Evdə ən çox sevdiyimiz məşğələlərdən biri çalıb-oxumaq idi. Sən piano arxasına keçir, bir qədər çalır, sonra məndən soruşurdun: “Nə çalım, nə istəyirsən?” Mənim sifarişlərim çox rəngarəng olurdu, ağlıma gələn, yaddaşıma yazılan, ürəyimə yatan mahnıların adını çəkirdim. Get-gedə mahnı repertuarımızı sistemə saldıq. “Bir az qəmlənmək üçün” adı ilə sevdiyimiz lirik, həzin mahnıları yada salır, çalıb oxuyurduq. Sonra “Bir az dəmlənmək üçün” adı altında birləşdirdiyimiz oynaq, şən mahnı və oyun havalarına keçirdik. “Süleymani” oyun havasını sənin kimi gözəl, çoşqun tərzdə çalan görməmişəm.

Mən heç bir musiqi təhsili almamışdım, amma geniş spektrdə Azərbaycan musiqisini də, klassik musiqini də sevmişəm. Musiqi tarixindən xəbərim vardı. Səninlə birləşəndən sonra isə musiqini, onun müxtəlif janrlarını, incəliklərini daha yaxşı başa düşməyə başladım. Köhnə Azərbaycan mahnılarını yaxşı bilirdim, səninlə birlikdə hansısa mahnını yada salmaq, zümzümə etmək, oxumaq mənə həzz verirdi. Lakin, klassik musiqidə, həmçinin, rus və qərb dünyası mahnı və romanslarını yada salmaqda sənin yanından yel olub keçə bilməzdim.

Mən mahnının melodiyasını düzgün oxumayanda bağışlamırdın, necə düzgün oxumaq lazım gəldiyini deyir, oxuyub təkrar edirdin. Bəzən mənə elə gəlirdi ki, xırdaçılıq edirsən, mən çoşmuşam, oxuyuram, sən isə ortada kəsib elə yox, belə lazımdır deyirsən. Amma, xeyri yoxdu, bu məsələdə qəti güzəştə getmirdin. Mən məcburən sənə tabe olur, dediyin kimi oxumağa çalışırdm. Amma, mən də az aşın duzu deyildim. Tək musiqini deyil, sözləri də təhrif və təftiş edirdim, tək-tək hallarda bilmədiyim üçün, amma əsasən bilə-bilə.

Mən “Ay laçın” xalq mahnısının

Bir dəstə gül olaydım Asılaydım yaxannan beytini qəsdən təhrif edir və onu digər uydurma beytə yapışdırıb oxuyurdum:

Dağlara düşdü duman

Yoxmu dərdimə dərman?

Bir dəstə qız olaydı

Asılaydı yaxamnan.

Üstəlik, Fikrət Əmirov`un çox sevdiyimiz “Sevdiyim yardır mənim” romansını da bənzər ideya ilə təftiş edirdim:

Sevdiyim yardır mənim

Həsrətim vardır mənim

Bir dəstə qız olaydı Evimizə dolaydı.

Yarım oynadı, güldü

Xumar gözlər süzüldü

Dedim hər yan qız olsun

Qızlar səf-səf düzüldü.

Sən: “Aləmi qarışdırdın”, – deyə qəhqəhə çəkirdin. Və bu barədə dost-tanışlara gülə-gülə danışırdın: “Hamlet bu sözləri o qədər oxudu ki, bir dəstə qız səf-səf düzüldü, evimizə doldu və onun yaxasından asıldı”.

“Get, işinlə məşğul ol”

Yaradıcı həyat keçirməm üçün ideal şərait yaratmışdın. Sən məni ev və məişətlə bağlı bir çox qayğılardan azad etmişdin. Mənə o qədər azadlıq, o qədər sərbəstlik vermişdin ki, bəzən mən mətbəxə gəlib “sənə kömək edimmi?” deyəndə, bunu ciddi qəbul etmir, “get, işinlə məşğul ol, mənə mane olma”, – deyirdin. Bu yerdə kiçik bir hadisə yadıma düşdü. Adətən, xaricdən və ya Sovet respublikalarından gələn alim və mütəxəssisləri evimizə dəvət edirdik, bəzi hallarda gec olduğuna görə onlar bizdə gecələyirdilər. Lomonosov Moskva Universitetindən gəlmiş tanınmış riyaziyyatçı professor Yevqeniy Alekseyeviç Qorin ilə riyaziyyat və riyaziyyatətrafı, ədəbiyyat, tarix və musiqi kimi mövzularda xoş söhbətdən və sənin pianoda improvizasiyalarından və əlbəttə, yaxşı yemək-içməkdən sonra ona bizdə qal dedik və o, məmnuniyyətlə qaldı. Sən söhbət edə-edə boşqabları yumaq istədin. Qorin həmən yerindən sıçradı və “mən yuyacam” deyə səndən kənara çəkilməni xahiş etdi. Sən təəccüb içində etiraz etsən də, Qorin aman vermədi, yarızarafatla, yarı-ciddi şəkildə “пусть рука ангела останется чистой” (“qoy mələyin əli təmiz qalsın”) dedi. Və söhbət edə-edə Qorin qabları yudu. Sabahı gün “niyə Qorinə qab yumağa imkan verdin?” sualıma “Qorin qab yumaq istəyini o qədər içdən, ürəkdən bildirdi ki, yox demək onun səmimi istəyinə qarşı çıxmaq kimi göründü mənə” deyə cavab verdin. “Bəs mən mətbəxdə sənə kömək etmək istəyəndə yox deyirsən”, – deyə ona baxanda cavabı belə oldu: “Sənin içindən gəlmir o istək, sadəcə, birdən-birə yadına kömək etmək düşür, mən də deyirəm get sənə daha maraqlı görünən işlə məşğul ol”.

Uşaq olasan, belə düşünəsən

Uşaqların düzgün tərbiyə və savad almasını valideyn kimi əsas vəzifə saydıq və bu vəzifəni tam ahəng içində, birlikdə daşıdıq. Onların xarakterini doğru, dürüst olmaq, yalan danışmamaq, bir-birinə qayğı ilə yanaşmaq, zəhmət çəkmək kimi keyfiyyətlər üzərində yoğurmağa çalışdıq. Düşünürəm ki, qızlarımızı ləyaqətli, insani dəyərlərə həssas və həyati bacarıqlara malik şəxslər kimi yetişdirə bildik.

Sənə “anacan”, mənə “atacan” dedilər. Qızlarımızın bilik və zövqlərini qidalandırmaq üçün məktəbə getməmişdən xeyli əvvəl onları kitab oxumağa alışdırdıq, onlarda riyaziyyat, təbiət elmləri, rəsm və musiqiyə maraq oyandırdıq, onların dünya görüşünü formalaşdırmağa çalışdıq. Qızlar Azərbaycan, rus və dünya ədəbiyyatını oxudular, rus və Azərbaycan türkcəsində oxuyub danışdılar, üstəlik, ingilis dilini ciddi öyrənməyə girişdilər. Qızlar mənimlə ancaq Azərbaycan türkcəsində danışdılar, səninlə ünsiyyətdə isə həm öz dilimizdən, həm ruscadan istifadə etdilər. Birgə səyimizlə yanaşı sən və mən peşəkar olduğumuz ayrı-ayrı fəaliyyət sahələrini qızlara sevdirmək üçün gücümüzü əsirgəmirdik. Üç qızımız musiqi məktəbində də təhsil aldılar, bu işdə sən onlara qayğı göstərdin, kömək etdin. Mən qızlara şahmat öyrətdim. Onlarla yanaşı şahmat oynamağı sən də öyrəndin, yadımdadır ki, iki gedişə matı çox tez tapırdın. Aytən şahmatla məşğul oldu, xeyli uğur qazandı; o, artıq yetkin yaşlarında özbaşına musiqi ilə məşğul oldu, pianoda klassik musiqini yaxşı ifa etməyi bacardı.

Qayğı və diqqət göstərmək məsələsində sən bir məktəb idin. Sənin məktəbini keçmiş qızımız Aygün barədə kiçik bir hadisə yardıma düşdü. Bir yay aylarını Moskvada keçirməyi qərara aldıq. Aygün və mən əvvəlcə getdik, Moskvada ev tutduq, sizi – səni, Zeynəb və Aytəni gözlədik. İlk günlərin birində ev sahibəsi Aygünü yaxındakı parka gəzməyə aparmışdı, mən isə evdə qalmışdım. Bir az keçdi, qadın və Aygün qayıtdılar. Qadın təəccüb dolu gözlərlə niyə tez qayıtdıqlarını izah etdi: “Qızın məndən saatı soruşdu, saat ikidir deyən kimi tez evə qayıdaq dedi. Soruşdum ki, nə olub? Dedi ki, atamın yemək vaxtıdır, başı qarışar yemək yadından çıxar, gərək ona yemək verim. Uşaq olasan, belə düşünəsən. Belə şey görməmişəm”. O zaman Aygünün 11 yaşı tamam olmamışdı…

Servantda kitablar

Təbiətcə şən və təvazökar olan qardaşın Firidun bir dəfə sərxoş vaxtı ehtiyatsız bir söz demişdi. Çox pərt oldum. Səhər evdən çıxıb dərsə gedəndə (Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində dərs deyirdim) sənə yavaşca, amma, tam soyuqqanlılıqla: “Mən bura qayıtmayacam”, – deyib, evdən çıxdım. Birbirimizi çox yaxşı tanıyırdıq və sən, sözsüz, mənim sözlərimi olduğu kimi, birqiymətli qəbul etmişdin. Bu tez göründü. Mühazirəni bitirib koridora çıxanda səni və əlindən tutduğun Aygünü gördüm. Təəccübləndim: “Nə edirsiniz burda, xeyir ola?”. Cavabın çox sadə və aydın oldu: “Dedin evə qayıtmayacam, biz də gəldik, hara deyirsən, biz də səninlə ora gedəcəyik”. Ayıb olmasa, səni orda qucaqlayıb öpərdim… Mehribangilə getdik. Bizi, həmişə olduğu kimi, çox gözəl qarşıladı. Mənim “bir az sizdə qonaq qalmağımıza necə baxırsan?” sualıma Mehriban gözlənildiyi kimi mehribanlıqla cavab verdi: “Nə qədər istəyirsiniz qalın, öz evinizdir”.

Bir qədər sonra bir yataq otağı və bir dəhlizdən ibarət sadə bir mənzil kirayə etdik. Bu kiçik mənzildə də çətin vəziyyətə düşən tələbə qohumlara yer verdin. Hər zaman olduğu kimi, bu mənzil də Bakıda yaşayan dostlarımızın və kəndimizdən gələnlərin xoş görüş yeri idi.

Elmlər Akademiyası öz əməkdaşlarına dəyərinin böyük hissəsini illər boyu, aybaay ödəmək şərtilə kooperativ ev təklif etdi. Bu imkandan biz də yararlandıq, Əhmədlidə 9 mərtəbəli evin 8-ci mərtəbəsində beş otaqlı mənzilimiz oldu! Sevincimizin həddi-hüdudu yoxdu. Lakin, mənzillər yararsız vəziyyətdə idi və biz imkanımız daxilində ev quruculuğu işinə başlamağa məcbur olduq. Mətbəxin yerini dəyişmək, otaqların təyinatını müəyyən etmək, evi zəruri mebellə təmin etmək kimi işləri sən gördün. Mən, hər addımda sənin rəyini nəzərə almaqla, təmir işini təşkil etdim.

Ümumiyyətlə, evlə bağlı məsələlərin əksəriyyətini öz üzərinə götürdün, sənin zövqünə güvənirdim, üstəlik, ev işləri məni çox narahat etmirdi. Məni ən çox sevindirən şey mənim iş otağımın əmələ gəlməsi idi! Kitab şkafları aldıq, onları divar boyu düzdük. Kitablarım çox idi, hamısını rəflərə yerləşdirmək mümkün olmadı, bir hissəsini yerdə və kiçik qutularda saxlamalı oldum. Otaqlardan ən böyüyünü (“qonaq otağını”) xüsusi zövqlə düzəltdin, bəzədin. Sovet məkanında “servant” adı alan və adətən qonaq otağında yer alan şüşəli şkafa o zamanın dəbinə uyğun qab-qacaq dəsti, gərək ki, Madonna servizi düzdün.

Bir neçə gündən sonra ehtiyatla sənə müraciət etdim: “Bəlkə servantın bir gözünə kitab yığım?” Sən çaşqın nəzərlə mənə baxdın: “Necə yəni? Servanta, bəzəkli şüşə qabların yanına necə kitab qoymaq olar?” Düz deyirdin. Mən daha üz vurmadım, susdum. Bir gün keçdi. Yəqin ki, kefimin pozulduğu sənə təsir etmişdi: “Yaxşı, servantda bir küncü ayırıram, gətir ora kitablarını düz”, – dedin. Riyaziyyata aid bir dəstə kitabı sənin ayırdığın yerdə iki cərgəyə düzdüm – arxa cərgəyə az istifadə olunanları, üzdəki cərgəyə tez-tez müraciət etdiklərimi. İşdən qayıdanda kitabların yerini dəyişdirdiyini gördüm, çox işlənənləri arxaya, “Burbaki” adı ilə tanınan, fransızcadan tərcümə olunmuş kitabları üzdəki qatara düzmüşdün. “Burbaki”lər çox istifadə etdiyim kitablardan deyildi. “Bunu niyə belə etmisən?” – deyəndə, “nimdaş, əzilmiş, solğun kitabları arxaya, görünməyən yerə yerləşdirdim, bu Burbakilər təzədir, üzləri bəzəklidir, onları görünən yerə qoydum”, – dedin. Xeyli güldüm, sən də mənə qoşuldun. “Ağ” etdiyimi başa düşdüm və bir neçə gündən sonra kitabları servantdan yığışdırdım. Sonralar bu əhvalat yadıma düşəndə, özözümə utanırdım.

Ürəyin dediyinə fikir ver

Hər gün, hər ay, hər il həyatımıza öz möhrünü vurur. Gündəlik yaşayış və ailə qayğılarımızı əsasən təmin edə biləndə, iş yerində üzərimizə düşən vəzifələri əsasən yerinə yetirə biləndə, xoş saatların, günlərin sayı artanda həyatdan razı qalırıq. Yadda qalan günlər, hadisələr baxımından 1980-ci illəri zəngin saymaq olar. Qızlar (ən kiçiyi istisna olmaqla) məktəbdə oxuyurdular. Sənin və mənim evdəki tərbiyə-təlim səylərimiz, uşaqların həvəs və çalışqanlığı və məktəbin verdikləri üst-üstə gəlir, nəticənin çox yaxşı olduğu şübhə doğurmurdu. Mənim qızlarımıza qarşı tələbkarlığımın həddini aşmamasına diqqət verirdin.

İşə düzəlmək istədiyini dedin. Riyaziyyat və Mexanika İnstitutunun direktoru Fəraməz (Maqsudov) müəllimdən xahiş etdim və onun tövsiyəsi ilə instituta bağlı olan Xüsusi konstruktor bürosunda (rusca abreviatura ilə SKB-də) işə girdin. Patent və müqavilələrin mətni və arxivləşdirilməsi üzrə çalışırdın. Bir qədər keçmiş bu işə həvəsin olmadığını, “öz müəllimlik sənətim yaxşıdır, məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi işləmək istəyirəm” dedin və bu arzuna nail oldun.

Məktəb evimizdən bir qədər uzaqda idi, lakin bu sənə çox mane olmurdu. İşindən həzz aldığın görünürdü.

Mən Moskvada elmlər dokturu adı almaq üçün dissertasiya müdafiə etdim. SSRİdə müxtəlif yerlərdə keçirilən çox elmi konfranslarda iştirakımla yanaşı, SSRİ-nin son 7-8 ili ərzində xarici ölkələrə elmi səfərlərim başladı. Məşğul olduğum riyazifiziki məsələlər Böyük Britaniya, Almaniya, Kanada, ABŞ və digər ölkələrdə inkişaf tapdığına görə müxtəlif universitetlərdən və beynəlxalq konfrans təşkilatçılarından dəvət alırdım. Eyni zamanda qəzet, jurnal vəteleviziyada verdiyim müsahibələrdə dünya və Azərbaycanda elmin və təhsilin müqayisəli vəziyyəti barədə fikir söyləyirdim. Qərb dünyası aparıcı ali məktəblərinin güclü tərəflərini vurğulamaqla Azərbaycan təhsil sisteminin nöqsanlarını göstərir, islahat yolları barədə yazır və söhbət açırdım. Sən “çox tənqid etmə, pis zəmanədir, başımıza iş açacaqsan” deyə məndən ehtiyatlı olmağı xahiş edirdin. Beləcə, o zamandan başlayaraq mən həmişə “ehtiyatsız” fikirlər söyləməyə davam etdim, sən isə, sözünün mənə təsir edəcəyinə inanmasan da, “çalış artıq söz danışma” deməyi unutmadın.

Görkəmli filosof Camal Mustafayev ailəmizin (və çoxsaylı digər insanların) sevimli ağsaqqalı sayılırdı. Onu görüb söhbət etmək, hal-əhval tutmaq üçün evlərinə gedər, maraqlı söhbət edərdik. Camal müəllim sənin qabiliyyətini görüb, görüşlərimizin birində elmi tədqiqatla məşğul olmanı, rus və Azərbaycan ədəbiyyatları timsalında ədəbiyyatda estetik ideallar kimi mövzu üzərində çalışmanı məsləhət görmüş, elmi rəhbər kimi köməyini əsirgəməyəciyini bildirmişdi. Mən bu hala sevinmişdim. Lakin, evimizə qayıdanda sən mənimlə açıq danışıb, elmlə məşğul olmaq istəmədiyini bildirdin. “Təbiətim məni elmə doğru çəkmir, şöhrətə isə ehtiyacım yoxdur, sənin alimliyin ikimizə də yetər”, – dedin və əlavə etdin: “Qoy ürəyim nə istəyir onunla məşğul olum”. Mən, təəssüf etmədim, əksinə, daha bir dəfə sənin həyatı düzgün qiymətləndirmək və doğru qərar qəbul etmək qabiliyyətinin şahidi oldum.

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda hər ailədə olduğu kimi, bizdə də ağrı doğuran düşüncələrə yol açdı. Sən yaşadığın doğma Bakı şəhərində və Quba rayonunda müxtəlif millətlərin dostcasına birgə yaşamasını yada salır, bariz nümunə olaraq Azərbaycan türkü ilə yanaşı rus, erməni, gürcü və yəhudilərin yaşadığı öz kiçik həyətinizi (Bakı, Həzi Aslanov küçəsi, 31) göstərirdin. Bununla yanaşı, milli-azadlıq hərəkatını böyük rəğbətlə izləyir, mərkəzi meydanda qərar tutanlara piroq bişirib göndərirdin. 1990-cı il Qara Yanvar faciəsi kədərli əhvalımızı daha da dərinləşdirdi. Bir qədər əvvəl Kommunist partyası üzvü olmadan xarici elmi səfərlərin mümkün olmayacağını səbəb göstərməklə məni partiya üzvlüyünə keçirmişdilər; bu üzvlük uzun çəkmədi, etiraz əlaməti olaraq partiya sıralarını tərk etdim. Mənim bu addımımı sən ehtiyatsız hərəkət kimi qiymətləndirmədin, “ürəyin nə deyir, onu et”, – dedin.

