Hər bir insanın ruhunda doğulduğu andan etibarən görünməz bir xəzinə xəritəsi gizlənir. Arzular ruhumuzun ilk dilidir – və yalnız onları dinləyə bilənlər yolun əsl mahiyyətini və öz yolunu tapır. Paulo Coelho-nun “Kimyagər” romanı bizə xatırladır ki, axtardığımız xəzinə uzaqda deyil, onu axtararkən içimizdə kəşf etdiyimiz işığın özündədir.
Əsəri oxuyarkən hiss etdim ki, biz bəzən doğrudan da, bu xəritəyə baxmaq istəmirik. Amma nə vaxt ki, içimizdəki səsi dinləyirik, o zaman həyat bizə yavaş-yavaş yol göstərir. “Kimyagər” mənə öyrətdi ki, qorxularımızı aşmadan, dəyişikliklərə cəsarət etmədən istədiyimiz həyata çata bilmərik.
Əsərdə dəfələrlə vurğulanan bir həqiqət var: Allah insanla qəlbinin dili ilə danışır. Paulo Coelho burada qaraçının dilindən bildirir ki, Allahın insanla danışdığı bu dil nə sözlərlə ifadə olunur, nə də ağılla dərk edilir. O, yalnız hiss olunaraq başa düşülür. Bu fikir mənə sufi təlimini xatırlatdı. Sufilərə görə Allah insana ən yaxın olandır və onu tapmaq üçün insan öz qəlbinə nəzər yetirməlidir. Əsərin mərkəzində duran bu kimi fikirlərin sufi təlimini xatırlatması məni düşündürdü: O zaman bu fikirlər sadəcə bir dinin təliminə aid deyil. Bu fikirlər həyatın sirrini anlamağa çalışan hər bir insanın daxili səyahətinə işıq tutan, ümumbəşəri həqiqətlərdir.
Qarşılaşdığım bir başqa fikir isə ən böyük yalanın həyatın idarəsinin taleyə buraxıldığı düşüncəsidir. Qoca şahın dediyi kimi : “Varlığımızın hansısa anında biz öz həyatımıza nəzarəti itiririk və bundan sonra həyatımızı tale idarə edir – bundan böyük yalan yoxdur.” Oxuduqca anladım ki, hər insan gənclik illərində öz yolunu görür , amma hansısa qüvvələr onu bu yoldan sapdırır. Bütün kainatın insanın istəyinə kömək etdiyi ideyasına da burada toxunulur. Biz bu əsərdə görürük ki, əgər insan bütün qəlbi ilə nə isə arzulaya bilirsə, deməli onu əldə etməyə də qabildir.
Bəzən həyatın axarı birdən-birə dəyişir. Bir göz qırpımında insan sahib olduqlarını itirə bilir. Santyaqo üçün də belə bir an gəlib çatır. Santyaqo düşünür ki, “Dəyişikliklər bəzən elə sürətlə baş verir ki, onlara öyrəşmək bir yana qalsın, ah çəkməyə də vaxt tapmırsan” O bir anlıq ümidsizliyə qapılsa da, qoca şahın sözlərini xatırlayır : hər hadisə bir işarədir və hər çətinlik yolun bir hissəsidir. Bu hissə mənə düşündürdü ki, çətinliklərdən qorxmamalı, onların arxasında duran, ya da bizi həll yoluna aparan mesajları anlamalıyıq. Bəzən həyat bu yolla bizə nəyinsə bitdiyini və yen bir şeyin başlayacağını bildirir. Bəlkə biz də Santyaqo kimi işarələri anlamağa çalışsaq həyatımız daha rahat olar.
