Dalğa Xatınoğlu. İki addım irəli və üç addım geri

Dalğa Xatınoğlu müasir Azərbaycan yazıçısı, şairi və tədqiqatçısıdır. O, poeziya və yazı aləmində iki istiqaməti ustalıqla birləşdirir. Onun yaradıcılığı həm poeziya, həm də ədəbiyyatşünaslıq sahələrini əhatə edir. O, klassik və müasir ədəbiyyat arasında körpü quraraq Nəsimidən Mövlanaya, Füzuli‑Şekspir dialoqundan müasir kino‑estetikaya qədər bir çox sahəni müqayisəli şəkildə təhlil edərək uzaq diyarların ədəbiyyatını üz-üzə qoyur və bu mətnlərdə ədəbiyyatın zamanlararası rezonansını aydınlaşdırır. 

Şairin şeirlərində isə lirik-fəlsəfi dərinlik, yaddaş, sevgi, varlıq və daxili gərginlik kimi mövzular üstünlük təşkil edir. Bu poetik nümunələrdə duyğu və ritm, “iki addım irəli, üç addım geri” kimi həyatın dolaşıqlığını göstərən metaforik monoloqlar sakit poetik güc ilə birləşir. 

Bu yazıda şairin bir neçə şeirini sizə təqdim edirik:

 

TANQOMUZ

İki addım irəli və üç addım geri

Bizimki bir tanqo,

Birləşəmədik nə qədər çevik fırlansaq da,

Küskünlər valsıdır sarışmamız.

 

Düşmən kimi baxdın ayıqlığıma

Zatən qadınlar ayıqlığı sevməz

…Haqlısan,

Röyamdın, ayıldım bitdin.

 

Beynimə şığayır şeirlər, kitablar və nifrət etdiyin hər şey

Üstümə gəlir

Haqlısan,

O gəlirsə, sən getdin…

 

SAÇLARIN

Saçlarının uzunluğudur ömrüm,

Söyləməyə gərək yox,

Bir teli də mənə çatmayacaq ömürboyu,

Bilirəm.

Haçan ömrü başladım ki, tükənməsindən qorxum?

 

Ürəyini sıxma,

Sənin nə suçun var saçın uzandıqca qısalan qollarımda?

 

Hadı,

Dənizi dəsmal götür əlinə,

Sil tərləmiş o günəş üzünü,

Üzündən saçan ışıq şüasını dişləmək istərəm,

İstərəm yəni, istərəm.

İşıq saç önümə yol açan uçuruma,

Burax dalğalansın ömrümə çevrilmiş saçların.

Ürəyini sıxma,

Kəs ürəyin istərsə, kəs,

Haçan ömrü başladım ki, tükənməsindən qorxum?

 

BİR RÖYA KİMİ

Bir röya kimi yar gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

 

Bilməzdim əzəldən yara yanmaq da var imiş,

Onca acıya bunca dayanmaq da var imiş.

Bir də qoca yaşda bunu anmaq da var imiş,

Sonra qara baxtımdan utanmaq da var imiş.

Baxsan, o qədər il elə bil indicə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

 

Yox, sən heç üzülmə, mənə söz verdin, əzizim,

Yox, yox, mənə dərmandı sənin dərdin, əzizim.

Sən təkcə Çiçək yanlış ələ dərdin, əzizim,

Sanmam ki, ürəkdən bunu istərdin, əzizim.

Əfsus ki, o güllər, o çiçəklər heçə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

 

Min yol geri dönsə o cavanlıq mənə, canan!

Etməm səni sevməkdə tərəddüd belə bir an.

Bir yox, səni min yol sevərəm… İştə buyur can,

Qurban sənə, qurban sənə, qurban sənə qurban.

Bir Dalğa göyə kükrədi, döndü içə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi.

 

BUNLAR QƏZƏL BƏHANƏSİDİR…

Ay durna gözlü, köç havalı, qəlbi yad vətən,

Qorxum budur ölüm gələ, həsrət gedə məndən.

