Çimnaz Qadiyeva, Fatma Kazımova. Mahurun “Eşqin dörd üzü”

Təhlil:
Sənə baxmaq – Müəllif üçün “baxmaq” sadəcə görmək deyil, kainatın sükutunu dinləmək və varlığın gizliliklərinə toxunmaqdır.
Sənə baxmaq – dağların arxasından boylanan ilk günəş şəfəqi kimi müqəddəs bir heyrətin adıdır. Bu baxışda bir qorxu var; elə bir qorxu ki, sanki göz qırpılsa, o işıq sönər, o möcüzə itər. Şair bu zərifliyi qorumaq üçün könlünü bir güzgüyə çevirir. Məncə, burada ən incə məqam budur: Sevgili artıq xaricdə deyil, aşiqin daxili aləmində, onun qəlbinin ən şəffaf guşəsində məskən salır. İnsan baxdıqca gördüyünə çevrilir, sanki ruhlar arasında görünməz bir körpü qurulur.
Burada hiss olunur ki, baxmaq – özünü unutmaq fəlsəfəsi üzərində qurulub. Bir çiçəyin açılışını nəfəsini tutub izləmək, zamanın dayandığı o anın əbədiləşməsidir. Şair sevgilinin hər kirpik hərəkətində kainatın sirrini oxuyarkən, əslində var olduğu dünyadan qopub mənəvi bir səmaya ucalır. Onun ətrində özünü itirməsi, bir damlanın ümmana qarışıb yox olması kimidir. Bu, eşqin ən ali mərtəbəsi – öz mənliyindən keçib “O”nda var olmaq halıdır.
Qış gecəsinin soyuqluğunda pəncərə şüşəsinə çəkilən ad isə həsrətin ən poetik təsviridir. Barmaq ucları ilə o ada toxunmaq, əslində, ruhun toxunma ehtiyacıdır. Əriyən buzlarla birlikdə sevgilinin ona doğru axdığını xəyal etməsi, şairin tənhalığını ümidlə yoğurmaqdır. Düşünürəm ki, burada buzun əriməsi həm də qəlbdəki buzların, o sarsılmaz məsafələrin sevgi hərarəti ilə yox olmasına işarədir.
Və nəhayət, rəssam portreti… Bu, sevginin sadəcə bir duyğu deyil, həm də bir yaradıcılıq, bir ağrı sənəti olduğunu göstərir. Yarımçıq qalmış bir surəti tamamlayarkən boyaq yerinə göz yaşlarından istifadə etmək – sevgini öz canından, öz kədərindən pay verərək yaşatmaq deməkdir. Hamı o portretdəki gözləri tanısa da, yalnız rəssam (aşiq) o baxışların arxasındakı ağrını, o rənglərin hansı fədakarlıqla yoğurulduğunu bilir.
Sənə baxmaq – səni mənim içimdə yenidən yaratmaqdır. Bu, bitməyən bir tamaşa, hər anı dua kimi yaşayan bir ömür yoludur.