Xəzər Universiteti: çiyin-çiyinə addımladıq

1990-cı ilin son və 1991-ci ilin ilk ayları Xəzər Universitetinin (o zamankı adı ilə

“İngilisdilli Azərbaycan Universitetinin) qurulma ideyası yarandı və həyata keçdi. Azərbaycan hökumətinin qərarı ilə rəsmi açılan bu ilk özəl ali məktəbin qurulma işi ilə bağlı Nazirlər Sovetinə (sonra Nazirlər Kabinetinə) gedib-gəlməyə başladım. Azərbaycan addım-addım müstəqilliyə doğru gedirdi. Universitetimizin yaranmasına hazırlıq işlərinin aparılması barədə ilk sərəncamı (20 dekabr 1990) Azərbaycan SSR Nazirlər Sovetinin sədri, yaradılma qərarını isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sədri Həsən Həsənov imzalamışdı. Sən hər dəfə mənim geyimimə fikir verir, gülər üzlə yola salırdın.

Yadımdadır bir dəfə baş nazirlə növbəti görüşə getməliydim. Sən kağız-kuğuz arasında başım qarışdığını görüb: “Ləngiyirsən, dur get, gecikə bilərsən”, – deyə məni tələsdirdin. Mən, doğrudan da, bu vacib görüşə 5-6 dəqiqə gecikdim və bu gecikmənin baş nazirin xoşuna gəlmədiyini gördüm. Bir az pərt olmuşdum, evə qayıdanda sənin “görüş necə keçdi?” sualına könülsüz cavab verdiyimi hiss edəndə: “Nəsə olub?”, – deyə soruşdun. Mən gecikdiyimi, bundan pərtlik yarandığını dedim və söhbətin gedişi barədə qısa məlumat verdim. Sən: “Eybi yoxdur, əsas olan odur ki, müzakirəniz yaxşı keçib və məsələnin həlli istiqamətində irəli addım atılıb”, – deyə mənə ürəkdirək verdin və təbii olaraq gözlənilən “axı sənə demişdim gecikəcəksən” sözünü demədin.

Beləliklə, 1991-ci ilin yazında Xəzər Universiteti fəaliyyətə başladı. Həmin ilin ikinci yarısı Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi ilə tarixə keçdi. Azərbaycan Respublikası müstəqilliyə gedən yolda qurbanlar da verdi, uğurlu addımlar da atdı. Bu uğurlu addımlardan biri Azərbaycanda ilk özəl ali məktəbin – Xəzər Universitetinin yaranması idi; “Xəzər” Azərbaycanda inkişaf etmiş ölkələrin ali təhsi modellərini ilk dəfə tətbiq edən, tədris dili ingiliscə olan ilk Universitet oldu. Sən Xəzər Universitetinin qurulması və inkişafı yolunda mənimlə bərabər, çiyin-çiyinə addımladın. Səni bu yolda “Hamletin sağ əli”, “Hamletin ilham pərisi” adlandırır, mənim birinci sayıldığım bu işdə sənin rolunu daha çox səciyyəvi “hər güclü kişinin arxasında bir güclü qadın var” kimi qəlib ifadələrlə vurğulayırdılar. Lakin Xəzər Universiteti ailəsinin, Xəzər Universitetinə xas olan cazibəli insani və mədəni mühitin yaranmasını və ümumiyyətlə, Xəzər Universitetinin inkişafını sənsiz təsəvvür etmək mümkün deyil.

“Xəzər”in ilk kasıb günlərində sən evimizdən qab-qacaq, samovar, xalça və mebelləri bu universitetə daşıdın, universitetdə çalışan xanım müəllimləri başına yığdın, yeni savadlı müəllimlərin, xüsusilə xanımların seçilməsi və işə götürülməsi üçün səy göstərdin. Bir qədər sonra Xəzər Xanımlar Məclisini (Klubunu) yaratdın, Azərbaycanın tanınmış, fəal, istedadlı xanımlarını, eləcə də Azərbaycanda yaşayan xarici xanımları başına topladın. Yaradıcı, yenilikçi, enerjili şəxsiyyət kimi tanındın, musiqili məclislərin, tamaşa və görüşlərin, Azərbaycanın müxtəlif guşələrinə unudumaz səfərlərin təşkilatçısı oldun. Universitetimizin inkişafına töhfə verən xarici qonaqlarıın “Xəzər” ailəsi ilə qaynayıb-qarışmasında sənin əməyin və insani keyfiyyətlərin böyük rol oynayırdı. Sənin ideyaların, birbaşa müdaxilən və zövqün universitetin maddi bazasının yaradılmasına çox kömək etdi. Xəzər Universiteti Mədəniyyət Mərkəzi adlı mərkəz yaratmaq ideyasını irəli sürdün və bunu həyata keçirdin. “Xəzər”in inkişafında əvəzolunmaz xitmətlərinə görə yenidən dövlət qeydiyyatından keçərkən, sən mənimlə birlikdə Xəzər Universitetinin həmtəsisçisi oldun.

“Yaxına, uzağa sən mənimlə get”

Sovet dövründə səni xarici ölkələrə apara bilmirdim. Ciddi qaydalar və çətinliklər vardı. Mən rəsmi dəvət olunurdum, hökumət mənim təkbaşına səfərimə icazə verir və ya vermirdi. Müstəqillik çox şeydə olduğu kimi, səfər məsələsini də tam yüngülləşdirdi, hökumətdən icazə istəmədən hər yana getmək mümkün oldu, sadəcə getmək istədiyimiz ölkənin icazəsi, yəni vizası kifayət idi. Yollar açılan kimi səninlə ilk xarici səfərimiz baş tutdu; Türkiyəyə, İstanbula getdik. İkinci səfərimiz isə İran, İran Azərbaycanı oldu. Sonralar bu iki ölkəni başdan ayağa gəzdik demək mümkündür. Yadımdadır – İsfahanda bir mehriban fars ailəsinin qonağı olduq, ailədə yalnız oğlanlardan biri bir az ingiliscə danışa bilirdi. Bu oğlan anasının “müəllimə de ki, Nailə çox gözəl xanımdır, çox xoşuma gəldi, çox dostlaşdıq” sözlərini mənə tərcümə etdi. Təəccüb etdim, bu iki xanım bir-birini necə anlayıb. Sən gülə-gülə mənə başa saldın: “Anlatmağa nə var ki?! Məsələn, dörd qızım olduğunu belə dedim: “Mənim çahar düxtərim var”.

Səninlə səfərdə olmaq mənə xüsusi həzz verirdi. Səni gəzdirməyi, gəzdiyimiz yerin tarixi, mədəniyyəti haqqında bildiklərimi söyləməyi, səni danışdırmağı, gəzə-gəzə səninlə zarafat etməyi sevirdim. İş, ailə, səhhətlə bağlı müəyyən qayğıya görə sən mənimlə növbəti ölkəyə getmək istəməyəndə kefim pozulurdu. Səni yoldan çıxartmağa çalışır, “gəl gedək” deyir, məlum mahnını oxuyurdum: “Yaxına, uzağa sən mənimlə get”. Sən mənim təkidimə təəccüb edir və bir az da nazla yox deyirdin: “Yox, gedə bilmərəm. Qəribədir, adamlar tək getməyə, azadlığa çıxmağa çalışırlar, sən isə məndən əl çəkmirsən, mənsiz getmək istəmirsən. Ay canım, məni rahat burax, get, işini gör, gəz, kef çək”. Mən şeir dili ilə xoş asılılığın, sevginin azadlıqdan şirin olduğunu deyirdim:

Eşq ki var, o asılılıq, bağlılıqdır

İnsanı insan eyləyən

Heyranlıqdır, xoş qılıqdır.

Məhəbbət varsa ürəkdə

Artıq söz-söhbət nədəndir?!

Bil ki, gücsüz görünmək də

Bəzən güclü sevgidəndir.

Hər halda səninlə Avropa, Asiya və Şimali və Cənubi Amerikanın əsas yerlərini yaxşı gəzdik. Afrika səfərimdə mənimlə getmədin. Avstraliyaya dəfələrlə dəvət etdilər, hər dəfə təxirə saldıq. Nişanımızda coşub dediyim “dünyanı sənin ayaqların altına sərəcəm. Əlindən tutub dünyanı gəzdirəcəm. Əlbəttə, bəxtim müttəfiq olsa” sözünü hərdən yada salırdın. Doğrudan da, bəxtim müttəfiq oldu və səninlə əl-ələ tutub, dünyanı gəzdik. Şəhər və qəsəbələri, təbiəti – dağları, göl, dəniz, çay və şəlalələri gəzdik-gördük. Dənizi çox sevirdin, Azərbaycanda və Türkiyədə dənizləri seyr etdin, sonra dörd okeanın hər birini gördün, sahilində gəzişdin, qumlarla, qayalarla, qağayılarla, dalğalarla söhbət etdin. Dənizlə tək qalmaq, dənizin nəhayətsizliyi barədə düşüncələrə dalmaq xoşuna gəlirdi. Dəniz, musiqi və gülləri çox sevirəm deyirdin. Muzey və teatrlara getdik. Yadımdadır, Parisdə Louvre (Luvr) muzeyində Quba xalçasını görüb, həyəcandan qışqırmışdın. Moskva`da Bolşoy (Большой) teatr, Milan`da La-Scala, Vienna`da opera-balet teatrında sevdiyin operalara qulaq asdıq. Digər şəhərlərdə və doğma Bakımızda da zəngin musiqi, incəsənət, muzey və teatr həyatı içində olduq.

Hətta ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Türkiyə və digər ölkələrə mənsiz də getdin. Bəzən başına macəra da gəlirdi. ABŞ-da oxuyan qızımız Ülkəri görmək üçün gedəndə, Los Angeles hava limanında baqajını açmış və orada sanki şübhəli ot görmüş, onun nə olduğunu soruşmuşlar. Sən “qızım üçün vətəndən göy-göyərti gətirmişəm” demək istəyibsən və bunu ingiliscə “It`s grass for my daughter, she is a student” kimi ifadə etmisən. “Grass” şərti dildə, jarqon olaraq marixuana, narkotik maddə mənası verir. Sənin göy-göyərtindən nümunə götürmüş, xüsusi təlim görmüş it`ə qoxulatmışlar, dediyinə görə “itin burnuna yaxınlaşdırdılar, it başını yana çevirdi”. Söhbətdə məsələni anlamış, üzr istəyib səni gülə-gülə yola salmışlar.

Hisslər zəkanı üstələyəndə

Bir-birinə həddindən artıq yaxın insanlar arasında da müxtəlif məsələlərə münasibətdə fikir ayrılığı olması təbiidir. İki insan, necə olur-olsun, fərqli məxluqdurlar, heç bir insan digərindən mexaniki yolla, surətçıxarma vasitəsilə alınmır. Bir ana bətnində eyni zamanda əmələ gəlib yetişən və dünyaya eyni vaxtda göz açan əkizlər nə qədər bir-birinə bənzəsələr də, xasiyyət, qabiliyyət və həyat yoluna görə bir-birindən fərqlənir, hətta kəskin surətdə fərqlənə bilirlər. Hər şəxsin öz kimliyi var. İnsanı bənzərsiz edən onu başqa insanlarla eyniləşdirən deyil, fərqləndirən xüsusiyyətlərdir. Dünyanı rəngarəng edən də insanların özünəməxsusluğu, bənzərsizliyidir. Sən və mən “şəxsi hisslərini çılpaqlığı ilə aç mən bilim” kimi qeyri-insani iddia irəli sürən deyildik.

Hər ikimizdə bizi bir-birimizə bağlayan, bir-birimizə sevdirən müəyyən keyfiyyətlər olmamış deyildi. Zaman keçdikcə, birgə həyat təcrübəmiz artdıqca birbirimizi çox tez, sadə bir kəlmə, çətin sezilən bir işarə və ya üz ifadəsı ilə başa düşürdük. Birimiz bir fikir ortaya atanda, “qəribədir, bu an mən də bu barədə düşünürdüm” deyə bilirdik. Bir-birimizdən fərqli cəhətlərimiz də vardı. Bununla bir-birimizi tamamlayırdıq demək mümkündür. Evliliyimizin ilk illərində mən lazım gəldiyindən çox, bəzən də lazımsız tələbkarlıq edir, xırdaçılıq edə bilirdim. Sən daha təmkinli və güzəştə gedən olsan da, etiraz da edə bilirdin. Mehriban, canıyanan və yumşaq xasiyyətli olsan da, müti deyildin. Özünə qarşı tələbkar olmaqla yanaşı, özünə hörmət hissini və ləyaqətini qoruyurdun. Doğru saymadığın hərəkəti bəyənmədiyini açıq bildirirdin. Aydın, sağlam məqsədə nail olmaq yolunda iddialı ola bilirdin.

Aramızda incimək, küsmək olurdu, amma, bu, uzun sürmürdü, 3-5 dəqiqə, uzağı bir-iki saat. Kim özünü günahkar sayırdısa, xətirə dəyə bilən bir söz işlətmişdisə, o, yaxınlaşıb “bağışla” deyir, qucaqlayır, öpürdü.

Hirslənəndə hisslər zəkanı üstələyə bilir. İnsanı içdən bulandıran qürur və mənəmmənəmlik qarşıdakını dinləmək və anlamağa çalışmaq, yumşaq danışmaq kimi insani sifətləri kütləşdirə bilir. Mənim bir hirsimə qarşı necə tədbir gördüyünü yada salmağı sevirdin. Sən uzaqdakı bir məktəbdə rus dili müəllimi vəzifəsində çalışırdın. Qızlarımız isə evimizin yanındakı məktəbdə oxuyurdular. Bəzi günlərdə qızlar səndən tez evə gəlirdilər və bu zaman sənin evdə olmamağın, uşaqları qarşılaya bilməməyin məni rahatsız edir, narazı salırdı. Hirsim üst-üstə yığıldı və bir gün: “Belə olmaz, nə edirsən et, elə et ki, uşaqlar məktəbdən gələndə evdə olasan. Mümkün deyilsə, işdən çıx”, – deyə yumruğumu masanın üstünə vurdum. Qəribədir, o gündən sonra uşaqlar gələndə evdə olurdun. Bəs bu necə oldu? Əslində, sənin işdən çıxmağını istəmirdim, məsələ tək maddiyyatda deyildi, sevdiyin işlə məşğul olmağını vacib sayırdım. Nəhayət, soruşdum: “Nə olub, işə getmirsən deyəsən?” Sən rahat cavab verdin: “Dedin evdə ol, uşaqları qarşıla, mən də dediyini etdim”. Mən “yox, işini buraxma” deyəndə, güldün və sirri mənə açdın həkimdən bülleten götürübsən ki, mənim hirsim soyuyana kimi evdə ola biləsən.

Məni yaxşı tanıdığın üçün hirsimin tez soyuyacağını bilirdin…

Yalnız bir dəfə səndən incidim və evi tərk edib bağımıza getdim, orda qalmağı qərara aldım. Ən maraqlı cəhət odur ki, o vaxt niyə incidiyimi indi yada sala bilmirəm. Sən bağda yaşamağım və işə gedib-gəlməyim üçün hər şeyi təşkil etmişdin – yemək hazırlanır, iş və ev geyimlərim təqdim olunur, internet xətti işləyirdi. Sonra mənə bir məktub göndərdin, səni başa düşmək istəmədiyimi yüngülcə qınadın, amma mənə hörmətini ifadə etdin, nə olur-olsun məni çox sevdiyini bildirdin. Bu ayrılıq çox çəkmədi, sənsiz çox qala bilmədim və evə qayıtdım.

Sevgi qısqanclıq sevər. Aramızda böyük qısqanclıq olmayıb. Utancaq olmaqla yanaşı, sadə və səmimiliyin insanları çox cəlb edirdi, cazibən böyükdü. Bu, səninlə ilk tanış olduğumuz zamanlar bəzən məndə kiçik bir qısqanclıq hissi yarada bilirdi. Amma, bu tez keçib getdi. Səni qısqanmağın günah olduğunu tez anladım. Qaldı ki, sənin məni qısqanmağına – bu da çox olmayıb. Gəncliyimizdə buna bir əsas olmayıb. Lakin yaşa dolanda, mən müəyyən dərəcədə tanınmış insana çevriləndə, mənimlə maraqlanan qız-qadınların mövcudluğunu gizlətmək mümkün deyildi. Bunu sən də eşidir, bilir, görürdün. Bu marağı şiddətə döndərən də olmuşdu; bu halda sən qısqanclıq hissinin yersiz olduğunu tam başa düşür və vəziyyətdən çıxmaq üçün mənə kömək edirdin.

Mənim müxtəlif qız və qadınlarla, həmkar və qonaqlarla oturub-durmağım, zarafatlarım səndə az da olsa bir qısqanclıq hissi doğurmazdı. Mən qadınlara hörmət və marağın həm də gözəlliyi seyr etmək, xoş ahəngi, harmoniyanı duymaq hissindən doğduğunu deyir, “gözəlliyi, zərifliyi qiymətləndirə bilməsəydim, bəlkə səni də kəşf etməzdim” deyə zarafat edirdim. Xarici səfərlərimizin birində təyyarədə yanaşı oturmuşduq, bizə gözəl, gülərüz bir qız – stüardessa çox mehribanlıqla xidmət edir, tez-tez gedir-gəlir, nə istədiyimizi soruşur, dilimizdən çıxanı həmin an yerinə yetirməyə çalışırdı. Qızın adı Gözəlpəri idi. Mənim anamın adı Pərixanım`dır. Bunu qıza dedim: “Anam pəri xanımdır, sən isə gözəl pərisən”. Qız nəsə gətirmək üçün gedəndə: “Yaxşı qızdır, ona nə yaxşılıq etmək olar?”, – deyə sənə müraciət etdim və birdən: “Bəlkə ona bir-iki misralıq bir şeir yazım?!”, – dedim. Sən: “Yaxşı fikirdir, de gəlsin” deyən kimi bir dördlük hazır etdim və yazıb qıza verdim. Qız həyəcanlandı və çox sevindi.

