
Müasir Azərbaycan poeziyasında insanın daxili aləmi, zamanla münasibəti tez-tez toxunulan mövzulardandır.
Bu mövzular Ağalar Qutun klv.az saytında dərc olunmuş “Özümü görmədim, özümdəkini gördüm özgə şəkillərdə” şeirində də öz əksini tapmışdır.
Müəllifin ənənəvi akademik fəlsəfədən fərqli olan, daha geniş sualları önə çıxaran düçüncə tərzi bu mövzulara tez-tez müraciət etməsinə səbəb olmuşdur.
Bu düşüncə tərzi həmin şeirdə daha aydın əks olunur.
Lirik qəhrəman əvvəldə müşahidəçi kimi başlayır, tədricən obrazların içinə çəkilir. O nə mühakimə edir, nə də izah verir, yalnız hiss edir.
Mətnin bədii gücü görmə aktında cəmlənir. Burdakı şəkil vizual bir material deyil, insanın özünü tanıdığı dolayı “güzgüdür”. Obrazlar da bir-birinə qarşı deyil, əksinə üst-üstə düşür: qatil, məfqud, məqtul, müntəhir.
“Güzgüyə baxmamaq” müəllifin həqiqətdən qaçma istəyini, reallığıdüşüncəsində inkar edərək özü üçün qoruma mexanizmi yaratdığını göstərir. Bu həm də insanın öz qəddarlığını görmək istəməməsidir. Həqiqətdən nə qədər qaçmağa çalışsaq da, o gec ya da tez bizi tapacaq. Amma “həqiqi mən”lə üzləşmək bir qədər çətin və ağrılı prosesdir. Biz insanları tanıya bilməməyimizdən danışırıq. Bəs görəsən, biz özümüzü tanıyırıq?
İnsan özünü tanımaq üçün mütləq bir başqasına ehtiyac duyur. Biz öz daxili zülmətimizi və ya işığımızı ancaq başqa birinin həyat hekayəsində və ya simasında əks olunanda tam dərk edirik.
“Görmək” feili fiziki akt mənasında yox, ruhi görmə mənasında işlənmişdir. Müəllif öz daxili “mən”ini görərək onu sadə bir dillə əks etdirmişdir.
Fransız yazıçısı Jül Renarın məşhur “Gündəlik” əsəri ilə bu şeir arasında ruhsal və fəlsəfi bağ var. Renarın da öz “mən”ini başqalarında axtarması, öz kölgəsinə dik baxmaqdan çəkinməsi Ağalar Qutun özünü başqa insanların simasında görməsi ilə bənzərlik təşkil edir.
“Mən özümü tanımıram. Mən sadəcə başqalarının mənim haqqımda fikirlərinin və öz müşahidələrimin bir qarışığıyam” fikri ilə Renarın daxili parçalanmış “mən” anlayışı, eləcə də “Özümü görmədim, özümdəkini gördüm özgə şəkillərdə” deyən Ağlar Qut arasında ruhsal mənada bir yaxınlıq hiss olunur.
Müəllifin sonda özünün nə zamansa görə bilməyəcəyi “mən”inin başqalarının görməsi üçün xahiş etməsi suallar silsiləsini yaradır.Yəni elə bir vaxt yarana bilər ki, yazar artıq öz mənəviyyatını görə bilməz. Biz nə zamansa bundan məhrum ola bilərikmi? Əsl faciə də elə bu zaman başlamırmı? Biz özümüzün kim olduğunu anlamazkən başqalarından bizi başa düşməsini necə gözləyə bilərik? Müasir dövrün ən böyük problemlərindən biri də budur. Dərdimizi demədən başqalarından dərman olmağını gözləyirik...
Minimalist üslubda yazılmış bu şeirin həcminin kiçik olmasına baxmayaraq, mənəvi dəyəri bir roman ağırlığındadır, fikrimcə. Şeiri oxuyarkən qatil obrazı yerinə Roskolnikovu, Otellonu, Maqbeti, məqtul yerinə talesiz Dezdemonanı, müntəhir yerinə Martin İdeni qoydum. Bu zaman şeir öz həcmini aşaraq roman dərinliyinə çatır. Forma baxımından kiçik olan şeir məna baxımından müstəqil və bütöv bir dünya yaradır.
Modern poetik düşüncə üzərində qurulan şeirdə klassik sujetdən imtina edilmişdir.Minimalist üslubda yazılmış əsərlər oxucudan sadəcə oxumağı deyil, həm də düşünməyi tələb edir.
Əsərin əsas ideyası isə odur ki, insan cəmiyyətin yaratdığı bütün faciəvi obrazların içində potensial olaraq mövcuddur. Çünki elə özü cəmiyyətin bir parçasıdır. Cəmiyyətə baxanda özünü görən adam isə artıq kim olduğunu bilir. Amma kimliyini bilən adam gün gələ bilər ki, kim olduğunu yenidən unutsun...

