Azadlıq yoxsa məsuliyyət? Bu sual insanın daxili dünyasında gedən mənəvi çəkişmənin mərkəzində dayanan suallardan biridir. Azadlıq insana öz yolunu seçməyə imkan verən ali dəyərdir. Lakin bu seçimlər bəzən insanı daha ağır nəticələrlə üz-üzə qoyur. Məsuliyyət isə çox zaman azadlığın qarşısında bir maneə kimi görünür, amma əslində o da mənəvi borcun bir ifadəsidir. Tarix boyu insanlar bəzən azadlıq naminə bütün sosial öhdəliklərdən imtina etmiş, bəzən isə məsuliyyət naminə öz azadlıqlarını qurban vermişdilər. Bu iki anlayış bir-birinə zidd görünməsinə baxmayaraq, bir çox hallarda biri digərini doğurur. Azadlıq məsuliyyətsiz ola bilmədiyi kimi, məsuliyyət də azad iradədən doğmayanda mənasızlaşır. İnsan psixologiyasında bu seçim yalnız məntiqin deyil, vicdanın və qorxunun da təsiri altındadır. Çünki bəzən insan azad olduğunu zənn edərkən, əslində, sosial təzyiqin və daxili konfliktin əsarəti altında olur. Stefan Zweig özünün “Məcburiyyət” əsərində də məhz bu sualı bir insan taleyi üzərində cavablandırmağa cəhd edir. Lakin əsərin gücü də ondadır ki, burada doğru və ya yanlış seçim yoxdur, yalnız seçim anının yaratdığı mənəvi titrəmə var.
Əsərin əsas qəhrəmanı olan Ferdinand vətəni müharibəyə sürüklənərkən, İsveçrədə sükut içində yaşamağa çalışan, azadlığını qorumaq naminə gerçəklərdən qaçan bir insandır. O, doğma torpağında qan və barıt qoxusu yüksələn zaman məsuliyyətindən yayınaraq yad bir ölkədə sanki həyatla bağını müvəqqəti dondurmağa çalışırdı. Onun üçün vətən bir məcburiyyət, yad ölkə isə azadlıq demək idi. Azadlıq onun üçün yalnız bir siyasi anlayış deyil, həm də vicdanı ilə arasına çəkdiyi qoruyucu bir pərdədir. Lakin bu pərdə qəfil gələn bir məktubla götürülür. Hərbi xidmətə çağırış — bir kağız parçası olsa da, Ferdinandın içində basdırmağa çalışdığı bütün qorxuları, sualları və vicdan əzabını bir anda oyadır.
Ferdinand artıq seçim qarşısındadır: ya vətənə dönüb borcunu yerinə yetirəcək, ya da öz vicdanı ilə üz-üzə qalacaq. Sevdiyi qadın Paulaya duyduğu dərin məhəbbət, azadlıq istəyi və ölüm qorxusu arasında sıxışıb qalan Ferdinandın yaşadıqları yalnız onun deyil, bir çoxlarının yaşadığı mənəvi çəkişmənin simvoludur. Onun daxili dünyasında baş verən ziddiyyətlər əsər boyu oxucunun da özünə suallar verməsinə səbəb olur. Bir-birinin ardınca “Azadlıq naminə məsuliyyətdən qaçmaq doğrudurmu?”, “Azad vəziyyətində belə özünü dustaq kimi hiss edən insan nə qədər azaddır?”, “Sevmək insanı qorxaq edər, yoxsa cəsarətli?” kimi suallar yaranır. Ferdinandın yaşadığı bu daxili mübarizə əsəri sadəcə bir müharibə hekayəsi olmaqdan çıxarıb, insanın mənəvi mübarizəsinə çevirir. O, hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalan bir körpünün üzərində yeriyir. Həmin körpünün altında isə vicdanı, qorxuları və sevgisi axır.
