Ülkər Quliyeva. Baxışlarda itirilən kimlik

1

Bir gün güzgüyə baxırsan və artıq əvvəlki sən deyilsən. Baxışların fərqlidir, dodağının kənarında cizgilər var, gözünün altında yorğunluq. Amma ən ağrılısı budur ki, küçədə heç kim sənə baxmır. Sən yoxsan. Və bu yoxluq, səssiz bir qışqırığa çevrilir.“Mən kiməm?”

İnsanın kimliyi, kim olduğu bəzən təkcə öz içində gizlənmir. Kimlik çox vaxt başqalarının bizə necə baxdığı, bizi necə gördüyü ilə müəyyən olunur. Milan Kunderanın “Kimlik” romanında bu həqiqət özünü göstərir. Əsərin qəhrəmanı Şantalın iç dünyasında baş verən sarsıntılar onun üzündəki qırışlar kimi yavaş-yavaş, lakin dərin izlər buraxaraq oxucunun qarşısında açılır. O, təkcə bir qadın deyil – o, bu günün insanıdır. Yəni gözəllik, qəbul olunmaq və görünmək istəyi ilə çarpışan modern insan.

Kimlik nədir? Biz özümüzük, yoxsa başqalarının bizdə gördüyü? Şantal bu suala cavab axtarır. O, sevgilisi Jan-Mark ilə birlikdə olarkən belə yad baxışların axtarışındadır. Küçədə kimsə ona baxmırsa, özünü görünməz, əhəmiyyətsiz, sevilməyən hiss edir. Elə Şantalın “Kişilər artıq mənə baxmır” sözlərində onun daxili dünyasında baş verən sarsıntını aydın şəkildə görmək olur. Bu, sadəcə qadının “diqqət aclığı” deyil, bu, onun kimliyinin alt-üst olmasıdır. Özünü cazibədar hiss etmədikcə, qadın öz “mən” ini də itirdiyi düşünür. Onun üçün sevgi də kimlik deməkdir, baxış da. Əgər kimsə ona baxmırsa, o zaman onun kimliyi sual altına düşür.

Düşünürəm ki, Şantalın üzündəki qırışlar sadecə bioloji proses deyil. Hər qırış onun qadınlıq duyğusunun, arzularının, məyusluğunun izidir. Qadın gözəlliyinin zamanla əlindən alınması ilə barışmaq istəmir. Gözəllik yalnız fiziki atribut deyil, o həm də qadının toplum içində qəbul olunmasının, seçilməsinin açarıdır.

Burada əsas məsələ görünməkdir. Şantal baxılmaq istəyir. Çünki baxış onun varlığını təsdiqləyir. Burada deyə bilərik ki, sevgilisi Jan-Mark onsuzda ona baxırdı. Amma bu baxış artıq vərdiş olunmuş, təkrarlanan bir hadisəyə çevrilib. O, təsdiqlənmək istəyir, tanınmaq və bəyənilmək istəyir. Beləliklə, Şantalın kimliyi yalnız öz içində formalaşmır, o, başqalarının onu necə gördüyündən asılı olur. Bu romanda düşündürücü bir həqiqət kimi verilir: “Kim olduğumuzu biz təyin etmirik, kim olduğumuzu başqalarının bizdə gördüyü təyin edir.”

Elə biz də ətrafdakıların bizi bəyənməsinin nə qədər önəmli olduğunu heç düşünmüşük? Gündəlik həyatımızda geyim seçimimizdən tutmuş danışıq tərzimizə qədər bir çox şeyi digərlərinin bizim haqqımızda nə düşünəcəyini nəzərə alaraq edirik. Sosial şəbəkələrdə paylaşdığımız şəkillərdən tutmuş yazdığımız cümlələrə qədər hər şey “görünmək” və “bəyənilmək” ehtiyacının təzahürüdür. Şantalın yaşadığı psixoloji sarsıntı bu günün istənilən gənc qadınının və ya kişisinin içində baş verənlərin bir aynasıdır. Özəlliklə sosial mediada layk, izləyici və şərhlərlə müəyyən edilən “dəyər” sistemi bu romanın mövzusunu günümüzə daha uyğun edir.

Jan-Markın Şantala olan münasibəti onun yalnız cinsi ehtiyaclarını qarşılamağa yönəlmişdir. Jan-Markın düşüncələrində qadın bədəni yaşlandıqca və dəyişdikcə, həmin dəyişikliklərə qarşı bir etinasızlıq və hətta narahatlıq yaranır. O, ağlının dərinliklərində bu bədəni təzəsi ilə dəyişməyin xəyalını qurur. Jan-Mark Şantalı həqiqi kimliyində deyil, xəyali surətində sevir, onu idealizə edir, öz beynindəki versiyasını sevir.

Bu gün biz nə qədər özümüzük? Yoxsa hər birimiz ətrafımızdakıların gözündəki versiyamız olaraq yaşayırıq? Güzgüyə baxdığımızda özümüzü görürük, yoxsa başqalarının bizdə görmək istədiyini? Gözəllik sanki müasir dövrdə kimliyin əsasına çevrilib. Gözəl olan dəyərlidir və sevilməyə layiqdir. Qırışlar isə bu sistemdə bir təhlükədir. Onlar “görünməzliyə” doğru bir addımdır.

Bu kimlik böhranı, bu “görünmək istəyi” mənə Victor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərindəki Qvazimodonu xatırladır. Qvazimodo fiziki olaraq eybəcərdir. İnsanlar ona sadəcə qorxunc surətinə görə baxır və onu sevgiyə, şəfqətə layiq görmürlər. Amma onun içindəki sevgi, sədaqət və zəriflik heç kim tərəfindən görünmür. O da görünmək istəyir. Amma Şantalın əksinə, o, baxılmır deyə yox, baxıldığı halda kimliyinin təhrif edilməsindən əzab çəkir. Qvazimodo üçün kimlik içindəki yaxşılıqdır, amma cəmiyyət bu kimliyi tanımır. Şantal üçün isə kimlik gözəllik və baxılmaqdır, amma cəmiyyət onu görməyi dayandırıb. Beləcə, Notr-Dam kilsəsinin qaranlıq qülləsində gizlənən Qvazimodo ilə Parisin işıqlı küçələrində baxış axtaran Şantal arasında görünməz bir körpü qurulur.

Düşünürəm ki, Milan Kundera bizə sadə, lakin unudulmaz bir dərs verir. Kimlik sabit bir şey deyil. O, zamanla, münasibətlərlə, baxışlarla dəyişir. Və bəzən ən böyük kimlik itkisi elə özümüzlə üz-üzə qaldığımız anda baş verir. Çünki biz başqalarının bizə baxdığı şəkildə yaşamağa öyrəşmişik. Və o baxışlar itəndə, üzümüzdəki qırışlar daha da dərinləşir…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Ülkər Quliyeva. Baxışlarda itirilən kimlik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nərmin Xankişiyeva. Son sanılan başlanğıc

Olum, ya ölüm – budur məsələ.. Ölmək-yuxulamaq, yalnız budur, bu Bununla ürəyin ağrılarını, Əzəldən insanın nəsibi olan Minlərlə dərdləri,iztirabları Bir anın içində unuduruq biz Bumu gecə-gündüz dua oxuyub Arzu etdiyimiz gözəl aqibət… Hamletin monoloqunda da dediyi kimi “Bumu gecə-gündüz dua oxuyub arzu etdiyimiz gözəl aqibət ? ” Monoton bir həyatmı? […]