Lətif Şüküroğlu. Peşmanlıq

Klv.az  saytı Lətif Şüküroğlunun “Peşmanlıq” adlı yeni hekayəsini təqdim edir.

“Pulla hər şeyi almaq olar – insan qəlbinin hərarətindən başqa”
Ralf Uoldo Emerson

Yadında o çöhrə qalmışdı. Uşaq üzünə bənzəyən, bir az solğun gənc qız çöhrəsi. Onu birinci dəfə qırx beş il qabaq qəbul imtahanları vaxtı görmüşdü. Əynində güllü, qısaqol, çit don vardı. Özü də elə bil don əyninə bir az böyük idi. Bəlkə arıq, çəlimsiz idi deyə, belə görünürdü. Çiyninə tökülən, nazik, zərif boynunu gizlədən sıx qara saçları vardı. Duruşundan, baxışından fağırlıq yağırdı. Ancaq bu, ilk təəssürat kimi yanlış ola bilərdi.
Ünsiyyətləri çox qısa olmuşdu. Bir neçə dəqiqəliyə abituriyentlərin qəbul imtahanları ərəfəsində ənənəvi sual-cavaba qoşulmuşdular. Vəssalam. Sonra qız aralıda hündür, enliyarpaq ağacın altında duran artıq tanıdığı qızların yanına getmişdi. Yaxına gəlməsən, bu qızların səsini eşidə bilməzdin. Üzbəüz olduqlarından baxışları bir neçə dəfə toqquşmuş, marağını gizlətmək üçün gözünü tez çəkmişdi. Qız utandığından burada da çox durmayıb küçəyə çıxdı. Yəqin yaxınlıqdakı metro stansiyaya gedəcəkdi. O da qızın burulduğu döngəyə doğru tələsdi. Metro stansiyası həmin döngənin sağında idi. Az sonra qız metroya axışan insanlara qarışıb gözdən itdi. O isə yerə yapışmış kimi hələ bir müddət də dayanıb həmin səmtə baxdı.
O qızla görüşəcəyini düşünüb gecəni dirigözlü açmışdı. Tez-tez qol saatına baxır, vaxtın gec getməsinə əsəbiləşirdi. Axır ki, sübh günəşinin ilk işartısı dənizin içindən qalxıb bir neçə dəqiqəyə şəhərin yuxarısındakı tələbə yataqxanalarına çatdı. Qəbula gəldiyi ilk gündən bu yataqxanada qalırdı. Bu yeri ona universitetin sonuncu kurs tələbəsi olan bir yerlisi düzəlmişdi. Otaq yoldaşının səhər yeməyi təklifinə dilucu “aclığım yoxdur”, deyib abituriyentlərin toplantı yerinə tələsdi. İki nəfərdən başqa burada kimsə yox idi. Onlar da öz aralarında söhbət edirdilər deyə, heç ona tərəf baxmadılar. Bir saat sonra artıq xeyli adam yığılsa da, o, hələ gözə dəymirdi. Biliyini göstərmək istəyən bir neçə nəfərin səs-küyü aləmi başına götürmüşdü. Dünən gördüyü qızlar da burada idi. Qələbəliyə qarışmayıb kənarda astadan söhbət edirdilər.
Nəhayət, həyətin o biri başında həsrətlə gözlədiyi surət göründü. Yaxınlaşıb onu gözləyən tanışlarına salam verdi. Güclü bir qüvvə onu qızlara tərəf necə çəkdisə, ixtiyarsız bir neçə addım atdı. Ancaq nəsə fikirləşib tez dayandı. İndiyədək belə vəziyyətə düşmədiyindən çaşıb qalmışdı, bir qərara gələ bilmirdi. Bu vəziyyət azı iyirmi dəqiqə çəkdi. Ürəyində özünü danlasa da, yanlarından bir neçə dəfə o tərəf bu tərəfə keçməkdən başqa heç nə alınmadı. Ancaq hər dəfə yanlarından keçəndə qızın səsini eşitmək üçün addımlarını yavaşıdırdı. İlahi, onun səsi necə yumşaq, həzin idi. Səsdən çox, musiqiyə oxşayırdı.
Az sonra gözləmədiyi hadisə baş verdi. Onunla eyni fakültəyə sənəd verən oğlan qızlara yaxınlaşıb hal-əhval tutdu və dərhal da söhbətə qoşuldu. “Görünür tanışdılar”, fikirləşdi və bütün cəsarətini toplayıb yaxınlaşdı. Oğlan da onu görmüşdü:
– Necəsən dost, iki gündü görüşmürük, sevinclə soruşdu.
– Yaxşıyam, sağ ol. Mən də səni axtarırdım, elə bildim rayona getmisən.
Oğlan heç yerə getmədiyini, sadəcə, xalası uşaqları ilə dənizdə olduğunu dedi. Bir saatdan çox davam edən söhbətdə o qız cəmi iki, ya üç dəfə danışdı. Elə o da dil boğaza qoymayan oğlandan fərqli olaraq cəmi bir neçə dəfə danışmış, ancaq bu, savadlı, dünyagörüşlü biri olduğunu göstərməyə kifayət etmişdi. Əvvəl biz az çəkinən qız indi ona maraqla baxır, dediklərinə diqqət kəsildiyi görünürdü. İnsafən, o, istəyəndə ətrafdakıları ələ almağı bacarırdı. Sonralar böyük bir müəssisənin rəhbəri vəzifəsinə təyinatında bu xüsusiyyəti də rol oynamışdı.
