Səbinə Yunisova. Eşq: Günah, Azadlıq, Ölüm

1

“Sevginin günah sayıldığı yerdə insanın ruhu azad ola bilməz”.

Eşq dedikdə ağlımıza ilk gələn şey qəlbin titrəyişi, gözlərdə doğan parıltı, insanı bir anlıq bu dünyadan ayıran, izahı çətin, duyğusu dərin bir hiss olur. Eşq zaman tanımaz, məkan tanımaz, iradəyə boyun əyməz – o, bəzən insanı azad edən bir yel, bəzən isə öz qanadında aparan bir fırtına kimidir. Bəzən bir cəmiyyət düşünürsən: sərhədləri dinlə, adətlə, qorxu ilə hörülmüş… Orada sevgi günah, azadlıq isə əzab kimi təqdim olunur. Elə bir dünya ki sevmək cəzalandırılan bir üsyan, qurtuluş isə ancaq ölümlə mümkündür. Qabriel Qarsia Markesin “Eşq və başqa şeytanlar” romanı bizi məhz belə bir reallığın içinə aparır – burada eşq nə Tanrının mərhəməti, nə də sadəcə insani bir hissdir. Bu, reallıqla mifin sərhədində titrəyən, azadlıqla itaətin, cəza ilə qurtuluşun arasında qalan bir eşqdir.

Markesin dünyasında eşq, insan ruhunun sarsıntısıdır – sevgi bəzən qanad vermir, əksinə, insanı yerə çırpır. Əsəri oxumamışdan əvvəl kimsə mənə “sevgi insanın taleyini məhv edə bilərmi?” deyə sual versəydi, cavabım “xeyr” olardı. Lakin bu roman göstərdi ki, bəzən sevgi qurtuluş deyil, zəncirdir.

Əsərin əsas qəhrəmanı valideynlərinin ehtiraslı, lakin məsuliyyətsiz münasibətinin nəticəsində dünyaya gələn Sierva Mariya de Todos los Angeles sonradan ailəsi tərəfindən rədd edilir, evin həyətindəki qara qullar tərəfindən böyüdülür. Yoruba tanrılarına ibadət edir, Afrika dillərində danışır. İtin onu dişləməsi və quduzluq şübhələri, cəmiyyətin fərqli olanlara qarşı qorxusunun simvoluna çevrilir. Atası bu inanca inanaraq onu kilsəyə, guya cin çarpmasına görə aparır. Siervanın məhkumluq həyatı kilsədə daha iztirablı və dözülməz hal alır.

Digər qəhrəman isə kilsədə kitablarla məşğul olan keşiş Cayetano Delauradır. Sierva Mariyanın kilsəyə gətirilməsi ilə onun dinc və sakit həyatı alt-üst olur. Hələ üzünü belə görmədiyi Siervanın yalnız uzun saçları Delauranın yuxularına girir, Yepiskopun verdiyi “cin qovma” tapşırığı ilə hücrəyə getdikdə, Sierva Mariyanı görür və qəlbində kilsə qanunlarına zidd, yasaq və tutqun bir sevgi baş qaldırır.

Əsər bu iki qəhrəmanın faciəvi məhəbbət hekayəsini, Katolik dünyası ilə Afrika inancı arasındakı ziddiyyəti və maqik realizm elementlərinin hakim olduğu bir mühiti əks etdirir.

Markes bu iki qəhrəman vasitəsilə oxucuya təkcə bir sevgi hekayəsi yox, bir fəlsəfə təqdim edir. Siervanın qeyri-adi uzun saçları nəinki gözəllik simvolu, həm də azadlığın gizli metaforasıdır. Sanki kəsilməyən, daim uzanan bu saçlar, onun içində boy atan qırılmaz ruhun simvoludur. Quduzluq şayiələri – fərqli olana qarşı cəmiyyətin qorxusunun və cahilliyinin bir aynasıdır. Hər detal, hər ad, hər təsvir bir simvola çevrilir. “Sierva” – ispan dilində “qulluqçu”, “kölə” anlamı verir. Doğulanda heç bir zənciri olmayan bu qız sonradan eşqin, inancın və ölümün əsiri olur. Ən böyük azadlıq hissini yaşadığı anda sevdiyi üçün ölümə gedir.

Eşq cəmiyyətin qoyduğu sərhədləri aşa bilərmi, yoxsa o sərhədlərin içində məhv olmağa məhkumdurmu?

Coğrafiyasından və tarixi dövründən asılı olmayaraq, fərqli inamlar, fərqli mədəniyyətlərdən doğulan sevgilər çox zaman maneə ilə rastlaşır. “Əli və Nino” romanı da fərqli dünyalarda doğulmuş iki gəncin eyni zəncirlə üzləşdiyini göstərir. Əli – Şərqin, müsəlmanlığın təmsilçisi, Nino – Avropanın, xristianlığın qızı… Onların sevgisi Qafqazın sərt reallıqlarında boğulur. Ənənələr, din, müharibə – bu sevginin qarşısını kəsən daş divarlar kimidir. Hər iki əsərdə sevgi öz zamanına, coğrafiyasına, insanına sığmayan bir duyğudur.

Sierva Maria və Əli biri keşişin hücrəsində, digəri müharibənin qurbanı…

Markesin romanı bizi belə bir qənaətə gətirir: Eşq əgər azadlıqdan məhrumdursa, o ya öz içində boğular, ya da ölümə qədər susar. Sevgi yalnız sevilməyə deyil, yaşamağa da layiq olmalıdır.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Səbinə Yunisova. Eşq: Günah, Azadlıq, Ölüm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nurgül Umarlı. Məktubun səsində boğulan ömür

Sevməkmi, sevilməkmi? Yoxsa görünməyənlərin kölgəsində yaşamaqmı? “Bəzən bir qadının bütün həyatı bir kişinin gözüylə başlayar və onun baxmadığı yerdə bitər”. Stefan Zweig-in “Bilinməyən bir qadının məktubu” əsərini oxuyanda sükutla qarşılamadım onu. Əksinə, içimdə yüzlərlə söz vurnuxdu, səsə çevrilməyən suallar dolaşdı. Bu məktub bir sevgi etiraf deyildi mənim üçün – bu, […]