Tolstoyun hekayələri ilə insanın özünü və mənəvi həqiqətləri tapdığı səyahətə çıxıram.
Bu hekayələr insan ruhunun dərinliklərinə enən, mərhəmət, sevgi, iman, təvazökarlıq kimi bir sıra dəyərləri önə çıxaran mənəvi bir məktəbdir. Hekayələr sadə insanların həyatından götürülsə də, əslində böyük həqiqətləri və ilahi hikmətləri daşıyır. Hər birində insanın varlıq məqsədi, Tanrı ilə münasibəti və başqasına qarşı məsuliyyəti öz əksini tapır.
“İnsan nə ilə yaşayır?” hekayəsi Tolstoyun insan ruhuna toxunan ən möhtəşəm əsərlərindən biridir. “İnsan nə ilə yaşayır?” sualı ilk baxışda sadə görünsə də, cavabı həyat qədər mürəkkəb və düşündürücüdür. Semen adlı sadə çəkməçi, həyatın sərt üzünü görmüş, çətinlik içində yaşayan bir insandır. Lakin onun qəlbi hələ də mərhəmətə açıqdır. Donmaqda olan bir yad kişiyə əl uzatması, insaniyyətin hələ də yaşadığını göstərir. Çəkməçi Semen və onun mərhəmətli həyat yoldaşı bu yad kişini evlərinə qəbul edəndə bilmirdilər ki, əslində bir mələyi qurtarırlar. Mixail adlı bu qərib, insanların yalnız özləri üçün yox, bir-birini sevərək yaşadığını öyrənmək üçün dünyaya göndərilmişdi.
Hekayə boyu mən mərhəmətin, sevginin və qardaşlığın necə möcüzə yarada biləcəyinin şahidi oldum. Mixailin öyrəndiyi üç həqiqət – insanın özündə deyil, sevgidə yaşaması; insanın nə zaman öləcəyini bilməməsi; və insanın öz ehtiyacına görə deyil, başqasının mərhəmətinə görə yaşaması – məncə, bu sadəcə bir hekayənin deyil, bütün bəşəriyyətin mənəvi qayəsidir. Tolstoy burada dini və fəlsəfi dərinliyi bədii sadəliklə birləşdirir. İnsan bu dünyada tək deyil, başqasının sevgisi və yaxşılığı ilə mövcuddur. Həyat yalnız nəfəs almaq deyil, başqasına nəfəs ola bilməkdir.
Mixailin yer üzündə keçirdiyi sınaqlar, əslində, hər birimizin həyatında qarşılaşdığı sınaqların rəmzidir. O, əvvəlcə insanların sərtliyini, qorxularını və təkəbbürünü görür, amma sonra mərhəmətin sehrinə şahid olur. Semyonun və həyat yoldaşının ona sahib çıxması, sanki insanlığın içində hələ də sönməyən bir işığın varlığını sübut edir. Bu işıq – sevgidir. Mixailin gözlərində sevinc yaşlarının parlaması, onun artıq sualların cavablarını tapması ilə deyil, insan sevgisinin sehrini hiss etməsi ilə bağlıdır. Çünki insan o zaman Tanrıya yaxın olur ki, özü qədər başqasını da düşünür. Bu hekayə Tolstoyun sadəcə yazıçılığını deyil, ruhani axtarışlarını da əks etdirir. Və əsərin sonu mənə belə bir təsir bağışladı: insan məhz başqa bir insan üçün yaşadığı zaman həqiqi mənada yaşayır. Tolstoy bu əsərlə demək istəyir ki, insanı yaşadan nə ağıl, nə güc, nə də sərvətdir – onu yaşadan tək şey sevgidir. Sevgisiz insan ruhən ölüdür, həyat isə məhz başqasına olan şəfqət və anlayışla mənalı olur. “Biz hər şeyimizi veririk, bəs niyə heç kim bizə bir şey vermir?”