Səhər də həmin yerdə görüşdülər. Sən demə bu, sonuncu imiş. Ən çox ona yanıb-yaxılırdı ki, o görüş elə səmimi olmuşdu, vaxtın necə keçdiyini hiss etməmişdilər. Onu yola salanda ətrafda cəmi üç-beş nəfər qalıbmış. Ancaq göz qırpımı çəkən bu tanışlıq ilk qığılcıma dönsə də, tutuşmamışdı. Sonra o qız yağlı əppək olub göyə çəkildi. Nə qədər əlləşib-vuruşsa da, bir şey alınmadı. O qız həyatına qəfil gəldiyi kimi, qəfil də getmişdi.
Bütün bunları dünən olmuş kimi xatırlayırdı. Əslində, həyatında olub-bitən heç nə yaddaşına hopmuş o anları unutdura bilmədi. Güllü, qısaqol, çit don, bir az solğun çöhrə, çiyninə tökülən, nazik, zərif boynunu gizlədən saçlar, həzin musiqiyə oxşayan səs. O günə aid nə vardısa, kino lenti kimi hər dəfə gözləri qarşısından keçirdi. Hərdən bunun reallıqdan çox, bir xəyal olduğunu düşünürdü.
***
Bir aydır eyni fikirlər şüuruna hakim kəsilmişdi. İnsan ömrü boyu nə qədər son yaşayır. Bu müxtəlif sonların hər birinin də özündən sonra daha bir sonu olur. Uşaqlığın, gəncliyin, qocalığın, daha nələrin sonu. Bəs bu sonların axırıncısı, ölümdən sonra daha bir son varmı? Həyat-ölüm zəncirinin nə anlam kəsb etdiyi onun üçün çözülməz müəmma idi.
Daha çox qəfil gələcək sondan qorxurdu. Çünki həyat–ölüm zəncirinin vəhdət təşkil etdiyini düşünmək ruhi rahatlıq gətirsə də, qəfil son hər şeyi alt-üst edir. Buddizmi öyrənən dostunun “əsas məqsəd buddizmdə sansara adlanan bu dairədən azad olmaqdır. Sufizmə görə də məqsəd zərrənin bütövə qovuşmasıdır”, deməsi də onu sakitləşdirmirdi.
Bəs hər şeyi yenidən başlamaq mümkün olsa necə? Onda həyatında nələri dəyişməzdi. Bir vaxtlar uğur hesab etdikləri belə indi ona mənasız görünürdü. Qorxu-hürkü içində, ürəksiz, duyğusuz yaşamışdı. Əslində, yaşamamış, sadəcə, mövcud olmuşdu.
Hər şeyi yenidən başlamaq. Əgər bu mümkün olsaydı, yəqin həmin günə qayıdıb o qızın arxasınca gedər, döngəni burulmamış özünü ona çatdırardı. Yoxsa hər şeyi yenidən başlamağın nə anlamı vardı. Bu, yeni həyatın ilk addımı olardı. Bəs sonra?
Doğrusu, sonrası daha çətin olacaqdı. Həyatı yenidən başlamaq hər şeyini itirməyə hazır olmağı tələb edir. Buna iradəsi çatardımı? Bu barədə də düşünməmişdi. Həm də itirəcəyi çox şey vardı. İllərin qazancı olan sahibinin tək o olmadığı şeylər. Bir də, həmişə “nəyimiz var, ailənindir”, demişdi. Dəbdəbəli yaşama alışmış ailəni indiki firavanlığından ayırmaq mümkün idimi? Əyləncədən savayı heç nə barədə düşünməyən bu insanlar çətin dəyişə idilər.
Anasının onun üçün elçi getdiyi günü xatırladı. Qızdan, elə ailəsindən də narazı qayıtmışdı. “Onlarla bizimki tutmaz, a bala, gəl bu daşı ətəyindən tök”. Buna etiraz edəndə də demişdi ki, “tez-gec görəcəksən, o qızdan çətin sənə arvad, bizə gəlin olsun”.
Dediyi kimi də oldu. Beş il keçməmiş gəlin əsl üzünü göstərdi. Nahaq deməyiblər, beləsi çətini birini doğana qədərdir, ayağını qaldırıb yuxarı qoyur. Bu isə ikisini, bir qız, bir oğlan doğmuşdu. Kənddə yaşamaqda qərarlı olan ərini o qədər bezdirdi ki, axırda uşaqların da gələcəyini fikirləşib şəhərdə “papanın aldığı mənzil”də yaşamağa razı oldu. “Təki baş-beynim dinc olsun”, dedi. Sonra “papanın düzəldiyi işə” girdi və çox keçmədi, “papanın xahiş ilə” yüksək vəzifəyə təyin olundu. Artıq qocalmış valideynlərinə ildə iki dəfədən artıq baş çəkməyə vaxt tapmırdı. Vaxt olanda da özünü yuxarı tutan zövcəsi kəndə getməkdənsə, hansısa xarici ölkədə tətil keçirməyi daha üstün tuturdu. İsrarla iki il kəndə getməyə nail olsa da, sonra nə illah etdi zövcəsi iki ayağını bir başmağa soxub durdu. Özü də, uşaqları da biryolluq ayaqlarını kənddən kəsdilər. Hər yolu düşəndə tamam qocalmış ata-ana, “a bala, sən Allah, o uşaqları bir yol gətir, üzlərini görək, lap burnumuzun ucu göynədi”, desələr də xeyri olmadı. Rayon ermənilər tərəfindən işğal olumamışdan üç qabaq atası, işğaldan beş il sonra da anası Allahın rəhmətinə getdilər. Cəmi bir yol onları şəhərə gətirib nəvələri ilə görüşdürə bilmişdi. Onda da zövcəsi, qaynanası elə sifət göstərmişdilər, ağsaqqal, ağbirçək adamı o uzaqlıqda rayondan gətirməyinə peşman olmuşdu. Ailəsindən tamam-kamal sınması isə işğal səbəbindən məcburən şəhərə gələn anasının iki aydan artıq onlarda yaşamaq istəməməsi olmuşdu. Anası bütün bunları ürəyinə salıb dözərdi. Ancaq tək oğlunun fikir eləməsini, ev-eşiyində söz-söhbt olmasını istəmirdi. Ona görə, “başıva dönüm, idarənin o yataqxanasında maa bir yer düzəlt, qonşum da təkdir, baş-başa verib qalax”, dedi. Anasının xahişi ilə o ailəvi yataqxanaya üç ailə yerləşdirmişdi. Ancaq bu sözləri eşidəndə elə bil başından qəfil bir qaynar qazan su tökdülər. Nə qədər, “ay ana eşidən-bilən nə deyər, el içində biabır olarıq”, dedi faydası olmadı. Hətta kirayə mənzil tutmaq təklifi ilə də ağbirçək razılaşmadı. Atası demiş, tərs qızı tərs yenə tutduğunu buraxmadı, “dediyimi eləməsən, baş götürüb Biləsuvara bacımın yanına gedəcəm”, deyib durdu. Əlacı kəsildi, anasını öz əli ilə həmin yataqxanaya yerləşdirdi.
