Nərmin Xankişiyeva. Son sanılan başlanğıc

1

Olum, ya ölüm – budur məsələ..

Ölmək-yuxulamaq, yalnız budur, bu

Bununla ürəyin ağrılarını,

Əzəldən insanın nəsibi olan

Minlərlə dərdləri,iztirabları

Bir anın içində unuduruq biz

Bumu gecə-gündüz dua oxuyub

Arzu etdiyimiz gözəl aqibət…

Hamletin monoloqunda da dediyi kimi “Bumu gecə-gündüz dua oxuyub arzu etdiyimiz gözəl aqibət ? ” Monoton bir həyatmı? Əsərin əsas qəhərəmanı olan Veronika da məhz bu monoton həyatdan sıxıldığı üçün intihar edir. Düzünü desəm, bu əsəri oxuyana kimi bu mövzu barəsində heç düşünməmişdim. Əslində, bir çoxumuz monoton bir həyat yaşayırıq, amma bunun qarşısını almağa belə çalışmırıq, ya da heç fərqində belə deyilik… Bir növ monoton həyatın əsirinə və quluna çevrilmişik.Veronika isə bu quldarlıq rejiminə qarşı çıxmağı bacaran cəsur bir əsgərdir – hərəkətli, zəngin, canlı bir həyat tərzinin əsgəri.

Fikrimcə, intihar etmək qorxaqlığın yox, əksinə cəsarətin simvoludu. Hansı birimiz sadəcə monoton bir həyat yaşayırıq deyə, sadəcə bundan qurtulmaq, təkrarlardan yaxa qurtarmaq üçün öz canımızı fəda edə bilərik ki? Bəzən insanlar kənardan çox xoşbəxt, çox varlıqlı görünə bilər. Amma, bu o demək deyil ki, o insan həqiqtən də həyatından məmnundu.Elə ən bədbin adamlar bu dünyada hər şeyə sahib olduğu düşünülən insanlandır. Belə insanlardan biri də Veronika idi. Kənardan baxan düşünə bilərdi ki, o hər şeyə sahibdir – ailə sevgisi, iş və s. Əslində isə çox adam bilmirdi ki, Veronikanın xəyalı piyanist olmaq idi. Amma o, ailəsinin israrı nəticəsində öz xəyalından vaz keçməyə bir növ məcbur buraxılmış və heç sevmədiyi hüquq fakültəsini oxuyaraq, sonunda heç o sahədə iş belə tapa bilməyib, kitabxanada işləyən bir qurban idi.Eynən indiki dövrümüz də davam edən, valideynlərin xoşbəxtliyi üçün öz xoşbəxtliyini heç sayıb, daha sonra isə heç əlaqələri olmayan bir sahədə özlərini xoşbəxt hiss etməyə zorlamağa çalışıb o sahədə uğur əldə edə bilməyən bir çox uşağın həyatı da Veronikanın həyatı kimi monoton idi.

Amma təbii ki, bu dünyada hər bir insan eyni hadisəyə eyni baxış bucağından baxmır. Bəziləri üçün azadlıq olan bir şey, başqası üçün məhdudiyyət ola bilər. Paulo Coelho-nun “Veronika ölməyə qərar verir” əsərində bu fikir özünü güclü şəkildə göstərir. Veronika üçün dəlixana əvvəlcə bir növ həbsxana, cəmiyyətin sərt hökmlərindən qaçdığı, lakin azadlığını da itirdiyi bir məkan kimi görünür. Zaman keçdikcə bu məkan onun üçün iç dünyasını yenidən kəşf etdiyi, özünü tanıdığı bir çevrəyə çevrilir. O, ən böyük cəsarəti – yaşamaq istədiyini qəbul etməyi məhz burada öyrənir. Onun cəsarətinə görə “dəli” damğası alması, əslində cəmiyyətin qeyri-adi, fərqli olanı necə rədd etdiyini göstərir.

Fəlsəfi düşünən insanların tez-tez “dəlilik”lə eyni kontekstdə dəyərləndirilməsi təsadüfi deyil. Çünki bu insanlar cəmiyyətin qəbul etdiyi normativ çərçivələrdən kənarda düşünür, mövcud qaydaları sorğulayır və həqiqəti daha dərindən anlamağa çalışırlar. Bu isə əksəriyyət üçün narahatedici bir haldır. Veronikanın hekayəsi bu mənada təkcə bir qadının yaşamaqla barışması deyil, həm də cəmiyyətin “normal” anlayışına qarşı səssiz bir üsyandır.

Bu fikir Franz Kafkanın “Çevrilmə” əsərindəki Qreqor Zamza ilə də paralel aparıla bilər deyə düşünürəm. Qreqor bir səhər yuxudan oyandıqda fiziki olaraq çevrilmiş olsa da, əsl çevrilmə onun cəmiyyət və ailəsi tərəfindən necə təcrid edilməsində görünür. O, artıq “faydasız” biri olduğuna görə qəbul olunmur. Onun cəmiyyətdən təcrid olunması, fərqliliyə qarşı nə qədər amansız münasibət olduğunu göstərir. Veronika da eyni şəkildə, “normal” olmaqdan çıxıb yaşamaq istədiyinə görə bir damğa alır və bu damğa onu cəmiyyətin kənarına atır. Həm Qreqor , həm də Veronika timsalında fərqlilik istər fiziki, istər ruhi, istər düşüncə baxımından olsun cəmiyyət üçün təhlükəli bir hal alır. Halbuki əslində bu fərqliliklər insanı özünə yaxınlaşdıran, onun gerçək mənliyini üzə çıxaran yollardır.

