***
Səhər lap tezdən idi,
sökülürdü ağca dan.
Min cür ətir gəlirdi həyətdəki bağçadan.
Bir halda ki, yuxudan
məndən qabaq durmuşdun.
Deməli çiçəklərə o ətri sən vurmuşdun.
Elə bildim qəfildən
on səkkiz yaşındayıq.
Bir dağın ətəyində,bir bulaq başındayıq.
Köhnə birotaqlı ev-
adi daşdı, divardı.
Aramızda hər şeyin başqa bir dadı vardı.
Axıb gedirdi elə,
ürəyim su idimi.
Desəydin inanardım, gerçək eşq bu idimi.
Gedərdim istəsəydim
bir az da lap dərinə.
Amma dözməzdi ürək heç vaxt o qədərinə.
Ruhumuzun tozunu,
pasını hamamladıq.
Bir gecədə bir ömrü yaşayıb tamamladıq.
Lalələrə qərq olan
zəmi kimiydi könlüm.
Sularda batıb-çıxan gəmi kimiydi könlüm.
-Dedin çoxdandı nəsə sən tərəfdən hücum yox.
pıçıldadım:
-Yox daha, səninlə bundan belə
savaşacaq gücüm yox…
Sonra pozdu sükutu balaca bir hıçqırıq.
Sonra gördüm sinəmdə ürəyim qırıq-qırıq.
Öpdüm dodaqlarından kəsik-kəsik sözləri.
Öpdüm yağmurlarından buludlanmış gözləri.
Dedin fikir eləmə
hamı yaxşı deyil ki, mənimtək pislər də var.
Toxda, azca gülümsə.
Çünki bu hekayədə
adama güvən verən çox yaxşı hisslər də var.