O hadisədən sonra az-çox ailəyə oxşayan münasibətləri tamam dəyişdi. İşdən elə bil öz evinə, ailəsinin yanına deyil, tamam yad bir yerə gedirdi. Beləcə, elə bir gün gəlib çatdı ki, artıq həddi buluğa yetmiş övladları da zövcəsi kimi, “hərənin öz həyatı var”, deyib söz eşitməz oldular. “Hərənin öz həyatı” olan yerdə isə bigə ailə həyatının bitməsi təbii idi.
***
Anası barədə düşüncələri başqa bir hadisəni də yada saldı. İndiki kimi xatırlayır. Yanına bir məcburi köçkün ailəsi gəlmişdi. Yataqxanada otaq istəyirdilər. Yerlisi olduğu deyilən bu insanları əvvəl qəbul etmək istəməyib, “gündə biri gələcək ki, yerlinəm, nə bilim qohumunam, kömək elə. Bura xeyriyyə cəmiyyətidi, Qaçqınkomdu, ya nədi? Bir də yerlilərim altı ay qabaq köçkün düşüblər, indiyə qədər haradaydılar, yerimiz yoxdur, deyirlər. Mənim belə işlərlə məşğul olmağa vaxtım yoxdu. O yataqxanada daha yer də yoxdu, nə vardı yerləşdirmişik. Bir-iki şirvan verib yola salın”, demişdi. Sonra nəsə fikirləşib, “yaxşı aşağıdakı boş otaqlardan birində gözləsinlər”, demişdi. Yəqin “şəhid ailəsini də qəbul etməyib” qınağından, tanıyanların gözündə daha da rüsvay olacağından ehtiyat etmişdi. Onsuz ağız büzənlər az deyil, tanıyan-tanımayan bir yana, qohum-əqrəba da dalınca danışır, “yekəlib, pullanıb daha adamı saymır”, deyirlər. İstəməsə də aşağı düşməyə məcbur idi.
Ataları şəhid olmuş üç uşaqla köməksiz qalan ana bir daldalanacaq üçün bir saata yaxın yalvardı. Başlarını soxacaq yerləri, yeməyə yavan çörəkləri belə yox imiş. Böyüyü doqquz-on, kiçiyi üç-dörd yaşlarında olan uşaqların üst-başı yaman gündə idi, yazıq görkəmləri ən ürəksiz adamın da qəlbini parçalayardı. Ancaq onun halı dəyişmədi, sadəcə, ürəyi bulanmasın deyə gözlərini yana çevirdi. Canını bunlardan necə qurtaracağı barədə düşünürdü. Ən kiçiyinin əl uzadıb yalvarışla:
– Əmi, vallah, acmışam, anamın da pulu yoxdu çörəy alaq, deməsi onu bu əzabdan qurtardı. Tələsik əlini cibinə salıb iki şirvan çıxardı və heç nə demədən ona uzatdı. Utandığından pörtüb qızaran ana yer yarılsa, o anda yerə girərdi. O isə üstündən dağ götürülmüş kimi rahatladı. Yanındakı köməkçiyə işarə etdi ki, bunları uzaqlaşdır. Özü isə halını pozmadan:
– Qəbula gələnlər var, yaxşı olar, Qaçqınkoma gedin, orada bir şey fikirləşərlər, deyib içəri keçdi. Halbuki, köməkçisinə bu ailəyə o yataqxanada bir yer düzəlt deyə bilərdi, ancaq demədi.