Səni düşünmək – qaranlıq bir otaqda titrəyən, lakin əsla sönməyən bir çıraqdır. Bu, ruhun tənhalıq zülmətində özünə sığınacaq tapmasıdır. Məncə, burada ən incə məqam “səhər küləyi” obrazıdır. Adətən səhər küləyi gəlişi ilə şamları söndürər, amma bu düşüncə o qədər köklüdür ki, zamanın və şərtlərin rüzgarı ona təsir edə bilmir. Belə düşünürəm ki, şair burada sevginin müvəqqəti bir həvəs deyil, sarsılmaz bir “daxili işıq” olduğunu vurğulayır.
Düşüncənin ikinci qatı bizi xəritəsiz bir səyahətə aparır. Bu, məqsədi mənzil başında deyil, yolun özündə tapmaqdır. İnsan hara getdiyini, bu yolun harada bitəcəyini bilmir, amma içindəki o sarsılmaz inam – hər addımın “Sən”ə doğru atıldığı inamı – onu ayaqda tutur. Bu, bir növ eşq təvəkkülüdür; sonu görünməyən bir yolda sevgilinin xəyalı ilə çıxmaq cəsarətidir.
Ən fəlsəfi hissələrdən biri isə yarımçıq qalmış o son sətirdir. Şair bütün kitabları, yəni bütün dünya biliyini, təcrübəsini alt-üst edir, lakin o çatışmayan misranı tapa bilmir. Sonunda anlayır ki, o sətir heç vaxt yazılmayıb. Çünki o sətir mürəkkəblə deyil, sevgilinin varlığı ilə yazıla bilər. Hesab edirəm ki, burada “Sən” obrazı həyatın çatışmayan tərəfidir, o olmadan heç bir hekayə tamamlanmır, heç bir şeir son nöqtəsinə çatmır.
Köhnə kitab arasındakı quru yarpaq isə yaddaşın ətridir. O yarpaq qurusa da, rəngi solsa da, özündə keçmişin ruhunu daşıyır. Onu kimin qoyduğunun önəmi yoxdur, önəmli olan o yarpağın toxunuşunda gizlənən yaşanmışlıq duyğusudur. Düşünürəm ki, şair burada sevgini zamanın fövqündə görür; o həm keçmişdir, həm də bu anın içində buram-buram qoxuyan bir xatirədir.
Və nəhayət, səhra və susuzluq… Səhrada qum dənələrində iz axtarmaq, imkansızın ardınca getməkdir. Səni düşünmək – Susuzluqdan yanarkən belə, o xəyala aşiq olmaqdır. Bu hissədə insan dünyadan əl çəkir və hər zərrədə, hər toz dənəsində sevgilinin nişanəsini axtarır.
Yekun olaraq deyə bilərəm ki, bu misralarda “Səni düşünmək” – dünyanı sevgilinin gözü ilə yenidən kəşf eləmək cəhdidir. Müəllif sanki bizə deyir ki, düşünmək sadəcə ağılın işi deyil, düşünmək – ruhun sevgidə yanaraq saflaşmasıdır.

Səni sevmək – Şeirin bu hissəsi eşqin çəkdiyi əziyyətləri, kədəri ardıcıl metaforalarla təsvir edir. Sevmək burada sadə bir hiss deyil, bir varoluş tərzi kimi təqdim olunur.
Müəllif sevgilinin adını “gecənin tam sükutunda dua kimi pıçıldamaqdır” ifadəsi ilə sevginin dini bir ibadətə bərabər olduğunu vurğulayır. Yuxusuzluq və “ulduzlara səni danışmaq” təsviri sevginin fərdi iztirabını, sevgilinin isə əlçatmaz və uzaq bir varlıq kimi qəbul edildiyini göstərir. Keçmişin acı təcrübələri və ümidlərin külə dönməsinə baxmayaraq, “tək bir ümidini sağ çıxarmaq” eşqin yaşatmaq gücünü, ən çətin məqamlarda belə diriliş mənbəyi olduğunu bildirir.
“Yolunu gözləyən qoca bir çinar” metaforası sonsuz səbri və zamanın sınağından çıxmış dözümlülüyü ifadə edir. Burada “Gəlməyəcəyini bilə-bilə pəncərəni açıq qoymaq” ifadəsi ilə qarşılaşırıq. Belə yeni bir sual yaranır: “Nə üçün pəncərəni açıq qoymaq?”. Çünki o, hətta təbiət səslərini belə sevgiliyə aid edir: “Yağışın ayaq səsini sən sanmaqdır.”
“Yan!” deyənə “baş üstə!” demək təslimiyyət və cəsarətin zirvəsidir. Bu eşq elə bir gücdür ki, həyatın bütün mənasını dəyişir: “Sevginin nə olduğunu səndə öyrənməkdir.”
Sevən şəxs sevginin hökmünə tam təslim olur, öz mənliyini tərk edir. Sevgili “Qəza da olsan, qədərimsən” deyə qəbul edilir. Eşq yolunda ölmək belə lütf sayılır. Bu, ağrı və məmnunluğun təzadlı vəhdətidir.
Şair sevginin sirrini və onun dilin susduğu yerdə danışan gücünü vurğulayır. Yekunda sevginin “Əlifdən başlayan bir eşq əlifbası” olması onu təməl, başlanğıc və yeganə həqiqət kimi qəbul etdiyini göstərir.