Gülməli hallar da olurdu. Hansısa izdihamlı rəsmi görüşlərin birində bir xanım sənin yanında mənə “girişmişdi” – belə demək mümkünsə. Məni sorğu-suala tutur, əlimdən tutur, əl çəkmirdi. Mən nəzakət çərçivəsini pozmadan aralanmağa çalışır, lakin bacarmırdım. Başımı qaldıranda sənin Fərhad Bədəlbəyli ilə söhbət etdiyini, məni və o xanımı göstərib xısın-xısın gülüşdüyünüzü gördüm.

Dünəni yaşadım, dünəndə bitdi

Uşaqlıq qayğılar dinəndə bitdi

Qısqanclıq, çılğınlıq dolu səhnələr

Ömrümüz payıza dönəndə bitdi.

Səni sevdim çox sadəcə

Ad gününü (1999-cu il) Xəzər Universitetində çalışan öz xanım dost və həmkarlarınla birlikdə Quba`da keçirmək istədiyini bildirdin. Mən: “Yaxşı edirsən, gedin”, – dedim. Mənimlə “darıxma, evdə işinlə məşğul ol, biz də sənin sevdiyin Qubaya gedək, kefimiz açılsın, dincələk, çalışacam tez qayıdaq”, – deyə salamatlaşıb Quba`ya yola düşdünüz. Mən ad günü münasibətilə sənə nə hədiyyə ala biləcəyim üzərində düşündüm. Düşündüm ki, günortadan sonra şəhərə çıxıb, bir dəstə yaxşı gül alaram, sonra bəlkə bir hədiyyə də taparam. Hərçənd ki, bu hədiyyənin nə ola biləcəyini təsəvvür etmirdim. Ümumiyyətlə, ad günlərində və digər əlamətdar tarixlərdə hədiyyə almağı yaxşı bacarmıram. Bəlkə də bu bacarıqsızlığım hədiyyə almağın mühüm iş olmadığı kimi qəribə düşüncə və ya bilincaltı ilə bağlıdır. Nəsə, başım oxuyub yazmağa qarışdı. Şəhərə çıxmağı bir az sonraya təxirə sala-sala günün keçdiyini və evdən eşiyə çıxma həvəsimin durmadan azaldığını hiss etdim.

Aha! Bildim nə edəcəm. Başımda bir fikir vardı: sevgi barədə danışanda və yazanda adətən “dərdindən dəli olmuşam”, “Məcnun yanımda heç nədir”, “eşq atəşindən külə döndüm” kimi təmtəraqlı sevgi təşbehləri ortada hökm sürür, sadə, səmimi sevgi, bağlılıq barədə çox danışılmır. Mən o məşhur aşiqlərdən deyiləm, amma sadəcə səni çox sevirəm; beynimdə “Sadəcə, çox sevdim səni” və bunun tərsinə düzülüşü “Səni sevdim çox sadəcə” ifadələri dolaşırdı. “Bu hissləri şeirə döndərib sənə hədiyyə etsəm pis olmaz”, – deyə düşündüm. Şeir hazır olanda onu sənə təqdim etmək üçün bir bəzəkli xüsusi kağız parçasına köçürdüm (onu bu yaxınlarda sənin kağızların arasında tapdım).

Gec gəldiniz, yəqin ki, gününüz maraqlı olmuşdu. Sən tək gəlmədin, səninlə bir yerdə Qubaya gedənlər bizə, çay içməyə gəldiniz. Bəlkə də tək gəlsən, “çox gec gəldin” deyə bilərdim. Hər halda, kefinizin kök olması və indi mənim iştirakımla kef məclisinin davam etməsi mənə də xoş idi. “Əzizim Nailə xanım, ad gününü təbrik edirəm, sənə xüsusi hədiyyə almamışam, bağışla bu yazıq bəndəni, amma, sənin şəninə bir şeir yazmışam, onu sadə bir hədiyyə kimi qəbul et” dedim və şeir yazılmış kağızı sənə uzatdım. “Oxuyun, oxuyun” səsləri gəldi. Şeiri oxudum.

Səni sevdim gündən-günə daha dolğun, daha incə

Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.

Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi

Səni sevdim gözəlliyə heyran olan insan kimi

Sadəcə, çox sevdim səni Səni sevdim çox sadəcə.

Mahnılarda anılmadım, dastanlarda yoxdur adım

Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım

İçimdəki ağrıların atəşindən kül olmadım

Sadəcə, çox sevdim səni Səni sevdim çox sadəcə.

Məcnun olub, dərdli eşqlə səhralara üz tutmadım

İnsanlardan uzaq düşüb ceyran-cüyür ovutmadım

Xəyallara səcdə qılıb vüsalını unutmadım

Sadəcə, çox sevdim səni Səni sevdim çox sadəcə.

Fərhad olub, dəryaları məcrasından döndərmədim

Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim

Dünyanın naz-nemətini sənə bəxşiş göndərmədim

Sadəcə, çox sevdim səni Səni sevdim çox sadəcə.

Romeo tək tez od alıb yanmaq üçün doğulmadım

Vaqif kimi pəri, sona göllərində boğulmadım

Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım

Sadəcə, çox sevdim səni Səni sevdim çox sadəcə.

Koroğlu tək eşq yolunda davalara alışmadım Haray salıb gözəllərin məclisinə qarışmadım

İstedadlı aşiq kimi Füzuliylə yarışmadım

Sadəcə, çox sevdim səni Səni sevdim çox sadəcə.

Səni sevdim gündən-günə daha dolğun, daha incə

Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə

Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi

Səni sevdim gözəlliyə heyran olan insan kimi

Sadəcə, çox sevdim səni Səni sevdim çox sadəcə.

Məclis əhli əl çaldı. Sənə çox xoş olduğunu, hədiyyəmin yerinə düşdüyünü hiss etdim.

Sən məni şair etdin

Uşaq yaşlarımdan riyaziyyat və təbiət elmlərinə rəğbətim və müəyyən dərəcədə qabiliyyətim vardı. Eyni zamanda, ədəbiyyatı çox sevirdim, bədii əsərləri oxumaqdan böyük həzz alırdım. Özüm də şeir, hətta dram əsərləri yazırdım. Bu uşaqlıq sevdası tələbə vaxtı və daha sonralar əsasən şeir şəklində davam etdi. Amma şeirləri dərc etdirmək barədə düşünmürdüm. Sadəcə, birdən ideya yaranır, şeir meydana çıxırdı; onların mətni dəftərlərdə və yazdığım gündəliklərdə qalırdı.

Tanış şəxslərə, o cümlədən qızlara yazıb verdiyim şeirlərin isə izi qalmırdı. Söhbətlərimizdə, çoşanda hazırlıqsız, sinədən gələn sadə şeirlər deyirdim. Bir qismi zarafat dolu, oynaq olurdu. Yazdığım rübai, bayatı və digər dördlüklərin bir qismi bu cür yaranıb. Məsələn, sən nazla: “Sən güclüsən, sadə adam deyilsən, mənim nəyimi bəyənibsən?” deyəndə, belə cavab vermişdim:

Çox sadə bir insanam mən

İnsanların çoxu kimi Sən zərifsən, sən incəsən Güldən gələn qoxu kimi.

Bu şeirlərin bəzilərini “yaz, mənə ver” deyirdin. Ümumiyyətlə, səninlə birlikdə mahnı oxumaq və şeir söyləmək həyatımın ən xoş anlarını təşkil edib. Hədiyyə almaq tənbəlliyimi bəzən şeirlə yumşaldır, sənə kiçik şeir təqdim edirdim. Bu yaxında sənin kağızların arasında mənim xəttimlə sənə ünvanlanmış 8 mart 2006 tarixli bir yazı tapdım:

Demişəm

(Aşıqsayağı) Geyinibsən güllü donu Hara gedir işin sonu?

Bir quru сanım var, onu

Al, sənə qurban demişəm.

Əğyar aranı vuranda

Mən boynu bükük duranda

Sən mənə qan udduranda

Mən sənə сan-сan demişəm.

Oda qalasan da məni

Oda düşüb allam səni

Сan yaxan odlu busəni

Canıma dərman demişəm”.

Sonralar bu şeirin “Geyinibsən güllü donu” misrası “Geyinibsən gödək donu” kimi dərc olunub.

“Səni sevdim çox sadəcə” şeirinin sədası ailədən kənara çıxdı, yayıldı, o cümlədən Xəzər Universitetində və bənzərsiz insan, professor Camal Mustafayevə də çatdı. Camal müəllim: “Hamletin şair təbiətli olduğu bəllidir, amma, şeir yazdığını bilmirdim”, – deyə sənə müraciət edib, mənim şeirlərimi istəyibmiş.

Bir gün əlində qəribə və gözəl, səthi kiçik, amma qalın bir dəftər mənə yanaşdın:

“Al bu dəftəri, xahiş edirəm şeirlərini köçür, mənə ver”, – dedin. Mən: “Nə oldu birdən-birə, neyləyirsən şeirlərimi?”, – deyə təəccübümü bildirdim, sən davam etdin: “Camal müəllimlə birlikdə sənin şeirlərini toplamaq qərarına gəlmişik”. Camal müəllim atamın yaxın dostu olub, sovet dövrü hər iki nəsil cəza tədbirlərinə uğrayıb. Sənə ali məktəbdə fəlsəfə dərsi demişdi, onun dərsindən xüsusi həzz aldığını yada salırdın. Çox sevdiyimiz, xətrini çox istədiyimiz Camal müəllimin sözünü yerə sala bilməzdim və sənin xahişini yerinə yetirməli oldum. Müxtəlif illərdə yazılmış şeirləri hissə-hissə topladım, ixtisarlar etdim, yüngülcə üzərində işlədim və birinci hissəni sənə təhvil verdim. Camal müəllim birinci kitabın adını “Təzadlar” qoydu və kitaba çox gözəl giriş məqaləsi yazdı. Beləliklə, sən məni planımda olmayan bir işə qoşdun, öz başımda şairlik sevdası olmasa da, sən məni şair etdin:

Qayda yaradanam, qayda pozanam

Sufiyəm, Dərvişəm, Dəli Ozanam

Şairlik sevdası yoxdur başımda

Məhəbbət coşanda şeir yazanam.

Bir qədər sonra “Bu da bir həyatdı”, “Dördlüklər” və “Ziyarət” adlı şeir kitablarım da dərc olundu. Şeirlər rus, çin, gürcü, türk, ingilis, ukrayna, özbək, fin, eston dillərinə çevrildi, müxtəlif ölkələrdə kitab şəklində, həmçinin jurnallarda dərc olundu. Bu şeirlər əsasında bəstəkarlar çox mahnı yazdılar və xüsusi tamaşalar hazırlandı. Sənin də bu mahnı cərgəsinə qoşulacağını təsəvvür etməzdim…

“Birinci yaradıcılıq birliyimiz”

Bir axşam həmişəki kimi pianonun arxasında oturub tanış mahnı, rəqs və romansları çalırdın. Arada mənim bilmədiyim bir melodiya səsləndi. “Bu nədir?” deyə soruşdum, cavabın qısa oldu: “Heç”. Fikir vermədim. Bir az sonra yenə oxşar melodiya səsləndi. Düşündüm ki, nəsə köhnə mahnılardan birini yada salmağa çalışırsan. O biri gün sanki bu melodiyanın davamını eşitdim və “Nailə, bu nədir? Nə edirsən, nə axtarırsan?”, – deyə sənə yaxınlaşdım. Bir az ürkək və utancaq baxışla: “Deyəsən mahnı bəstələyirəm” dedin. Təəccübləndim: “Nə? Mahnı? Bəs sözləri?” Sən gülümsədin: “Səni sevdim çox sadəcə mənə hədiyyə etdiyin şeirdir.” Və beləcə tanqo tipli gözəl mahnı yarandı. Pianoda çalıb ahəstə, xoş səslə oxuduğun bu mahnı məni çox sevindirdi; zarafat deyil ki, öz mahnımız əmələ gəlib. Lakin mənə görə daha mühüm olan sənin bəstəçilik qabiliyyətinin meydana çıxması idi.

Sənə: “Mahnını kimə verək oxusun?”, – dedim və kimlərin oxuya biləcəyini saymağa başladım. Sən ancaq “bilmirəm” deyir, bəzi adlara isə həmən “yox” deyir və izah edirdin: “Yumşaq, həzin oxuyan müğənni lazımdır, şansonye lazımdır, bax, Mirzə Babayev və ya Akif İslamzadə səhnədə olsalar, bu mahnını yaxşı oxuyardılar”, gülümsəyib əlavə etdin: “Və ya Salvatore Adamo”. Xeyli vaxt keçdi. Bir gün mənə “Tapdım mahnını kim oxuyacaq – İlqar Muradov”. Hardasa bir məclisdə İlqarın ifasını görmüş və bəyənmişdin. İlqar Muradov bu mahnını, doğrudan da, gözəl oxudu; mahnı dillər əzbəri oldu. Bu mahnını bir qədər fərqli tonda kanadalı müğənni Yusif Savalan, həmçinin gənc, həvəskar müğənnilər də oxudular.

“Səni sevdim çox sadəcə” mahnısını zarafatla “Birinci yaradıcılıq birliyimiz” adlandırdım. Əslində isə, səninlə evləndiyimiz ilk gündən yaradıcı birlik içindəydik, hər şeyə öz baxışımız vardı, xəyal gücümüz qoşa qanadlı idi.

Sonra mənim sözlərimə bir-birindən gözəl, bir-birindən fərqli, hər biri bənzərsiz melodiya üzərində qurulmuş yeni mahnılar bəstələdin. Sən mahnı yazanda çox sevinirdim, sən isə utanırdın ki, bəstəkarlıq bitirməmişən. Deyirdim ki, axı sən musiqiçisən, oxumusan, dərs demisən, klassik musiqini, rus və Azərbaycan musiqisini, ən köhnə mahnıları və melodiyaları bilirsən, musiqi ilə dolusan. Peşəkar bəstəkarlıq məktəbi keçmədən simfonik əsər, opera və balet yazmaq mümkün deyil. Ancaq mahnı bəstələmək fərqlidir, yüzlərlə gözəl mahnılarımız var ki, onlar yarananda bəstəkarlıq təhsili-təlimi yoxdu. Musiqi duyumu olan, musiqi ilə nəfəs alan, musiqiyə yaradıcı yanaşa bilən kəslərdir mahnı yazanlar. Onlar arasında müğənnilər, xanəndələr, cürbəcür musiqi alətində çalanlar, musiqi istedadına malik müxtəlif peşə sahibləri olublar.

Yadımdadır, bir dəfə hansısa bir görüşdə tanınmış ədəbiyyatçı tanışımız sənə müraciət etdi: “Nailə xanım, maşallah, gözəl mahnılar bəstələyirsiniz, təbrik edirəm. Ancaq, niyə yalnız Hamlet müəllimin sözlərinə? Bizim də şeirlərimiz var…” Sən qızardın: “Vallah, mən peşəkar bəstəkar deyiləm, elə-belə yazıram!”. Mən vəziyyəti düzəltməyə çalışdım: “Müəllim, şeirlərini göndər, Nailə xanım baxsın”. Müəllif şeir kitabını göndərdi. Mən: “Ayıbdır, xahiş edib, kitab göndərib, bir şeirini seç, bəstələ”, – dedim. Dinməz-söyləməz şeir kitabını götürdün, bir neçə gündən sonra: “Xahiş edirəm, məni sıxma”, – dedin. “Niyə sənin şeirlərinə mahnı yazıram?! Çünki onlar mənə doğmadır, bir çoxunun necə, hansı hisslərlə yazıldığını bilirəm, bir qismi birbaşa mənə aiddir. Səninlə, sən dediyin kimi, yaradıcılıq birliyimiz var. Həm də başqa bir şairin sözlərinə mahnı bəstələsəm, elə çıxa bilər ki, bəstəkar adına iddia edirəm. Məni bağışla, türklər demişkən, yapamam”. Mən təkid etmədim.

Həyat acılarla doludur

Həyatımızı kökündən dəyişdirən, həyəcan və ağrı ilə dolduran hadisə baş verdi. Sən ciddi surətdə xəstələndin. İstanbula getdik. Cərrahi əməliyyatdan sonrakı analizlər çox qorxduğumuz xəstəliyin əlamətlərini göstərdi. Yadımdadır, həkim bu xəstəliyin adını çəkəndə səni hələ əməliyyat otağından gətirməmişdilər. Zeynəb və mən, ata-bala sarsıldıq, qucaqlaşıb ağladıq. Səni gətirdilər, ayılmışdın, xəstəliyin nə olduğunu soruşdun. Yəqin ki, üzümüzdəki ifadə çox şey deyirdi; sən başa düşdün və sakitcə: “Neyləyək, belə oldu”, –dedin. Sonra səni uzun illər müalicə edəcək həkim bizə ürək-dirək verdi: “Bu xəstəlik geniş yayılmışdır və hazırda uğurla müalicə olunur. Narahat olmayın”. Narahat olmaq nədir, böyük təşviş içindəydik. Bununla yanaşı, həkimin inamlı sözləri, sənin qəti surətdə təlaşa düşməməyin nəticəsində bir az özümüzü ələ ala bildik.

Xəstəxanada Zeynəb sənin yanında qalmağa hazırlaşırdı. Mən etiraz etdim, qətiyyətlə “mən qalacam” dedim. Qaldım. Həmişə, hansı məkan olur-olsun, səninlə birlikdə, bir yerdə olmaq istəmişəm. Yanında məhz mənim qalmağım sənə çox xoş olmuşdu. Türkiyədə xəstə yanında qalan şəxsə “refakatçı” deyirlər. Bu sözün mənə ünvanlanması səni şənləndirdi və şuxluqla mənə: “Mənim əziz refakatçım”, – deyə müraciət etməyə başladın. Mən özümü refakatçılıq vəzifəsinə uyğun aparırdım; səninlə söhbətləşir və sənə qulluq edirdim. Yanına gələnlərə: “Heç Hamletdən gözləməzdim, mənə əməlli-başlı qulluq edir, salat düzəldir, meyvə hazırlayır, xörəyi verir, yığışdırır, nə istəyirəm edir, üstəlik, şeir deyir, mahnı oxuyur, mənə heç kim belə refakatçılıq edə bilməzdi”, – deyir, xoş təəccübünü bildirirdin. Məişət məsələlərini tam üzərinə götürüb məni o qədər azad və bu mənada ərköyün etmişdin ki, indi sadə xidmət qabilyyətimə təəccüblənir və bu çox kiçik xidməti qiymətləndirməyi unutmurdun.

Səni yüksək savada malik qabiliyyətli həkim müalicə etməyə başladı; müalicə oluna biləcəyik – bu ümidimiz İstanbulda qaldığımız müddətdə möhkəmləndi.

Müəyyən olundu ki, başlanğıcda standart müalicə üsulunun tətbiqi üçün hər üç həftədə bir İstanbula getməliyik.