Yazıq qadın matı-qutu qurumuş halda bir neçə dəqiqə onun, dövlət məmuru və yerlisi olan bu məxluqun arxasınca baxdı və sonra qeyzlə əl atıb körpənin qolundan yapışdı. Ağu bildiyi pulu bu laqeyd adamın pompuş sifətinə çırpmağa gücü çatmadığına görə özündən iyrəndi. İxtiyarsız ovcuna sıxdığı pula baxdı. Sanki pul deyil, ovcuna bir parça pislik sıxmışdı. Onu nə yerə tullamağa, nə də təzə adəti üzrə yaylığının ucuna düyünləməyə əli gəlmədi. Ehtiyacın üzü qara olsun, necə ki, bu yazıq ananın üzünü vicdanı qarşısında qara etmişdi. Ancaq nə sirdi bilmədi, beynindən, qəlbindən keçənlərin əvəzinə, dilinə tamam başqa sözlər gəldi:
– Siz Allah, bağışlıyın. Siz Allah, bağışlıyın, deyib köməkçiyə baxdı və sonra da qəzəbdənmi, həyəcandanmı tıncıxan boğazını arıtlayıb:
– Allah erməninin ocağını söndürsün, ocağımızı söndürdü. Səhərdən uşaqların dilinə bir tikə yavanlıq dəymiyib, Allahın quru çörəyini almağa da pul yoxdu. Bu tifilin heç dözümü qalmayıb. Ev-eşiyi tərgidib erməninin əlindən canımızı qurtaran günü, o qaça-qaşda yerə elə zərblə dəydi ki, qabaq dişlərinin üçü birdən sındı. İndiyə qədər çörəyi isladıb verirəm, arada-bir də yalvarışına, göz yaşına tablamıyıb olan-qalanıma bulkadan-mulkadan alıram ki, yesin, dizində taqət olsun. Sübhdən şər qarışana qədər başımızı soxmağa yer axtarmaqdan əsir-yesir olmuşuq. Qohum-qonşu yanında gecələməkdən üzümüzün suyu da qalmadı. O yazıqlar özləri nə gündədi ki, bizə də bir gün ağlasınlar, dedi. Dedi və ürəyində özünü dönə-dönə qınadı ki, “o əclaf kimi bu da insafsızın, qəlbsizin biridisə, dərdini gör kimə deyirsən, ay başına xeyir olmuş”.
Əlindən yapışdığı körpəni arxasınca sürüyə-sürüyə:
– Gedək görək başımızı soxmağa bir cəhənnəm tapırıqmı, yoxsa bir azdan hava qaralacaq, dedi. Ürəyində isə hələ də özünü bərk qınayırdı: “yerlindi dedilər, mən də nahaq yerə ümidlənib gəldim. Qıçım qırılaydı, dilim tutulaydı bura gəldiyim yerdə. Uşağın dərdi olmasa, o verdiyi pulu başına çaxardım. Neyliyim, bəxt-tale yazanın qələmi qırılaydı, bizi bu günə qoydu”. Dönüb onların getməsini gözləyən köməkçiyə bir də baxdı. Köməkçi onun dünyanın bütün dərdi yığılmış, ümidsiz, çarəsiz baxışından necə ürpəndisə, onlar uzaqlaşandan bir xeyli sonra da başını yerdən qaldıra bilmədi.
Bu gün də Allahın ümidinə qaldılar.
Bütün bunlardan xəbəri olmasa da, o qadını üç uşağı ilə taleyin ümidinə buraxdığı həmin gün baş verənlər də bir parça qara daşa dönüb illərlə ürəyinin başından asılı qaldı. Düzdür, bir neçə il əvvəl onları axtarıb tapmaq, kömək göstərmək istədi. Bu məqsədlə əmisi oğlundan həmin qadının kimliyi barəsində müəyyən şeylər də öyrənmiş və təzə köməkçisinə bəzi tapşırıqlar vermişdi. Ancaq sələfindən xeyli fərqlənən bu köməkçi xala xətrin qalmasın bir araşdırma aparıb, əli ətəyindən uzun qayıtmışdı ki, nə o qadını, nə də uşaqlarını görmüşəm deyən olmadı. Bir də üstündən az qala 20 il vaxt keçəndən sonra kim bilir onlar harada idi. Bəlkə də… Bu fikirdən ürəyi elə sıxıldı ki, əlinin altında hazır dərman olmasa, aldığı zərbə bəlkə də sonunu gətirərdi. İndi daha çox qorxduğu qəfil sonu.
***
Az aralıdakı mağazaya girdilər. Götürdüyü pula bir öynəlik qarınlarını doyurmaq, çatsa, səhər gəvələməyə yavan çörək alacaqdı. Bir anlıq fikri yayınsa da, ara vermədən ürəyində özünü yamanlayır, yeri-göyün sahibinə üz tutub onu bir də beləsinə ürcah etməməsi üçün yalvarırdı. Necə yanıb-yaxılırdısa, orta yaşlı bir qadının qolundan tutub nəsə dediyinin çox gec fərqinə vardı. Qolunu tez çəkib, yad adama şübhə ilə baxdı. Nəsə demək istəyirdi ki, bu gülərüz xanım onu qabaqladı:
– Narahat olma, ay bacı, halınızı gördüm ürəyim dözmədi. Biz yaxınlıqda həyət evində qalırıq. İki ildir, 4 otaqda yoldaşımla təkik, oğlumuz xaricdə oxuyur. Dedim, istəsəniz bir yer tapana qədər bizdə yerləşin. Yoldaşım da razı olar. Bizim də Qarabağlı dost-tanışımız az deyil. Yoldaşımın tələbəlik dostu da Qubadlıdandı. Rayon işğal ediləndə ailəsi ilə neçə ay bizdə qaldılar. O camaatın da neçə nəfərini ermənilər öldürüb. Qalanlar da sizin kimi qaçqın düşüb. Bir ay qabaq münasib yer tapıb köçdülər. Nə olar, indi də siz qalarsınız. Küçədə yatmayacaqsınız ki.