Sən olmaq – Şeirin bu hissəsi eşqin yalnız bir hiss deyil, yeni bir varoluş halına çevrilməsini təsvir edir.
“Günəşin şəfəqlərində öz kölgəmi itirməkdir” ifadəsi sevənin sevgilinin nurunda tamamilə əriməsini göstərir. Bu, iki varlığın dənizə qovuşan iki çay kimi birləşdirilməsi ilə gücləndirilir. Nəticədə əldə edilən hiss “doluluq, sonsuzluq və eşqdir.”
Vəhdət o qədər dərindir ki, sevgilinin səsi sevənin öz səsinə çevrilir. Fiziki sərhədlər yox olur. İki fərqli varlıq zahirdə fərqli misralar olsa da, eyni mənanın dərinliyinə varır.
Şeirdəki ən güclü təsvirlərdən biri budur: “ Yalnız sənsizlikdə əsl səni tapmaqdır.” Bu, fərdi “mən” in yox edilməsi ilə əsl, saf və əbədi sevgiyə qovuşmağın mümkünlüyünü göstərir. Həyatın hər anı ona bağlıdır.
Sonda müəllif zaman anlayışının itdiyini bildirir. Şeir qəti nəticə ilə bitir: sevən artıq ayrı bir fərd deyil, tamamilə sevgilinin varlığında əriyib: “Sən mənə dönmüsən, mən isə sənə…”

İdeya:
Bu silsilə, ruhun pillə-pillə özündən köçüb bir başqasında məskən salmasının poetik tarixçəsidir. Müəllif eşqi sadə bir duyğu kimi deyil, ruhun səfəri kimi qələmə alır; burada aşiq mənliyindən çıxıb sevgilinin varlığına doğru uzun və sirlərlə dolu bir səfərə çıxır.
Şeirin ana xətti boyunca biz bir insanın tədricən əriməsinə şahidlik edirik. İlk misralarda sevgi bir “baxışdır” – heyranlıqla dolu, bir qədər məsafəli, amma işıqlı. Lakin bu baxış zamanla daxili bir yanğıya, “düşüncəyə” çevrilir. Artıq sevgili uzaqda olan bir büt deyil, ruhun içində sönməyən, küləklərə sinə gərən bir çıraqdır. Şair sevgini müqəddəs sükuta və dualara çevirir.
Əsərin ən incə məqamı isə “mən”in , “sən”də qeyb olmasıdır. Müəllif üçün eşqin son mənzili iki ruhun bir-birinə elə sızmasıdır ki, artıq hansı nəfəsin kimə məxsus olduğu bilinmir. İki çayın dənizdə itməsi simvolu ilə ifadə olunan bu vəhdət, əslində, aşiqin özünü tapmaq üçün özündən imtina etməsidir. Şeir boyu duyulan o incə sızıltı, həyatın və ölümün eşq qarşısında geri çəkilməsinin sədasıdır.
Yekun ideya ondan ibarətdir ki, sevgi sadəcə iki nəfərin bir-birini bəyənməsi deyil, bir nəfərin digərinin içində yenidən doğulması, onun ağrısını özünə şükür, varlığını isə özünə kainat bilməsidir. Bu, bir ruhun başqa bir ruhda əbədiyyət sükutuna qovuşmasının hekayəsidir.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Emiliya Səmədova, Elnurə İsayeva, Zibayət Məmmədova. Susqunluğun içində qışqıran taleyin adı

Qorxmaz Şıxalıoğlunun “Qarabala” hekayəsini oxuyarkən və ya insan ağrısını sözə çevirən təhlil Bu mətn oxunmur, bu mətn adamın daxilində açılır. Bu hekayə danışılmır. Bu hekayə adamın içində baş verir. Burada hadisələr yoxdur, qırılan adamlar var. Burada qəhrəman yoxdur, daşımağa gücü çatmayan talelər var. Bu mətn oxucunu ağlatmaq istəmir, sadəcə vicdanı […]