Həyat, təəssüf ki, xəstəliklə, acılarla doludur. Heç xəstələnməyən adam yoxdur. Sağlam həyat tərzi keçirən, normal qidalanma fiziologiyası, maddələr mübadiləsi və ifrazata malik insanlar, adətən, az xəstələnirlər. Mən bu sırada olsam da, gəncliyimdə bir dəfə xəstələnmişdim. Gecən-gündüzün mənimlə keçdi, həkimlə yanaşı, əslində həkimdən daha çox sən məni müalicə etdin, sağaltdın. Qayğı, qulluq və sənin yüksək tibbi mədəniyyətin – belə demək mükünsə, ailəmizə də, düçar olduğun ağır xəstəliyin müalicəsinə də kömək etdi. Evdə həkim qardaşından öyrənməyə başlamış, sonra ümumi tibbi biliklərə həvəs göstərmişdin. Ailənin sağlamlığını qorumaq zərurəti səni “ev həkimi” etmişdi. İnternet zamanında öyrənmək yolu daha açıq olmuşdu və sən bu yolu da yaxşı keçdin; bununla yanaşı, çağdaş tibb ilə uyğun gəlməyən şübhəli, amma reklam olunan, möcüzə kimi qələmə verilən ara müalicə üsullarına qəti baş qoşmadın.

Xoşbəxtlik fəlsəfəsi

Xəstələndiyin dövr, qəribə səslənsə də, həm də çox mənada çiçəkləndiyin dövr idi. Xəzər Universitetinin xoş bir təhsil və mədəniyyət ocağına çevrilməsi yolunda yorulmadan, həvəslə fəaliyyət göstərməyə davam etdin. Səninlə birlikdə Xəzər Universiteti nəzdində bir məktəb qurmaq qərarına gəldik. Bu məktəbə “Dünya Məktəbi” adı verdik. Xəzər Universiteti və Dünya Məktəbinin, elə öz evimiz və bağımızın tərtibində də yüksək estetik duyğu, incə zövq sahibi olduğun göründü. Nəhayət, məni heyran edən musiqi duyumun bar verdi mənim sözlərimə birbirindən gözəl mahnılar bəstələməyə başladın.

Aramızda qadağan olunmuş mövzular yoxdu, ağlımıza gələn və lazım bildiyimiz hər şey barədə dadlı-dadlı söhbət edirdik – ailə, sevgi, universitet, məktəb, musiqi, elm, ədəbiyyat, tarix, dəniz, dağ, səfər, xəstəlik… Xəstəlik barədə nikbin düşüncələrin bizə ağlamağı-sızıldamağı deyil, həyatın dadını, ləzzətini duymağa, yaşamağa imkan verdi. Sən həyata baxışını sözlərlə ifadə edirdin: “Həyatımız çətinliklərlə, hətta faciələrlə doludur, bunu bilə-bilə yaşamağı, yaxşı yaşamağı, xoşbəxt olmağı bacarmaq lazımdır. İnsanlar xəstəliklərini, xüsusilə ağır sayılan xəstəliklərini ətrafdakılardan gizlətməyə çalışır, bununla da içinə qapanır və ya əllərini həyatdan üzürlər. Xəstəliyi qarşımıza çıxan bir problem kimi qəbul edib, həyatı dolu-dolu yaşamaq lazımdır”. Sən bu həyat fəlsəfəsi ilə xoşbəxt yaşadın, elə-belə yaşamadın, qurdun, yaratdın, məni də, səni əhatə edən insanları da xoşbəxt etdin.

Hər halda, xəstəliyin bizi səfərbər etdi, zəruri saydığımız addımları atmağa başladıq. Xəstəliyin meydana çıxdığı ilk il çox qorxmuşduq. İngiltərədə yaşayan, həm özünün, həm həyat yoldaşının çox yaxşı işi olan Aygün balaca Altayın da daxil olduğu ailəsi ilə Bakıya köçməyə qərar verdi. O, sənin çətin günlərində, gələcəyə ümidimizin kövrək olduğu bir zamanda səninlə yanaşı yaşamaq, qayğına qalmaq, səninlə ünsiyyətdə olmaq üçün işini buraxıb Bakıya gəldi. Aygün`gilin Bakıda yaşadıqları il yarım həyatımızın maraqlı dövrü idi. Sonda sən: “Bala, mənim yanıma gəldiniz, qayğıma qaldınız, kefimizi qaldırdınız, çox sağ olun. İndi mən yaxşıyam, qayıdın gedin İngiltərəyə, mənə görə işinizdən geri qaldınız, gedin, həyatınızı istədiyiniz kimi qurun. İndi gediş-gəliş asanlaşıb, biz də gələcəyik, iş, ailə imkan verdiyi qədər siz də bura, öz evinizə gəlin”. Ailəmizdə bir qayda qoymuşduq – kim harada, hansı ölkədə olur-olsun, imkan dairəsində böyük ailəmizin bir yerə yığışmasını təmin etməliyik. Xüsusilə yay aylarında birgə istirahət etməyi adətə çevirdik.

Mənim İnci Çiçəyim

“Oturum bir mahnı yazım” kimi iş prinsipin yoxdu. Mahnıların hər birinin arxasında bir xoş təsadüf, bir hadisə və ya hansısa bir ideya dayanırdı. Yadımdadır, bir qış gecəsində söhbət edirdik.

Ümumiyyətlə, mən gecə adamıyam; gecələr oxuyub-yazmağı sevirəm, uşaqlıqdan bəri həmişə belə olub, bu gün də belədir. Sən isə gecə vaxtında yatıb səhər vaxtında durmaq istəyən təbii, normal insan idin. Bununla belə, mənim qəribəliyimi və qrafikimi nəzərə almalı olurdun. Gecə boyu çalışanda acır və yemək istəyirdim. Sən gecə yeməyim üçün xüsusi hazırlıq görürdün. Zaman keçdikcə, yaşa dolduqca sən də gecə həyatını uzatdın. Maraqlı gecə söhbətlərimiz olurdu, musiqiyə qulaq asır, filmə tamaşa edirdik və ya hərəmiz öz işimizlə məşğul olur, arada bərabər çay içirdik.

Yadımdadır, Kanada səfərinə hazırlaşırdım. Məktəbdə və universitetdə fransız dili ilə məşğul olmuş, sonra elmi fəaliyyətimlə bağlı ingilis dili öyrənmək lazım gəlmişdi. Səfər öncəsi ingilis söz və ifadələrinin tələffüzü ilə məşğul olurdum.

Gecə yarı idi, hündür səslə tələffüz edirdim: “Meet me” (səslənməsi: “miit mi”).

Bir də gördüm gecə paltarında incik halda yanıma gəldin: “Nə istəyirsən mənnən, qoymazsan bir az gözümün acısını alam”. Mən başa düşmədim: “Nə deyirsən? Səni çağırmadım ki…” Sən: “Necə yəni çağırmadın, səsin evi titrədir – dalbadal meyit, meyitmisən deyirsən”. Məni gülmək tutdu, səni qucaqladım və vəziyyəti izah etdim. Sən də ürəkdən güldün.

Hə, bir qış gecəsi çay içir, söhbət edirdik. Birdən dilləndin: “Ay Hamlet, bilirsən burnuma nə qoxusu gəldi? Landış! Landış yaz çiçəyidir, qışın ortasında hardan gəldi bu qoxu?” Və landışın incəliyi, rəngi, yetişmə coğrafiyası haqqında danışmağa başladın. Gülləri yaxşı tanıyırdın. Mən: “Azərbaycanca landışa nə deyirlər”, – deyə soruşdum: “Bilmirəm”, – dedin. İş otağıma keçdim və landışa dilimizdə “inci çiçəyi” deyildiyini müəyyən etdim. Tənbəllik etməyib tez “İnci çiçəyi” adlı sadə bir şeir yazdım və: “Sən məni məst eyləyibsən, mənim İnci Çiçəyim, buyur!”, – deyə sənə təqdim etdim:

Sən gözələ gözüm düşüb,

Elin elimdən,

Dilin dilimdən. Fələk elçi düşsə belə Verməm əlimdən.

Naz eyləsən, əl ataram

Hər fəndi-felə,

Əlləşmə göylə,

Eşqimə aç qucağını,

Şükürlər eylə.

Sənsiz gülşənim puç olar,

Duy bu gerçəyi,

Çöllər göyçəyi.

Sən məni məst eyləyibsən,

İnci çiçəyi.

Qısa bir zaman keçdi, “İnci çiçəyi” mahnısını yazdın. Həyat eşqi ilə dolu fövqəladə gözəl mahnı alındı. Bütün təvazökarlığınla yanaşı güclü, incə, şən ruhlu qeyri-adi mahnı doğulduğunu özün də gördün, hiss etdin. Yadımdadır. Bir dəfə rəfiqən, pianoçu Yeganə xanım Axundova bizdə idi, ona: “Yeganə, deyəsən bir mahnı yazmışam, bax, gör bir şeyə dəyərmi?”, – dedin və mahnını çalıb oxudun. Yeganə xanım mat-mat, heyranlıqla sənə baxırdı. Onu, istedadlı musiqiçini təəccübləndirən və sevindirən tək sənin gözəl bəstən deyildi, həm də səndəki nikbinlik, həyat sevgisi idi; sən sanki xəstəliyini unutmuş, əvvəlki kimi şən, musiqili həyatını yaşayırdın, hətta daha yüksəyə qalxmış, mahnı yaradıcılığına qədəm qoymuşdun. Yeganə xanım mahnını çox bəyəndi, həyəcanlandı və: “Nailə xanım, sizə pərəstiş edirəm, mən sizdən yaşamağı öyrənirəm”, – dedi.

Bu dəfə mənim “bu mahnını Brilliant xanım yaxşı oxuyar” fikrimi bəyəndin. Mahnıların studiyada oxunması və yazılması prosesində özün də iştirak edir, arzu və qeydlərini bildirirdin. Brilliant xanım mahnıda nəqərat rolu oynayan ikinci beşliyə “Əlləşmə göylə” və “Şükürlər eylə” ifadələrinə bənzər daha bir ifadənin artırılmasını xahiş etdi və mən mətnə kitab variantında olmayan “Tərs olma böylə” ifadəsini daxil etdim. Brilliant xanım gah “Tərs olma böylə”, gah da “Naz etmə böylə“ deyə oxudu. “İnci çiçəyi” çox sevilən bir mahnıya döndü. Mahnıya həvəskar müğənnilər də müraciət etdilər.

Zaman keçdikcə “İnci çiçəyi” sənin rəmzinə çevrildi. Dünya Məktəbi konfranskonsert salonuna “İnci çiçəyi salonu” adı verildi, şəninə “İnci çiçəyi” adlı film çəkildi.

“Lalə dözməz vüsalə”

Yaz ayları səfərlərimiz artırdı. Yaz hər yerdə gözəldir. Bir neçə maşınla Gürcüstana, ata evimizə getməyə qərar verdik. Yolda yaşıl çölü qırmızı rəngə boyayan lalələri görəndə həyəcanlandın: “Nə gözəldir, maşını saxlayın mümkünsə”. Ağsaqqalımız Camal müəllim, qohum-qardaş və dostlar lalələrin eşqilə çölə səpələndik. Sən sanki lalələrlə oynayırdın – onları əlinlə sığallayır, onların arasında oturur, durur, gəzirdin. “Laləni dərmək yox, yerində seyr etmək maraqlıdır”, – dedin. Sənin bu sözün məni düşündürdü: “Zəriflik, işıq, alov toxunmaq üçün deyil, gözəlliyi duymaq, onlardan ilham, işıq və istilik almaq üçündür”. Və “Lalə” şeirini yazdım.

İnсə alov tək dikəldi,

Parladı yandı lalə, Gözümüzə işıq gəldi,

Könül сumdu xəyalə.

Yanağı al-qırmızıdı,

Göydə yazılmış yazıdı,

Allahın doğma qızıdı, Əhsən o mahсəmalə.

Dağlı, çöllü, meşəlidi,

Sərxoş, ürkək, ya dəlidi,

Hər halda çox nəşəlidi, Gəlməyəydi zavalə…

Onu işvəkar sanmayın,

Ona dəyib toxunmayın,

Amandır, vüsal ummayın,

Lalə dözməz vüsalə…

Bakıya dönəndə yenə piano arxasına keçdin və sanki mənə məlum olmayan bir oyun havasına bənzər bir şey çalmağa başladın. Bu dəfə heç nə soruşmadım, gözlədim. Bir qədər sonra “Lalə” şeiri əsasında mahnı yazmağa başladığını söylədin. Çox gözəl, oynaq bir hava bəstələməkdə idin. “Sonluğu alınmır” deyə mahnını bitirə bilmirdin. Ümumiyyətlə, mahnının hər nöqtəsi üzərində düşünür, səslənmənin təmizliyinə, hamarlığına xüsusi fikir verir, mahnıdakı dalğalanma ilə təbii ahəngi bir-birinə qovuşdurmağa çalışırdın. Əlbəttə, yaradıcı xəyalı və axtarışı sözlərlə təsvir etmək mümkün deyil. Qərarvermədə hansısa estetik duyğu rol oynayır. Beləliklə, mahnını yazdın, amma: “Mahnının son notlarını hələ tapa bilmirəm”, – deyə axtarışda oldun.

İrana dəvət olunmuşdum. Astarada sərhəd məntəqəsini keçirdim. Cib telefonum zəng çaldı, götürdüm, sənin şən, cingiltili səsin gəldi: “Hamlet, tapdım!”. Mən anlamadım: “Nə deyirsən, nəyi tapdın?” “Lalə`ni deyirəm, mahnını, sonluğunu tapdım, bitirdim, mahnı hazırdır” deyib, həmin yeri – son dördlüyü avazla oxudun, təkrarlama variasiyalarını, uzatmaları nümayiş etdirdin. Mən “əla” deyib, səni təbrik etdim. Bu mahnı əvvəlcə Brilliant xanımın ifasında estrada üslubunda, sonra Aygün Bəylərin ifasında xalq çalğı alətlərinın müşayiəti ilə gözəl səsləndirildi; hər ikisi çox yaxşı təsir bağışladı. Gözəl oyun havası üslubunda yazılmış bu mahnının əsasında bir neçə quruluşda rəqs də qoyuldu. Gül-çiçək vurğunu idin. Evimizi, bağımızı, Dünya Məktəbini gül-çiçəyə, yaşıllığa bürümüşdün. Gül-çiçəyi qoxulayır, əzizləyir, onlarla danışır, onlara mahnı oxuyurdun. Mənim “Nərgizim” və “Bənövşə” adlı dərc olunmamış şeirlərim vardı, onları sənə oxumamışdım, uyğun bir vaxtda oxuyacaqdım və bəlkə də sən yeni bir melodiya zümzümə edəcəkdin…

“Gözəldir”

Bu ərəfədə daha bir mahnı bəstələdin. “Gözəldir” adlı qoşma yazmışdım. Onu aşıq havası üstündə oxumuşdular. Sən gözəl bir romans yazdın. Mahnı üçün şeirdəki yeddi dördlüyün dördünü seçdin (müğənniyə “dördlüklərdən birini başqası ilə əvəz edə bilərsən” deyirdin): Bulaq çaya dönür, axır şırhaşır, Sevdalı meşədə kìm pıçıldaşır?

Hər yanda möcüzə, xəyalım çaşır,

Aran da gözəldir, dağ da gözəldir!

Torpaqdan uzaqda, tozdan uzaqda,

Hərcayi, töhmətli sözdən uzaqda,

Qol-qola gəzməyə gözdən uzaqda

Bağça da gözəldir, bağ da gözəldir!

Rəng verər gözəlin üzü, rəng alar,

Utanıb qızarar, dərddən saralar,

Binadan aybəniz, ya əsmər olar,

Qara da gözəldir, ağ da gözəldir!

Bir kəs ki, olubdur eşq avarəsi,

Sağalmaz qəlbini didən yarəsi, Öldürər, dirildər, yoxdur çarəsi,

Ölən də gözəldir, sağ da gözəldir!

Bu romansı Samir Cəfərov fövqəladə gözəl oxudu. Daha sonra onu İlqar Muradov, Fərid Əliyev və digər müğənnilər də həvəslə ifa etdilər.

“Külək və qız”

Universitetlərarası əməkdaşlıq proqramı üzrə növbəti səfərə çıxmışdıq. İtaliyada, o cümlədən Roma şəhərində görüşlər keçirir və gəzirdik. Səhər hoteldən çıxmazdan əvvəl yuyunub, üz-gözümü səliqəyə salırdım. Səsini eşitdim, sanki mahnı oxuyurdun. Diqqət etdim – sözsüz mahnı, vokaliz idi oxuduğun və italyan musiqisinə bənzəyirdi. Çoşmuşdun, üzün gülür, uca melodik səsin gəlirdi. Soruşdum: “Nə oxuyursan, nədir oxuduğun?”. Çiynini çəkib oxumağına davam etdin, bir az sonra: “Bilmirəm bu nədir, beynimə düşüb, çıxmır”, – deyib, əllərini yelləyə-yelləyə daha aşağı səslə musiqini mənə başa salmağa çalışdın.

Mahnılar adətən iki cür yaranır, əksər hallarda bəstəkar bir şeirə rast gəlir və onu musiqiyə düzür, mahnı yazır. Digər halda isə, bəstəkarın beyninə bir melodiya düşür, sonra ona uyğun şeir axtarır. Deyəsən, bu dəfə yaşadığımız İtaliya təəssüratı ilə sən bir melodiya yaratmışdın. İki gündən sonra musiqini sanki formalaşdırdın. Oxuya-oxuya: “Buna uyğun söz ver”, – dedin. Mən həm musiqinin heca ölçüsünü, həm ruhunu anlamalı və sənə şeir tapmalı idim. Bir qədər fikirləşdikdən sonra tələbə vaxtı yazdığım və küləyin qıza qarşı sevgisini tərənnüm edən “Külək və qız” adlı şeirin namizədliyini irəli sürdüm.

Külək oxşar yanağını, Öpər ürkək dodağını.

Yellədəndə köynəyini,

Qaldıranda ətəyini

Külək dəmdən fəğan eylər,

Tamaşaya çıxar göylər.

Saçlarının dalğasında

Qəvvas olub üzər külək. Köynəyinin yaxasında,

Vüсudunda gəzər külək. Əsər, сoşar, hüсum eylər, İnсə vüсud yelə neylər? Dəf etməyə taqətmi var, Zərif çiçək selə neylər?

Bəlkə dəli bir eşqi var,

O eşq ilə diyar-diyar Əsər külək, nəğmə söylər,

Tamaşaya çıxar göylər?!