Görünür bu xanım onun köməkçiyə dediklərini eşitmişdi. Bir də əksər şəhərlilər kimi o da “məcburi köçkün” əvəzinə “qaçqın” deyirdi. Əslində, bu eyniləşdirmə təbii və anlaşılan idi. Çünki hər iki zümrə erməni vəhşiliyinin qurbanı olmuş, yer-yurdundan, el-obasından didərgin salınmışdı. Hər ikisi ölüm, qan, quldurluq, talançılıq görmüşdü. Qaçqınlar da, köçkünlər də son ümid bildikləri doğma şəhər və kəndlərə, əsasən də, Bakıya, Sumqayıta, Gəncəyə, Mingəçevirə üz tutmuşdular. Çünki bu yerlərdə onların qardaş-bacıları, soydaşları, yurddaşları, xülasə, bir parçası olduqları xalq yaşayırdı. O xalq ki, “ev-evə sığmaz, el-elə sığar” deyib və bir əsrdə neçə dəfə öz sözünü göyərdib. Üzündən xeyirxahlıq yağan bu xanım da o xalqın nümayəndəsi idi.
***
Dəhşətli günlər yaşamış qaçqınların bir çoxu doğma Azərbaycanda da bir müddət əzab-əziyyət içərisində qaldılar. Belə dəhşətlərdən biri ilə “X” rayonunda, bir qrup qaçqının yerləşdirildiyi keçmiş koloniya (həbs düşərgəsi) ərazisində qarşılaşmışdım.
“Bizim nə günahımız var ki, bu koloniyada yerləşdiriblər? – deyə bir qadın soruşdu.
– Yaxşı, tutaq ki, biz günahkarıq, bəs uşaqların nə günahı?” Sonra ayağında süzülmüş, rəngi tamamilə getmiş səndəl olan 10-11 yaşlarında qız uşağını göstərib: “Bunun nə təqsiri var ki, betonun üstündə yatıb-durmaqdan ayaqları qıc olub”, dedi.
Başqa bir qadın: “Niyə bizə açıq demirlər ki, çıxın, gedin. Daha bu qədər zülm niyə verirlər?” soruşdu.
60 yaşlarında bir kişi isə: “Əgər sən də başqa gələnlər kimi yazıb bir tərəfə çıxarmayacaqsansa, onda dərdimizi tərpətmə”, dedi və sonra: “Gecələr arvadlarımız otaqdan çölə çıxmağa qorxurlar. Çünki yaxınlıqda koloniyada dustaqlar saxlanılır”, əli ilə məftil torun o üzünü göstərib: “– bax orada gəzişirlər”, əlavə etdi.
Utandığından içəridə ayaqyolu olmadığını, hava qaralandan sonra qız-gəlinin zəruri ehtiyacını ödəyə bilmədiyini demədi. Bunu nisbətən cavan olan başqa bir müsahibimdən eşitdim. Sözün bitdiyi bu durumda nə demək olardı?
Başqa bir qadın körpə qızının əlində soyduğu kartofu alma bilib dişləməsindən, digəri 14 nəfərlik ailənin darısqal bir otaqda yerləşdiyinə görə gecə yan-yana uzanıb yatmağa belə yerin çatmadığından, üçüncüsü azyaşlı uşaqlarını zirzəmidə siçovulların hücumundan güc-bəla qorumasından danışdı. İnsan gözləri ilə gördüyü bu mənzərələri unuda bilərmi? O insanların bu çəkilməz müsibətlərə necə dözüb yaşadığına adam inana bilmir. Ancaq nə qədər ağlasığmaz olsa da, bütün bunlar reallıqdır. Həmin dəhşətləri yaşayanların özlərinə hərdən yuxu kimi görünən acınacaqlı reallıq. Onlar sanki yağışdan çıxıb, yağmura düşmüşdülər.
Tanımadığım üçün onun ad-soyadının, sadəcə, baş hərflərini yazdım, N.H. Yazıdakı şəxs və yer adlarını silsəm də, mətnə toxunmadım: “Muharibə görməyən, onun acısını həyatının hər addımında hiss etməyən adamların humanizm püləməsi çox normaldır. Mən o adamları qınamıram. Sadəcə, müharibə xatirələrimdən onlara bir-iki detal deyəcəm. Onlar bizim kimi çadır şəhərciyində utana-utana elə çadırdan qurulmuş “opşi” ayaqyolunun önündə əllərində riyaziyyat dəftərinin vərəqi növbəyə dayanmayıblar. Bu o növbələr idi ki, müəllimlərinin tualetə getmək nədir, yemək yemədiyini düşünən şagirdləri ilə müəllimləri eyni növbəyə durmuşdular. Onları müharibə o günə qoymuşdu. İbtidai sinif müəllimimiz “M” müəllimin üzündəki xəcalət indiyə kimi ən xırda cizgisinə kimi gözümün önündədir. Xatırladıqca özüm-özümdən utanıram.
Siz bizim kimi BMT-nin yardım verdiyi paltarların qolunda UNİCEF loqosuyla utana-utana məktəbə getməmisiniz. Məktəbdə də paltarın qolundakı loqodan yardım olduğunu başa düşən uşaqlar bizi lağa qoyub ələ salırdılar. O dəqiqələrdə nələr keçirdiyimizi bir Allah bilir.
Nənəmin protez dişi kənddə qalmışdı, çörək yeyə bilmirdi. Çadır şəhərciyinə gələndə anamın boynunda gətirdiyi qızıl boyunbağını dəyər-dəyməzinə satıb nənəmə protez düzəltdirdik. Sonra nənəm “N” şəhərində yataqxanada öldü. Uşaq idim, həyətdən qaca-qaca gəlib yataqxananın “opşi” hamamına girəndə gördüm yaşlı xəstə bibim ölən nənəmin protezin bıçaqla yonub öz damağına uyğunlaşdırır.
