Nurgül Umarlı. Məktubun səsində boğulan ömür

1

Sevməkmi, sevilməkmi?

Yoxsa görünməyənlərin kölgəsində yaşamaqmı?

“Bəzən bir qadının bütün həyatı bir kişinin gözüylə başlayar və onun baxmadığı yerdə bitər”. Stefan Zweig-in “Bilinməyən bir qadının məktubu” əsərini oxuyanda sükutla qarşılamadım onu. Əksinə, içimdə yüzlərlə söz vurnuxdu, səsə çevrilməyən suallar dolaşdı. Bu məktub bir sevgi etiraf deyildi mənim üçün – bu, illərlə içində boğulan bir ruhun son harayı, səssizliyin içindən qopan zərif və qürurlu bir intihar idi. Sanki səsə çevrilə bilməyən göz yaşları Həyatın içində görünmədən yaşamış, adını heç vaxt deyə bilmədiyi bir kişini illərlə içində daşıyan bir qadının yoxluğa yazdığı son cümlələr. Bu qadın dünyaya tək gəlməmişdi bəlkə, amma öz içində təklikdə böyümüşdü. Əsərdə atasının adı belə çəkilmir. Onun varlığı susqunluqla əvəzlənmişdir. Atası olmayan, yaxud sevgisini hiss etməmiş bir qızın həyatına düşən ilk isti baxış – çox zaman onun bütün gələcəyini dəyişir. O baxışı, o nəfəsi bir sevgi kimi qəbul edir. Və bu sevgi ilə öz varlığını o adama bağlayır. Amma bu bağlılıq sevinc deyil – bu, daxildən axan bir ehtiyacın, illərlə doyurulmayan bir sevgi aclığının təzahürüdür. Çünki sevilməyən qız uşaqları sevgini tanımır – onlar onu arzulayır, uydurur, tapdığında isə bütün varlıqları ilə sarılırlar. Bu qadında ilk dəfə yazıçını görəndə, onun təbəssümündə itdi. Uşaq ikən vuruldu, amma bu vurulma zamanla bir eşqə yox, bir özünü unutma ehtirasına çevrildi. Yazıçının hər kölgəsində yaşadı, hər addımını izləməyə çalışdı, onun həyatının səssiz fonuna çevrildi. Kişi üçün o, bir yad idi – amma qadın üçün yazıçı, həyatın özü, dünyası idi – bütün ucalıqları uçurumlları ilə.

Mən belə sevgiyə “fədakarlıq” demirəm. Məncə bu, özünü yox saymağın ən incə halıdır. Bir qadın özünü sevdiyi adamın xoşbəxtliyinə qurban verir, amma onun varlığından belə xəbərsiz olan birinin. Bu, sevgi deyil. Bu, içində susmaqdan parçalanan bir ruhun hıçqırığıdır. Məktubun hər sətrində qadının özü ilə savaşı var. O, sevgi dilində yazır, amma bu sevginin içində acı bir iztirab, görünmək arzusu, və hətta qəzəb var.

Əgər sevgi səni yox edirsə – o sevgi sənə aid deyil.

Əgər sevgi səni görünməz edirsə – o sevgi sənə yaraşmır.

Əgər sevgi səni öz övladının ölümünə səssiz qalacaq qədər zəiflədirsə – o sevgi, sevgi deyil.

Ən ağır hiss isə o qadının oğluna münasibətdə belə yazıçının izinin olmasıydı. Oğlunu bu qədər sevməsinin səbəbi onun yazıçıya bənzəməsi idi. Onu ana sevgisindən daha çox, bir xatirəni yaşatmaq üçün sevirdi. Oğlunun hər baxışında, hər mimikasında o kişini görürdü. Bu saf sevgi deyildi, bu bir kölgəyə bağlanmış yeganə həqiqətin təkrarı idi. Və bir gün… həyat susdu. Uşaq öldü. O qadının yeganə gerçəkliyi, bu dünyada tutuna bildiyi tək canlı dəlili – gözlərinin önündə susdu. Amma o, fəryad etmədi. Qadın oğlunun cansız bədəni ilə eyni otaqda əyləşib bir məktub yazdı – sanki ölümün soyutduğu otaqda onun içini yandıran tək şey görünməməyin ağrısı idi. O anda belə, hələ də tanınmaq, görünmək istəyirdi. Uşağın ölümü belə onun içindəki “görünmək ehtiyacını” susdura bilmədi. Uşaq – o qadının tək həqiqəti, tək gerçək sevgisi – yazıçının varlığını hiss etmədən dünyadan köçür. Və qadın bütün bu itkilərə baxmayaraq, yenə də o kişiyə “Sənə təşəkkür edirəm, çünki mən səni sevə bildim” deyir. Bu cümlə mənim içimi dağladı. Sanki bu qadın dünyaya sevgi bəxş etmək üçün gəlmişdi, amma özü heç vaxt sevilmədi. O, bir cümləyə sığışdı: “Mən heç vaxt sənə görünmədim, amma sən mənim həyatımın hər şeyiydin.”

