Təranə Mürşüdova. Qoxulardakı dərinlik

Dərinlik… Bu anlayış haqqında çox düşünürdüm, tam mahiyyətini anlamaqda çətinlik çəkirdim. Lakin bir dəfə çəkdiyi bir əsərdə gözəl olmasına rəğmən dərinliyin olmamasının rəssamını depressiyaya salması faktını oxudum. Ümumiyyətlə, yazar romanın əvvəlində bunu niyə qeyd etmişdi ki?

Patrik Züskindin “Parfümer” əsərinin birinci hissələri oxuyarkən bunu anladığımı yəqin etdim: Yəqin ki, müəllif əsərdə boş-boş dərinliyə enməyin lazım olmadığını, onun bir rəssamı belə depresiyaya sala bildiyini, kitabda əsas məsələnin qoxularla insanların xarakter uyğunluğunun verilməsi olduğunu göstərmək istəmişdi. Amma bu heç də belə deyilmiş. Əsəri oxumağa davam etdikcə dərinliyin nə qədər lazımlı olduğunu dərk etməyə başladım. Necə ki, bir ətir hər an ilə uyğunlaşmır, onu izah etmir, deməli o, adi bir ətirdir. Amma hər anı sənə çatdıra bilən, içində həm kədər, həm sevinc, həm böyük ümidlər, həm də ki, adicə anlar ola bilən bir ətir – ağlınıza gələn hər anı özündə saxlayan ətir – elə dərinliyin özü idi. Necə ki, Qrenuy ideal bir ətir axtarırdı və aldığı ətirlər gözəl qoxulu olsa da, hər ana uyğun olmadığı  və hər duyğunu çatdıra bilmədiyi üçün onları atırdı. O, özü də deyir ki, ideal ətirdə hər şey var: ən işıqlı gündüzlər, ən qaranlıq gecələr, ən xoş, ya da ən pis xatirələr.

Əsərdə Qrenuy həyatı boyu hər şeyin qoxusunu yadda saxlamışdı. Amma hər biri çox adi idi, tam deyildi. Axı o, əsər boyu o tamlığı axtarırdı – yəni dərinliyini. Bəlkə də, ən başda rəssamın əsərinə baxıb, gözəldir, lakin dərinliyi yoxdur deyən elə Qrenuy idi. Ya da fikirləri onunla bir olan başqa biri. Bu ayrı məsələdir. Lakin əsas məsələ o idi ki, mən dərinliyin elə əsər boyu Qrenuyun axtardığı şey olduğunu anladım.

Əsərdə insanlarla qoxunun kompozisiyası verilib. Sanki yazar qoxularla insanlara işarə edir: kralın üstündən gələn heyvan qoxusu, insanlardan gələn pis qoxular, kralın həyat yoldaşından gələn yorğunluğun, yaşlılığın qoxusu və s. Küçələrdə iy baş sındırırdı. Kral zalım, ancaq öz mənafeyini güdən və xalqı müharibələrdə ya da  aclıqdan öldüyü halda zərrə vecinə olmayan şüursuz biri idi. Axı vəhşi heyvanlarda da şüur yoxdur. Onlar ovlarının arxasınca qaçır və ovu tutmaq istəyir. Amma görünür həm də çox tülkülüyü var, nə də olsa, bu səfalətdə qoyduğu insanlar onun taxta çıxmasını qeyd edirlər. Yaxud da insanlar özləri də bu səfalətə öyrəşmiş, hətta bunun bir parçası olmuşdular. Onlar da artıq ətrafı bürüyən pis qoxuların səbəbkarlarıdır.