“Qığılcımı söndürməyən alovu ram edə bilməz” hekayəsində insan qəlbinin kölgəli guşələrində gizlənən kin, qürur və tamah hissləri işıqlandırılır. Hekayədə ilk olaraq böyük faciələr əslində kiçik anlaşılmazlıqlardan başladığını görürəm. Kənd həyatı, sakit və sabit görünən bir mühitdir, amma bu mühitdə də insanın içində yanan nəfs atəşi alovlana bilər. Hekayədə iki qonşu ailə arasında baş verən sadə bir fikir ayrılığı, zamanla böyüyərək nəinki dostluğu, hətta həyatları məhv edəcək dərəcəyə çatır. Tərəflərin biri güzəştə getmək əvəzinə, hər fürsətdə qürurunu qorumağa çalışır, digəri isə haqqı tapdandıqca içində yığılan kini böyüdür. Bu, nəticə etibarilə bir insanın ölümünə səbəb olur. Tolstoy bu hekayədə sanki deyir: “İnsanın qəlbində yaranan bir qığılcımı zamanında söndürməsən, o, sonda sənin özünü yandırar”. Bu qığılcım – qəzəbdir, qürurdur, tamahdır. İnsanlar qarşısındakı səhvləri bağışlamaq əvəzinə, onlara qarşı divarlar tikdikcə, ürəklərdə sevgi yox, düşmənçilik çiçəklənir. Halbuki bu faciənin qarşısını almaq üçün bəzən sadəcə bir söz, bir təbəssüm, bir anlayış bəs edərdi. Tolstoy burada sadəcə bir kənd hekayəsi danışmır – o, insanlıq dramını yazır. Hər bir oxucu bu hekayədə özündən bir şey tapır: ya kin tutduğu birini, ya vaxtında demədiyi bir sözü, ya da söndürmədiyi bir qığılcımı. Bu hekayə ilə müəllif məni bir daha düşünməyə vadar etdi – “Mənim içimdə hansı alov yanır və onu söndürmək üçün hələ gec deyilmi?”
“Qızlar böyüklərdən ağıllıymış” hekayəsi sadə görünən bir qonşular arasındakı mübahisə fonunda insan psixologiyasının, ailə münasibətlərinin və bir uşağın saf təfəkkürünün yetkinlərə dərs verəcək qədər hikmətli ola bildiyini göstərir. Bu mübahisələr, əslində, gündəlik həyatın bir parçasıdır, amma Tolstoy bunu elə incəliklə qələmə alır ki, mən sanki həmin evdə, o atmosferin içindəymiş kimi hiss edirdim özümü.
“Əgər balaca uşaqlar kimi olmasanız, göylərin səltənətinə əsla daxil ola bilməzsiniz”. Bu cümlə, sadəcə dini məna daşımır, həm də mənəvi saflığın, səmimiyyətin və təvazökarlığın nə qədər dəyərli olduğunu göstərir. Uşaqların təbiəti — kin saxlamamaq, bağışlamağı bacarmaq, təmiz qəlblə sevmək və qarşılıq gözləmədən yaxşılıq etmək — insanın ruhən ucalmasına səbəb olur, uşaq saflığı, Allahın istədiyi mərhəmətli və bağışlayan insan obrazına çevrilir. Hekayədəki qız uşaqları böyüklərə təkcə ailə bağlarını qorumağı yox, həm də ruhən ucalmağın yolunu göstərir — və bu yol uşaqların təmiz ürəyindən keçir.