Əslində Ferdinandın məsuliyyət hissini qorxu hissi də müşayiət edirdi. Əsərdə onun dilindən süzülən acı bir etiraf bunu bir daha sübut edir: “Onlar çox güclüdür, onlara qarşı qoya bilmərəm. Ölkəyə qayıtmaqdan bir müddət qaçmağı bacarsam da, yolun sonunda onlar məni yenə tapacaq və borcumu yerinə yetirmək məcburiyyəti ilə üz-üzə qoyacaq…” O, sanki öz taleyini öncədən məğlubiyyətə məhkum etmiş, iradəsini susdurmuş bir insandır. Lakin Paula bu düşüncəni sarsıdır. O, Ferdinandın üzünə acı, lakin gerçək bir həqiqəti söyləyir: “Onlar yalnız sən onlara güc verdiyin qədər güclüdür. Öz həyatını, öz ruhunu onların qaranlıq məqsədlərinə fəda etmə. İnsan yalnız inandığı bir fikir, bir dəyər, bir amal uğrunda canından keçər. Başqasının yolunda yox, öz yolunda getmək cəsarət tələb edir”. Paula Ferdinanddan canını qurtarmağı deyil, ruhunu oyatmağı istəyir və deməyə çalışır ki, insanın qarşısında iki seçim var: ya itaətkarlıqla susacaq, ya da öz həqiqətini müdafiə edəcək qədər ucadan danışacaq… Çünki insan yalnız bədənindən yox, inandığı prinsiplərdən də ibarətdir. Başqalarının istəkləri, sənin susqunluğundan güc alır. Əgər inanmadığın bir ideya uğrunda ölmək məcburiyyətində qalırsansa, bu, sadəcə fiziki yox, mənəvi bir məğlubiyyətdir. Amma əgər insan inandığı dəyər uğrunda ölməyi seçirsə, bu artıq bir qələbədir- ölümün içində belə azadlıq və mənəviyyatın zəfəri var.
Ferdinand arzularını, gələcəyini, sevdiklərini uğrunda görməzdən gəldiyi sistem və dövlət üçün sadəcə bir rəqəm idi. Onun xəyalları, qorxuları və hissləri sistem üçün əhəmiyyətsizdir. Hansı ki, on minlərlə Ferdinandlar özünü inanmadığı bu sistem uğrunda qurban verir. Ferdinandlar həmişə var olacaq. Onlar Çingiz xanın daşları kimidirlər, azalır və yenə bərpa olurlar: Çingiz xan hər dəfə döyüşə gedəndə döyüşçülərin hərəsi yerə bir daş atırdı, üst-üstə düşən o daşlardan hündür bir təpə əmələ gəlirdi. Çingiz xan ordunun itkisini belə sayırdı, sonra orduya yeni döyüşçülər gəlirdi və yeni döyüşlərə gedəndə yerə daş atırdı, beləliklə də o daş təpə böyüyür, kiçilir, yenə böyüyürdü. Çingiz xanın gözünə isə insanların məhv olmuş xəyalları, yarım qalmış həyatları görünmürdü. Onun gördüyü sadəcə sayı azalıb-çoxalan daşlar idi. Paula da Ferdinandı belə bir sistemin qurbanı olmaqdan xilas etməyə çalışırdı. Çünki onun üçün Ferdinand sadəcə bir daş, rəqəm deyildi: o, birlikdə qurulacaq gələcək, danışılmamış sözlər, həyata keçirilməmiş xəyallar, bölüşülməmiş xoşbəxtliklərdir…
Əsərin sonunda Ferdinandın öz həyatını kiminsə məqsədinə qurban verməmək uğrunda atdığı addım, bəlkə də, ruhunun özünə qayıdışı, biraz da qorxu içində azadlığı seçmək cəsarətidir. Birinci Dünya müharibəsini ölkəsindən kənarda izləyən Stefan Zweig bu əsərində, sanki, həmin dövrün reallıqlarını əks etdirməyə çalışmışdır. Bugünkü dünyamızda- müharibələrin alovlandığı bir dövrdə də həyatda qalmaq üçün yad torpaqlarda özünə məsuliyyətlərdən uzaq yeni həyat qurmağa çalışan insanların sayı az deyil. Sanki zaman dəyişsə də, insanın yaşadığı daxili və xarici mübarizələr dəyişmir. Stefan Zweigin təxminən 1 əsr əvvəl yazılmış bu əsəri bu gün də düşündürməyə davam edir. Çünki əsərdə təsvir olunan mənəvi təzyiq, vətən və vicdan arasında qalmaq, azadlıq və qorxu içində boğulmaq hal-hazırda da bir çox insanın gerçək həyatıdır. Ferdinandın səsi sanki XXI əsrin sərhəd tanımayan savaşlarında yollarını itirmiş milyonlarla insanın səsidir. Bu baxımdan Stefan Zweigin “Məcburiyyət” əsəri yalnız XX əsrin məhsulu deyil, eyni zamanda, bu günün də aynasıdır.