Gülçöhrə Abasova. Sözlə yüksəlib sükutda boğulmaq

1

Həyatımız boyu nə isə əldə etmək üçün əlləşib-vuruşuruq. Bəzən bu “nə isə”nin səbəbkarı, ilham verəni bir insan olur. Ona bənzəmək, ona layiq olmaq, ona çatmaq üçün çıxırıq yola. İlham qaynağımız bizim idealımıza çevrilir. Bu pərəstiş bəzən qarşısı alınmaz qüvvəyə çevrilir, elə qüvvə ki, dönüb başqa insan olursan. Bundan öncə boş yaşamısan, ömrünü boşa sərf etmisənmiş kimi… Xüsusilə də, bu hiss eşqdən qaynaqlanır, ondan qidalanırsa… Martin də yoluna belə başlamışdı. Rufa olan məhəbbəti idi onun həyatını kökündən dəyişən. Bu “avara” dənizçini elm aləminə düşürən, əlinə qələm alıb əsərlər yazdıran bu saf sevgi idi.

Yaxşı bəs bu istək, özünü inkişaf etdirib məqsədinə, idealına yüksəlmək həmişə xoşbəxtlik gətirir? Xeyr. Nə qədər qəribə səslənsə də, bəzən qalibiyyətimiz bizi məğlub edir. Bəzən məqsədinə çatmaq bəs etmir xoşbəxt olmağa, həyatı sevməyə. Eyni ilə Martin kimi… Cek London Martin İdenin axtarışlarının faciəvi sonluğunu gözlər önünə sərməklə bunu çox aydın şəkildə göstərdi. O, məqsədinə çatdı, hətta o qədər varlandı ki, vaxtilə söz verdiyi hər şeyi etdi. Lakin Martin cəmiyyətdə yerini tapa bilmədi. Üzərində işlədikcə əvvəlki çevrəsindən uzaqlaşdı, daxil olduğu yeni çevrədə isə qəbul edilmədi. İndi Martin nə əvvəlki sadəliyə sığır, nə də burjualara, elit cəmiyyətə aid hiss edirdi. Vaxtında gəlməyən uğur insanı nə qədər xoşbəxt edə bilər? Bütün əzab-əziyyətlərdən, itkilərdən sonra nəhayət, uğur qazandı, hər yerdən ona pul yağmağa başladı. Amma artıq gec idi. Martin həyata, yaşamağa, yazmağa olan həvəsini birdəfəlik itirmişdi.

Bu həvəsin itməsinin səbəbkarı nə idi, bəs niyə Martin həyatının kuliminasiya nöqtəsinə varmışkən ölümü seçdi?

Səbəb çox aydındır. Cəmiyyətin, insanların riyakarlığı. Onu boğan dəniz deyildi, anlaşılmaması, yalqız olması idi. Martin varlı olmazdan öncə də həmən insan idi, məşhur yazıçı olub varlanandan sonra da. Dəyişən Martin deyil, ətrafdakı insanlar və onların Martinə olan münasibətidir. Bank hesabındakı pulu artdıqca, Martinə verilən dəyər də artırdı. İndi çap olunan əsərləri Martin hər kəsin onu məzəmmət etdiyi vaxt yazmışdı halbuki. Martini boğan, həyat eşqini öldürən ən başlıca səbəb digərlərindən savayı ən çox Rufun riyakarlığı idi. Ümumiyyətlə, Rufun Martinə olan sevgisini gerçək eşq adlandırmazdım. Nəzərə alsaq ki, Martin kifayət qədər yaraşıqlı idi və əsərdə də qeyd edildiyi kimi qızların diqqətini asanlıqla cəlb edir, dostlarının sevgililərini “əllərindən alırdı”, Rufun ona müəyyən hissləri olması anlaşılan idi. Bu hisslər Martininki kimi güclü deyildi, heç bir fədakarlığa da səbəb olmadı. Əsərdə çox az görülməsinə baxmayaraq Lizzi adlı qızın Martinə olan münasibəti və sevgisini daha üstün tutardım. Lizzi Martinlə ölümə belə getməyə hazırdır. Onu gerçək məhəbbətlə sevməsinə baxmayaraq Martinin ona bir dost, bir bacı kimi yanaşması onu incitmədi, uzaqlaşdırmadı. Ruf isə çətinliyə düşən kimi (Martinin adı qəzetdə pislənmişdi, ona iftira atılmışdı) onunla yollarını ayırdı. Martin kasıb ikən ondan ayrılanda bir-birlərinə yaraşmadığını deyən Ruf indi özü Martinin yanına gəlib ondan əfv diləyir. Səbəbi nə idi? Martinin nüfuzu qalxmışdı…

