Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir.
(Louis Stevenson)
Ümid və xəyallar insanın həyat yolundakı ən dəyərli və ən güclü motivasiya mənbəyidir. Həyatın ən gözəl tərəfi isə gerçəkləşməsi mümkün olmayan xəyallarda deyil, məhz bu xəyallara gedən yolda gizlidir. Con Steynbekin “Siçanlar və adamlar” əsəri də ümid və xəyalların insanların həyatında necə mühüm rol oynadığını göstərən dəyərli bir nümunədir. Bu əsərin əsas qəhrəmanları Corc və Lenni cəmiyyətin ən çətin vəziyyətində olan, amma xəyal və ümidlə yaşayan, bir-birinə bağlı olan iki sadə dostdurlar. Həyat yolunda üzləşdikləri çətinliklər və təzyiqlər onların böyük arzularının qarşısını alır.
Lenni və Corc ayrı bədəndə bütövləşmiş tək bir ruhdur. Hər biri fərqli xarakterə, fərqli şəxsiyyətə sahib olsalar da, ruhən birləşərək həyatın çətinliklərinə qarşı birgə mübarizə aparırlar. Lakin həyatın sərt reallıqları ilə barışa bilməyən, bir ömür susdurulan, bu mübarizədən vaxtsız çəkilən Lenni olur.
Çirklənmiş dünyada tək təmiz qalan varlıq idi Lenni. Onun sevgisi hər zaman bir pillə yüksəkdə dayanırdı. Lenni üçün Corc sadəcə dost yox, həyatın mənası hesab olunurdu desək, yanılmarıq.
Corc: “Onlara baxma, biz başqayıq. Bizim gələcəyimiz var. Biz başqa, onlar başqa.”
Lenni: “Biz başqayıq, hə? Niyə? Çünki… çünki mənimçün sən varsan, səninçün də mən.”
Ağıllı, lakin fiziki cəhətdən zəif olan Corc Milton, əqli cəhətdən zəif, ancaq fiziki cəhətdən güclü olan və özü ilə ziddiyyət təşkil edən dostu – Lennini qoruyaraq nəinki bir dost, hətta əvəzsiz valideyn rolunu oynayır. Bu iki obrazı birləşdirən ortaq bir arzu isə böyük dünyada kiçik bir fermaya sahib olmaqdır. Ancaq bu istək yarım qalır…
Corc qoruyucu bir dost rolunu oynayır və bu, sona qədər də belə davam edir. Hadisələr faciəyə çevrildikdə, o, dostunu hər kəsdən mühafizə edərək, kiminə görə düzgün, kiminə görə yanlış olan o ağır, gözlənilməz qərarı verir. Bu qərar çoxlarının qınadığı, lakin dərindən düşünüləndə sevgi və şəfqətin təzahürü olan bir addımdır. Bu, çox ağır və çətin qərar olsa da, bəlkə də ən doğrusuydu. Lenni üçün bu, bir seçim deyildi, məcburi son idi.
İnsanlar bəzən ən çox sevdiklərini qorumaq üçün onları itirirlər. Düşünürəm ki, Corcun Lenninin həyatına son qoyması onun mərhəmətindən, dostunun daha da acı çəkməsini istəməməsindən irəli gəlirdi. Corc bəlkə də başqa bir yol tapa bilərdi, amma tapılan hər yolda onlar üçün yenidən bir qaçışın əks olunduğu mənzərə vardı. Bu qaçışların isə artıq bir son olmadığını bilən Corc, Lenniyə qarşı duyduğu mərhəmət, vicdan hissindən bu qətli törədir. Qətl? Tam olaraq bunu belə hesab etmirəm. Bu qətl deyil, mərhəmətli bir seçimdir. O bunu etməsəydi, Curly öz qisasını almaq üçün Lenniyə əzablı, işgəncəli bir ölüm bəxş edəcəkdi. Bu vəziyyətdə isə Corcun seçimi dostuna qarşı etdiyi ən ağır, amma ağır olduğu qədər də ən mərhəmətli fədakarlıq sayılırdı. Edilən bu seçim həm başlanğıc, həm də bir son idi: Lenni üçün ağrısız bir son, Corc üçün əbədi yalnızlığın başlanğıcı… Bu mənzərəni isə dostluğun ən ağrılı sınağı adlandıra bilərik.
Mərhəmət hissi Plüm obrazında da təcəssüm olunur. O, illərlə böyütdüyü, birgə yaşadığı sevimli köpəyinin başqası tərəfindən öldürülməsinə görə sonradan peşmançılıq çəkir. Bəlkə də köpəyini özü öldürsəydi, o qədər də əzab çəkməzdi. Beləliklə, mərhəmətli bir ölüm olardı. Nəyə görə? Çünki bəzən ölümün özü deyil ağrı verən, səni o ölümə aparan niyyətdir. İnsanı fiziki ağrılar yox, ruhun daşıya bilmədiyi niyyətlər məhv edir. Plümün çəkdiyi peşmançılığı isə Corc dərindən hiss edirdi və bu peşmançılığı sonradan özü də yaşamasın deyə bu yola üz tutaraq, həyatda onun üçün dəyərli olan bir insanı – Lennini yadların zülmündən qurtarmaq üçün onu özü ölümə məhkum edir. Ölüm sanki Lenni üçün azadlığa açılan bir qapı olur və bununla da o, arzuladığı, öz daxili, əbədi “kiçik fermasına” qovuşur.
Bəzən sevgi qorumaqdan çox, incitməmək naminə vaz keçməkdir. Buna görə də hiss etməsək belə, hər birimizin içində bir Corc yaşayır. Bəs sən Corc qədər mərhəmətdən doğan bu yükü çiyinlərində daşımağa hazırsanmı?
“Üzülmə,” – dedi.
“Bəzən məcbur qalır insan.”
Bütün arzularınıza umudla yol getməyi diləyirəm…