Səyahət irəlilədikcə Santyaqo daha bir sirri kəşf edir: sözlərdən asılı olmayan bir dilin mövcudluğu. Ərəbcə bilmədən bazarda anlaşdığı adam ona göstərir ki, duyğular da bir dildir. Düşünürəm ki, həqiqətən də bəzən bir baxış, bir hərəkət insanlar arasında ünsiyyətə çevrilə bilir. Bu, insanla insan arasında görünməz bir körpüdür və o körpü sözlərlə yox, qəlbdən qəlbə çəkilir. Bu nöqtədə əsərdə hiss olunan sufizm nəfəsi daha da güclənir. Çünki sufizmə görə Allaha gedən yol sadəcə sözlər deyil, saf niyyət və içindəki səsin dinlənilməsi ilə tapılır. Əsərdə də deyildiyi kimi “Hər şey bir bütövdür”
İnsan bəzən arzularını reallaşdırmaqdan qorxur. Santyaqonun qarşılaşdığı büllur satan da ömrü boyu Məkkəyə getməyi xəyal etmiş, lakin bu xəyala çatmağın onu yaşamağa bağlayan səbəbdən məhrum edəcəyindən qorxmuşdu. “Dəyişiklik axtarmıram, mən özüm özümə çox alışmışam”- deyən büllur satan bir çox insanın içindəki qorxunu dilə gətirir. Bəlkə də həyat bəzən arzunun özündədir, ona çatmaqda yox. Və ya biz bəzən öz qurduğumuz dünyaya elə öyrəşirik ki, sıxılsaq da dəyişiklik etməkdən qorxuruq. Büllur satanın dili ilə söylənən “maktub” anlayışı da mənim üçün düşündürüdücür. Hər insanın taleyinin öncədən yazılmış olması, amma yalnız cəsarət edənlərin oxuya bildiyi fikri insanı düşündürür. Çünki əsərdə deyilir : qorxusunu aşanlar öz maktubunu oxuya bilirlər.
Əsərdə qarşılaşdığımız daha bir fikir “bir əldən yazılmaq” fikridir. Burada söylənmək istənən budur ki, həyatımızın bir əl tərəfindən yazıldığını anlamaq bəlkə də qorxularımzı yüngülləşdirə bilər. Çarvadarın dilindən söylənən “əgər sən indidə qala bilsə idin, ən xoşbəxt insan olardın” fikri anda qalmaq, anı yaşamaq fikridir. Bəzən o anı duymaq, sadəcə orada olmaq əsl xoşbəxtlikdir. Bir əl tərəfindən yazılmaq və anda qalmaq fikri , məncə , təsəllivericidir. Çünki bəzən insan ya keçmişdə ilişib qalır, ya da gələcəyi düşünməkdən indini yaşaya bilmir. Lakin həyatın axışına inanmaq və indini yaşamaq bizim ən xoşbəxt hiss edə biləcəyimiz nöqtədir.
Santyaqonun Fatimə ilə tanışlığı ona insan ruhunun ən yüksək hədəfini başa salır – məhəbbət. Santyaqo və Fatimə arasındakı münasibət göstərir ki , sevgi insanın yolunu tapmağına mane olmur. “Məhəbbət insanın öz yolu ilə getməsinə mane olmamalıdır. Əgər mane olursa , deməli bu saf məhəbbət deyil “ – fikri bizə başa salır ki, əgər o hiss həqiqi məhəbbətdirsə insanı öz yolunda irəliləməyə təşviq etməlidir. Santyaqo əslində hər şeyin ona aydın olduğunu başa düşür. “Öz qəlbini dinlə, çünki o dünyanın ruhundan gəlib və nə vaxtsa oraya geri qayıdacaq.”- bu fikir insanın öz içində doğru yolu tapması və və hər şeyin başlanğıcını öz ruhunda hiss etməsi məsələsini işıqlandırır.
Santyaqonun küləyə çevrildiyi an insanın özünü kəşf etməsinin ən yüksək nöqtəsidir. Ona görə küləyə çevrilmək yalnız fiziki bir dəyişiklik deyil, insanın ən dərin məqsədlərini və təcrübəsini qavramasıdır. Kimyagərlə vidalaşdıqdan sonra piramidalara çatdığı an isə onun arzusuna çatdığı andır.
Həyatımızda ən çox axtardığımız şey bəzən bizim gözümüzün qabağında olur. Santyaqo da xəzinəni tapmağa çox uzaqlara getmişdi , amma onun xəzinəsi əslində ən yaxınında – doğma yurdunda idi. Düşünürəm ki, bu həyatın vacib dərslərindən biridir. Biz bəzən uzağa getməli olduğumuzu düşünüb qorxuruq, amma əslində tapacağımız həqiqətlər gözümüzün qarşısında olur.
Əsərə bütünlükdə nəzər saldıqda düşünürəm ki, “Kimyagər” yalnız bir xəzinə axtarışının hekayəsi deyil, insanın öz ruhunun, arzularının, və həyatının mənasının axtarışıdır. İnsan inam, təslimiyyət, anda yaşamaq ilə bütün çətinlikləri, qorxuları aşıb öz xəzinəsinə – məqsədinə çata bilər.
Ən böyük xəzinə arzularımıza doğru atdığımız hər addımda özümüzü tapmağımızdır.
Bütün sabahlar üçün bir sübh mehinə çevrilməyinizi diləyirəm…