Bir sonluq üzərində düşünmək, bəzən başlanğıcları anlamaqdan daha çox cəsarət tələb edir. Bu sonluq “ölüm” adlı nəfəsin bütün bədəni soyuq bir külək kimi dolaşmasıdır —sanki həyat özü titrəyərək geri çəkilir—yavaş-yavaş, iztirablar içində.
Bir edam məhkumunu düşünün, bu məhkum ölümə deyil, ölümü gözləməyə məhkum edilib. Sən demə, gilyotindən daha ağır olan, gözləməyin özü imiş. Onun düşüncələri qəfəsə salınmış bir quş kimi divarlara çırpınır. Lakin bu çırpıntılar bir fayda vermir. Divar saatı tik-tak etmir, döyünür…Bir edam məhkumunun ürəyi kimi. Hər saniyə bir addımda yaxınlaşdırır onu yoxluğa…. Ölüm qorxuludur, bəs hər gün ölümün səsini içində eşidərək yaşayan o edam məhkumu— bu, yaşamaqdırmı, yoxsa sadəcə nəfəs almaq?
Viktor Hüqonun “Bir edam məhkumunun son günü” romanında bu zəncirin hər həlqəsi bir saat, bir dəqiqə, bir düşüncə qədər ağırdır. Romanın qəhrəmanı olan edam məhkumu yalnız ölümə məhkum deyil, hətta onunla yaşamağa məhkumdur. Bu roman, sanki həyatla ölüm arasında salınmış bir körpüdür—hər cümləsi ipək kimi incə, gilyotin kimi kəskindir. Romanın əsas qəhrəmanı olan edam məhkumu səbəb olduğu bir cinayətin cəzası olaraq, edam cəzasına məhkum edilib. Lakin edam cəzasının verilməsi nə qədər ədalətli idi? Hakimlərin üzlərindəki sevinc təsvir edən Hüqo nə demək istəyirdi? Aydın məsələdir ki, onların üzlərindəki sevinc—işlərinin tez bitəcəyi və evlərinə gedib istirahət edə biləcəkləri düşüncənin yaratdığı sevinc idi. Bir insanın ən çarəsiz anı onun bütün ümidlərinin puç olduğu andır ki, məhkum hakimlərin sevincindən ümid etmişdi “Ümidliyəm…”, lakin bu sadəcə bir-iki dəqiqə davam etdi. Qərar açıqlandı: “ÖLÜM CƏZASI!” Bütün ümidlərin puç olduğu o an, artıq tək ümid giyotinin ağrı vermədən öldürməsi olacaqdır. Bu qərarı eşidən qəhrəmanımızın daxili sarsıntılarının şahidi oluruq. Bəs sarsıdıcı olan yalnız bu qərarı eşitmək, bu qərara şahid olmaq idi? Əlbəttə, xeyir. Viktor Hüqo bunu cəmiyyətin simasında göstərmişdir. Cəmiyyətin edam məhkumuna baxışı tamaşaya gəlmiş tamaşaçıların baxışı kimidir- onlar üçün ölüm bir faciə deyil, əyləncəyə çevrilmiş bir ibrət dərsidir. Viktor Hüqo bununla göstərir ki, cəmiyyətin laqeydliyi bəzən gilyotindən də iti olur. Məhkumun duyğuları, cəmiyyətin qaranlıq kölgəsi altında itib gedir…
Romanda zaman anlayışı, həyatla ölüm arasında asılmış görünməz bir yelləncək kimi, gah ümidə, gah çarəsizliyə tərəf sallanır. Qaçış edam məhkumunun düşündüyü ümid işığı ola bilərdimi? Qaçış edam məhkumunun taleyində yazılmamış bir cümlənin sonunda qoyulmuş bir nöqtə ola bilərdi—bir az gecikmiş azadlıq, bir az ümidin nəfəsi, bir az da yaşamaq ehtiyacı. Axı bəzən insan, ölümə doğru yox, sadəcə bir çıxış qapısının işığında kölgəsini axtararaq qaçmaq istəyir—yaşamaq üçün yox, yaşamaq istəyini sübut etmək üçün…
Viktor Hüqo bu romanı ilə təkcə ədəbiyyat nümunəsi yaratmır, həm də ölüm hökmünə qarşı əxlaqi manifest yazır. Viktor Hüqo ölümə məhkum edilmiş bir şəxsin psixoloji parçalanmasını, ölümün çarəsizliyi altında əzilən ruhunun çaşğınlığını elə təsvir edir ki, oxucu əsəri oxuduqca özü də məhkumun nəfəs ritmini hiss edir. Məhkumun qızına olan sevgisi, pəncərədən düşən günəş şüalarının yaratdığı ani ümidlər və ya gilyotin görüntüsünün hər dəfə xatırlatdığı dəhşət…bunlar həyatın və ölümün bir-birinə nə qədər yaxın, lakin bir o qədər də zidd olduğunu göstərir. Viktor Hüqo yaratdığı qəhrəmanla yalnız ölümün ağrılı yükünü göstərməmiş, həm də onun yolunu gözləyən ölümdən, xəbərdar olan bir “insanın” digər məhkumlara acıması, onları dərin bir mərhəmət hissi ilə izləməsini o qədər poetik çalarlarla təqdim etmiştir ki, bir anlıq onun ruhunda sarsıntı yaradan ölüm yaddan çıxmışdı. Lakin həyatla ölüm arasındakı sərhəddə