***
Ağaclar suya əyilər,
quşlar dənə,
mən də sənə…
Kor quş dəni gəzən tək,
ağacların yer altında yasa gedən kökləri,
həmişə su axtarar, nəmi çəkər –
şəhid anaların gözləri kimi…
Sən – sevginin adlıq halındasan,
mənsə, tanrının alnıma yazdığı
qeyri-müəyyənlik halında…
Sən – kor quşa səpilmiş dənsən,
mənsə,kor quş misalında…
Ürəyim, ağac kökləri tək kök atıb içimə –
su kimi yerin altında da olsan, tapacaq səni…
Ağaclar suya yıxılar,
quşlar dənə,
mən də sənə…
Tanrı bir günah da, yazdı mənə…
***
Kimə gələr, kimə gəlməz…
bir daha eynimə gəlməz.
dünya – özgə paltarıdı –
bu dünya əynimə gəlməz…
Yaşamaq zor gəlir mənə
ağlamaq ar gəlır mənə.
dünya özgə paltarıdı –
bu dünya dar gəlir mənə.
Yeridim, yıxıldım, allah,
dərdiylə yaxıldım, allah
dünya özgə paltarıdı –
içində sıxıldım, allah…
Suyu baha, qanı baha,
qalmadı bir oyunu daha…
dünya özgə paltarıdı,
dünyanı soyunum daha…
Kor, lal, kar
Gözümü gözünə tax eynək kimi,
nəyi görmürsənsə, gör gözlərimlə.
Sənin açıq gözlə görmədiyini
yaxşıca görürəm “kor” gözlərimlə…
Bəzən su yerinə, çörək yerinə
sözümü uduram – söz halal olur.
Ruhum dinən yerdə dilim qısalır-
çox vaxt dinməyirəm – dilim “lal” olur…
Qəzası – qədərdi, dost döngəsinin
dostlar dönük-dönük arıma gəlir.
Alqışın, qarğışın ünvanı birdi
hərdən “kar” olmağım karıma gəlir…
***
Qəmim – gəmi kimi – çox üzdü məni,
qəzalı gözlərim suda “boğuldu”.
Ayın “kül işığı” düşən gecədə
ay, ulduz yerinə şeir doğuldu…
Damıb ürəyimə ürəklənər söz –
gün tək işıqlanar, ay tək aylanar.
Yanan ürəyimi doğan Gün bilib,
günəbaxan – sözlər mənə boylanar…
Yenə dalğalanır sözün zəmisi,
ağ bayraq qaldırır qəmin gəmisi.
Qəmim – gəmi kimi – çox üzür məni,
sən də üz, qəmdə üz, qəmin əmisi…
***
Harasına sığınmısan
dərddən daman ömrümün?!
dərdə batan günün üçün
saxla saman – ömrümü…
Göz ilə qaş arasında
ölümlər məni haqladı…
duamı göylər saxladı,
saxla şaman – ömrümü…
Ömürdü də, hamısını
götür, baxma qapı sınıb.
birdən bezsən, qapısını
bağla tamam ömrümün…
İlan
Mənə yaşamağı öyrət-
sal yanına balan kimi.
İlan adamtək yaşayır,
sürünürəm ilan kimi…
Hər adamdan ilan olmaz
adam deyil adamçalar.
Məni heç vaxt ilan çalmaz,
məni hər gün adam çalar…
Gözləri məndə qalan var-
yatmayım, çimir eləyim.
Axı, mənim də balam var
torpağı xəmir eləyim?!
Düşmüşəm izinə sənin
sürünürəm balan kimi…
Arxamca balam sürünür
lap balaca ilan kimi…
***
Qara torpaq – qara quşdu
gör necə bədən dənləyir!
ac illər anamı yeyir –
ağ saşında dən dənləyir.
O qaçan qıza qoşulub
rəngim də qaçıb deyəsən.
qırmızı qanımı yeyir
ağ qanım acıb deyəsən!..
Göz yaşların duz kimidi
səp yaramın yarasına.
qanım çiçək tək açılıb
gir qanımın arasına…
***
Qara kağız kimi yazılır gecə,
ağ günlər yazılır qara qələmlə.
Ağ varaq üstündə qara gecənin
qara saçlarını dara qələmlə…
Keçdiyim yollardan əvvəl dərd keçər –
üzülər ürəyim, düşər axşam tək.
Sənsiz üşüyəndə durub hər gecə
bir misra yandırdım adına şam tək!
Ömrü ağ ayırıb qara hörən qız,
ağ – qara günləri daraqdan keçir.
Mənim ağ günümü qara görən qız,
ömrüm qara qələm — varaqdan keçir…
İçimdəki ağrılar
canımdan sözlə çıxır…
Qələm tapa bilmədim,
sözüm qaldı yazmağa.
Dostlarım yer axtarır
mənə qəbir qazmağa…
Daşı başıma düşür
daş qoyduğum divarın.
Qulağı sözlə dolub
söz qoşduğum divarın.
Qan qaraldan sözlərim
üzə ağ üzlə çıxır.
İçimdəki ağrılar
canımdan sözlə çıxır…
Sözlərdən xonça tutdum
göndərdim yar evinə.
Yaza bilmədiyimi
saxladım gör evinə…
***
Xeyiri şərində oturub
dayazı dərində oturub
hamı yerində oturub
heç kəs yerində deyil…
Yuxarı – aşağı yerində
böyüyü – uşağı yerində
nə nökəri yerindədi
nə də ki, şahı yerində…
Ölündə, dirində tapmazsan
kölgəmi birində tapmazsan
axtarıb yerində tapmazsan
məni də günlərin birində…
Hörümçək torunda yellənən yarpaq
Yolunu gözlədi bir ağac dibi,
Yellənib bir böcək goruna düşdü.
Budaqdan üzülən bir sarı yarpaq
Qara hörümçəyin toruna düşdü…
Hörümçək torunda yellənən yarpaq,
Bir payız köçündə gözəl olmadın.
Sarı yarpaqların toyu çalındı,
Bir ağac dibində xəzəl olmadın.
Hörümçək torunda yellənən yarpaq,
Su üstündə üzən çiçək kimisən.
Balıqçı torunda qızıl balıqsan,
Hörümçək torunda böcək kimisən.
Bir qara hörümçək bir qar günündə
Üşüsə, paltar tək geyəcək səni.
Qara hörümçəklər qara günündə
Sarı böcək kimi yeyəcək səni…
Hörümçək torunda yellənən yarpaq,
Dərd gəldi-gəlmədi, dillənirəm mən.
Dünya dərdlərimdən bir tor hörübdü,
Sarı yarpaq kimi yellənirəm mən…
O qızın göyündən yağışlar yağar
Havalar soyudu aralar kimi –
Söz dönüb dilimin ucunda dondu.
Buludlar ağac tək çiçəkləyəndə
Gözlərimin quşu yağışa qondu…
Alnımı söykədim göyün üzünə –
Yağışın səsini eşidim bir az.
Ömrün ortasında “üşüdüm”- dedin,
“Üşüdüm” sözündən üşüdüm bir az…
Arada tutular sevginin göyü,
Araya buz kimi baxışlar yağar.
O qızın göyündə buludlar dolar,
O qızın göyündən yağışlar yağar…
Bu yağış özünə yer tapa bilmir
Bir də görərsən ki,qar olub dondu…
Buludlar ağac tək çiçəkləyəndə
Gözlərimin quşu yağışa qondu…