Vaxtında edilməyən yaxşılığın adı nədir? Peşmanlıq…
Bəzən insan bir ömür yaşayır, amma həyatı yaşamır. Sadəcə günləri bir-birinin ardınca yola salır. Lətif Şüküroğlunun “Peşmanlıq” hekayəsi məhz bu səssiz sürüşmənin, vaxtında deyilə bilməyən sözlərin, tutulmayan əllərin və edilməyən yaxşılıqların daxildə necə ağır bir daş kimi yığıldığını göstərən bir vicdan salnaməsidir.
Bu əsərdə peşmanlıq ani hiss deyil, illərlə formalaşam daxili ağrıdır. Gənclik illərində rast gəlinən bir baxış, bir səs, bir susqunluq sonradan bütün həyatın ölçü vahidinə çevrilir. Qəhrəman üçün o qız bir insan deyil artıq–o, itirilmiş cəsarətin yarımmçıq qalan taleyin simvoludur.Vaxtında atılmayan addım illər sonra geri dönməyən yola çevrilir.
Əsərin fəlsəfəsi yalnız sevgi üzərində qurulmayıb. Burada daha ağır bir məsələ var: vicdan qarşısında cavabdehlik. Qaçqın, şəhid ailəsi, ac uşaq-bunlar yalnız sosial tablolar deyil, insanın öz içindəki mərhəmətlə laqeyidliyin mübarizəsidir. İki şirvan pulla sakitləşdirilən vicdan, əslində daha da qışqırmağa başlayır. Çünki yaxşılıq ölçülmür, hiss olunur.
Müharibə, bu əsərdə təkcə silah səsləri ilə deyil, utanc, yoxsulluq və susqunluqla danışılır. Çadır şəhərcikləri, UNICEF paltarları, beton üzərində yatmaq məcburiyyəti-bunlar uşaqlıqdan insanın ruhuna hopan sükut travmalarıdır. Müharibə torpağı yox,insanın içini işğal edir.
Amma Lətif Şüküroğlu qaranlıq içərisində işığı da unutmur. Mərhəmətli həkim qadın obrazı sübut edir ki, insanlıq bəzən bir qapının açılması qədər sadə, bir “gəlin” demək qədər dəyərlidir. Bu obraz ümidsizlik fonunda vicdanın hələ də diri olduğunu xatırladır.
Final səhnəsi isə taleyin susqun hökmüdür. Xəstəxanada baş verən qarşılaşma-illər əvvəl itirilən qadınla yenidən üz-üzə gəlmək-artıq danışmaq üçün gec olduğunu göstərir. Söz boğazda düyünlənir, çünki peşmanlıq gecikmiş etirafı qəbul etmir. Bu susqunluq əsərin ən güclü cümləsidir.
“Peşmanlıq” bizə bir həqiqəti xatırladır:
İnsan həyatında ən ağır yük günah deyil, vaxtında edilməyən yaxşılıqdır. Çünki insanı mühakimə edən məhkəmə, qanun yox, vicdandır.