 

Qürbətdə kim sorar səni, kim yoxlayar məni?

Viranə qəlbimə nə gələn var, nə bir gedən.

 

Hərdən qəmin gəlir, kədərin baş çəkir mənə,

Yox, yox, üzülmə, tək deyiləm çox şükür ki mən.

 

Bir də ölümdən arxayın ol, heç gələn deyil,

İllərdi bunca can çəkişib yalvarır bədən.

 

Tənha deyil, qərib deyiləm, sənsizəm, Çiçək,

Bunlar qəzəl bəhanəsidir, heç üzülmə sən.

 

Onsuz, yetər boğulmağa bir damcı göz yaşı,

Nə dəryadan səbəb ara, nə Dalğadan nədən.

 

QAYIT GƏL

Can düşdü sənin ardına hər yanə, qayıt gəl

Rəhm et, nə qədər gəlməmişəm canə, qayıt gəl

 

Bayquş da gəlib inləyərək qəlbimə qonmaz,

Bax gör necə boş qaldı bu viranə, qayıt gəl

 

Sakit dayanan qəlbimə aldanma, mənimçün

Divan tutacaq sonra bu divanə, qayıt gəl

 

İnsafmı, mürüvvətmi, ədalətmi bu işlər?

İnsan nə qədər yalvarar insanə? qayıt gəl

 

Zalim, hara səndən aparım yarğı, şikayət

Qanun nə desin bir dəli ceyranə? qayıt gəl

 

Səndən də qaçar bir gün o əfsanə gözəllik

Bir bax iyəsiz mülk-i süleymanə, qayıt gəl

 

Zalim qızı, meyxanələrin piri bu yaşda

Qıyma qayıdıb and edə quranə, qayıt gəl

 

Saqi çağırar Dalğanı: Mey dəstamaz eylə

Kafər çağırar Dalğanı: İmanə qayıt, gəl

 

QIYMA

Bilirəm,

O boyda dənizə gərək yox

Adam göz yaşında da boğula bilər.

Bunu çəkməyə nə var ki?

Sonra ölümə baxıb,

Öyrənir göz yaşları

Oturub ağlasan da gəlmir…

 

Bilirəm,

O boyda zora gərək yox,

Adamı bir baxış da çökdürə bilər,

Adamı bir “yox” da yıxa bilər…

 

Bilirəm,

Bu şəhərdə qəbir azlığı yox,

Dişsiz ağızlarını açıb qəbirlər.

Çeynəib, udarlar ikini sayınca,

Səni də,

Boğazında qalan ömürlük qəhərləri də.

 

Ama sən üzülmə,

Suçlu aramağa gərək yox.

Səndən öncə

Beyninə dayadığın tüfəngin ax səsi çıxar,

Səndən öncə onun nəfəsi çıxar…

 

BİR YANIMDA

Fotografçı kişi çaşıb, durdu sonra

Nə mənə, nə də başqasına bənzəyən şəklimi görüncə.

Sonra şofer gözlərinə inanamadı bir tür,

Güzgüdən baxınca mənə, sım-sıxı sarılmış,

O, içində olmadığım paltarlara

Sonra önümü kəsdi bir polis

Adın nə?- deyə bağırdı,

Ürəyimdə, adım Heçkim – deyincə hürkdü.

Sonra bir qəssab gördüm,

Başından tutub, balığa üzmək öyrətdi.

Evimə baxıb bir quş uçmağı öyrəndi,

Ah, evim, evim.

İçinə keçdim yorqun,

Saatı qiyamətə qurub yatasım gəlir.