Düşünürəm ki, romanın ən təsirli səhnəsi Martinin varlandıqdan sonra Rufu rədd etdiyi səhnədir. Əvvəlki vaxtı olsa Rufu görəndə ürəyi yerindən qopan, Ruf üçün canından keçməyə hazır olan bu cavan oğlan indi deyir: “Bəs nə üçün əvvəllər mənim yanıma gəlməyə cəsarət etmirdiniz? Mən daxmada yaşayanda, ac qalanda. Axı elə onda da mən həmin Martin İden idim. Həm bir insan, həm də yazıçı kimi”, “-Çox gecdir, mən xəstəyəm, Ruf… Yox, cismən yox. Mənim ruhum, beynim xəstədir. Mənim üçün hər şey mənasını itirib. Mən heç nə istəmirəm, siz yarım il bundan əvvəl gəlsəydiniz, hər şey başqa cür olardı!”

Martinin Rufa cavabı mənə Məcnunun Leylini rədd etdiyi səhnəni xatırlatdı. Düzdür, bu eşqlər arasında çox fərq var. Leyli ilə Rufu, eləcə də Martinlə Məcnunu eyniləşdirə bilmərik. Lakin Martinin vəziyyətini müəyyən mənada Məcnunla müqayisə etmək olar. Məcnun Leylini “-Get, get sən o Leyli deyilsən” deyib rədd etmişdi. Martin üçün də indi Ruf həmən Ruf deyil. Martin əslində realda olan Rufu deyil, öz yaratdığı ideal Rufu sevmişdi. Nə edirdisə, hamısı Rufa layiqli bir ər olmaq üçün idi. Martin Ruf ona məktub yazıb tərk edəndə anladı ki, Ruf onun təsəvvür etdiyi “məlaikə” deyilmiş. Kübar cəmiyyətin adi yetirməsi imiş.

Bəlkə də, Martin Rufu deyil, onu sevməyi sevmişdi… Rufu sevmək onu buralara gətirdi. Təəssüf ki, sonu faciəvi oldu. Romanın sonunda qəhrəmanımız intiharı seçdi. Bu vəziyyətə bundan artıq qatlaşa bilməyəcəyini anlayanda qərar verdi ki, uzaqlara getsin, lap uzaqlara. Lakin “xəstəlik” ondan əl çəkmədi. Sonda özünü dənizə təslim edir və dərin sualara qərq olub, gözlərini əbədi yumur, sözü ilə yüksələn bu gənc yalqızlığının sükutunda boğulur…

Maraqlısı budur ki, burada da onun gücünün şahidi oluruq. O, “həyat eşqi”nin baş qaldırdığını anlayanda daha dərindən nəsəf alır və var gücü ilə özünü suya batırmağa çalışır. Hər nə qədər intiharın asan olanı seçmək olduğu barədə fikirlər olsa da, məncə, bu səhnənin təsviri əslində öz həyatına son qoymağın da bir güc tələb etdiyini göstərir. Bu güc də Martində kifayət qədər var idi…

Martinin başına gələnlər bizə nəyi göstərdi?

Kimi isə yaxud nəyisə ideallaşdırmaq, ilahiləşdirmək qüsursuz hesab etmək yalnışdır. Çünki ideallaşdırdığımız məhfum biz xəyalımızda yaratdığımız kimi olmayanda xəyal qırıqlığı yaşayır, yalqızlaşır, sükutumuzda boğuluruq…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Gülçöhrə Abasova. Sözlə yüksəlib sükutda boğulmaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Səbinə Yunisova. Eşq: Günah, Azadlıq, Ölüm

“Sevginin günah sayıldığı yerdə insanın ruhu azad ola bilməz”. Eşq dedikdə ağlımıza ilk gələn şey qəlbin titrəyişi, gözlərdə doğan parıltı, insanı bir anlıq bu dünyadan ayıran, izahı çətin, duyğusu dərin bir hiss olur. Eşq zaman tanımaz, məkan tanımaz, iradəyə boyun əyməz – o, bəzən insanı azad edən bir yel, bəzən […]