Sənə baxmaq
Sənə baxmaq— Günəşin ilk dəfə üzə çıxdığı dağa
Nəfəsini tutaraq dönüb baxmağıdır.
Gözlərindəki işığı
Bir an belə itirməmək üçün
Könlümü güzgü edib
Səni orada saxlamaqdır.
Sənə baxmaq —
Günəşin şəfəqləri ilə üz-üzə durmaqdır,
Hər kirpiyinin hərəkətində
Kainatın sirrini oxumaqdır.
Sənə baxmaq —
Bir çiçəyin ilk dəfə açıldığı anı
Nəfəsini tutub seyr etməkdir,
Ətirini içimə çəkərkən
Özümü unutmaqdır…
Sənə baxmaq —
Qış gecəsində pəncərə şüşəsinə çizilmiş
Adını barmaq ucuyla izləməkdir,
Əriyən buzlarla birlikdə
Sənin də mənə doğru
Axdığını xəyal etməkdir…
Sənə baxmaq —
Bir rəssamın yarımçıq qalmış
Portretinə həyat vermək üçün
Öz göz yaşlarını Boyaq kimi istifadə etməsidir,
Və hər kəsin “Bu gözlər tanışdır” deyəndə
Ürəyinin dərinliyində
Bir anlıq sızı hiss etməsidir.
Səni düşünmək
Səni düşünmək —
Qaranlıq otaqda
Sönməyən bir çıraq kimi
İçimdə titrəyərək yanmaqdır.
Səhər küləyi əsəndə belə,
Heç vaxt sönməyəcəyini bilməkdir.
Səni düşünmək —
Xəritəsiz bir səyahətə çıxmaqdır.
Harada bitdiyini bilmədən,
Yalnız addımlarımın sənə
Hər dəfə daha da yaxınlaşdırdığına
İnanmaqdır.
Səni düşünmək —
Bir şeirin yarımçıq qalmış
Son sətirini tapmaq üçün
Bütün kitabları
Başdan-aşağı oxumaqdır…
Və anlamaqdır ki,
O sətir heç yazılmayıb,
Çünki o, yalnız səndədir.
Səni düşünmək —
Köhnə bir kitabın arasında Quru yarpaq tapmaq kimidir,
Nə vaxt və kim tərəfindən qoyulduğunu bilmədən
Onun ətrində
Keçmiş yazıları hiss etməkdir.
Səni düşünmək —
Səhrada susuz qalmış kimi
Xəyallarında çöllənməkdir,
Hər qum dənəsində
Sənin izlərini axtarmaqdır.
Səni sevmək
Səni sevmək —
Gecənin tam sükutunda dua kimi pıçıldamaqdır adını,
Yuxusuz qaldıqca ulduzlara səni danışmaqdır.
İçimdə külə dönmüş arzuların altından
Tək bir ümidini sağ çıxarmaqdır.
Səni sevmək —
Yolunu gözləyən qoca bir çinarın
Hər fəsildə səni yuxuda görməsi kimidir.
Gəlməyəcəyini bilə-bilə
Pəncərəni açıq qoymaqdır…
Yağışın ayaq səsini sən sanmaqdır.
Səni sevmək —
Məcnunun çöldə, Füzulinin sözdə,
Kərəmin odda yanmasıdır.
Qorxmadan, çəkinmədən,
“Yan!” deyənə “baş üstə!” deməkdir.
Səni sevmək — Sevginin nə olduğunu səndə öyrənməkdir.
Səni sevmək —
Mən olmaqdan çıxıb səndə yaşamaqdır.
Adımı unudub,
Adını səcdə yerinə qoymaqdır.
Qəza da olsan, qədərimsən deyə
Boyun əyməkdir,
Əlindən ölməkdir…
və buna yenə də “şükür” deməkdir.
Səni sevmək —
Gizli saxlanılan bir sirdir,
Qəlbimdə min kilid altında saxladığım,
Heç kim bilməsin deyə susduğum,
Amma baxışlarımla hər an etiraf etdiyim.
Səni sevmək —
Sənin varlığını özümə varlıq bilməkdir.
Sən danışmasan belə,
Səsini küləklərdən eşitməkdir.
Səni sevmək —
Sözlərə sığmayan bir haldır…
Qəlbimə yazılan,
Göz yaşlarımla möhürlənən bir dua kimi.
Sənin adını çəkmək —
Əlifdən başlayan bir eşq əlifbasıdır,
Hər hərfində bir yanan könül,
Bir də səni sevən, Mahur vardır.
Sən olmaq
Sən olmaq —
Günəşin şəfəqlərində
Öz kölgəmi itirməkdir,
Bir çiçəyin ətirində
Öz adımı unutmaqdır…
Sən olmaq —
İki çayın dənizə qovuşduğu yerdə
Hansının suyu olduğunu
Artıq bilməməkdir,
Yalnız duymaqdır:
Bu doluluq,
Bu sonsuzluq,
Bu eşqdir…
Sən olmaq —
Qəlbimin divarlarında əks-səda verən
Səsini öz səsim sanmaqdır,
Nə vaxt susdum, nə vaxt danışdım
Fərqini bilməməkdir…
Küləyin sözləri mənim dilimdə,
Mənim nəfəsim sənin ağzında,
İkimiz bir şeirin
Ayrı-ayrı misraları olsaq da,
Eyni mənanın dərinliyinə varmaqdır.
Sən olmaq –
Bir günəş vuruşuyla açılan
Qapalı pəncərənin
Özünü səma sanmasıdır. Artıq nə cam var, nə də hasar,
Yalnız sonsuz mavi bir axış,
Yalnız sənsizlikdə
Əsl səni tapmaqdır…
Nəfəs alıram – sən,
Nəfəs verirəm – yenə sən,
Bu dövran içində
İki dəfə ölmək,
Bir dəfə dirilməkdir.
Sən olmaq —
Sözlərin bitdiyi,
Hisslərin başladığı yerdir,
Bir an, bir ömür,
Bir nəfəs, bir əbədiyyət…
İndi mən
Sənsiz deyiləm,
Sənin içindəyəm,
Sən mənə dönmüsən,
Mən sənə…