Əsərdə dəli olmayan insanlar belə cəzadan və s. qaçmaq üçün özləri özlərinə dəli damğası verir.Bəlkə də cəmiyyət elə özü dəlidir, (eynən A.Çexovun “ 6 nörməli palata” əsərindəki kimi) çünki fərqli düşünənləri, azad olmaq istəyənləri dərhal damğalayır və sıxışdırır.Bəzi insanlar bu sıxıntıdan qaçmaq üçün “dəli” olamağı seçirlər- ya bilərəkdən (özü-özünə dəli damğası verən insanlar), ya da nəticə olaraq (fərqində olmadan ged-gedə dəli hesab edilən insanlar). Veronikanı ikinciyə aid edirəm.Çünki o, hər şeyin fərqindəydi və intahar səbəbi mənə çox məntiqli gəldi.Sadəcə olaraq əsəri oxuduqca da məni bir sual düşündürdü: “Bəs niyə görə bu monotonluqdan qurtulmaq üçün həyatına rəng qatmaq əvəzinə, ölməyi seçdi?” Sanki yazıçı iç səsimi oxudu və mənim beynimdə canlandırdığım “Əgər o ölmək əvəzinə həyatına rəng qatsaydı nə olardı? Həm xoşbəxt bir həyat tərzinə sahib olub həm də istəyinə (monotonluqdan qurtulmağa) nail olmazdımı?” suallarıma əsəri oxuduqca cavab verdi. Burda özünə yeni dostlar tapan Veronika irəliləyən səhnələrdə onlar üçün bir nümunə rolu oynayır.

Dr. İqorun ona ölümünə az qaldığını deməsi, bir növ Veronikanı qəflət yuxusundan oyadır. Bu xəbər onu silkələyir və həyata fərqli bir prizmadan baxmağa vadar edir. O, artıq vaxtın məhdudluğunu dərk edir və hər ötən günün nə qədər dəyərli olduğunu hiss etməyə başlayır. Yerdə qalan günlərini mənasız düşüncələrlə yox, dolu-dolu yaşamaq istəyir. Daha əvvəl heç etmədiyi şeyləri etməyə, cəsarət göstərmədiyi riskləri almağa başlayır. Həyatın monoton axarından xilas olur və bu azadlıq hissi onun daxilində bir oyanış yaradır.

Veronika bu prosesdə yalnız özü ilə deyil, ətrafındakı insanlarla da yeni münasibətlər qurur. O, Zedka, Mari və Eduard kimi fərqli həyat hekayələrinə sahib insanlarla tanış olur və onların hər birindən bir parça götürərək öz mənəvi dünyasını yenidən qurur. Bu insanlar, sanki onun həyatında qaranlıqda yanan kiçik şamlar kimi, yoluna işıq salır. Veronika anlayır ki, dəlixana hesab etdiyi bu yer, əslində onun yenidən doğulduğu məkandır.

Həqiqətən də, bəzən həyat, itirdiyimizi düşündüyümüz yerdən başlayır. İnsan yalnız yoxluğun, sonun mümkünlüyünü dərk etdikdə varlığın, yaşamağın dəyərini anlayır. Bizi var edən yalnız sahib olduqlarımız deyil, həm də itirmək qorxusudur. Veronika yox olacağını düşündüyü üçün heç vaxt cürət etmədiyi şeylərə risk etməyə başlayır. Bu risklər onun yaşamaq, hiss etmək və sevmək ehtiyacını üzə çıxarır. O, anlayır ki, əslində yaşamaq o qədər də pis deyil əksinə, çox gözəldir, sadəcə biz bəzən onun fərqində olmuruq. Bəlkə də bəzən biz də həqiqətən xoşbəxt olmaq üçün həyata belə bir baxış bucağından baxmalı, ölümü həyatın sonu deyil, başlanğıcı kimi düşünməliyik. Çünki bəzən həyat, insanın yox olacağını dərk etdiyi anda əsl dəyərini göstərməyə başlayır.