Günlər olurdu çadıra yardım gəlmirdi, ac qalırdıq, gedib anama deyirdim ki, acmışam, bircə kəlmə deyirdi, “yaxşı eləmisən”. Deyə bilmirdi ki, yeməyə heç nəyimiz yoxdu. “N” şəhərində yataqxanada dar bir otaqda 8 nəfər qalırdıq. İş-güc yox idi, rəhmətlik atam bazarda hamballıq edirdi. Elə olurdu aylarla məktəbdən evə gələndə xəyalımda dolma yeyəcəyimi canlandırırdım, iştahım daha da artırdı. Amma gəlib stolun arxasına keçəndə anam hər gün olduğu kimi, gətirib qabağıma bir istəkan rəngsiz ilıq su və bir necə dilim çörək qoyurdu. Həftələrlə quru çay ala bilmirdik. Bu həftələr yardım verilənə qədər davam edirdi.
Daha dəhşətli şeylər deyə bilərəm, xatirəmdə elə tükürpədici şeylər var ki, onları Atakama səhrasında özümlə təkbətək də qalsam özüm-özümə danışmağa utanaram. Elə şeylər var onları desən özüm xəcalətdən cırıq-cırıq olaram”.
***
Qubadlı adını eşidəndə qəlbindən xoş, ilıq bir duyğu keçdi. Ümidləndi və ixtiyarsız ötən günləri, simsar bildiyi insanları xatırladı. Ərinin sağlığında onunla Qubadlının neçə kəndində olmuşdu. Bu rayonun Əliquluuşağı, Seytaz, adı dilinin ucunda olan o biri dağ kəndləri erməni hücumlarına məruz qalanda ilk köməyə tələsənlər arasında əri də vardı. Sonra ərazi müdafiə taborları yaradıldı. O taborlar düşmənə qan udduran vaxtlar əri o yerlərə daha tez-tez gedərdi. Bəzən günlərlə oralarda, dağda-dərədə gecələyər, qayıdanda da özünə yer tapmazdı. Sonra Zəngilan rayonunda yaradılan özünümüdafiə taboruna yazıldı. Sağ olsun, tabor komandiri hərbi xidmətini biz tərəflərdə deyildiyi kimi, “boevoy” hissədə keçməsini, təcrübəli olmasını nəzərə alıb, onu bölük komandiri təyin etmişdi. Kaş etməyəydi, düşmən mərmisinə elə o texnikanın arxasında tuş gəldi. “Görünür, qisməti beləymiş, komandir neyləsin, onun nə günahı”, fikirləşdi.
İndi olmuş kimi yadındadı. Hələ müharibə başlamamış ayda azı bir dəfə Qubadlının Xocahan kəndinə həftəbazara gedərdilər. Bu bazara Qubadlı, Zəngilan, Cəbrayıl, hətta Füzulidən davar, mal-qara, müxtəlif ərzaq və sənaye malları gətirirdilər, bir günün içində də az qala hamısı satılıb qurtarardı. Harada qaldı həmin dərd-sərsiz, qayğısız günlər. Yay aylarında neçə dəfə Qubadlının Qafan rayonu ilə sərhədindəki “Çay zəmi” deyilən sağı-solu meşə ilə örtülü təpələrin üstü ilə uzanan düzəngahdan keçib dədə-babalarının qədim yaylaq yerlərinə getmişdilər. O yaylaqlarda hər il yayda 3 ay dincəlib, quyruq doğandan bir-iki həftə sonra, sentyabrda məktəb açılmamış geri dönərdilər. Hələ müharibə başlamamış ayaqları biryolluq o yaylaqlardan kəsildi. Dağı, dərəsi, meşəsi, talası, bulağı, bir sözlə, o yurdlarda nə yer adları varsa, birinin belə erməni dilində olmadığı torpaqlar büsbütün erməniyə qaldı. Ermənilər də məqamı yetişəndə, fürsət bilib bizim ayağımızı halal yurdlarımızdan kəsib, “buralar qədim torpağımızdır”, dedilər.
İndi hərdən ona elə gəlir ki, keçmişdə yaşananların heç biri olmayıb, bunları yuxuda görüb. Uşaqlar olmasa, elə əri, başqa doğmaları da o yuxulardan gəlib və yenə ora qayıdıblar deyərdi. Yuxu qədər xoş olan o xoşbəxt günlərin ömrü çox qısa olmuşdu. Bu dəhşətli, ağır günlərsə, bitmək, tükənmək bilmir, acı bağırsaq kimi uzandıqca, uzanır. Bəs, ahıl-ağbirçəklər, “yaman günün ömrü az olar”, deyirdilər. Niyə olmadı, niyə yaman günün hər biri il qədər uzandı, dərdi-dərd üstünə gətirdi, ömrünü-gününü göy əskiyə düydükcə-düydü. İxtiyarsız göz yaşı yenə yanaqlarını islatdı. Rəngi itmiş, neçə yerdən süzülmüş yaylığının ucuyla onu silməyə çalışdı.
Darılması nahaq deyildi, ancaq bir az naşükürlük etdiyinin də fərqində idi. Hər şeyi görən İlahi onları yadından çıxara bilərdimi? İndi eşitdikləri neçə aydan bəri ümidsizlik içində boğulan bəndəsinə pəncərə açmaq deyildimi? Düzdür, bu pəncərədəki işıq hələ zəif olduğundan, güclə sezilirdi. Ancaq o işığın daha gur, daha şəfəqli olacağına ümid vardı, çünki o, düzgün yaşamadığı ömrə görə peşman olan birisinə deyil, atasız üç yetimi yaşatmağa çalışan çarəsiz bir ananın üzünə açılmışdı. Bu xeyirxah insanı mələk kimi göydən endirən də o idi.
