Bu gün Azərbaycanın görkəmli şairi Məmməd İsmayıl əbədiyyətə qovuşdu.
Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlib.1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini bitirib. Daha sonra 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə isə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat kursunu başa vurub. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1966-cı ildən Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində çalışıb. 1975-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1988-1992-ci illərdə isə “Gənclik-Molodost” jurnallarının baş redaktoru olub. 1976-1980-ci illərdə “Azərbaycan film” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor vəzifəsində çalışıb. 1980-1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə isə “İşıq” nəşriyyatının direktoru olub. 1983-1992-ci illərdə Respublika Komsomolu yanında “Gənclik Ədəbi Birliyi”nin rəhbəri kimi gənc yazıçıların formalaşmasında mühüm rol oynayıb.
1989-1993-cü illərdə Xalq Hərəkatında iştirak edib, “Demokratik Qüvvələr Birliyi”nin həmsədri olub. 1992-1993-cü illərdə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin idarə heyətinin sədri olub.
1995-1996-cı illərdə “TİKA” və “Türk Dil Qurumu”nun birgə lüğət layihəsində ekspert olub. 1996-cı ildən isə Çanaqqala On Səkkiz Mart Universitetində professorkimi çalışıb.
“Avrasiya Yazarlar Birliyi”nin qurucu üzvü, Bogdani Beynəlxalq Yazarlar Birliyinin vitse-prezidenti, “Uluslararası Sanatçılar ve Gazeteciler” birliyinin Türkiyə təmsilçisi olub. Əsərləri 50-dən çox dünya dilinə tərcümə olunub. Dünyanın 30-dan çox ölkəsində keçirilən şeir festivallarında və konfranslarda Azərbaycan və Türk ədəbiyyatını təmsil edib. Azərbaycan, Türk, Fransız, Rus, Macar, Qazax və başqa dillərdə 40-dan çox kitabı, 300-dən çox məqaləsi nəşr olunub. Onun 50-dən çox şeirinə musiqi bəstələnib.
Türkiyədə “Mehmet İsmayıl Ədəbiyyat Ödülü” təsis olunub (2018). Həmçinin 2023-cü ildə “Uluslararası Prof. Dr. Mehmet İsmayıl Şiir Yarışması” elan olunub.
O, “Qızıl qələm”, SSRİ Ostrovski mükafatı, SSRİ Xalq Təsərrüfatı sərgisinin gümüş medalı, Türkiyə Yazarlar və Sanatkarlar Vakfının “Türk Dünyasına Hizmet” mükafatı, S. Yesenin adına “Qızıl payız” medalı və onlarla beynəlxalq mükafata layiq görülüb.
2018-ci ildə Rumıniyanın “Mihail Eminescu Akademiyası” tərəfindən əsərləri Nobel mükafatına təqdim olunub.
19 avqust 2025-ci ildə dünyasını dəyişib.
Milli.az

