Hər bir insan həyatını “doğru” yaşadığını düşünmək istəyir, bir növ, özünü “doğru” yaşadığına inandırır. Çünki insan öz yaşamını, öz varlığını sorğulayacaq və bununla üzləşəcək qədər güclü bir varlıq deyil. Ölüm isə insanın qapısını zamansız bir anda və ya ömrünün baharının tən ortasında döyə bilir. Ölüm qapını döyəndə isə insan bu sorğularla boğulur və bu suallar varlığın ən dərin harayına çevrilir. İvan İliç isə ölümünə az qalmış bu sualların axınına qapılmış, ölümü inkarla, qorxu ilə və nəhayət, sükutla qəbul edərək həyatın qarşısında boyun əyərək təslim olmuşdur.
İvan İliçin xaricən mükəmməl görünən bir həyatı vardı. Onun gözəl bir işi, gözəl bir ailəsi, hər kəsin sahib olmaq istəyəcəyi və cəmiyyətin pəncərəsindən baxdıqda onların qəbul etdiyi və bu pəncərədən görünən “normal” bir həyatı vardı. Lakin bu həyat yaşanmış bir həyat yox, sanki hansısa obrazın icra etdiyi bir rol kimi idi. İvan İliç hər addımını başqalarının gözlədiyi şəkildə və sosial statusuna görə icra edir, amma heç vaxt ürəkdən yaşayaraq və ya istəyərək qərarlar verib icra etməmişdir. Buna görə də onun xəstəliyi daxili bir üzləşmə, mənəvi bir çöküntünün təcəssümü idi.
İliçin xəstəliyi qəfil yox, yavaş-yavaş canına sızır, içini oyur, fikirlərini oyadaraq, bir növ, zəhər kimi daxilinə nüfuz edirdi. Onun içinə düşmüş olan bu zəhər ölüm qorxusundan çox ölümün gətirdiyi anlam idi. İvan İliçin içini oyan fiziki xəstəliyi yox, mənəvi xəstəliyi idi. “Əgər mənim yaşadığım həyat yalnış olubsa?” bu sual, bu sorğu idi İvan İliçin içini deşən. O an İvan İliç anlayırdı ki, sadəcə, yaşadığını zənn edib və yaşamaq görüntüsü üçün öz həyatını, enerjisini puç edib. Onun içindəki səsə bu qədər diqqətlə qulaq asmasına səbəb o idi ki, bu səs keçmişdə susdurulmuş və üzərinə torpaq atılaraq basdırılmış bir üzləşmənin səsi idi. Hansı ki, bu üzləşmə ilə ömrünün erkən zamanlarında qarşılaşmalı, onu erkəndən dinləməli idi. Ölüm qapıda olarkən isə bu səs daha yaxından eşidilmiş, ətrafındakı insanların yalançı və soyuq səsini bastıraraq ona tək gerçəyi deyən bir səs idi, bir sorğu idi. İvan İliçin isə bu səsə diqqətlə qulaq asmaqdan və həyatı ilə üzləşməkdən başqa bir çarəsi yox idi.
Ətrafındakı insanlar, xüsusilə həyat yoldaşı, dostları belə onun ölümünə soyuq və səthi yanaşırdı. İliçin ölümünü təkcə vəzifədə yerdəyişmə fürsəti, miras və sair kimi maraqlar məsələsi olaraq görürdülər. Bunlarla üzləşən və bunları dərk edən İvan İliç isə bir daha həyatı ilə bağlı verdiyi qərarların nə dərəcədə səhv və ətrafındakı insanların sadəcə quru bir kütlədən ibarət olduğunu anlayır. Hansı ki, bu şəxslər səmimiyyət maskası taxaraq insanı öz ölümünə yalançı şəkildə hazırlayırlar. Bu anda cəmiyyətin də ölüm qədər qorxunc olduğu sübut olunur.
Bəzən cəmiyyətin qaranlıq kölgələri olduğu kimi işıq mənbəyi olan şəxslər var. Gerasim obrazı ölümün sadə və təbii bir prosses olduğunu qəbul edən və ondan qaçmayan şəxs idi. Ona görə də Gerasimin empatiyası və bu empatiya ilə ona yanaşması ölümün qaranlıq dəhlizində yanan bir şam kimi idi. Hansı ki, ən “yaxın” şəxslər belə İvanı ölümün soyuq dəhlizində tək buraxmış və bu soyuq dəhlizdə yanan bir şam onun içini az da olsa isitmişdi. Bu şam isə Gerasimin empatiyası və onun anlayışı idi.
İvan İliçin xəstəliyi yenidən bir oyanış idi. Bu xəstəlik fiziki cəhətdən sonluq gətirsə də, İvan İliçin yenidən oyanışı və həyatı ilə üzləşməsi üçün bir fürsət idi. İvan İliç xəstəliyinin başında sağlam hərəkət edə bilən, gülən, əylənən hər kəsə qarşı nifrət bəsləyirdi. Bu nifrət onun xəstəliyi zamanında insanların iç üzünü görməsi səbəbi ilə daha çox alışırdı.
İvan İliçin son dəqiqələri əsərin ən emosional hissəsi idi. O artıq hər şey ilə barışmış, qəbullanmış, həyatı ilə üzləşmişdi. Ölüm qorxusu ilə çırpınan şəxs, qəfil bir an içində ətrafındakı insanları bağışlayır və azad olur. Bu “bağışlama” həm ətrafındakı insanlara, həm özünə, həm həyata, həm də ölümə yönəlik bir təslimiyyət və qəbullanma idi. Bu təslimiyyət bir məğlubiyyət deyildi. Bu təslimiyyət başlanğıc və yenidən doğuş idi. İvan ölümün qaranlığında işıq görür və bu artıq son deyil, yeni başlanğıc idi.
“İvan İliçin ölümü” yalnız bir adamın fiziki cəhətdən ölümü və əzabları deyil, onun mənəvi oyanışını simvolizə edir. Əsər oxucunu sarsıdır və onu dərindən düşünməyə sövq edərək hər birimizin içindəki İvana üz tutaraq belə deyir:
Bəs sən bu həyatı həqiqətən yaşayırsan, yoxsa sadəcə bir rol oynayırsan?
Bəzən həyat elə bir senariyə çevrilir ki, onun müəllifi biz yox, cəmiyyət olur. Ölüm yaxınlaşanda anlayırıq ki, bu senari içi boş, solğun bir mürəkkəblə yazılıb. Bəzən bu solğun mürəkkəbin üzərindən keçirik, öz əlimizlə yeni senari yazmaq üçün isə çox gec olur. Arxaya dönüb baxdıqda isə boş bir yaşam, boş insanlar və geridə qoyulan boşuna tükədilmiş bir ömür qalır.