Əvvəlcə şeirə etiraz edib başını yellədin, sonra elə ki, sənin melodiyanı bu şeirin sözləri ilə birlikdə oxumağa başladıq: “Hə, deyəsən düz gəlir”, – dedin. Təbii ki, artıq seçilmiş şeirlə musiqi arasındakı əlaqəni dəqiqləşdirdin. Bakıya qayıdanda mahnının üzərində işləyib, onu cilaladın. Səsi və kübarlığı ilə Azərbaycanda yaxşı tanınmış gürcü qızı Manana bu zərif lirik mahnını ustalıqla ifa etdi.

“Tez gəlin”

Geniş yayılmış “Dünya balacalaşıb” ifadəsi mövcuddur. Sürətli nəqliyyat və mobil telefon kimi məsafədən ünsiyyət vasitələri hər hansı məsafəni qısa zamanda qət etməyi və ya bir an içində xəbərləşməni mümkün etmişdir. Bu, öz növbəsində, insanların səyahət etmək və ya yer dəyişdirmək həvəsini çox artırmışdır. Uşaqlarımız müxtəlif ölkələrdə təhsil alıb, oxuyub yaşamaq imkanı əldə etmişlər. Bizim qızlarımız da istisna deyillər. Lakin məsafədən ünsiyyətin güclənməsi üzüzə ünsiyyəti tam əvəz edə bilmir, doğmaların həsrətini çəkirik. Belə şəxsi hisslər altında “Tez gəlin” adlı bir şeir yazmışdım. Adətən, müəyyən istisnalar xaricində, yazdığım şeirləri həmən kiməsə oxumaq adətim yoxdur. Şeir müəllifin öz-özünə danışığıdır, pıçıltısıdır, sevinc və ya kədərinin ifadəsidir; insan öz-özünə danışığını çox zaman bəyan etmir, buna ehtiyac duymur. Şeir yalnız dərc olunduqdan sonra təbii qayda ilə, müəllifin kefindən asılı olmadan yayılır. Bu şeir məhz qızlarımız üçün darıxdığımızı ifadə etdiyinə görə yazılan kimi sənə oxudum.

Sirr deyil keçənim, ötənim,

Titrəməz qorxudan bədənim,

Qəlbimsə tìtrəyər hər səsdən,

Xoş xəbər umaram hər kəsdən.

Nəğmələr dərdimə həyandır,

Çağlayır görüşə həvəsdən

Könlümü üzməyin, amandır,

Tez gəlin, hay salın, ay mənim Dünyanı fəth edən ləşkərim: Aygünüm, Zeynəbim, Aytənim, Evimin bəzəyi Ülkərim.

Saçımda parlayan ağ dənim

Yox olan günlərimdir mənim.

Ayrılıq dərdinə düçaram,

Sìzləri röyamda qucaram.

Qanadlı yel kimi əsərəm,

Ellərdən ellərə uçaram.

Tez gəlin, qurbanlar kəsərəm,

Sevinər, əl çalar vətənim,

Ey ruhum, ey canım-cigərim:

Aygünüm, Zeynəbim, Aytənim,

Evimin bəzəyi Ülkərim.

Sən bu şeir əsasında növbəti mahnını yazdın. Şeir o qədər də geniş yayılmamış 3+3+3 şəkilli doqquz hecalı vəzndə yazılmışdır. Şeirin bu xüsusiyyətini musiqidə gözəl əks etdirən bir texnika işlədin – üç hecalı sözlər əsasında bir-birini izləyən valssayağı qısa və uzun dalğalar ardıcıllığı düzəltdin. Mahnıda görüş arzusunu nikbin, hətta parlaq boyalarla vermişdin. Mahnı yazılan kimi Natəvan Şeyxova yadımıza düşdü; səhnədə olsa, aydın, cingiltili səsi və özünəməxsus oxuma tərzi ilə bu mahnıya qanad verə bilərdi. Mahnını “Kristal” qrupuna verdin və yanılmadın ifa fövqəladə dərəcədə gözəl alındı. Sonralar mahnını Natəvan xanıma göstərəndə və “yadımıza sən düşdün” deyəndə, o: “Bu mahnını oxuyacam”, – dedi və oxudu! Mahnını Məhsəti Cabbarova və digər müğənnilər də ifa etdilər. Mahnı olunmamışdan əvvəl qızlarımıza qulaq asdırdın və… kiçiyimiz Ülkər istisna olmaqla digərləri xahiş və tələb etdilər ki: “Mahnıda bizim adımız oxunmasın”. Mən “Aygünüm, Zeynəbim, Aytənim” misrasının “Ay üzlüm, gözündən gülənim” ilə əvəz oluna biləcəyini dedim. Mahnı bizim nəzarətimizdən çıxdı və hər iki variantda oxundu.

“Tək qalmaq istəyirəm”

İnsan ünsiyyətsiz yaşaya bilmədiyi kimi tək qalmağa da ehtiyac duyur. Hayküydən, dünyadakı haqsızlıqdan qaçmaq, tək qalmaq, təklikdə düşünmək, dincəlmək istəyir insan. Bu barədə “Tək qalmaq istəyirəm” adlı şeirim var. Sən bir gün bu şeirə musiqi yazmaq istədiyini dedin. Mən çox təəccübləndim, çünki bu şeir sanki musiqinin tələb etdiyi sabit ölçüyə malik deyildi, sərbəst vəzndə yazılmışdı, üstəlik, xalis lirika və ya sevgi şeiri deyildi. Bu sözləri sənə deyəndə: “Nə bilim, şeirdəki fikir xoşuma gəlib və şeiri oxuyanda musiqinin gəldiyini hiss etdim”, – deyə artıq işə başladığını qeyd etdin. Şeirin hamısını deyil, bir hissəsini seçmiş, üstəlik, yerdəyişmələr etmişdin. Seçimin belə olmuşdu (mahnıda mətn iki dəfə oxunurdu):

Yoruluram

Şəhərlərin hay-küyündən,

Qaçmaq istəyirəm hərdən

İnsanlardan, bu gündən.

Bezirəm

Müdrik səbrdən,

Dünyanın gərdişinə dözümdən;

Uzaqlaşmaq istəyirəm Özümdən. Gözlərimi yumuram Əlacsız qalanda.

Təkliyə cumuram

İlk imkanım olanda.

O anda

Bir sadə tütək almaq Və təklik havası çalmaq

Keçir ürəyimdən. Təklik– fikrimin süsləndiyi ən uca yüksəklik. Təklik– xəyalımın bəsləndiyi ən xoş gerçəklik.

Bənzəri olmayan bir mahnı yazdın. Ümumiyyətlə, heç bir mahnın digər mahnına bənzəmir. Mahnını çalıb öz səsinlə oxuyanda həmən Flora Kərimova`nın adını çəkdik. Mahnı sanki onun səsinə və oxu üslubuna uyğun yazılmışdı (sənin Flora xanımınkına bənzər xoş səsin vardı). Mən Flora xanıma zəng etdim, sizi görüşdürdüm. Mahnı Flora xanımın çox xoşuna gəldi, “hazırlaşıb oxuyacam” dedi. Bu, Flora xanımın kefinin olmadığı, bir qədər xəstələndiyi və əməliyyat olunduğu vaxtlara təsadüf etmişdi. Bu səbəbdən mahnının ifasında müəyyən gecikmənin ola bilməsi ehtimalı vardı. Lakin, bu gecikmə gözlənildiyindən çox oldu, yarım ili keçdi. Məndə “Bəlkə Flora xanım hal və əhvalına görə mahnını oxuya bilməyəcək” fikri yarandı. Bu səbəbdən: “Bəlkə mahnını başqa bir müğənniyə verək ki, oxunsun, hayıfdır. Flora xanım nə vaxtsa oxumaq istəsə, çox gözəl, qoy oxusun”, – deyə səninlə məsləhətləşdim. Sən tərəddüd etdin, lakin, mənim fikrimə qarşı çıxmadın, mahnını gənc müğənni Elton Hüseynəliyev`ə verdin.

Elton yenicə oxumuşdu ki, Flora xanım sənə zəng etdi. Zəng – necə zəng?! Flora xanım inciyibmiş, telefondan onun məlahətli, amma yanıqlı, doluxsunmuş səsi gəlirdi: “Bu mənim mahnımdır, mənə aiddir, mənim həyatımı əks etdirir, onu mən oxumalıyam” deyirdi.

Sən Flora xanımla rahat danışdın: “Flora xanım, mahnımızı sizin oxumağınız bizim üçün şərəfdir. Bu mahnı yazılanda onun ifası üçün sizdən başqa heç kimi düşünmədik və oxumaq üçün sizə müraciət etdik, sizdən xahiş etdik. Sizdən uzun müddət səs çıxmadığı üçün bəlkə oxumayacaqsınız fikri əmələ gəldi bizdə. Siz oxuduğunuz mahnıları başqa müğənnilər oxusa da, yaddaşlarda sizinki qalır. Buyurun, oxuyun, səbrsizliklə sizin ifanızı gözləyirik”. Və Flora xanım növbəti ustalığını nümayiş etdirdi, onun çox gözəl oxuduğu bu mahnı daha çox “Təklik” adı ilə tanındı.

“Gəlsən kiçik bir məktəb açaq?”

Xəzər Universiteti güclənir, sədası sərhədləri aşır, öz seçilmiş tələbə, məzun və müəllimləri, elmi-mədəni-mənəvi mühiti ilə cazibə mərkəzinə çevrilməkdə idi. Məzunlarını qəbul etdiyimiz orta məktəblərin vəziyyəti də bizim maraq dairəmizdə idi. Azərbaycanda, xüsusi halda Bakıda ürəyimizcə yaxşı məktəb tanımırdıq.

Bir axşam evdə məktəblərin vəziyyəti barədə söhbət edirdik. Sənə müraciət etdim: “Gəlsən kiçik bir məktəb açaq?”. Sən həmən “Necə?” dedin, mənim cavabım da qısa oldu: “Onu sən de”. Sən bir qədər fikirləşib “İxtiyarımız varmı? Birinci bunu bilmək lazımdı, varsa, ikinci sual məktəbi harada açmaq, yer varmı?”. Beləcə, yarı zarafat, yarı ciddi “məktəb aça bilərikmi?” deyə düşünməyə başladıq. Məktəb barədə öz-özümüzə verdiyimiz “olar ya olmaz?”, “nə vaxt?”, “harada?”, “necə?” kimi suallara cavab hazırlamaq uzun çəkmədi. Ölkəmizdə özəl universitetlər fəaliyyət göstərirsə, ibtidai və orta məktəb yaratmaq niyə mümkün olmasın?!

Sadəcə, bu işə girişmək və onu qanuniləşdirmək lazım gələcək. Vaxta gəldikdə, ən doğrusu, yəqin ki, hazırlıq işləri görüb dərs ilinin əvvəlində və ya bir az sonra fəaliyyətə başlamaqdır. “Harada” və “necə” məsələlərində fikirlərimiz eyni olmadı, haçalaşdı.

Mən məktəbin başlanğıcda Xəzər Universiteti daxilində yer almasını doğru sayırdım, sən isə buna etiraz edib: “Universitet və ibtidai-orta məktəb yaş, tədris və psixoloji mühit baxımından bir yerdə olmamalıdır”, – deyirdin. Mən tədris edəcək şəxslərin başlanğıcda əsasən Xəzər Universiteti müəllimləri arasından seçilməsini mümkün sayır, sən isə əsasən məktəb müəllimlərinə üstünlük verilməsini zəruri hesab edirdin. Nəzərdə tutulan və üfüqdə gördüyümüz məktəbin adı nə olsun? Tezliklə “Dünya Məktəbi” adı üzərində qərarlaşdıq. Bu məktəb şagirdlərə, dünyanın nə olduğunu deməyə çalışacaq, dünyadan baş çıxarmağı öyrədəcək. “Dünya Məktəbi” Azərbaycanı dünyaya açacaq, dünyanı Azərbaycana gətirəcək, Azərbaycan vətəndaşı ilə dünya vətəndaşı tərbiyəsini bir-birinə qovuşduracaq, şagirdlərə gözəl bir dünya bəxş edəcək, şagirdlərə öz dünyasını yaratmağı öyrədəcək. Düşündüyümüz məktəbin fəlsəfəsi sadə idi: şagirdləri doğma balalarımız sayırıq, bu halda, onları sevirik, eyni zamanda onlara qarşı ciddiyik, məsuliyyətimiz var. Çalışırıq ki, onlar faydalı bilik xəzinəsi əldə etsin və tənqidi düşüncə sahibi olsunlar.

1998-ci ilin sentyabr ayında Xəzər Universitetinin Nizami rayonu, Məhsəti küçəsində yerləşən binasında Dünya Məktəbinin eksperimental siniflərini açmağı qərarlaşdırdıq. Həm universitet, həm də məktəb müəllimlərini cəlb etməklə dərslərə başladıq. Müəyyən müddət keçdikdən sonra başlanğıcda özümüzü ibtidai məktəb sinifləri ilə məhdudlaşdırmağı qərara aldıq aşağıdan özümüz yetişdirək fikri ilə.

“Dünya Məktəbi”nin baş qurucusu

Dünya Məktəbinin qurulması get-gedə sənin əsas və sevimli məşğuliyyətinə çevrildi. Cəmiyyət içində Dünya Məktəbinə maraq artdı. Məktəbə cəlb etmək istədiyin müəllim və inzibati işçiləri, şagird və valideynləri elə gözəl qarşılayır, elə açıq, dostyana və inandırıcı söhbət edirdin ki, gələn geri qayıtmaq istəmirdi. “Məktəb üçün xüsusi ayrılmış yer olmalıdır” fikrinin üzərində israrla durdun, dediyindən dönmədin. 2001-ci ildə şəhər mərkəzində (Bəşir Səfəroğlu küçəsində) inşa etdiyimiz yeni dördmərtəbəli binanı Dünya Məktəbinə verməkdən başqa çarəmiz qalmadı; həmin il məktəbdə artıq bütün ibtidai siniflər fəaliyyət göstərirdi. Beləliklə, Dünya Məktəbini universitet çərçivəsindən, eksperimental siniflər səviyyəsindən çıxarıb müstəqilləşdirdin; məktəb öz binası, müəllim və inzibatçıları olan bir quruma çevrildi. Bununla yanaşı, Dünya Məktəbinin bir mühüm əlaməti onun universitet məktəbi olması idi. Məktəbin Xəzər Universiteti ilə üzvi bağlılığını güclənirdin, tədris proqramlarının hazırlanması və məktəbdə bəzi dərslərin tədrisi üçün məktəb təcrübəsi olan və ya məktəbə maraq göstərən universitet müəllimlərini işə cəlb etdin.

Məktəb dövlət qeydiyyatından keçdi, yəni dövlət tərəfindən tanındı, akkreditə olundu. Eksperimental siniflər zamanı sənin də daxil olduğun kiçik bir idarəetmə qrupu yaratmışdıq. Məktəb şəhər mərkəzinə köçürüləndə isə mən israr etdim: “Sən idarə edəcəksən!” Beləliklə, Dünya Məktəbini bərabər təsis etdik və sən uzun illər məktəbin qurucu direktoru kimi çalışdın. Xəzər Universitetinin qurulmasında mən ön sırada, sən isə hər an mənim yanımda idin. Gözə az görünməyə çalışsan da, mədəni və ictimai işlərdə, təsərrüfat və gözəllik yaratmaq işlərində lider sən idin. Xoş, insani şəraitin, musiqili cazibədar mühitin yaranmasında əvəzin yoxdu. “Evi arvad tikər” deyirlər. Dünya Məktəbi adlı böyük evimizin baş qurucusu sən oldun, illərlə onun qayğısını çəkdin, onu böyüdüb bu günə gətirdin. Mən daha çox sənin məsləhətçin rolunda çıxış edirdim. Sən gücləndikcə, təcrübən artdıqca məktəbdə mənim köməyimə, fəal iştirakıma ehtiyac azalırdı. Bununla yanaşı, elə bir gün, elə axşam, elə bir gecə olmadı ki, evimizdə məktəbin inkişafı və qarşıda duran problemlər barədə qızğın söhbət getməsin.

Məktəbdə dil siyasətini belə təyin etdik: Azərbaycan türkcəsi – birinci, ingilis – ikinci dil olsun. Məktəb məzunlarına ali təhsil yolunda geniş imkanlar yaratmaq üçün bir dünya dili olan ingilis dilinin tədrisi üzərində xüsusi dayandıq. Məktəbdə digər xarici dillərin tədrisi də təşkil olundu; şagird və valideynlərin istəklərini və bizim öz fikrimizi nəzərə alaraq məktəbdə müxtəlif zamanlarda alman, fransız, italyan, rus, ərəb və çin dilləri öyrənildi.

“Dünyam nura büründü”

Dünya Məktəbi durmadan güclənir və böyüyürdü. Bu, səni təbii olaraq sevindirsə də, qayğı və tələbatını da artırırdı. Dayanmadan: “Məktəbin həyəti olmalıdır, şagirdlərin gəzmək və xüsusi idman yeri olmalıdır”, – deyir, məni bu istiqamətdə düşünməyə vadar edirdin. Üstəlik, şagirdlərin sayı artır, sinif otaqları yetmirdi.

Nəhayət, bir həll tapıldı. Azərbaycanda özəl ali məktəblərin bir qismi bağlandı, onların arasında Bakıda fəaliyyət göstərən “Naxçıvan universiteti ” də vardı. Həmin universitetin abırlı bir binası və həyəti faktik olaraq boş qalmışdı. 2004-cü ildə oranı kirayə etdik, sənin istəyinə, qurduğun plana tam uyğun təmir işləri apardıq və 2004-cü tədris ilini Dünya Məktəbi bu yeni yerdə başladı! Dünya Məktəbinin əvvəl tutduğu bina isə Xəzər Universitetinə qaldı.

