Lalə Novruzova. Yad olan kimdir?

Albert Kamunun “Yad” əsərini oxuyanda ilk baxışdan soyuq və hissiz bir hekayə ilə qarşılaşdığımı düşündüm. Amma səhifələri çevirdikcə anladım ki, bu hisssizlik deyil, bu, insanın içindəki sükunətin və həyatın absurd reallığını qəbul etməyin fərqli bir ifadəsidir. Fikrimcə, Merso qəhrəman yox, bir güzgüdür. O öz simasında həm öz daxili dünyasının fərqliliyini, həm də cəmiyyətin ifşasını əks etdirir. Bizim yaşamadığımız, yaşamağa cürət etmədiyimiz bir dürüstlüyü, bir boşluğu, bir dərinliyi yaşayır.

Əsər elə başlayır ki, səni dərhal çaşdırır: “Bu gün anam öldü. Bəlkə də dünən, bilmirəm.” Bu cümlə illərlə bizə öyrədilən “ana müqəddəsdir”, “ana ölümü ağırdır” kimi qəlibləşmiş ifadələrin üzərindən xətt çəkir. Merso nə ağlayır, nə də özünü kədərlənmiş kimi göstərir. Bu adam heç nə olmamış kimi siqaret çəkir, sonra qızla dənizə gedir. Və bu, bizim cəmiyyət kimi onu artıq “yad” elan etməyimiz üçün bəs edir. Halbuki o, sadəcə yalan danışmır. Duyğusuz deyil, bəlkə də bizim qədər hiss edir sadəcə bunu göstərmir. Merso mənə görə nə qəhrəmandır, nə də cani. O sadəcə dürüst bir varlıqdır. Əgər o, anasının ölümündə göz yaşları töksəydi, dostları qarşısında daha normal, daha “insani” görünərdi. Amma o, elə bu “normal” anlayışına qarşı çıxır. Hətta öz ölümünü belə qəbul edərkən “ölüm normaldır, bu gün ya sabah fərq etməz” deməsi mənə dərin və bir az da qorxulu gəlir. Çünki biz adətən ölüm fikrindən qaçırıq. Merso isə onun gözünün içinə baxır. Əsərin ən vacib anlarından biri məhkəmə səhnəsidir. Orada Mersonun cinayətindən çox onun şəxsiyyəti, həyat tərzi, duyğulara münasibəti mühakimə olunur. Yəni burada artıq Mersonun etdiyi yox, kim olduğu müzakirə olunur. Bu, mənim üçün çox önəmli mesaj verdi. Bəzən cəmiyyətin istədiyi cinayətkarı tapmaq üçün qatilə ehtiyacı yoxdur, ona cəmiyyətin normativlərinə uymayan adam bəs edir. Məhkəmə sanki onu ərəb öldürdüyünə görə yox, “qayda pozduğu” üçün cəzalandırır. Hakimlər onu ərəb öldürdüyünə görə yox, anasının dəfnində ağlamadığına görə sorğulayırlar. Bu mənə cəmiyyətin necə olduğunu göstərdi: sən etdiklərinlə yox, necə göründüyünlə ölçülürsən. Bu mənim üçün çox tanış duyğudur. Günümüzdə də insanlar sənin niyə belə olduğunu soruşmazlar, sadəcə standart qəbul olunmuş normalara uyğun deyilsənsə, yad sayılar və kənara atılarsan. Ən çox düşündüyüm hissə isə onun ərəb kişini öldürməsi oldu. Bəli, bu açıq şəkildə bir cinayətdir. Amma məsələ sadəcə qətli törətmək deyil. Merso bu işi elə bil fərqinə varmadan, heç planlamadan edir. Günəş, isti, baş ağrısı, qarşındakı insan, silah… Hər şey bir-birinə qarışır və nəticədə ölüm… Bu hadisə mənə həyatın nə qədər təsadüfi və absurd olduğunu xatırlatdı. Bəzən bir saniyəlik qərarsızlıq ömürlük nəticələr doğurur. Əsərin sonuna yaxın Mersonun ölüm hökmünü qəbul etməsi də məni çox düşündürdü. Əslində o, həyatın mənasızlığını qəbul edir, amma bu mənasızlıq onu qorxutmur. Əksinə, onu azad edir. O, həyatın heç bir mənasının olmadığını dərk edir və bu dərk onun içində qəribə bir rahatlıq yaradır. Elə bu yerdə mən də fikirləşdim: bəlkə də həyatın mənası elə onun mənasızlığını qəbul etməkdədir? Çünki əgər hər şeyin sonu ölümdürsə, bəlkə də bütün bu çırpınmalar mənasızdır? Albert Kamu bu əsəri ilə mənim həyatla bağlı bəzi düşüncələrimi sarsıtdı. Biz bəzən o qədər maskalanırıq ki, əslində kim olduğumuzu unuduruq. Merso isə maskasız bir insandır. O, yalan danışmır, sevmirsə “sevmirəm” deyir, ağlamırsa “ağlamıram” deyir. Bu dürüstlük bəzilərini narahat edir. Amma məni düşündürdü.

Bu əsəri bitirdikdən sonra içimdə qarışıq bir hiss qaldı. Mersonu sevə bilmədim, amma ona haqq qazandırmaq istədim. Özümə oxşatmadım, amma bəzən özümü onun kimi hiss etdim. Həyatın ortasında durub “Bunun hamısı nəyə lazımdır?” deyə soruşduğum anlarım oldu. Və bəlkə də əsərin adı “Yad” olsa da, Merso bizə tamamilə yad deyil. O, bizim içimizdə illərlə susdurduğumuz, cəmiyyət qorxusundan səsləndirmədiyimiz o səmimi səslərdir…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Xalis fenomenologiya

Əvvəli: https://klv.az/2025/06/11/edmund-husserl-xalis-fenomenologiya/ Birinci kitab. Xalis fenomenologiyaya ümumi giriş Birinci bölmə. Mahiyyət və mahiyyətli dərketmə Birinci fəsil. Fakt və mahiyyət § 2. Fakt. Fakt və mahiyyətin ayrılmazlığı Təcrübi elmlər” faktlar” haqqında elmlərdir. Təcrübi dərketmənin əsaslandırıcı aktları real olanları fərdi hesab edir, onlar real olanı burada-movcud olan məkani-zaman kimi, burada, zamanın bu nöqtəsində […]