Belə bir həyat insanı çox şeyə məcbur edə bilər. Amma bəzi insanlar bu məcburiyyəti çoxda düşünmür, səfil hallarında belə yeni bir yol axtarıb sanki o boş kütlədən kənarda durmağa çalışırlar. Tam ayrı məqsədlərlə irəliləyir, ətrafa vahimə salırdılar. Qrenuyda elə buna görə səs-küylü bir şəkildə dünyaya gəlmişdi. Sanki onu görənlərin ondan qorxması, vahiməyə düşməsi buna işarə idi. Çünki o sadəcə olaraq dünyaya gəlib kütləyə qarışmamaqla qalmadı, onun gözləri burnunda idi. Hər bir əşyanı ilk öncə qoxulayar sonra adını çəkərdi. O, pisliyin, çirkinliyin, kədərin içində dünyaya gəlmişdi  və dünyaya gələrkən vahiməli ağlaması gələcəydə Qrenuy üçün cızılan yolların, xalqın vəziyyətinin ürək açmayan olmasının işarələri idi.

Küçələrin iyrənc qoxması, torpaqdan yanlız torpaq deyil, qan vəhşiliyin ətrinin gəlməsi… Hər küçədə bir iyrənclik var və hər küçə günahlarla doludur. Müharibədə ölən insanların üst-üstə atılıb basdırıldığı yerlər… Cəsədlərin iyi küçələrdə yallı oynayır. Amma kimə nə gərək axı, xalq öyrəşir. Kral rahatdır, deməli, düzələr.

Qrenuy elə bir dövrdə dünyaya gəldi ki, kimsəsiz və qorxunc bir həyatda o, sağ qalmaq üçün daha da pis olmalı idi. Axı pislərin dünyasında pisliklə hökmranlıq eləmək daha rahatdır. Elə həyatın acı tərəfi də bu idi. Buna görə də Qrenuy ömrü boyu ac olduğu o dərin və məstedici qoxununun boşluğunu vəhşiliklə doldurmağa çalışırdı.

Qrenuyu ilk vaxtlar öz yanında saxlayan dayə sonradan onu yanında istəmirdi. O deyirdi ki, ondan qoxu gəlmir və o, çox acgözdür, 3 uşağın süd payın yeyir. Ona düdəmə deyirdi. Düdəmə sözünü axtarsaq, görərik ki, çox mənaya gəlir. Amma hər birində insandan kənar xüsusiyyətlər özünü tapır. Məsələn, iki tərəfi iti olan xəncər, heyvan, xoruz və axmaq mənaları. Qrenuyda dərinlik var idi, amma əskikliklər də var idi, axı o hələ yeni dünyaya gəlmişdi.

Düşündürücü, amma bir o qədər də aydındır ki, dayə onu istəmirdi.

Xalq, millət anlayışında daha ümumilik var. Amma şəxs daha xüsusidir. Əgər ümumiliyin vərdiş olunduğu bir xalqa xüsusi bir şəxs fərqlilik gətirsə, yəqin ki, onu kimsə istəməzdi.

Əsərdə bir hissə məni daha çox özünə cəlb etdi. Qeyd edilirdi ki, körpədən qoxunun gəlməməsi, əslində, normaldır axı adı üstündə o, körpədir. Nə qoxu gəlməlidir ki ondan? Axı körpə insan deyil. İnsanın üzərindən yeniyetməlik çağından sonra qoxu gəlir. İnsanlar səhvlər və düzlər edir. Yəni onlar nəsə edirlər. Axı körpə nə edə bilərdi ki? O hələ saf bir canlıdır, sadəcə mələkdir. Dayə Qrenuya şeytan deyirdi, axı şeytan da mələkdir. Ən azından bir vaxtlar o da saf idi.