Dünya Məktəbinin gur inkişaf dövrü başlandı. Yeniliklər arası kəsilmədən, birbirinin arxasınca gəlirdi. Bir gün: “Gəl, rus bölməsi açaq, tələbat var”, – dedin. Mən qəti etiraz etdim, tədrisin ana dilimizdə və ingiliscə olması bəs deyilmi? Sən demə bir qrup valideyn sənin yanına gəlmiş, rus bölməsinin açılmasını xahiş etmişlər. Deyəsən, sən əməlli-başlı düşünüb-daşınıbsanmış, rus dilli tədrisə marağın haradan gəldiyini izah etdin: “Valideynlər var ki, uşaqlarını məhz rus dilində oxutmaq istəyirlər, Sovet dövründən qalmış irs var rus dilinə hörmət edirlər, üstəgəl böyük sayda azərbaycanlının Rusiyada yaşayıb çalışması və qəribə görünsə də, rusca yaxşı danışa bilmədiyinə görə utanan və uşağının rusca bilməsini mühüm sayan valideynlər var. Rus dilində keyfiyyətli oxudan məktəb yox kimidir, bir boşluq var, özəl məktəb olaraq niyə bu boşluğu doldurmayaq, insanlar öz ayaqları ilə gəlib xahiş edirlər, rus bölməsi açmağın nə ziyanı var?!” Bu arada ingilis dilində tədrisin vacibliyini və buna böyük maraq olduğunu nəzərə alıb ayrıca ingilis bölməsi yaratmağı qərara aldıq. Beləliklə, Dünya Məktəbi üçdilli təlim-tərbiyə ocağı oldu, birinci sinifdən başlayaraq valideyn uşağını doğma dilimizdə, ingiliscə və ya rusca oxutmaq arzusunu bildirə bilirdi. Valideynlərlə söhbətdə sən, adətən, “uşağınızı ibtidai məktəbdə ana dilimizdə oxutsanız yaxşıdır, sonra istəsəniz ingilis və ya rus bölməsinə keçə bilər” deyirdin. Bu məsləhəti qəbul edənlər də olurdu, etməyənlər də…

Dünya Məktəbini həm də gözəl mədəniyyət ocağına çevirdin. Zövqlü dizayn, maraqlı insanlarla görüşlər, konfranslar, musiqi və rəqs fəaliyyəti, peşəkarcasına hazırlanmış teatr tamaşaları, şagird və müəllimlərin tədrislə yanaşı ictimai-mədəni tədbirlərdə fəal iştirakı Dünya Məktəbininin (Ümumdünya!) cazibə qüvvəsini çox artırdı. Məhz sənin incə zövqün, yüksək təşkilatçılıq və ünsiyyət qabiliyyətin, insanlara qarşı sevgin Dünya Məktəbində yüksəki insani və yaradıcı mühitin yaranmasına gətirib çıxardı. Amma qəribə bir cəhətini də qeyd etməliyəm; heç vaxt qabağa çıxmaq, özünü göstərmək istəmədin. Dünya Məktəbində maraqlı və ya vacib saydığın elə bir tədbir olmadı ki, orada mənim iştirakımı, açılış və ya təbrik sözü deməyimi xahiş və tələb etməyəsən. Mən nə qədər çalışsam da, “axı sən buranın böyüyüsən, qurucususan, ilk sözü özün de” desəm də, buna heç vaxt nail olmadım, yarı-zarafat, yarı-ciddi şəkildə, təbəssüm və qətiyyətlə: “Sən olan yerdə mən niyə danışım?”, – deyə məni qabağa verdin.

Bir gün: “Dünya Məktəbinin himnini yazmaq vaxtı çatmayıbmı? Fikirləş, bəstəkarlarla məsləhətləş”, – dedin. Mən: “Söz var, musiqini isə sən özün yazmalısan, başqa cür ola bilməz. Hansı bəstəkar Dünya Məktəbini səndən daha çox sevib sevgi təranəsi yaza bilər?!”, – dedim. Beləliklə, Dünya Məktəbinin şən ruhlu “Dünyam” mahnısı yarandı; bu, bizim şeir-musiqi üzrə 8-ci Yaradıcılıq Birliyimiz idi!

Üfüqdə qızartı var,

Geсə yandı-yaxıldı,

Qızılı sarı oxlar

Pənсərəmə taxıldı.

Günəş göydə göründü,

Dünyam nura büründü.

Xəyal gerçəyə döndü,

Gerçək sanki nağıldı!

Təbiətə aşiq ol,

Oxu, yaz, yarat bol-bol,

Gələсəyə gedən yol

Düşünсədi, ağıldı!

Hazırda Dünya Məktəbində hazırlanan bir çox tədbirlərdə bu mahnının sədaları eşidilir, həmçinin, dərslərarası fasiləni bildirən zəng səsi bu mahnının musiqi parçasından ibarətdir. “İnci çiçəyi” və “Lalə” ilə yanaşı “Dünyam” mahnısının əsasında da rəqs quruldu. “Sevimli kiçik bala”

Çıxışlarının birində: “Xəzər Universiteti bizə qürur verən böyük övladımız, fəxrimiz, Dünya Məktəbi isə sevimli kiçik balamızdır”, – demişdin. Yarandığı gündən Xəzər Universitetinin qayğıları ilə yaşayır, Xəzər Universitetində xoş mühitin hökm sürməsi üçün əlindən gələni edir, uğurlarına sevinirdin. Dünya Məktəbi yaranandan sonra o, sənin “sevimli kiçik balan” oldu, onun əlindən tutub yeritdin, onu yetişdirdin, böyütdün, gücləndirdin. Və Dünya Məktəbi çiçəkləndi, bar verdi, 2009-cu ildə ilk 7 məzun əmələ gəldi. Yadımdadır, mənim təbrik sözlərimdən sonra səni səhnəyə dəvət etdilər. Səhnəyə çıxdın, əvvəlcə məzunları, sonra məzunların yetişməsində əməyi olanları, müəllimləri səhnəyə dəvət etdin. Çox səmimi çıxış etdin, “çox sevinirəm” dedin, hamını təbrik etdin, hamıya təşəkkür etdin. Sən xoşbəxt idin. Həm kövrəldin, həm də bir az şuxluq etdin, sonda mənə tərəf baxıb üzündə bənzərsiz təbəssüm: “Mən nə danışıram?”, – dedin; səhnədə utanar, danışmağı sevməz, danışığını bəyənməzdin. Bu gözəl, sözlü, söhbətli, musiqili, şən məzunluq təntənəsinin arxasında sənin ilhamverici təbiətin, sözlərin və yüksək təşkilati qabiliyyətinin durduğu aydın idi.

Bu ərəfədə Dünya Məktəbi məşhur Beynəlxalq Bakalavr (IB: In-ternational

Baccalureate) təşkilatı tərəfindən akkreditasiya edilmiş və Azərbaycanın ilk milli IB məktəbi olmuşdu. Məktəbin son iki ilini bu proqramla (Diploma Programme) oxuyan məzunlar IB diplomu alır və inkişaf etmiş ölkələrin ən yaxşı ali məktəblərinə qəbul oluna bilirlər. Sən bu iş üçün böyük əmək sərf etdin; akkreditasiya prosesi, uyğun proqram direktoru və müəllimlərin tapılması, onların müxtəlif ölkələrdə xüsusi proqramlar üzrə təlim keçmələri, kitabxananın zənginləşdirilməsi kimi işlər sadə deyildi, həvəs və inam tələb edirdi, böyük xərc çəkmək və düzgün qərar qəbul etmək lazım gəlirdi. Sonra sənin birbaşa təkidinlə məktəbin orta illəri (MYP: Middle Years Programme) və ibtidai illəri (PYP: Primary Years Programme) də akkreditasiya üçün müraciət etdilər. Mən “əsas son iki ildir, məzun diplomu almaqdır, qalanları vacib deyil” deyə bunun əleyhinə idim, bir qədər qənaətcil olmağı üstün tuturdum. Sən isə: “Yarımçıq olmasın, qoy məktəb birinci sinifdən son sinfə qədər yüksək keyfiyyətli beynəlxalq proqramla işləsin”, – deyə məktəbin bütün pillələrinin beynəlxalq status alması üzərində durdun, ağıllı və səxavətli hərəkət etdin.

Dünya Məktəbi gündən-günə gücləndi, nüfuzu artdı, uşaqlarını bu məktəbdə oxutmaq istəyənlərin sayı da sürətlə artırdı. Sən hər gün: “Bir çarə qıl, bizə böyük yer düzəlt”, – deyə mənə təzyiq etməyə başladın. Əslində bir müddətdir ki, bir uşaq bağçasını böyük çətinliklə özəlləşdirmişdik, lakin bağça binası həm keyfiyyət, həm həcm baxımından tam yararsız idi, bizi qəti qane etmirdi. Nəhayət, böyük bir məktəb kompleksi tikməyi planlaşdırdıq, 2012-ci ildə səninlə birlikdə təntənəli şəkildə yeni Məktəb kampusunun təməlini atdıq! Həmin 2012-13-cü dərs ilində Azərbaycan Prezidenti Dünya Məktəbini ən yaxşı məktəblər sırasına daxil etdi və onu mükafatlandırdı!

“Mənə inan!”

2014-cü ilin sentyabr ayı dörd binadan ibarət Dünya Məktəbi kampusunu sanki hazır vəziyyətə gətirdik. Çox sürətlə işləsək də, əyər-əksikləri tamamlamağa çalışsaq da, köhnə məktəbdən yeni məktəb kampusuna daşınma, həmçinin, yeni inşa olunmuş binaların tədrisə tam hazır vəziyyətə gətirilməsi ağır və vaxtaparan iş oldu. Nəticədə məktəbdə dərslərin başlama tarixi barədə aramızda qızğın mübahisə düşdü.

Mən hazırlıq işlərinin başa çatmaqda olduğunu nəzərə alıb məktəbin açılışını ölkə üzrə ilk dərs günü sayılan sentyabrın 15-də başlamağı zəruri sayırdım. Mənə görə açılışın təxirə salınması dərs ilinə hazır olmadığımız kimi, zəiflik əlaməti olaraq qəbul ediləcəkdi. Sən isə tam hazır olmadığımızı, açılışı iki həftə sonraya çəkməyi düzgün sayırdın. Fikrimiz haçalaşdı, hər ikimiz öz təhlilimizə əsaslanıb geri çəkilmək istəmirdik, mübahisə sanki münaqişəyə dönməkdə idi. Belə olan tərzdə mən güc işlətməyi qərara aldım, məktəb toplantısında dərsin vaxtında başlayacağını elan edib işə- Xəzər Universitetinə getdim.

Axşam evə dönəndə həmişə olduğu kimi məni mehribanlıqla qarşıladın, yedirtdin-içirtdin, piano arxasına keçib sevimli havalarımızı çaldın və … “Hirslənmə, sənin qərarını dəyişdim, məktəbin rəsmi açılışını iki həftə sonraya keçirdim”, – dedin. Məni heyrət bürüdü, söz deyə bilmədim. Əslində hirs başıma vurmalı idi, həmən: “Necə yəni? mən açılış gününü toplantıda elan etmişəm, bu isə (yəni, sən) heç nə olmamış kimi öz istədiyini edir, mənim sözümü heçə sayır?”, – deyə qızışmalıydım. Amma sənin qətiyyətin məni çaşdırmışdı; ilk dəfə idi ki, mənim sözümü yerə salmışdın, bunu necə edə bilmişdin, məni təəccübləndirən bu idi?

Sən izahata keçdin: “Əzizim, mənə etibar et, necə ki, evimizin işini, quruluşunu, gözəlliyini mənə etibar etmisən. Dörd gözəl binadan ibarət yeni məktəb kampusu yaratmışıq, hamı heyrət edir, hörmət edir, gücümüzü dərk edir. Belə olan halda dərsə iki həftə gec başlamağımızı heç kim zəiflik kimi qəbul etməz. Xırda görünən, bəlkə sənin görmədiyin, fikir vermədiyin nöqsanlar var, onları aradan qaldırmaq lazımdır. Mən istəyirəm ki, hər şey gözəl, təmiz, səliqəli, zövqlü olsun, hər şeyi ölçüb-biçək, yarımçıq heç nə gözə çarpmasın. Mən dəli deyiləm ki, səbəb olmadan açılışı təxirə salmaq istəyim?! Mənə inan!”. Mən əlimi yellədim, başımı buladım və… səni qucaqladım.

Gecə-gündüz Dünya Məktəbi`nin qayğısı ilə

Xəzər Universiteti ilə Dünya Məktəbi arasında qarşılıqlı faydalı əməkdaşlıq yarandı. Xəzər Universitetində müəllimlik ixtisasları üzrə təhsil alan bütün tələbələrin Dünya Məktəbində pedaqoji təcrübə keçməsi qaydaya çevrildi. Xəzər Universiteti müəllimlərinin və xarici ölkə vətəndaşları olan doktorantlarının Dünya Məktəbində, məktəbdəki bəzi müəllimlərin də Xəzər Universitetində dərs demələri ənənə şəkli aldı. Məktəb-universitet işbirliyi birgə konfransların keçirilməsinə təkan verdi. Bu əməkdaşlığın təşkilində sən əsas rol oynayırdın. Xəzər

Universitetinin “Xəzər-Xəbər” (“Khazar Review”) dərgisində Dünya Məktəbinin fəaliyyətini işıqlandırmaq üçün xüsusi məktəb güşəsinə yer vermişdik. 2015-ci ilin başlanğıcı məktəbin sənin redaktən ilə dərc olunan nəfis tərtibli aylıq sərbəst “Dünya” dərgisi ilə yadda qaldı!

Dünya Məktəbi sənin həyatında çox böyük yer tutdu. Sənin 20 il ətrafında baş verən xəstəlik dövrün həm də Dünya Məktəbini qurmaq, gücləndirmək, gözəlləşdirmək dövrü oldu. Sənin rəhbərliyin və yaxın iştirakın nəticəsində məktəbdə müasir laboratoriyalar və texnoloji vasitələr quruldu, böyük və keyfiyyətli yeməkxana, idman kompleksi, örtülü və açıq meydançalar, üzgüçülük hovuzu fəaliyyətə başladı, tibbi və psixoloji xidmət, mühafizə və nəqliyyat işi təşkil olundu, şagird, müəllim və inzibatçıların xarici ölkələrə çoxsaylı, yaddaqalan səfərləri və daha nələr, nələr baş tutdu. Dünya Məktəbinin məzunları dünyanın qabaqcıl universitetlərinə qəbul olunur, hər yerdən onların xoş sorağı gəlirdi. Dünya Məktəbinin “İnci çiçəyi” salonu adlı konsert-konfrans mərkəzi özünəməxsus maraqlı musiqili teatr fəaliyyəti ilə tanındı. Gecə-gündüz Dünya Məktəbinin qayğısı ilə yaşayırdın, xəstəliyinn şiddətləndiyi son dövrdə belə idarəetmə işində bir sıra islahatlar həyata keçirdin.

Dünya Məktəbləri şəbəkəsini yaratmaq məsələsi müzakirə olunarkən sən əvvəlcə bu işə şübhə ilə yanaşdın: bacararıqmı, lazımdırmı? Mənim həvəsimi görüb yaxşı dedin və Sumqayıt Dünya Məktəbinin fəaliyyətini tam nəzarətə götürdün. Gəncə Dünya Məktəbi ideyası sənin xəstəliyinin şiddətləndiyi zamana təsadüf etdiyinə görə Gəncəyə gedə bilmədin, amma hər məsələ barədə fikrini bildirməklə, məsləhət verməklə Gəncə məktəb kompleksinin yaranmasına yardım etdin. Dünya Məktəbinin fəaliyyətə başlamasından bir neçə il sonra böyük həvəslə məktəbəqədər tərbiyə və təhsili, yəni uşaq bağçası və məktəbə hazırlıq işini təşkil etməyə girişdin. Bu uğurlu işi qurdun, onun son mərhələsində bir dəfə mənə sevincək: “Yaxşı bir ad fikirləşmişəm, ağlıma hardan gəldi bilmirəm”, – dedin və “uşaq bağçası”, “məktəbə hazırlıq”, “məktəbəqədər təhsil” əvəzinə “Dünya Ana

Məktəbi” sözünü daxil etdin. Beləliklə, sənin də böyük iştirakınla yaradılan Xəzər Universitetindən sonra sənin birbaşa və aparıcı qurucu fəaliyyətin və məsləhətlərin nəticəsində Azərbaycan təhsil sistemində mühüm yer tutan Bakı Dünya Məktəbi, Sumqayıt Dünya Məktəbi, Gəncə Dünya Məktəbi və Dünya Ana Məktəbi yarandı!

Sən cəmiyyətdə maarifçi və təhsil qurucusu kimi geniş tanındın!

Gözəlliyin əsas elementi təbiilikdir

Xəstəliyin sənin nə ailə həyatını, nə Xəzər Universiteti və Dünya Məktəbindəki fəaliyyətini, nə yaradıcılığını, nə həyata baxışını zədələmədi, qeyri-adi səslənsə də, əksinə, sən məhz bu dövrdə çox maraqlı fəal həyat yaşadın, içindəki çoxcəhətli istedadın parladı, enerjin üzə çıxdı, qaynadı. Cəmiyyətdə göründün, hörmət qazandın, seçildin və sevildin. Mahnılarını məhz bu dövrdə bəstələdin, sevimlin Dünya Məktəbi bu dövrdə böyük inkişaf yolu keçdi. Bu dövrdə dünyanı gəzdin.

Bu dövrdə nəvələrin dünyaya gəldi, həyatımız daha rəngbərəng oldu.

Yaşa dolduqca, ildən ilə gözəlləşdin. Ən baxımlı qadınlar sırasında idin. Ölçülü hərəkət və davranışınla seçilirdin. Zövqlə geyinirdin. Hətta öz həyat yoldaşın qarşısında, öz evində belə geyiminə-keçiminə, saç, sifət və əllərinə, səliqə və təmizliyə fikir verirdin. Ruhu oxşayan yumşaq, məlahətli, şən və melodik gülüşünlə evdə, işdə, kiçik və böyük məclislərdə xoş əhval yaradırdın. Gülərüz idin, üzündən təbəssüm əksik olmadı – ən çətin zamanlarda da. Gözəllik daxildən gəlir, üzə vurur, şölə saçır. Gözəlliyin əsas elementi təbiilikdir deyirdin, evdə, bağbağçada, geyimdə, danışıqda – hər şeydə təmtəraqa deyil, təbii gözəlliyə üstünlük verirdin. Səndə sadəlik və təvazökarlıqla xanım-xatınlıq və kübarlıq, eləcə də müasirliklə abır-həya yan-yana idi, üzvi surətdə birləşmişdi. Səndə mistik bir lətafət, aura, bio-sahə vardı sanki. Səninlə təmasda olan hamı – uşaq, gənc, yaşlı insanlar, müxtəlif peşə və sənət sahibəri məmnun idi.

Çətin günlərimizdə belə şikayət etmədin, bir-birimizə dayaq olduq. Səndə güclü həyat eşqi vardı. Səninlə söhbət etmək, zarafat etmək, lağ-lağ etmək necə də maraqlı idi. Kiçik işarələr, incə duyğular, sevgi dolu baxışlar, xoş atmacalar aramızı isidir, aramıza şuxluq gətirirdi. Mən sənə heyran idim. Sən bənzərsiz ana, həyat yoldaşı, xoş, nəcib, təvazökar insan, öyrənmək yanğısı yaradan müəllim, musiqi ilə yoğrulmuş, yüksək estetik duyğu sahibi, qayğıkeş və xeyrxah şəxs idin.

Sanki göylərdən endin, məni bəxtəvər etdin, mənə qeyri-adi bir sevgi yaşatdın. Ömrümə bəzək oldun. Zərif inci çiçəyini mən dərdim!