 

OTAĞIMDA PİANOM VARMIŞ KİMİ 

Hərdən səninçün,

Otağımda pianom varmiş kimi,

Əllərim öndə, qalxıram,

öncədən hazırlanmış.

ardıcıl tərpənir barmaqlarım,

Üzümdə bir təbəssüm,

Ürəyimdə bacardığın rəqsə uyğun muqisi,

Qulaq eşidəcək qədər canlı,

Gözübağlı rəqsini görə bilərəm, bunu bilirsən,

Sonra pianomu axtarıram…

 

Pianom olmamış heç zaman, yenə yadıma düşür

Üstəlik, musiqi bacarmam, not bilməm.

Yerimə otururam, əllərim göydən asılı qurumuş,

Barmaqlarım payızlamış solmuş kimi,

Tingin yarası kimidir sevgi, ağaclandıqca böyüyür, bilirsən.

Sonra səni axtarıram otağımda,

15 ildir yoxsan yadıma düşür…

 

ANAM

Anamı sorsanız,

Köylü bir qadınmış derlər

Məktəbə getməmiş

Adının cizgisini çəkirkən

Nöqtəsini unudardı hər zaman

Dodağı qaçardı bir gülümsəyə

‎Əyri-üyrü söyüd budağı imzası

Başı zavallı anam.

Min doqquzyüz-unudulmuşuncu il

 

Anamı sorsanız,

14 yaşı varkən

Boylu bir qadınmış derlər

Gövdəsi dum-duru

Arxasından günəşi görərdim

Bənizində dişlərdim almanı

Dodağından alov,

Döşlərindən ay ışığı fışqırar

Hər səhər əllərimi saçlarında yuyurdum.

 

Anamı sorsanız,

Bir azca dəli,

Bir azca dolu bir qadınmış derlər.

Ətəyi reyhan, əlləri xəmir qoxuyur

Hələ də qoxusu burnumda

Şıltaq bir uşaqdım

Bu uşaq Allahın bəlasıdır – derdi

Gündüzü oturmaq

Gecəni uyumaq yox

Hər gecə boylanıb pəncərədən:

“ Vay mənə,

Bax bir qara divə,

Torbası çiynində, örtüyü əynində,

Nə də qanlı gözlərini dikmiş evə!”.

 

Sonra özü də qorxurdu.

Sonra böyüdüm

Ağzımda süd, əllərimdə qan qoxusu

Bir gecə üstünə vardım …

…. Birinci cinayət doğuldu əllərimdə,

Hələ də yadımdadır yalvarışları,

Hələ də gözümdən itməz sonuncu baxışları

Dodağı göm-göy, bənizi sap-sarı

Altıma sərildi leş kimi

Sonra da zavalli bir quş kimi

Titrəyib boğuldu əllərimdə

Büs-bütün susdu

Qurumuş bir ağac da olmadı sındığına şaqqıldasın

Vay mənə, birinci cinayət doğuldu əllərimdə…

Məzarından alov püsgürürdü,

Əllərimi ciblərimdə gizlətdim

Hamının baxışlarını izlədim

Və sonra, ürəyim durmadan vururdu

Yağış yağmadan, yel əsmədən dururdu.

Ağzımda süd əllərimdə qan qoxusu

İçimdə vicdan dışımda polis qorxusu…

Sonra böyüdüm

Sözümü ürəyimə utdum və hər şeyi unutdum

 

Anamı sorsanız,

14 yaşı varkən, ölü bir qadınmış derlər…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Xalis fenomenologiya

Əvbəli: https://klv.az/2025/06/18/edmund-husserl-xalis-fenomenologiya-2/ Birinci kitab. Xalis fenomenologiyaya ümumi giriş Birinci bölmə. Mahiyyət və mahiyyətli dərketmə Birinci fəsil. Fakt və mahiyyət § 3. Mahiyyətin və fərdi müşahidənin gözdən keçirilməsi Birinci növbədə “mahiyyət”, onun bir şeyi kimi, filan individin özü özünə varlığında əldə olunan şeyləri göstərir. Lakin hər hansı belə bir şey ideyada ürəli […]