Bahar Zamanı
***
Üstümə dağ kimi çökdü həsrətin,
Ömrümü burnumdan tökdü həsrətin,
Dedim ki, nə uzun çəkdi həsrətin,
Dözmədim, yol aldım ,
Gəldim… getdim.
Bir şeir oxudum mənə yazılan,
Söz- söz, heca -heca qəbri qazılan,
Mən idim çox olan, səndin azalan,
Nəzmin, nizamın
Bildim… getdim.
İlk daşı kim atdı – əli təmizlər,
Atdıran kim oldu onu deməzlər.
İsa o daşı da sevər, əzizlər,
Üstündə qanım var,
Sildim… getdim.
Bir yara duz umar göynərtisindən,
Qulaq cəhalətin göynər səsindən.
Qurulan ədalət məhkəməsindən
Qərarı oxudum,
Güldüm… getdim.
Bu düzən uyuşmaz dəli ruhuma,
Bu bədən qan verər zəli ruhuma.
Allah, can üfürmə ölü ruhuma,
Sənə çatmaq üçün
Öldüm… getdim…