dayanan bir insanın yanında, bir vaxtlar özü də azadlığını itirmiş cəmiyyətin “dibinə” atılmış insanlar tərəfindən aşağılanması, insanlıq adlı anlayışın qaranlıq tərəfini göstərir. Onlar sanki öz taleylərinin acısını başqasının faciəsində gizlətmək istəyirlər—aşağılamaq onların müdafiə mexanizmidir, içlərindəki qorxu və ümidsizliyin ucuz maskası. Ancaq bu səhnədə də, biz əsl Fransa cəmiyyətinin qəddar, qaranlıq, ümid işığının belə parlamaqdan qorxduğu üzünü görürük. Həmin kürək cəzasına məhkum edilənlərin edam məhkumuna olan münasibətlərini belə izah edə bilərik, “dəmir barmaqlıqlar arxasında olanlar bəzən ən sərt divarları ürəklərində tikirlər və bu divar mərhəmətə qarşı ucalır”. Ölümə məhkum olan birinin belə qəlbin də ümid ışığının parlamağa can atan közü olar. Bu qəhrəmanımızın qəlbindəki o ümid közünü yanmağa can atdıran ən dəyərli varlığı idi—qızı idi. Bəs o dəyərli varlığın zehnindən, ürəyindən bir ruh kimi yoxa çıxdıqda o ümid közü nə olur? O köz tamamilə yox olur, ölümün küləyinə qarışaraq uçub gedir. Viktor Hüqo bunu belə izah edir qəhrəmanın dili ilə- “Heç bir şey umurumda deyil. Qəlbimdəki son sim də qırıldı”. Bununla artıq edam məhkumunun o ümidi də sönür və ölmək artıq əvvəlki kimi dəhşətli gəlmir. Romanda Viktor Hüqonun toxunduğu başqa bir məsələ “insanın ölüm anında belə mənəviyyata sığınmaq ehtiyacı”nı göstərməsidir. Bununla Hüqo edam məhkumunu rahibin vasitəsilə qucaqlamaq və qorumaq istəyir. Rahibin varlığı edam məhkumuna “ölüm son deyil” ideyasını xatırladır, edam məhkumunun qəlbindəki o qorxunun içinə işıq salmağa çalışır. Gilyotinə hər addımda yaxınlaşdıqca edam məhkumunun yaşamaq istəyi baş qaldırmağa başlayır, əvvəl bağışlanmağı belə ağlından keçirməyən edam məhkumu, artıq buna dözə bilmir qəlbində, düşüncəsində və ruhunda baş qaldıran hisslərin altında əzilir və fəryad edir. Onu böyük bir həvəslə izləməyə gələn cəmiyyət- vicdanlarını əyləncəyə satan səssiz cəlladlar, onun bu yanqılı fəryadlarına əhəmiyyət vermirlər. Onlar bir cəzanın şahidi deyil, bir faciənin iştirakçısı idilər. Viktor Hüqonun “Bir edam məhkumunun son günü” romanında yalnız ölüm hökmünü deyil, ölüm hökmünü qanuniləşdirən cəmiyyətin ruhsuz mexanizmini sorğulayır. Viktor Hüqo romanda qarşımıza bu sualları qoyur “Əgər bu insan həqiqətən canidirsə, niyə biz onun kimi davranırıq? Yox əgər insanlıqdan çıxmayıbsa, niyə onu öldürürük?” Bu sualın ümumi cavabı kimi bunu deyə bilərik: “Ədalət ölüm cəzası verməklə yox, islah etməklə var olur”. Viktor Hüqonun göstərmək istədiyi “ədalətli cəmiyyət”, cinayət törədən şəxsi qanuna əsasən ölüm cəzası ilə cəzalandıran idi. Hüqo ölümlə üz-üzə olan insanın daxili sarsıntılarını bütün poetik yaradıcılığı ilə göstərməklə yanaşı, həm də cəmiyyəti empatiya qurmaqdan uzaq, caniləşmiş, gilyotin qarşısında toplaşaraq, heç kimin “Niyə? Nə üçün o, belə ölümə məhkum olmalıdır? Ölüm burada—bu tribunda gilyotinin qarşısında əlləri və ayaqları bağlı şəkildə, son saniyələrini yaşayan edam məhkumunu izləyən bütün bu cəmiyyət üçün də bir nəfəs qədər yaxındırmı?” bu sualların heç biri vicdan anlayışından uzaq olan cəlladların ağlına belə gəlmirdi. Çünki cəmiyyət artıq bu sualları düşünmək qabiliyyətini itirmişdi. Viktor Hüqo “Bir edam məhkumunun son günü” romanı ilə sübut edir ki, ədəbiyyat yalnız estetik zövq deyil, həm də əxlaqi inqilab yaratmağa qadir olan bir gücdür.
Son olaraq belə deyə bilərik: Ədalət adına qurulan səhnədə susan cəmiyyət, bəzən ən böyük cinayəti törədir…
Dünya ədəbiyyatı B qrupu tələbələrinin son oxuduğum essesi bu oldu deyə, fikrimi də şüarvari cümlə ilə ümumiləşdirirəm: “Hər birinizin içində gizli istedad yatır; sizə də, o istedadı aşkarlayıb – oyadıb, sizi çalışdırana da eşq olsun!”.