Hər halda, mən sənsiz həyatımı təsəvvür edə bilmirəm, mənim həyatım sənə bağlandı. Mənim dünyamla yanaşı digər bir çox insanların dünyası da sənə bağlandı. Nizami demişkən (İqbalnamə), “Dünya yaxşı adamlara görə öz yerində qərar tutur”.

“İkimizdən birimiz”

Gecələrimiz rəngbərəng olurdu, işdən, ədəbiyyat və tarixdən, musiqi və incəsənətdən söhbət edirdik, sən pianoda çalırdın, birlikdə mahnı oxuyurduq. Bəzən mən oxuduğum bir əsər, araşdırdığım bir məsələ barədə sənə danışırdım və ya ortaya atdığın maraqlı suallara cavab verirdim. Belə söhbətləri çox sevirdin. Qəribədir, “ayrı-ayrı doğulduq bu dünyada, nə yaxşı qonşu olduq bu dünyada, axır gəlib bir olduq bu dünyada, ey həyat, sən nə qəribəsən?”. İki insan rastlaşır, tanış olur, sevgi yaranır, birləşib xoşbəxt olurlar. Bu xoşbəxtlik təsadüfi görüşdən yaranır, ola bilərdi ki, bu iki insan heç görüşməsin. Onda həyat, dünya necə olardı? Dünya dağılmazdı, amma dünyada bir ahəng var, uçmaq üçün qoşa qanad lazımdır, dünya sevgilər üzərində qurulur. Deməli, bir sevgi baş tutmasa dünya başqa cür olardı, dünyanı eşq yaşadır, sevgilər gəldi-gedər deyil. Belə fəlsəfi söhbətlərimizin nəticəsində “İkimizdən birimiz” adlı şeir yazıldı.

Ikimizdən birimiz

Dünyaya gəlməsəydik…

Günəş nur saçmağında,

Qartallar uçmağında

Davam edərdi, gülüm.

Eşq сoşanda sinədə

Qız, oğlanlar yenə də Yallı gedərdi, gülüm.

Bizsiz də həyat vardı,

Boş qalmazdı yerimiz;

Qiyamətmi qopardı,

Ikimizdən birimiz

Dünyaya gəlməsəydik?

Dünyada tam ahəng var

Tənha ulduzlar yanar, Aləm nura boyanar.

Milyonlara ruh verər

Bir qəlbdəkı duyğular.

Qığılсımdan od törər,

Damсılardan dalğalar.

Zərrədə saysız hünər

Hər ahəngdə min rəng var, Dünyada tam ahəng var.

Günəş aya baxmasa

Ay yerə nur saçarmı?

Qoşa qanad taxmasa

Quşlar şövqlə uçarmı?

İkimizdən birimiz

Dünyaya gəlməsəydik,

Bu günü görməsəydik, Görün nə baş verərdi.

Kim ağlar, kim gülərdi?

Bizə nə dərdi, gülüm,

Dünyaya gəlməyimiz,

Sevib-sevilməyimiz

Yazı-qədərdi, gülüm. Bir söz deyim müxtəsər, Məhəbbətdir hər əsər.

Bir vurmazdı qəlbimiz,

Yazılmazdı şerimiz

İkimizdən birimiz

Dünyaya gəlməsəydik.

Dünyanı eşq yaşadar,

Vurğunluqdan xoş nə var?!

Kim deyər ki, sevdalar Gəldi-gedərdi, gülüm?

Bu şeir populyar oldu, müxtəlif məclislərdə, kürsülərdə səsləndi, bəstəkarların diqqətini cəlb etdi, musiqilər yazıldı. Sən özün də bu şeir əsasında mahnı yazmaq, sadə, amma yadda qalan melodiya içində reçitativ, yəni mahnı arasında danışıq parçası olan bir musiqi barədə düşünürdün (ilk mahnın – “Səni sevdim çox sadəcə”də bu üsula əl atmışdın).

Məlahət və şəfqət

İnsanları yaxşı tanımaq, duymaq, seçmək, cəlb etmək, həyatın içini, doğru olanı, doğruya xas olan gözəlliyi görə bilmək, kiçik səhvləri bağışlamaq, münaqişələri dinc yol həll etmək qabiliyyəti vardı səndə. Ünsiyyətdə məntiq və hissləri birbirinə qovuşdura bilirdin. Yalan və yaltaqlıq ən çox sevmədiyin, zəhlən gedən sifətlər idi. İşdə peşəkarlığı, dürüstlüyü və öz işinə sadiqliyi yüksək tutur, işçilərin əməyinə düzgün qiymət verməyə çalışır, ədalətli qərar qəbul edirdin.

İnsanlara qarşı səmimi, həssas və yardımsevər olmusan, sən öz sevginlə, zərifliyinlə, diqqət və məlahətinlə tənha ruhları, ürəkləri xilas etmisən. Ehtiyac duyulan hər sahəyə, insanlara yardım əlini əsirgəmədin, şagird və tələbələrə ana qayğısı göstərdin. Xəzər Universitetinin tələbələri, xüsusilə başlanğıc dövrdə, səninlə görüşə can atar, səndən məsləhət və kömək istəyər, səni özlərinə ana sayardılar. Səndəki rəhm və şəfqət ətrafındakı insanları – şagird, müəllim, tələbə və valideynləri, kimsəsiz, kasıb və yetimləri, qoca, əlil və xəstələri, əmək və müharibə veteranlarını isindirirdi. Səninlə təmasda olanlara, yanına gələnlərə kömək etməklə kifayətlənməyib özün də ehtiyacı olanları axtarıb tapardın.

Səni tanıyanların sevimlisi idin. Qohumcanlı olmağın və qonaqpərvərliyinə, nikbinliyin, səmimiliyin və ülfətinlə insanları cəlb edir, insanlararası sədləri əridirdin. Səndən məsləhət alır, səndən kömək umur, sənin tanışların, dostların cərgəsinə daxil olmağa can atırdılar. Qadınların işgüzar həyata atılmalarına kömək etdin, özün də örnək oldun.

Evimizdə və bağımızda, Xəzər Universitetində və Dünya Məktəbində, müxtəlif məclislərdə və səfərlərdə çox görkəmli insanlarla – elm adamları ilə, şair və yazıçı, bəstəkar və rəssam, rejissor və aktyor, müğənni və xanəndə, rektor və digər təhsil təşkilatçıları ilə, səfir, nazir və deputatlarla, müəllim, şagird və tələbələrlə, cürbəcür sadə və kübar şəxslərlə ünsiyyətdə olurdun. Hamı sənə yaxınlaşır, haləhval tutur, səninlə söhbət etmək istəyirdi.

Dörd tanınmış elm və sənət adamı (Halil İnalcık – Türkiyə, Lütfizadə – ABŞ, Mahmud Qazi Yaşargil – ABŞ-Türkiyə, Arif Məlikov–Azərbaycan) və mən uzun müzakirələr nəticəsində “Avrasiya Akademiyası”nı təsis etdik və onun ictimaiyyətə təqdimatını keçirdik, ilk üzvlərini seçdik (29 yanvar 2016). Bu Akademiyanın qurulması işinə böyük töhfə verdin, üzvlərin xüsusi geyimini – rəmzi libası dizayn etdin, Afaq Kərimova tərəfindən dizayn olunmuş Avrasiya Əfsanəsi adlı mükafatı və medalları meydana gətirmək üçü birlikd Çinə, Şanxaya səfər etdiniz.

Akademiya toplantılarının hazırlanmasında yaxından iştirak etdin.

Kövrəldin, gözlərin doldu

Xəzər Universiteti və Dünya Məktəbi əməkdaşlarına diqqət göstərmək, qiymət vermək, yubiley tədbirləri keçirmək istiqamətində səni heç kim əvəz edə bilməzdi. Məclislərdə özün diqqət mərkəzində olmağı sevməzdin, kənara çəkilərdin. Lakin, istəsən də, istəməsən də başına yığışardılar. Nəhayət, sənin yaradıcılıq gecəni keçirmək istədik; yubiley sözündən xoşun gəlmədi. Uyğun təşkilati işlərlə Dünya Məktəbi və Xəzər Universiteti məşğul oldu.

Qızlarımız İngiltərə və Türkiyədə idi və gəlməyə hazırlaşırdılar. Bir oyun oynamaq fikrinə düşdük: qızların gəlməsindən sənin xəbərin olmasın, sənə deyək ki, işləri çoxdu, gələ bilmirlər. Sən qızların gələ bilməməsi xəbərini sakit qarşılasan da, heç bir söz deməsən də, düşünürəm ki, ürəyində bunu diqqətsizlik saydın.

Biz bağ evimizdə yaşayırdıq, qızları qarşılayıb şəhərdəki evimizə apardılar. O biri gün sənin Dünya Məktəbi “İnci çiçəyi” adlı konfrans-konsert salonunda keçirilən yaradıcılıq gecənə Azərbaycanın seçilmiş elm və sənət adamları, təhsil işçiləri və hökumət nümayəndələri, tanışlar və dostlar gəlmişdilər. Gecə Dünya Məktəbində hazırlanmış, sənin həyat və yaradıcılığına həsr olunmuş “İnci çiçəyi” adlı filmin nümayişi ilə başladı, bir-iki dəqiqə sonra əvvəlcədən şərtləşdiyimiz kimi, birdən film dayandırıldı, səhnə bağlandı. Mən sənə: “Deyəsən balaca nasazlıq var, indi düzəldərlər”, – dedim. Sonra qızlarımıza aid “Tez gəlin” mahnısının sədaları altında səhnə açıldı və qızlarımız iki kiçik nəvəmizlə birlikdə səhnədə göründülər. Sən özünü itirdin, mən ürəyin bu həyəcana davam gətirməz deyə qorxdum, çıxardığım bu oyuna görə ürəyimdə özümü danladım. Kövrəldin, gözlərin doldu. Salonda əyləşənləri də xoş həyəcan bürümüşdü. Brilliant Dadaşova, Manana, İlqar

Muradov, Fərid Əliyev, Məshəti Cabbarova, Dünya Məktəbinin xoru və Xəzər

Universitetinin kamera orkestri sənin mahnılarını ifa etdilər. Şeir, musiqi, rəqs və səmimi çıxışlarla dolu bir yaradıcılıq gecəsi yaşadıq.

Şeir müəllifin öz-özü ilə söhbətidir

Uzun illər xəstəliklə mübarizə etdik. Müalicənin düzgün aparılması və qaydalara əməl etməyin, yaradıcı həyat sürməyin, nikbin ruhun və həyat eşqin bizə böyük ümid verirdi. Həyat fəlsəfən sadə idi: xəstəlik xoşagəlməz hadisədir, başımıza gəlib, nə edək, onu cilovlamağa çalışaq və eyni zamanda yaradıcı, qurucu işimizi davam etdirək, dünyanın dadı-ləzzətini duymağa davam edək. Qaynar işgüzar həyat tərzin, sənin insanlara və ətrafdakı insanların sənə bəslədikləri böyük sevgi sənin həyatına məna verir, həyatını bəzəyirdi. Qardaşım xəstəxanada yanına gələndə özünü saxlaya bilməmiş, kövrəlib ağlamış və bu sənə çox təsir etmişdi:

“Məni çox istəyirlər, mən də onları”.

Əlbəttə, xəstəlik aşkar ediləndə və sonralar bir neçə dəfə şiddətlənib böhran vəziyyəti yarananda ciddi sarsıntı keçirmişdik. Lakin sən də, mən də bu həyəcanı biruzə vermir, gülümsəyir, əminliklə normal vəziyyətə qayıdacağımızı deyirdik. Və doğrudan da halımız əsasən düzəlir, sən sevimli işlərinlə məşğul olmağa davam edirdin. Xəstəliyin şiddətlənməsi sanki məni daha çox üzürdü, səni itirmək qorxusu ilə yaşayırdım. Bu dərdi içimdə çəkirdim, səndən gizlədirdim, lakin bu əzab şeirdə əks olunurdu. Şeir müəllifin öz-özü ilə söhbətidir. Bu şeirləri sənə bir müddət keçəndən sonra oxuyurdum.

“Səni çox sevirdim” adlı şeir bu silsilədən tarixcə birinci idi. Səni, sanki göylərdən enmiş mələyi çox sevdim, lap çox. Əfsus səninlə keçirdiyim xoş, şən sevdalı dünyam tamama yetə bilər. Nə olur-olsun, sənə bəslədiyim sevgi mahnıya dönüb küləklərin qanadında səmalarda dolaşacaq: Buludlar əriyib yağışa dönəndə

Mən səni ehmalca göylərdən endirdim

Qarşımda dayandın nazənin-nazənin,

Danəndə-danəndə;

Üzümü nur saçan tərəfə çevirdim Tanrı nə bəxtəvər yaratmış aşıqi!

Gözəllik ilahəm, gözümün işığı

Səni çox sevirdim…

Şimşəklər çaxanda, parlayıb sönəndə,

Yağış vüсudunu oxşayıb öpəndə

Deyəsən bir anlıq huşumu itirdim – Qəlbi kövrək olur sevdaya düşənin;

Səni çox sevirdim,

Səni çox, lap çox sevirdim.

Göyün maviliyi sularda əks edər,

Suların üstündə dalğalar rəqs edər,

Ağlayar, sızlayar qüssəli buludlar,

Tökülər yağışlar, bulanar göy sular,

Belədir təbiət…

Sevgi ondan betər

Ya ömrə bəzəkdir, ya ömrü puç eylər.

Mənim nakam eşqim,

Səni tez itirdim,

Sanki uсa dağlar yerindən sürüşdü,

Varlığım sarsıldı, ruhum xəstə düşdü,

Bəxtimlə qovğaya girdim

Sevdalı dünyamı təmamə yetirdim. Küləklər rəqs edər, səs səsə сalanar,

Mavi səmalarda bir mahnı dolanar:

Səni çox sevirdim,

Səni çox, lap çox sevirdim.

Təhlükəli, sağalmaz dərdə düşən hər insan “ay ana” deyir, dərdini anasına danışır, anası yanında olsa da, olmasa da, anası vəfat etmiş olsa da. “Gedin deyin anama” adlı bayatı ruhlu şeirdə anama üz tuturam vəziyyətim ağırdır, sevimli sonama güllə dəyib, dörd yanımda dolanan pərvanəm yoxdur, bunu sən də bil, yanına da gələmmirəm, hərdən ölmək istəyirəm, amma öləmmirəm:

Gedin deyin anama

Daha çıxmasın dama

Göy dağlara qar yağıb.

Gedin deyin anama

Hələ yetmədim kama Amma saçım ağarıb. Gedin deyin anama:

Daha toyda oynama

Qırılıbdır qanadım

Güllə dəyib sonama.

Gedin deyin anama:

İncəlib döndüm şama Dörd yanımda dolanan

Pərvanəm yoxdur amma.

Gedin deyin anama

Uzaqda ki, balan var

Onu çox da qınama – Uzaqdadır gələmmir.

Son vaxtlar keyfi yoxdur

Yorulub qəm-kədərdən

Heç ürəkdən güləmmir;

Ölmək istəyir hərdən

Amma hələ öləmmir…

Bu iki şeirə “qismət olsa musiqi yazacam” deyirdin. Qismət olmadı.

“Sənsizlik” adlı şeirdə “bu yaz mənə qəm gətirdi”, bu yaz məni isitmədi, üşütdü deyilir, “sənsiz yaşaya bilmirəm”, “heç cür alışa bilmirəm sənsizliyə”:

Açılır rəng-rəng çiçəklər

Açılmayır kefim bu yaz.

İsinir xırda böcəklər

İsinir soyuq küləklər Bu günəş mənimki deyil Yaman üşüyürəm bu il. Bu yaz mənə qəm gətirdi Açılmayır kefim bu yaz.

Çoxları tək mən demirəm

Dərdim kitablara sığmaz – Dərdlərim birсə sətirdi:

Sənsiz yaşaya bilmirəm.

Sənsizliyə

Alışa bilmirəm heç cür;

İllər ötür,

Ömür adlı karvan keçir

Tanışlarım bu dünyadan bir-bir köçür

Dünya fanidir sözünə

Alışıram

Yana-yana,

Ölümün müdhiş gözünə

Baxa billəm

Diri-diri, saymazyana

Ürəkdə qəm.

Amma bilməm

Bilməm niyə

Hər nə qədər çalışıram

Sənsizliyə

Alışa bilmirəm heç cür

Heç cür alışa bilmirəm sənsizliyə?

Bu şeirə musiqi yazıldı.

Qəzəl janrında yazılmış “Qədər bumu” adlı şeir zaman-zaman məni ümidsizliyə sürüyən hissdən, səni itirmək qorxusundan bəhs edir:

Səni itirmək qorxusu məni məhv edir, gözəlim

“Candan şirin nə var?!” deyən vallah səhv edir, gözəlim.

Can şirindir o halda ki, candan şirin cananı var Könül o cananı istər, can da o cana can atar.

Həyatımda tutduğun yer, gözəl, necə də dərinmiş

İllərlə bəslənən sevgi candan qat-qat çox şirinmiş.

Bunadan ki eşq əhliyəm, havalıyam, ruhum şəndir Cananın canı sağ olsun, qalan hər şey düzələndir. Yarın yorğun gözlərindən öpsəm, dostlar qınamasın Tale bizi qəm, məşəqqət meydanında sınamasın. Qədərin cilvəsi müdhiş, güman yeri köndələndir Əlləri baş sığallayan, barmaqları göz dələndir.

Qədər bumu – canan xəstə, sevgilisi şikəstədir?!

Tanrım, hanı mərhəmətin? Bax, anam namaz üstədir.

Tanrıya ağıl qoymuram, amma vallah olmaz bu cür Ya hər ikimizi öldür, ya bizi birlikdə güldür.

Dünyada hər növ insan var – böyük, kiçik, adlı-sanlı…

Gülüm, sənsiz ölür biri – yazıq, fağır İsaxanlı.

Arzu edirdim ki, məni sən yola salasan

Son iki ildə ağrıların artdı, zəiflədin. Sənin yaxşılaşman üçün nə edə bilərdim? Zəlzələ, yanğın, sel kimi böyük təbii fəlakətlərin qarşısında insan aciz qalır. Xəstəliyin şiddətlənməsi və böhran halına çatması da belədir, onun qarşısında həkim də aciz qalır, bütün yaxınlar da. Yaxın tanış olduğumuz günlərdən son dövrə qədər, ömrümüz boyu sən mənə qulluq etmisən, mənə öz yaradıcı və qurucu işlərimlə məşğul olmaq imkanı yaratmısan. Son zamanlar mən sənə qulluq etməyə başladım. Qoluna girib gəzdirdim, istədiyin əşya, dərman, yeməyi gətirdim. Yəni, xəstəliyin şiddətləndikcə mən sənə daha çox vaxt ayırdım və beləliklə sənə daha da yaxın oldum. Və səninlə ünsiyyətə daha çox ehtiyac duydum. Hər gün sənin yanında oturur, səninlə müxtəlif mövzularda, o cümlədən iş barədə söhbət edirdik. Tez-tez klassik musiqi nümunələrini, böyük bəstəkarların şedevr əsərlərini, həmçinin, instrumental ifaları və gəncliyində populyar olan mahnıları telefonumda tapır və səsləndirirdim. Çox diqqətlə qulaq asır, təhlil və şərh edir, bəzi musiqilərin sənə nə üçün yaxın olduğu barədə danışırdın. Canalan təbəssümün və zarafatların yerində idi.