“İnsana çox torpaq gərəkdirmi?” hekayəsi isə ilk baxışdan bir kəndlinin torpaq uğrunda mübarizəsi kimi görünə bilər. Amma əslində, Tolstoy burada insanın tamahı, sonu olmayan ehtirası və nəhayətdə həyatın mənası haqqında dərindən düşündürür. Hekayənin baş qəhrəmanı – Pahom – əvvəlcə kasıb bir kəndlidir. O düşünür ki, bir az torpağı olsa, bütün dərdi-bitəri bitər. Amma Tolstoy ustalıqla göstərir ki, insanın istəkləri heç vaxt bitmir. Pahom bir az torpaq əldə edir, sonra daha çox istəyir, daha sonra isə daha da çox… Onun bu tamahı onu get-gedə ruhən yoxsullaşdırır, çünki o artıq torpaqla yaşamaq istəmir – torpağa sahib olmaq istəyir. Məncə, hekayənin ən simvolik və sarsıdıcı hissəsi sona doğrudur. Hekayədə Pahoma deyirlər: “Səhər gün çıxandan batana qədər nə qədər torpağı gəzib işarələsə, o qədər torpaq onun olacaq, təkcə gün batana qədər başladığı yerə qayıtmalıdır”. Bu, insanın ölçüyəgəlməz tamahını açıqca göstərir. Pahom daha çox torpaq almaq istədikcə, daha çox yer gəzir, amma zaman daralır, o tələsir, tərləyir, nəfəsi çatmır… Sona çatır, amma ölür.
Hekayənin ən güclü mesajı isə elə son cümlədə gizlənir: “Ona lazım olan torpaq yalnız başını basdırmağa yetəcək qədər oldu”. İnsan ömrü boyu nələr uğrunda vuruşur, nələrə can atır, amma öləndə özüylə heç nə apara bilmir — sadəcə iki metr torpaq. Bu, təkcə sərvət, mülkiyyət və dünya malı ilə bağlı deyil, həm də həyatdakı məqsədin nə olması sualını ortaya qoyur.
Pahom kimi insanlar dünyanın hər yerində var: daha çox mal, daha çox pul, daha çox status istəyirlər. Amma bu hekayə göstərir ki, əgər insan daxili rahatlıq tapmayıbsa, nə qədər çox şey əldə etsə də, yenə də azlıq hiss edəcək.
Son olaraq “İlyas” hekayəsi sadəliyin içində gizlənən böyük bir hikməti çox təsirli şəkildə çatdırır. İlyas əvvəllər varlı, hörmətli, heç bir dərdi olmayan bir adam idi. Evi, mal-qarası, torpağı, qulluqçuları vardı. Onun həyatında çatışmayan heç nə yox idi — maddi baxımdan. Amma Tolstoy burda diqqəti xoşbəxtliyin var-dövlətlə ölçülməməsinə yönəldir.
Zaman keçdikcə İlyas bütün var-dövlətini itirir. Amma maraqlı və düşündürücü olan odur ki, hər şeyi itirdikdən sonra o, içindən gələn bir azadlığı, sakitliyi və əsl insanlıq hissini tapır. Artıq daha çox ehtiyacı olmayan, sadə bir həyatla kifayətlənən İlyas əvvəlkindən daha rahat, daha əmin-amanlıq içində yaşamağa başlayır. Xoşbəxtlik insanın sahib olduğu şeylərdə deyil, sahib olduğu ruh halındadır. Tolstoyun bu mesajı xüsusilə günümüzdə daha da aktuallaşır – insanların daha çox şey almağa can atdığı bir dövrdə “İlyas” bizə həqiqi azadlığın azla yaşamağı bacarmaqda olduğunu göstərir.
Hər bir hekayə bir baxışdan sadə olsa da, dərindən düşündükcə insanın daxili dünyasında açılan böyük bir təfəkkür qapısıdır. Bizlər nə qədər uzağa getsək də, sonunda yalnız içimizdəki mərhəmətə və sevgiyə doğru gedirik. Bu mənəvi səyahət hər birimiz üçün yeni başlanğıclar və dərslərlə doludur, və hər bir oxucu Tolstoyun bu hekayələrində öz içində bir parçanı tapmağa davam edir. Çünki əsl həqiqət və həyatın mənası, yalnız başqa birinin gözlərində deyil, öz qəlbimizin dərinliklərində axtarılmalıdır.
Bu essedəki təhliliniz göstərir ki, “başqasına nəfəs ola biləcək” bir həyat yaşamağa çox şanslısınız. Uğurlar olsun!