Hər şeydən əli üzülən ailə bir aya yaxın aradığı yeni daldalanacağı tapmışdı. İşğal adlı bəlanın gətirdiyi köçkünlüyün ilk beş ayını ərinin cəbhə dostunun Bakı ətrafında yerləşən hərbi hissələrin birinin yaxınlığındakı darısqal, uçub-tökülən daxmasında keçirmişdilər. Buna da şükür, deyib balalarını başına yığmış, hərbi hissənin yeməkxanasında qab-qacaq yumaqla çörək pulu qazanmışdı. Pis-yaxşı dolanışıqlarına ərinin dostu da kömək göstərmişdi. Ancaq o, könüllü olaraq 1994-cü ilin fevral ayında yenidən döyüşlərə qatılıb şəhid olandan sonra yenə köməksiz qalmışdılar. Uşaqların artan tələbatını ödəmək getdikcə çətinləşirdi. Bir ay da bir qarnı ac, biri tox keçindilər. Ancaq hərbi hissədəki müvəqqəti işini itirəndən sonra burada qalmaq mümkün olmadı. Baş götürüb Bakıya gəldi ki, Allah kərimdir, böyük şəhərdi, bəlkə bir daldalanacaq, iş tapar. Rayon İcra Hakimiyyətindən də kömək vəd etmişdilər. İndi bir aya yaxın idi nə yer, nə də iş tapılmırdı deyə, sərgərdan qalmışdılar. Qohum-qonşu yanında, yarımçıq tikililərdə, o vaxtlar boş olan zirzəmilərdə gecələyir, mağaza, kafe sahiblərinə yalvarıb təmizlik işi görür, yük daşıyır, əllərinə keçən cüzi pulla birtəhər keçinirdilər. İndi bir mələk sanki göydən enib onlara adam kimi yaşamağı təklif edirdi. Kərəminə şükür, İlahi! Sənə şəkk edən kafirdir!
Onlara ayrılan iki otaq geniş olmasa da, səliqə-sahmanı göz oxşayırdı. Zəruri əşyaları da vardı. Ev sahibəsi yaraşıqlı, üzü nurlu, ziyalı bir xanım idi. Hansısa xəstəxanada həkim işləyirdi. Eşitdiyinə görə, əslən Güneyli olan bu xanım yaxşı həkim kimi böyük hörmət-izzət sahibi idi, şəfalı əlləri neçə insana ikinci həyat bəxş etmişdi. Məhəllədəki qonşular kimi, neçə yol özü də onun insanlığına mehriban, həssas münasibətinə şahidlik etdi. Uşaqları xəstə olanda özü ilə bərabər, saatlarla başlarının üstünü kəsdirib durdu. Ərinin onun barəsində zarafatla dediyi, “arzuladığın humanitar fakültəni bitirsən belə, bundan artıq humanitar olmaq mümkün deyildi” fikri əsl həqiqət idi. O da bu sözlərə gülümsəyərək, “atamın sözünü yerə salmadım, yoxsa, nə bilmək olardı”, cavabını verirdi.
Bu ailə ilə ilk gündən elə isinişdilər ki, deyərdin neçə ilin tanışlarıdır. Ana işə düzələnə qədər bazarlıqları, biş-düşləri də bir oldu. Şəhid ərinə görə almalı olduğu kompensasiya üçün lazımi ünvanlara da bərabər baş çəkdilər. Ailə mənzil növbəsinə də götürüldü. Uşaqlar yaxınlıqdakı məktəbə düzəldi, dərs, iş, başqa qayğılar anaya dərdlərini yavaş-yavaş unutdururdu. Beləcə, böyüyü də işə düzələnə qədər, 7 ilə yaxın bir ailə kimi yaşadılar. Ali təhsilini başa vurub qayıtmış oğul da bu ailəyə isinişmiş, təfəkkürlü, nisbətən diribaş olan ortancıl uşaqla daha çox dostlaşmışdı. Onu həvəsləndirmək üçün, “sən mənin müridimsən, gərək hər elmdən hali olasan ki, mürşidinin başını uca edəsən”, deyirdi. Elə o birilərinə də bacardığı qədər əl tuturdu. İnsafən, uşaqlar da əmi dedikləri bu gəncin əziyyətini itirmir, əsas da analarının könlünü açmaq üçün səylə çalışırdılar.
Hətta bir ara Rayon İcra Hakimiyyətinin tapdığı müvəqqəti yerə köçmək istəsələr də, şəraiti münasib bilməyən ər-arvad buna razı olmamışdı. Şəhid ailəsi kimi iki otaqlı ev alıb yerləşənə qədər birevli kimi yaşadılar. Ayrılanda bəzi zəruri əşyaları götürmək təklifi isə ananı elə kövrəltdi ki, yenə ürəkdən, ancaq bu dəfə minnətdarlıq duyğusundan kövrəlib ağladı. Ən ümidsiz vaxtında onu tək qoymayıb, bu insanlara tuş gətirdiyinə görə Allahına yüz kərə dua etdi. “Kərəminə şükür, İlahi, demək həyatda belə insanlar da varmış”.
