“İnsan səssiz bir çığlıqdır”; içində susdurulmuş səsin əks-sədasıdır. Və bəzən bu səs o qədər boğulur ki, qaranlığın içində bir fısıltıya çevrilir.” Hər bir insan görünən və görünməyən iki dünyadan ibarətdir: biri cəmiyyətin baxıb qiymətləndirdiyi maskalı həyat, digəri isə içində susaraq yaşayan, qışqıraraq susan həqiqi “mən”. Bəzən bu iki dünya arasında körpü qopur, içindəki insan xarici şəxsiyyətə çevrilə bilmir və insan ömrü boyunca yaşamaq əvəzinə sadəcə yaşamaq görüntüsü ilə sürünür. Emil Zolyanın “Tereza Raken” əsəri də, məhz bu qırılmış körpünün, iki “mən”in toqquşmasının, azadlıq istəyi ilə vicdanın boğuşmasının faciəsini qələmə alır. Bu əsər yalnız bir cinayətin hekayəsi deyil, sükutun haraya çevrildiyi, günahın vicdanda cəza tapdığı bir mənəvi savaşdır.
Tereza Raken uşaq yaşlarında valideynlərini itirərək xalası Madam Raken tərəfindən böyüdülmüş, onun oğlu Kamill ilə zorla evləndirilmiş bir qadındır. Amma bu qadın sadəcə bir bədən deyil, susdurulmuş bir ruhdur. Tereza heç vaxt sevməmiş, heç vaxt seçməmiş, sadəcə boyun əymiş, itaət etmiş, “qəbul edilmiş” şəkildə yaşamışdır. Və günlərin birində içində illərlə yığılan bu səssizlik, bu duyğusuzluq, bu tənha qadınlığın boğuntusu partlayır Loran ilə başlayan münasibət onu ölümə, cinayətə və daha sonra vicdanın zülmətinə sürükləyir. İnsan bəzən öz həyatını yaşayırmış kimi görünür, amma əslində başqalarının seçdiyi, taleyin zorla sırıdığı bir həyatın içində sürünür. Əsərdə də göstərilir ki, insanın ruhunda elə dərin zəncirlər var ki, onları qırmaq bəzən ölümə aparır. Tereza ruhu susdurulmuş, arzuları yox olmuş bir qadındır. Onun həyatı əvvəlcə ölüm kimidir. Kamill isə xəstə, iradəsiz və həyatın yükünü öz anasına daşıtdıran bir insandır. Tereza isə onun həyatına məcbur qatılıb, sevmədən, istəmədən bir ömür sürməyə məhkum edilib. Ancaq insan ruhu tamamilə susdurula bilməz. İçindəki azadlıq bir gün öz yolunu tapır. Tereza üçün bu yol Loran olur. Lakin onların eşqi saflıqdan çox dustaq arzuların doğurduğu vəhşi bir yanğıdır. Bu yanğı o qədər güclüdür ki, hətta onlar bir insanın həyatını məhv etməkdən çəkinmirlər. Kamillin ölümünü bir xilas kimi görürlər ancaq onlar qurtuluş, azadlıq axtararkən daha böyük bir əsarətin içində itib-batırlar. İnsan həmişə azadlıq axtarışındadır. Amma bilmir ki, azadlıq qapı deyil ki, açasan və keçəsən; azadlıq bir ruh halıdır. Tereza bədəninin zəncirlərini qırmaq istədi amma ruhunun zəncirlırini unutdu. Loran ilə birlikdə azadlıq sandığı münasibət vicdanının qandallarına çevrildi. Tereza və Loran ikisi də öz daxili boşluqları ilə birləşərək cinayəti törədir, lakin onların birləşməsi ruhi bir ahəng deyil, birgə məhkumluqdur. Əsərin davamında bu iki obraz bir-birinə işgəncə verən iki vicdan məhbusuna çevrilir. Ən çox birlikdə olmaq istədikləri anlar indi ən çox uzaq durmaq istədikləri zamana çevrilir. Onların arasındakı sevgi çürüyən bir meyvə kimi əvvəl şirin idi, sonra acı, sonra iyrənc hala çevrilir. Əsərin sonunda onların hər ikisi intihar edərək bu zəncirdən qurtulmağa çalışır. Amma bu ölüm bir azadlıq deyil, artıq qaçılmaz bir sonluqdur. Onlar həyatla bacarmadılar, arzuları azad edə bilmədilər, vicdanları ilə barışa bilmədilər. Onların ölümü sadəcə fiziki yox, mənəvi bir intihardır. Bir ömürlük susdurulmuş arzuların sonda öz intiqamını almasıdır. Zola bu əsərdə yalnız bir cinayət hekayəsini danışmır. O, göstərir ki, qadın susdurulduqda fırtınaya çevrilir, ehtiras azadlıqla sanıldıqda zəncirlə nəticələnir.
Bu əsər mənə Lev Tolstoyun “ Anna Karenina” – nı xatırlatdı. Anna da, Tereza kimi cəmiyyətin sərt qanunlarından və boğucu həyatından qaçmağa çalışırdı. Hər ikisi sevgiyə sarılır. Amma Anna Kareninanın sevgisi mənə görə daha incə idi. O, daxili iztirabın və sevgi ilə günah arasında çırpışmanın qurbanı olur. Tereza isə azadlıq arzusu ilə öz ruhunu məhv edir. Anna da, azadlıq üçün hər şeyi atdı. O da, sevdi, ümidləndi. Amma Anna sevgidə fədakarlıq axtardı, Tereza isə ehtirasda azadlıq. Anna dünyaya meydan oxudu amma Tereza öz vicdanında məğlub oldu. Hər iki qadın həyatlarının başlanğıcında kədərlənir, amma sevgi ilə bağlı güclü ehtirasları onları gözlənilməz və təhlükəli yollara sürükləyir. Sevgi, hər iki obraz üçün bir tür azadlıq axtarışı və daxili çöküşə səbəb olur. Bəzən insan azad olmaq üçün üsyan edir, amma o üsyan insanı azad yox, daha dərin bir məhbus edir Tereza kimi. Hər iki qadın sevgisizlik içində sevgi axtarışında idi. Amma onların bu marağı hər ikisinin faciəvi sonunu gətirir və hər iki qadın intihar edir.
Bu romanı oxuyarkən düşündüm ki, hər insanın içində bir Tereza var; susan, dözən, bir gün üsyan edən, sonra öz üsyanına məğlub olan Tereza. Tereza susqunluğun, üsyanın və insanın öz vicdanı ilə apardığı dözülməz mübarizənin simvoludur. Terezanın hekayəsi təkcə bir qadının faciəsi deyil, hisslərini zamanında ifadə etməyən hər ruhun səssiz məğlubiyyətidir.”
İstedadlarınızın aşkarlanmasına necə də təşnə imişsiniz!..