Mənə ən çox təsir edən səhnələrdən biri məhz Veronikanın burada sevdiyi işlə – piano çalmaqla məşğul olması oldu. Kitabı oxuduqca insan sanki o səhnəni özü yaşayır, barmaqları ilə pianonun klavişlərinə toxunur, içindəki duyğuları musiqi ilə ifadə edirmiş kimi hiss edir. Vaxtında ailəsinin, cəmiyyətin və “real həyat” dedikləri dar çərçivənin təsiri ilə bir kənara atdığı arzusu, sanki bir kağız parçası kimi əzilib unudulmuşdu. Lakin ölüm qorxusu bu xəyalları yenidən oyatdı, onu yenidən musiqiyə qaytardı. Bu, Veronikanın sadəcə musiqiyə deyil, öz ruhunun ən saf, təmiz və həqiqi tərəfinə dönüşü idi. Əslində bu baxımdan Veronika romantik münasibət yaşadığı Eduardla çox oxşar idi. Eduard da sevdiyi sənət – rəssamlıq uğrunda mübarizə aparmış, lakin ailəsinin və ətraf mühitin təzyiqi ilə arzularını içində boğmaq məcburiyyətində qalmışdı. Onların hər ikisi bir vaxtlar ruhlarını bəsləyən istedadlarını cəmiyyətin “doğru bildiyi” yollar naminə itirmiş, lakin sonradan bu istedadlar vasitəsilə yenidən özlərinə qovuşmuşdular. Sanki iki oxşar və yaralı ruh bir-birini tapmış, bir-birinin itirdiyi hissləri, unutduğu xəyalları və kimsəsiz qalan arzuları yenidən canlandırmağa başlamışdı. Onların münasibəti sadəcə bir sevgi hekayəsi deyildi – bu, bir növ qarşılıqlı şəfa prosesi idi. Veronika musiqi ilə yaşamaq istəyini ifadə edir, Eduard isə rəsm vasitəsilə insanların qəlbində gizli qalan duyğuları görünən etmək istəyirdi. Eduard demişdi ki, o, insanların qəlbinin şəklini çəkmək, onların iç dünyasında yaşatdıqları hisslərin rəngini və formasını kağıza köçürmək istəyir. Bu isə onu digərlərindən fərqləndirirdi – o, görünəni deyil, görünməyəni göstərmək istəyirdi. Veronika isə o duyğuları yaşamaq, hiss etmək və nəhayət azad buraxmaq istəyirdi. Onların arzuları, yolları və yaraları fərqli görünsə də, əslində bir mərkəzdə qovuşurdu: insanın daxili dünyasına səyahət və onu azad etmək. Hər biri sənəti vasitəsilə yaşamağa çalışır, sanki sənət onların nəfəs alma forması olurdu.

Veronika, həm də bütün dəlilərə – daha doğrusu, cəmiyyət tərəfindən “dəli” damğası ilə xaricə atılmış, ruhən sınmış, ümidsizliyə düşmüş insanlara bir örnək olur, deyə düşünürəm. Onun intihara cəhd etməsi, həyatla vidalaşmaq istəyi və ardından yaşamaq üçün can atması – bu kəskin dəyişiklik yalnız onun özü üçün deyil, ətrafındakı insanlar üçün də dərin təsir bağışlayır. Bu dəyişiklik, digər xəstələrə bir növ ümid olur. Onlar Veronikanın hekayəsində bir güzgü görürlər və bu güzgüdə özlərinin də dəyişə biləcəyini, sağala biləcəyini, yenidən yaşamaq ehtimalını kəşf edirlər. “Əgər o bacarırsa, mən də bacararam” düşüncəsi onların içində işıq kimi doğur və bir ümid bəzən ən güclü dərmandan da təsirli olur.

Eyni zamanda, Veronikanın göstərdiyi cəsarət – ölümünə az qalmasına baxmayaraq, yaşamaq yolunu seçməsi – ətrafındakı insanlara həyatın nə qədər dəyərli olduğunu xatırladır. Hər kəsin həyatında bəzən qaranlıq, ümidsizlik dolu məqamlar olur, amma Veronika bu qaranlığın içində bir çıraq kimi parlayır. Onun “yenidən doğulması” başqalarına da bu mümkündür, hissini aşılayır.

Dr. İqorun xoş niyyətlə söylədiyi yalan yəni, Veronikanın cəmi bir neçə günü qaldığı fikri bəlkə də etik baxımdan mübahisəli görünə bilər, amma o, bu yalana bir məqsəd yükləmişdi. Və məqsədinə də çatdı. Çünki bu yalan Veronikanın həyatla bağlı içindəki dərin və yuxuda olan arzularını oyatdı. O, ölümü gözləmək əvəzinə, yaşamı seçdi. Bu seçim isə sadəcə onun taleyini deyil, ətrafındakıların baxışını da dəyişdirdi. Beləliklə, Veronika intihar etməyi deyil, həyatı doya-doya yaşamayı seçərək təkcə özünü deyil, başqalarını da yaşamağa təşviq etdi. O, bir insandan daha artıq oldu , bir simvola çevrildi: düşdüyü yerə yenidən qalxa bilən insanın simvoluna.

Eynən Marinin də dediyi kimi “Onsuz da bir gün hər birimiz öləcəyik”. Ona görə də həyatı daha mənalı, hərəkətli və həyəcanlı yaşamağa çalışmaq, xoşbəxtliyi tapmaq üçün monotonluğu itirməyi bacarmaq lazımdı. Olum ya ölüm – budur məsələ..

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Nərmin Xankişiyeva. Son sanılan başlanğıc

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının təqdimatı keçirilib

2025-ci il 16 mayda Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan olunub. Qonaqları və […]