Bu cümlələr təsiredici və bir o qədər də sadədir. Körpə axı insan deyil. Bəs onu insan edən nədir? Əlbəttə ki, ətrafda görüb-qavradığı, ya da ana-atadan keçən xüsusiyyətlər. Qrenuy isə ətrafa baxmır, qoxluyardu və onun atası məlum deyil, anası isə bir qatil idi. Ya da tam tərsi. Hələ 20 yaşında olan, ailə həyatı qurmayan və dünyaya gətirdiyi 4 körpəni öldürən biri idi anası. Bu qadın qatil idi, ya xilaskar? Qatil olma səbəbi aydındır, bəs niyə xilaskar? Onları gələcəyin acı və iztirablı günlərindən qurtardı, bəlkə də. Buna fərqli formalarda yanaşmaq olar, amma mən bundan deyil, Qrenuyun aclığından danışmaq istəyirəm.

Qrenuy nəyə ac ola bilərdi bu qədər, bəlkə bir ana qucağına, onu hər halı ilə qəbul edən bir isti qucağa. Dərinliyə doğru axıb gedən və sonu görünməyən həsrət kimi o, insanları, hər küncü qoxulasa belə, ona əvəz nəsə tapa bilmirdi. Heç anasının necə qoxuduğuna dair bir təsəvvürü belə yox idi. Dünyaya gətirəndə balıq kəsən bıçaqla onu özündən ayırmış və küçənin ortasına əlində bıçaqla yonbalanmışdı. Düşünün yeni dünyaya gəlmiş bir körpə anasının – ən əziz olan birinin qoxusunu bilmirdi. Ömrü boyu qoxuya ac idi. Sanki ən gözəlini istəyirdi – ən dərinini…

Əsərdə maraqlı personajlardan biri də madam Qayyar idi. Madam Qayyar uşaq ikən atası tərəfindən maşa ilə döyülmüşdü. Maşa düz alnına dəymişdi və qoxu hissiyyatını itirmişdi. 30 yaşı var idi, lakin gənc qız mumiyası kimi hiss edirdi özünü. Bilirsiniz, bir insan yaşıyırsa, onun duyğuları olur. Amma o, gənc ikən qoxulama duyğusunu itirmişdi. Qayyar bilmirdi insanlardan hansı qoxu gəlir. Hansıdır pis, hansıdır yaxşı ya da ki, elə öz yaşadığı anlardan nə kədərlənə, nə də zövq ala bilirdi. O sanki daxildən artıq ölmüşdü, yaşamırdı.

Əslində, qoxu bilmənin itirilməsi insani duyğuların itirilməsi ilə əlaqəsizdir. Əsərdə Qayyar atası tərəfindən gördüyü acı ilə ölmüşdü axı balaca bir qız uşağı öz atasına arxalanıb ona güvənməlidir, atası qorumalıdır onu. Amma işə bax ki, ona zərbə vuran elə atası idi. O, əslində bunun çaşqınlığından itirmişdi duyğularını. Qrenuya tab gəticəcək tək adam elə, bəlkə də, o idi. Qrenuydan gələn soyuq və dəhşətli qoxu ona maraqlı deyildi. O sadəcə olaraq körpələri gündə 3 dəfə yedizdirib  bələyirdi və pulunu qazanırdı. Artıq pul xərcləmirdi. Yəqin ki, bu da öz ayaqları üstündə durmasına nümunə idi. Qayyar həyat yoldaşı kimi yolun ortasında adicənə ölmək istəmirdi. Öz evində hüzurlu bir şəkildə ölməyi daha üstün tuturdu. Yaşamı hüzursuzluqla dolu bir insan əlbəttə öləndə hüzuru dadmaq istərdi.

İlk öldürdüyü qızın ətri Qrenuyu bihuş eləmişdi. O, qızın görünüşünə deyil ətrinə vurulmuşdu. Gecənin qaranlığında uzağ məsafələrdən o qızın ətrinə bihuş ola–ola gəlmişdi. Qaranlıq, zülmət küçələrdən qorxmadan qızı tapana qədər ürəyindəki o qoxu aclığını susdurana qədər dayanmamışdı. Qız onu görməmişdi. Qrenuy qıza yaxınlaşıb onu qoxulayanda arxasından dəhşətli bir soyuq hiss etmişdi, sanki böyük bir zalın qapıları açılmışdı ya da zirzəminin. Qız bu soyuqluğun onu boğmasına qarşı aciz qalmışdı. Qrenuy qızı boğub öldürmüşdü. Qızın bədənindən gələn qoxunun bir damlasını belə hədər vermək istəmirdi. Qızın bütün bədənini qoxulamışdı. Evinə qayıdanda isə qızın görünüşü, özü yadında belə deyildi, o sadəcə olaraq həmin qoxunu xatırlayırdı.

