Xəyalə Sevil. Səni sevmək istəyirəm, müsaitsən?

***

Bilirdim ki, solub bu gül,
Bundan çiçək açan olmaz.
Bir ümiddi,
Ürəyimdə ehtiyata saxladım,
Haçan olar… Haçan olmaz!
İndi gecənin yarısı,
Qanayır könül yarası.
İçimin qoca qarısı
Deyinir…
“Ondan sənə can olmaz…”
Tale necə? Yaşamalı yerdimi?
Həsrətimi yanağıma sərdimi?
Kimə deyim ürəyimin dərdini?
“De”, – deyirsən,
“Gəl”, – deyirsən,
Tanrı,
Sənin qapın, bacan olmaz.

***

Kimsən, kiminləsən,
Kimə aidsən?
Səni sevmək istəyirəm,
Müsaitsən?
Sevgi nədir ki, guya?
Bir şeyin ki axırı
Əvvəlindən bəllidi.
Amma, yenə
Bu darısqal dünyamızın içində
Bir qırıq təsəllidi.
Ömür bölüşməli yaşımız deyil,
Gəl ürək bölüşək,
Gəl söz bölüşək.
-Bir hüzün var ürəyimdə,
Bilmirsən,
Azalmaz, yüz bölüşək.
Hə, nə deyirsən?
Bir sən, bir də mən varam
Bu tapmaca oyunumda,
Əllərimi gizlətmişəm qoynumda,
Taparsanmı itirsəm?

***

Ürək də dayana bilmir yerində,
Sinə bilmir, yaxa bilmir.
Ruhumun o qədər
Düşkünlüyü var,
Durub candan çıxa bilmir.
Saralan, sozalan xatirələrin,
Həsrətin rəngidi payıza çıxan.
İçim öz içimdir, çölüm özgənin,
Bəs kimin bəxtidi bu qıza çıxan?
Bu keçən günlərin,
Keçən ayların
Adı ömürdümü, nə sanaq belə?
Mən bunu təqvimdən silmirəm axı.
Hər şey asanlaşır-
Yaşamaq belə,
Mən niyə yaşaya bilmirəm axı?!
Həyat taa başından bu günə kimi
Nə mənasız yuxuymuş.
Hələ də canımda can qalıbdısa,
Məndə də az yoxuymuş.

***

Keçib getdi, nə fərqi,
Yaxşı da olsa, pis də.
O bir ayrı hissdəydi,
Mən də bir ayrı hissdə.

Ad da tapa bilmədim
Ürəyimin köçünə.
Qalsam, nə olacaqdı?
Olası deyil heç nə.

Bu gün yenə dilimdən
Adı, ah, necə düşdü!
Axşamın şər vaxtına
İçimdən gecə düşdü.

Ondan başqa çarəm yox,
Nə ondan başqa dərdim…
Eh, nə bilim, bəlkə də,
Çağırsaydı, gedərdim.

***

Ağlım hardaydı bilmirəm,
Axır ki, başıma gəldi.
Gödəldi hissimin dili,
Könlümün dili gödəldi.

Dedim, üzülür bu ürək,
Sənsənmi könlümü çəkən?
Dedim, mən kimə baxıram
Hamı mənə heyran ikən?

Atdığın sözün yeridi-
Ürəyimdə göyərdi ki.
Gördüm ki, dəyərin yoxmuş,
Mən verdiyim dəyərdi ki.

Bizdən heç nə olan deyil-
Ya mən olur, ya sən olur.
Yavaş-yavaş sevənlərin
Unutmağı birdən olur.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şair, publisist Kəramət Şükürov vəfat edib

Şair, publisist Kəramət Şükürov 13 avqust tarixində, saat 19-20 radələrində vəfat edib. Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Kəyəçöl kəndində anadan olub. Əmək fəaliyyətinə Kəyəçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən “Yazıçı” və “Elm” nəşriyyatlarında çalışıb, Azərbaycan […]