***
Hərdən ona elə gəlirdi ki, ətrafda hər kəs ondan canını qurtarmağa çalışır. Ən birinci də dostları. Əslində, dostları çoxdan yoxdur. Özünün, onların da canı bu gecikmiş qərardan sığortalanıb. Ancaq bir vaxtlar onlar vardı və nə zamansa belə olacağını nə o, nə də dostlar ağıllarına gətirə bilməzdi. Onları bir-bir itirmişdi, səbəb də aşağı-yuxarı eyni olmuşdu. Dövlətinin gəlhagəl vaxtına, şan-şöhrətinin zirvədə olduğu günlərə qədər artıq heç biri qalmamışdı. Gör neçə il keçib, indi düz-əməlli xatırlamır da. Yadında yalnız o qalıb ki, onların hər birinin gedişi ilə yaşamağın mənası, nəşəsi o qədər azalmışdı. Həyatı tamam bozlaşmış və bir gün bütün insani duyğulara yad, ruhsuz birinə dönmüşdü.
Həyatında dost deyiləcək kimsə qalmayanda onların yerini yaxın tanışlar, münasibətlərinə ad verməkdə bu gün də çətinlik çəkdiyi müxtəlif sifətlər tutdu. Dostlardan fərqli olaraq, onların gəlişi ilə gedişi arasında çox az vaxt çəkirdi. Bir, iki, ən yaxşı halda üç il. Atalar nahaqdan “hər şeydə bir xeyir var”, deməyib. Bu təsadüfi sifətlərin həyatında peyda olmaları ilə yoxa çıxmaları o qədər adi, sönük olub, onlara görə daxilində yaxşı-yaman nəsə hiss etdiyi də yadına gəlmir.
Dostları isə heç vaxt unuda bilmədi. Həyatının ən uğurlu illərində belə onları düşünəndə burnunun ucu göynədi, yanıb-yaxıldı. Olub-bitənlərdə daha çox dostları qınasa da, birgə keçən günlərin xiffətini çəkdi, içi göynədi, açıq-gizli köks ötürüb bir anlığa o günlərə dönmək üçün hər şeyindən keçməyə hazır oldu. Belə məqamlarda harada olmağın fərqi yox idi, kimsəni görmür, eşitmir, gözünü bir nöqtəyə zilləyib qalırdı.
Əslində, onları itirməmişdi, qəlbinin bir küncünə sığınıb qalan dostlar elə bil şərt kəsibmiş kimi bir-bir oradan daha dərinliklərə enmişdilər. Əgər ikinci həyat şansı olarsa, onları yenidən qaytara biləcəkmi? Buna gücü çatacaqmı? Axı, onları qaytarmaq itirmək qədər asan deyil. Yadına gəlir, nə vaxtsa dostlardan birinə, “övladlarımız bizdən yaxşı olmayacaq. Çünki biz atalarımızdan yaxşı ola bilmədik. Biz ataların surətiyik, övladlarımız isə bu surətin surətidir. Vay halımıza ki, əslimizdən, insanlıqdan bir az da uzaqlaşırıq. Təki mən yanılım”, demişdi.
Yenə də son. Ancaq bu son barədə düşünməyə zaman qalmışdımı? Gözlərini yummazdan əvvəl əlini yaxınlıqda olan birini köməyə çağırırmış kimi irəli uzatdı. Hər tərəf bir andaca zülmətə büründü. Gözlərini yenidən açanda ilk dəqiqələrdə nə baş verdiyini anşıda bilmədi. Bir saat, gün, ya həftə keçmişdi? Deyəsən xəstəxanada idi, bunu yan-yörəsində hərəkət edən adamların geyimindən və burnuna dolan kəskin dərman qoxusundan başa düşmüşdü. Gözünü bəyaz tavandan ayırıb çarpayının lap yaxınlığında dayanan ağ xalatlı adama çevirəndə elə bil bədənindən neçə yüz voltluq elektrik cərəyanı keçdi. O idi, neçə illər arayıb-axtardığı, o unudulmaz günün yaddaşından silinməyən xatirəsi. Çiyninə qədər tökülən, nazik, zərif boynunu gizlədən sıx qara saçları bir az ağarsa da, dəyişməyib. Ancaq çöhrəsindən, baxışından daha fağırlıq yağmır, əksinə inamlı təsir bağışlayır. “İlahi, bu, necə ola bilər, sonda mənə bu əzabı da yaşadırsan. İllər sonra bu görüşə şərait yaradıb, dərdimin üstünə dərd gətirməklə qisasmı alırsan, qarşında bu qədərmi günahkaram?”
Bütün gücünü toplayıb artıq orta yaşlı bir xanım olmuş o qıza nəsə demək istədi. Ancaq yaşadığı ömrə peşmanlıqdan, nifrətdən, qəzəbdən yoğrulan qəhər daş olub boğazını necə tıxamışdısa, xırıltıdan başqa heç nə eşidilmədi. Öləziyən işıqda son gördüyü döngədən metro stansiyası tərəfə burulub gözdən itən həmin surət oldu. Ən qəribəsi isə bu idi ki, cihazlara qoşulu qalan bədəninin necə soyuduğunu o qızla bərabər özü də hiss edirdi.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ayaz Arabaçı. Öpdüm dodaqlarındakı kəsik-kəsik sözləri

*** Səhər lap tezdən idi, sökülürdü ağca dan. Min cür ətir gəlirdi həyətdəki bağçadan. Bir halda ki, yuxudan məndən qabaq durmuşdun. Deməli çiçəklərə o ətri sən vurmuşdun. Elə bildim qəfildən on səkkiz yaşındayıq. Bir dağın ətəyində,bir bulaq başındayıq. Köhnə birotaqlı ev- adi daşdı, divardı. Aramızda hər şeyin başqa bir dadı […]