Qrenuy bir ətriyyatçının yanında işləyirdi. Onun dükanında demək olar hər şey var idi. Qrenuy dəqiq, səliqəli və düzgün iş görürdü, beləcə ətir almağın yolunu öyrənmişdi. Baldini ona bütün sirrləri demişdi. Qrenuy distilləni öyrəndikdən sonra sudan, torpaqdan, qandan, şüşədən qoxu almağa cəhd eləmişdi. Lakin şüşənin qoxusunu ala bilməməşdi. Axı cansız nəyinsə qoxusu necə ola bilərdi ki? O, müəyyən istiliyə və müəyyən bir ağırlığa dözürdü, ruhu yox idi, özlüyündə nəsə saxlamırdı ki. Necə ətir alsın ondan?

Qrenuyun hazırladığı məstedici qoxuların adı hər yeri səs-səda salmışdı. Baldini onun sayəsində şöhrətlənmiş, bütün istəklərinə çatmışdı sanki. Qrenuyun birdən xəstələnməsi onu bərk qorxutmuşdu, amma Qrenuydan daha çox əlindən gedəcək qazancı üçün narahat olmuşdu. Lakin Qrenuyu pul, şöhrət marağlandırmırdı. Onu marağlandıran tək şey saflığın dərin ətri idi. Qrenuy öldürdüyü 24-dən yuxarı qızın hər biri çox gözəl və ən əsası hələ yeni yetməliyinə çatmayan saf bədənlər, saf ruhlar idilər.

Qrenuy insanlarla dolu olan şəhərdən, səs küydən, mənası olmayan qoxu yığınından uzaqlaşmaq istəyirdi. O, daxili mənəviyyatını, qoxusunu, idealını tapmaq istəyirdi.

Hər bir insan məqsədlərlə yaşayır və bu məqsədlər onu yaşamağa can atdırır. Qrenuyun da hədəfi ən ideal ətir idi. Əsərin sonunda kralın qızını öldürüb düzəltdiyi ətri üstünə tökür. İnsanlar bu şirinliyə və gözəlliyə dayana bilməyib onu vəhşicəsinə yeyirlər, ətrin qoxusu gedəndən sonra Qrenuyun bədən hissələrini iyrənərək qusurlar…

Ətir, qoxu, iy – bu məfhumlar əsərdə insan xarakterlərini – insani duyğuları tərənnüm edir. Ən əziz insanı düşünün – sizin üçün çox əziz olan birini. Onun qoxusu uzaqdan belə ciyərlərinizə dolur, sizə çox şirin gəlir. Ən sevdiyiniz bir yemək kimi yeyib-bitirmək istəyirsiniz.

Qoxular qarışıq ola bilər, amma ətir dəqiqdir, qoxuların sistemli birliyidir, birinə xasdır və o aid olduğu şəxsin mənəviyyatını göstərir sanki.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/03/26/edmund-husserl-kartezian-dusunceleri-10-52/ (davamı) Məntiqi tədqiqat II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma IV Fəsil. Təəssüratların fenomenoloji və ideal məzmununun mənasi §30. İfadə edilmiş təəssüratların psixoloji cəhətdən məzmunu və onun vahid məna cəhətdən məzmunu Mənanın mahiyyətini biz, ona məna verən təəssüratlarda deyil, danışanın və düşünənin müxtəlif istiqamətlərə dağılan gerçək və ya […]