Mənə “işə get, işinlə məşğul ol” deyirdin. İşdə olduğum günlər həmişə sənə zəng edir, halını soruşur, xoş söz deməyə can atırdım. Xəstə olduğun dövr evə daha çox bağlandım, iş bitən kimi evə, səninlə üz-üzə, göz-gözə gəlməyə tələsirdim.

Bir dəfə: “Sənə arvadlıq edə bilmirəm”, – dedin, cavabında: “Sən mənə gözəl arvadlıq etmisən, üstəlik, mənə ana və bacı, həmkar və dost olmusan, sən adi arvad deyilsən, sən mənim mələyimsən və qəlbimin evində şahlığa yüksəlmisən”, – deyib mahnı oxudum:

Bilmirəm mələksən, yoxsa nəsən sən

Qəlbimin evində şahlıq edirsən.

Bir arzum vardı, bunu sənə bir neçə dəfə demişdim. Arzu edirdim ki, mən səndən əvvəl ölüm, məni sən yola salasan. Sən məndən daha tədbirlisən. Məndən sonra çətin olsa da, sən ailəmizi də, universitetimizi də, məktəbimizi də idarə edə biləcəksən. Mən yaxınların, uşaqların ağrıdığını görəndə, bir fəlakət üz verəndə özümü itirirəm, sən çətin anlarda özünü məndən daha tez ələ ala bilirsən. Mən sənsizliyə dözə bilmərəm. Bu dünyanı səndən əvvəl tərk etmə fikrimi bir-iki dəfə şeirlə də ifadə etmişdim.

Mən ki sənə demişdim, həyata bel bağlama

Mənim də son günüm var, mən də ölüb gedəcəm.

Göz yaşını sel etmə, gecə-gündüz ağlama

Zamanın hökmündəyəm, mən səni tərk edəcəm.

Və mənsiz necə tənha qalacağını, məni yuxuda görəcəyini, yuxudan qalxanda necə göz yaşı axıdacağını təsvir etməyə çalışmışdım:

Mən ki sənə demişdim, gerçəyi itirəndə

Xatirəyə, xəyalə, surətə uyacaqsan Təkliyin pəncəsində köksünü ötürəndə

Sevgilər pıçıldayan səsimi duyacaqsan.

Mən ki sənə demişdim, yuxuda görəcəksən

Ölməmişəm mən hələ, gəzişirik əl-ələ

Oxşayıb-öpəcəksən, oynayıb güləcəksən

Ayılanda göz yaşın axacaq gilə-gilə.

Və bəzən üzünə tərs baxdığım və indi də həyat burulğanında səni tək buraxdığım üçün üzr istəmişdim:

Mən ki, sənə demişdim, səni candan sevsəm də

Bəzən dünyadan küsüb üzünə tərs baxmışam Bağışla, canım-gözüm, səninləyəm desəm də Həyat burulğanında səni tək buraxmışam.

Bu mövzuda “Məndən sonra” adlı şeir də yazdım. Məndən sonra evimizin nizamının pozulacağından, dərdin, qayğıların sağ qalanları yıxa biləcəyindən qorxduğumu ifadə etdim. Əslində isə, böyük acını mən daddım, “Səndən sonra”nı gördüm, sağ qalan insan kimi nizamım pozuldu, ailəmizin nizamı pozuldu…

Mənim öz ölümümü qabağa salmaq istəyimlə sən barışmırdın. “Sən sağlamsan, sən uzun yaşa” deyirdin. Mən sağlam insanların da tez ölə biləcəyi və xəstəliyi olanların uzun yaşaya biləcəyi barədə danışır, misallar gətirirdim. Olmadı. Sən öldün, mən sağ qaldım. Sən bu dünyanı məndən tez tərk etdin, əzizim, məni ömürlük yana-yana qoydun. Sənin ağrıların bitdi, mənim ağrılarım başlandı. Nizami`nin ürəyindən keçirmiş ki, öləndə ona Xaqani mərsiyə yazsın, amma qədər elə gətirib ki, Nizami Xaqaniyə mərsiyə yazıb: Könlümdən keçirdi ki, Xaqani mənə əfsus desin

Əfsus ki, mən Xaqaniyə əfsus deyən oldum.

Sənsizliyimin çarəsi yoxdur, çünki sənin əvəzin yoxdur

Səni ən çox düşündürən “birdən mənə bir şey olsa Hamletin axırı, taleyi necə olacaq?” sualı idi. Mənim həyatım tamamilə sənə bağlı idi, fikirlərimi əvvəlcə səninlə bölüşür, sonra ortaya çıxarırdım. Mənə ideal ev və iş şəraiti yaratmışdın. Məni işdən, yaradıcılıqdan ayıra bilən heç nə yox idi. Bütün ev, məişət qayğılarını sən həll edirdin. Mən kitab mağazasından başqa heç bir alış-veriş yerinə getmirdim. Mənim paltarlarımı sən alırdın, o şeyin ki, ölçüsü standart idi, onları mənim iştirakım olmadan alırdın. O şeylər ki, məsələn, ayaqqabı, geyinib baxmaq tələb edirdi, məni birtəhər yola gətirməklə mağazaya aparır və məsələni yerində həll edirdin. Geyim məsələsi məni çox maraqlandırmırdı. Hər şeydən bir-iki dənə varsa, düşünürdüm ki, onlar mənə ömürlük bəhs edər. Ancaq sən, hər şeydə olduğu kimi, geyimdə də zövqlü və tələbkar idin – özünə qarşı da, mənə qarşı da. “İşə gedirsən, xaricə gedirsən, mühüm görüşə gedirsən, televiziya proqramında olacaqsan, rayona gedirsən, idmana gedirsən”, – deyə mənə uyğun paltar hazırlayırdın.

Bəzən yaxın dostlarla görüşdə məndən şikayət edir kimi söhbət edirdin: “Mən ona paltar almaq istəyirəm, o isə mənə kömək etmək əvəzinə məndən qaçır, paltarım var deyir, yenisini istəmirəm deyir. Xəbəri yoxdur ki, paltarları köhnəlib, nimdaş olub, təravətini itirib”. Ayaqqabı alma məsələsində düz gəlmirdik. Mənə ayaqqabının görünüşü deyil, ayağımda çox rahat oturması mühüm idi, istəyirdim ki, ayağımda ayaqqabı olduğunu hiss etməyim. Ona görə də artıq ayağımda yaxşı oturmuş köhnə ayaqqabını dəyişdirmək istəmirdim. Sən isə ayaqqabının hər iki cəhətini – rahatlığı da, görünüşünü də vacib sayırdın. Dostlarla belə şikayətli söhbətlərdə mən bir az qaba səslənən zarafata əl atırdım: “ağıllı adam köhnə arvadı və köhnə ayaqqabını tez-tez dəyişdirməz, öyrəşibsən, sənə rahatdır”. Geyim məsələsində tam sənin ixtiyarında idim, nə versən onu geyinirdim. Sənin “onu çıxart, bunu geyin”, “yuxarıdakı düyməni bağla”, “yaxalığını (vorotnikini) düzəlt”, “papaq qoy” kimi sözlərinə düşünmədən əməl edirdim…

Əzizim, narahat olma. Mən yaşayıram. Sənin aldığın paltarlar mən ölənəcən mənə bəs edər. Sən hər şeydə olduğu kimi, məişətdə də səliqəli, dəqiq işləyən mexanizm yaratmısan. Xüsusilə, son illərdə, xəstəliyin şiddətlənəndə, ətrafdakılara, yaxınlara hər şeyi öyrətmiş, öyrətdiklərinin keyfiyyətlə yerinə yetirilməsini tələb etmiş və buna nail olmusan. Bazarlıq edilir, sənin bişirdiyin və mənim xoşuma gələn bütün yeməklər, o cümlədən kənd yeməkləri bişirilir, paltarlarım yuyulur, ütülənir. Qızlarımızın mənə qayğısı çox artıb. Amma, əzizim, sənsizəm və sənsizliyimin çarəsi yoxdur, çünki sənin əvəzin yoxdur.

İşıqlı günləri sona yetirdik

Dünyanın gəldi-gedər olduğunu bilirəm, bilsəm də, bu mənə heç bir təskinlik vermir. İçim alovlanır. İçimdə bir fəryad yuva salıb. Səsi kənara çıxmır, amma içimdən yeyir məni.

Dünya görmüşlər söylədi: dünya gəldi-gedərgidi, Ölümlüdü, olumludu, hikmət, möhnət nəhəngidi.

Qəlbimdəki təlatümlər müdhiş həyəcan zəngidi,

Duysan, lərzəyə düşərsən, gidi dünya, gidi dünya.

Sənin ayrı rəmzi evin oldu, qızlar mənim bir sözümü seçib orada daş üstündə yazdırdılar:

İşıqlı günləri sona yetirdik

Qara buludların qoynuna girdik

Tamam itirəndə anladıq yalnız

Nəyimiz var imiş, nəyi itirdik.

Tez-tez sənin ziyarətinə gəlirəm, sənə deyilməli çox sözüm var, deyirəm, cavab gəlmir. Üzdə sussam da içimdə səninlə danışıram. Doğma səsini eşitmək istəyirəm, səs gəlmir. İndi nə edim? “Niyə məni tək qoydun?” deyə sual vermirəm. Sən heç vaxt məni tək qoymaq istəməzdin. Mən səni qoruya bilmədim… Yuxuma da gəlmirsən. Nə məsələdir? Yuxuda səni deyil, son vaxtlar xəstə yatdığın otağı gördüm, sənsiz. Otaq vardı, sən yox idin.

Evlənmək sözü evi olmaq, ev əldə etmək fikrindən qaynaqlanıb. Səninlə evləndikdən sonra sən mənim evim oldun, işim bitəndə tez evə qayıtmağa can atır, yəni sənin yanına tələsirdim. Evə çatıb üzünü görmək, səsini eşitmək, səninlə söhbət etmək, zarafatlaşmaq, səninlə çalıb oxumaq, bərabər musiqiyə qulaq asmaq istəyirdim. Tək-tək hallarda, işin çox olanda, evə məndən gec gələndə sakitləşə bilmirdim, evdə olmadığımı zənn edirdim, axı sən idin mənim evim. İndi evim yoxdur. Divarlar, döşəmə, tavan, dam, qapı, pəncərə var, amma sən yoxsan, evim yoxdur. Evimiz məhz sənin sayəndə dost və tanışların, həmkarların, yaxından və uzaqdan gələn qonaqların üzünə açıq idi, çox müxtəlif mövzularda söhbət və müzakirələrin aparıldığı mehriban və qaynar bir məkana çevrilmişdi. İndi isə…

Hər gün, hər saat sənin xəyalınla yaşayacam

Həyatımda telefonla ən çox danışdığım şəxs sən idin. Hətta bütün başqa insanlarla danışdığımdan daha çox səninlə danışmışam. Səndən sonra dostlar sənsizliyə dözə bilmədiyimi, əzab çəkdiyimi görüb fikrim dağılsın deyə məni dağ yerlərinə apardılar. İlk gün hoteldə mənə ayrılan otağa daxil oldum, yol paltarımı dəyişdim və adətim üzrə sənə zəng etmək istədim. Telefonu götürdüm, barmağımı telefondakı adın üzərinə qoyub zəng etdim və donub qaldım. Adətən hara getsəm, oteldə mənə ayrılan otağa daxil olan kimi həmən sənə zəng edərdim: “Əzizim, sağsalamat gəlib çatdım, çox hayıf burda deyilsən, darıxıram sənsiz….”.

Mənə bağışladığın nişan üzüyü vardı. Onu bir müddət barmağımda gəzdirmişdim. Bir qədər sonra üzük taxmaqdan xoşum gəlmədiyi üçün sənin icazənlə onu barmağımdan çıxarıb ailə arxivimizə qoyduq. İndi həmin üzüyü tapıb barmağıma taxdım; xəbərin olsun, səninlə yenidən, bu dəfə sənin birbaşa iştirakın olmadan nişanlandım. Hazırda ömrümün az qalan və xoşbəxtlikdən uzaq hissəsini yaşamaqdayam, solğun bir həyat keçirirəm. Yaşamaq ruhum öldü. Yaşamaq həvəsim, yaşamaq yanğım söndü. İnci çiçəyim soldu. Bağçamızda güllər yiyəsiz qaldı. Mənim sənsiz, əzablı günlərim başlandı. Köks ötürməklə, axan göz yaşlarını silməklə məşğulam. Sənin yerini heç kim, heç nə doldura bilməyəcək. Sənsizliyin pəncəsi məni boğmağa davam edəcək, bunun çarəsi yoxdur. Sənsizlik heç vaxt yüngülləşməyəcək, sənsizlik içimdə yaşayacaq ömürlük bir dərddir.

Öləndən sonra başqa bir dünyada yaşayışın davam etməsi fikri əfsanədir, insana təskinlik və ümid vermək üçün düşünülmüşdür. Ölümdən sonrakı həyata inansam, sənsiz keçməli olan həyatıma həmən son qoyar, sənin arxanca gələrdim ki, yenə bərabər olaq, o biri dünyada bir yerdə yaşayaq.

Səninlə Böyük Sevgi yaşadıq! Nə qədər gözəl xatirələr qoydun bu dünyada. Bundan sonrakı həyatımın əsasında xatirələr dayanacaq, ömrünün son anına qədər, hər gün, hər saat sənin xəyalınla yaşayacam.

İlk görüşümüz həyatımın ən parlaq səhifələrindən biri oldu. Son görüş ürəyimi parçaladı. Son görüş olmayaydı…

Həyatın, işıqlı və mehriban çöhrən qəlblərdə iz salmışdır

Sənin ölümün səni tanıyanları sarsıtdı. Dünyanın çox yerindən, bütün qitələrdən, elm və sənət adamlarından, təhsil işçilərindən, diplomat və siyasətçilərdən, səni sevən sadə və görkəmli insanlardan minlərlə başsağlığı gəldi.

“Nailə xanım Azərbaycanda indiyə kimi tanış olduğum, rastlaşdığım ən əzəmətli xanım əfəndi idi (Naila khanim was the greatest lady I ever met in Azerbaijan).

“Naila Xanım Azərbaycanda keçirdiyim dövrdən ən aydın xatırladığım insanlardan biridir – müstəsna şəxs və səxavətli, nəcib ürək sahibi idi, özünü öz məktəbindəki hər kəsin və ətrafındakı hamının həyatını dəyişməyə, mənalı etməyə həsr etmişdi” (Naila Xanim is one of the people I remember most clearly from my time in Azerbaijan, so remarkable and generous-hearted and so dedicated to making a difference for everyone at her school, and for all those around her).

“Siz ikiniz Bakının təhsil və mədəniyyət səhnəsini işıqlandıran çox gözəl bir cüt idiniz. Və tələbələrinizə bir ilham qaynağı oldunuz” (The two of you were such a wonderful couple, who lit up Baku’s educational and cultural scene. And you proved such an inspiration to your students).

“Həyat nə qədər parlaqdırsa, itki o qədər ürəkdən gəlir; bu itkini daşımaq bizim hamımız üçün ağlasığmaz dərəcədə ağırdır. Nailəni tanımaq və sevmək bizim üçün ən qiymətli hədiyyə olmuşdur. Həyatımız Nailəsiz heç vaxt elə dolğun və elə maraqlı olmayacaq, amma onunla bağlı xatirələr davam edəcək; onlar o qədər gözəl və qiymətlidir ki!” (The more forceful the life the more heartfelt the loss, and this is such an incredibly difficult loss for us all to bear. To have known and loved Naile has been a most precious gift. Our lives will now never be as full, nor as interesting, without Naile, but the memories of her will endure and they are so wonderful and so precious!)

“İndicə Nailə xanımın dünyamızı tərk etdiyini eşitdim, bu məni qəm-kədərə qərq etdi. Onu özünü ailəsinə həsr etmiş və Azərbaycan təhsilində islahat aparmağa yönəlmiş şəxs kimi xatırlayıram. O, həyat eşqi və məlahətlə dolu idi” (I have just heard that Naila Khanoum has left out world. This has left me with sorrow and grief. I remember her as a very dedicated person to her family and committed to the cause of reforming education in Azerbaijan. She was full of vitality and charisma).

“Azərbaycan çox qiymətli bir insanını itirdi. Nailə xanım fövqəladə gözəl şəxs idi. Mən onun insaniliyini, yaşamaq gücünü, təhsil üçün özünü fəda etməsini, onun həyat eşqini xatırlayıram”. (Azerbaijan has lost something very precious. Naila Khanoum was an amazing person. I remember her humanness, her vitality, her many sacrifices for education, and her love of life).

İnsan öləndən sonra onun izi qalır və bu iz yaşamaqda davam edir. Bu iz nə qədər böyükdürsə, təsirlidirsə, mənalıdırsa, gözəldirsə, o qədər uzunömürlü olur. Sənin həyatın, əməllərin, işıqlı və mehriban çöhrən yaddaşlara hopmuş, qəlblərdə iz salmışdır. Gülüşlərin, təbəssümün şəkillərdə, video-görüntülərdə qaldı və əlbəttə, səni tanıyanların qəlbində yuva saldı. Sənin parlaq həyatın xoş xatirələrdə, yazdığın mahnılarda, qurulmasına böyük əmək sərf etdiyin Xəzər Universitetinin tarixində, çox sevdiyin, sevə-sevə yaratdığın Dünya Məktəbinin tarixində həkk olunacaq, adınla bağlı fond və təqaüdlərdə, muzey və mədəniyyət mərkəzlərində, musiqi, kitab, albom, büst və heykəllərdə öz əksini tapacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ayaz Arabaçı. Yol

Yollardayam, İzlərimi tanımayan küçələrdəyəm. Acı soyuq, uzun, qərib gecələrdəyəm. Addımlarım bir az yorğun, bir az tələskən. Özüm seçdim bu yolları özümə məskən. İllərdi ki yollardayam bilirəm onu. Bu yolların hamısının ev olmur sonu. Küləklərdi-yağışlardı yol yoldaşlarım, Dualardı-alqışlardı yol yoldaşlarım. Necə ki, var canımda can, dizimdə təpər, Ayaqlarım bu yolları öpər, […]