İlk növbədə başlıq düşünməli idim. “Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər” deyiminin əsərin şəxsi təhlilimlə uyumlu olacağını düşündüm. Bəlkə də fikirlərimi qarışıq deyə bilərəm, amma bunu da nəzərə alın ki, əsər özü də mənim qarışıq fikirlərimdən geri qalmır.
Kiçiklikdən bəri özümün də adını verə bilmədiyim bir problemim var. Bunu, yəqin ki, ilk dəfə siz eşidəcəksiniz. Əsərin giriş hissələrində Çexovun yaratdığı “Dəli” obrazının cinayətkarın, oğrunun özü olduğunu düşünməsi, sanki polislərin evinin ətrafında gəzməsinin tək səbəbinin özü olduğunu zənn etməsi diqqət çəkir. Buna görə də gizlənir, heç bir günahı olmadığı halda günahkar qiyafəsini özü-özünə geyindirir.
Yaxşı, siz deyəcəksiniz ki, bu hadisə nə üçün mənə uşaqlığımı xatırlatdı. Mən də sizə sual verirəm: Tək mənəmi? Gəlin, mən sizə bir neçə nümunə çəkim. Əminəm ki, bunlardan ən az birini yaşamısınız.
Doğulduğumuz andan başlayır əslində hər şey. Hər birimiz körpə olarkən ağlamışıq. Təbii ki, bunu xatırlamırıq. Amma valideynlərimiz bizə böyüdükdə “çox pis uşaq olmusan, həmişə ağlamısan” və s. deyərdi. Siz deyin, bizim nə xətamız vardı? Həə?
Və ya yağışlı bir gündə, sənin yeni-yeni hər şeyi anladığın bir yaş dönəmində ananla birlikdə yol gedərkən paltarın palçıq oldu deyə ananın səni döyməsi… Axı mənim xətam nədir? Mən yağış deyilən şeyin torpağı palçıq edə biləcəyini yeni dərk edirəm axı, sən məni necə yarğılaya bilərsən?
Bu və bu kimi şeylər… Yaxşı, yaxşı, gəlin ən acılı olanı deyim. Bir gün anam atamla dalaşandan sonra otağa gəlib: “Hamısı sənə görədir, sən istəmirsən biz xoşbəxt olaq” demişdi. Hansı uşaq 5 yaşında (ümumiyyətlə, hansı yaşda olursan ol) ailəsinin dağılmasını istəyər? Mən cavab axtarıram, amma hələ də tapmıram.
O zamanlar yaşadığım bu şeylər indi mənim eyni Çexovun o “Dəli” sinə bənzəməyimə səbəb oldu. Yolda polis görəndə yerişimi düzəldirəm, sanki məni izlədiyini düşünürəm. Və ya metro bir anlıq dayanır, düşünürəm ki, bəlkə də, məni zərərsizləşdirmək üçün bilə-bilə saxladılar və s. Çox gülməlidir, həə?
Bəlkə də bizim “Dəli” damğası vurub təcrid etdiyimiz insanlar cəmiyyətin yaratdığı çərçivələrə uymadığı, müəyyən edilmiş sıralarından çıxdığı üçün məhkum etdiyi insanlardır? Zamanla hər birimiz həyatın mənasızlığını dərk edəcəyik. Bax, onda Çexovun dəlisi kimi dəlilərin sayı çoxalacaq.
Hə, bir də unutmayın: deyirlər, dahiliklə dəlilik arasında incə bir cizgi var. Ən zəki insanlar həmin o cizginin kənarında gəzirlər. Çexovun “Dəli”si də bax o dəlilərdəndir…