Bir sual içimi dinc qoymur: nə üçün?

Niyə bir insan özünü bu qədər susquncasına başqasına fəda etsin? Niyə bir qadın ruhunun ən zərif parçalarını bir adamın ayaqları altına sərib, səssizcə yaşayıb, səssizcə yox olmağı seçsin? Cavabı isə itirilmiş uşaqlığındadır. Sevilməyən, görülməyən, dinlənməyən qız uşaqları ilk dəfə diqqət gördükləri an onu sevgi sanır. Və bu sevgi zamanla özünü yox etməyə çevrilir. O qadın öz uşaqlığının yarasını sevgi ilə sarımaq istədi – amma əvəzində, yara daha da dərinləşdi. Həyatın ona vermədiyi mərhəməti bir kişinin varlığında tapmağa çalışdı. Amma bu cəhd – yamaqsız bir çat kimi daha da böyüdü, yara sağalmadı, qanadı. O, sevdikcə yox oldu, verdikcə azaldı, gözlədikcə soldu.

Mən o qadını fədakar saymıram. Mən onu romantik qəhrəman kimi görmürəm. Mən onu – zəif sayıram. Bəli, düz oxudun: zəif. Çünki güclü insan sevir, amma sevərkən öz kölgəsinə çevrilmir. Güclü insan sevgini sinəsində daşıyar, amma öz varlığını o yükün altına qoyub əzməz. O qadın isə – öz sevgisini öz varlığına qarşı çevirdi, özünü sevginin içində əridib yox etdi.

Sevməkmi, sevilməkmi? Mən deyirəm: nə biri, nə o biri – ən böyük sevgi özünü itirmədən yaşamağı bacarmaqdır. Əgər bir sevgi səni adını belə deməyə utanacaq, qorxacaq hala salırsa – bu, sevgi deyil, ruhuna yönəlmiş səssiz bir qətldir. Əgər sən sevərkən silinirsənsə, yoxa çıxırsansa – o sevgi səni ucalda bilməz, yalnız kölgəyə çevirər. O qadın görünmək istəmədi… ya da bəlkə, illərlə görünməməyin acısını son anda – bir məktubda – görünməklə yüngülləşdirmək istədi. Amma artıq gec idi. Yazıçı məktubu oxuyanda “Sən kim idin?” sualı ilə üzləşdi. Bəli, onu nə zamansa sevmiş, onunla nəfəs almış, bütün həyatını ona bəxş etmiş qadının adını belə bilmirdi. Çünki o qadın artıq yox idi. Varlığını bir məktuba həkk edib, sükutun qaranlığında ərimişdi. Bu məktub – bir canın, bir sevdanın, bir ömrün son ahı idi. Qadının son arzusu, ölümündən sonra belə tanınmaq idi. Bəlkə də sevgi onun üçün heç vaxt qarşılıqlı olmamışdı, amma içindəki həsrət bir ömür boyu səssiz çırpınmışdı. Və mən düşündüm: bəzən sevgi – bir ömürlük həsrətə çevrilir. Amma əgər o həsrət səni özündən alıb aparırsa – o sevgi artıq nə gözəldir, nə müqəddəs, nə də yaşamağa dəyər.

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Nurgül Umarlı. Məktubun səsində boğulan ömür

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aytən Muradzadə. Sevgi ilə başlayan qaranlıq yol

“İnsan səssiz bir çığlıqdır”; içində susdurulmuş səsin əks-sədasıdır. Və bəzən bu səs o qədər boğulur ki, qaranlığın içində bir fısıltıya çevrilir.” Hər bir insan görünən və görünməyən iki dünyadan ibarətdir: biri cəmiyyətin baxıb qiymətləndirdiyi maskalı həyat, digəri isə içində susaraq yaşayan, qışqıraraq susan həqiqi “mən”. Bəzən bu iki dünya arasında […]