Q.Flober “Madam Bovari” ilə cəmiyyətə və tanrıya etiraz edirdi

Martın 12-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində ana dili və ədəbiyyat müəllimliyi və filologiya ixtisasları üzrə III kurs tələbələri üçün Q.Floberin “Madam Bovari” romanına həsr olunmuş açıq dərs keçirilib.

Departamentin müəllimləri filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlı və dosent Ülvi Babasoy “Madam Bovari”nin Flober yaradıcılığındakı, bütövlükdə dünya ədəbiyyatındakı yerindən, “kilsə mədəniyyəti, onun “əxlaq kanonları” ilə böyüyən, amma yaşamağı ilə cəmiyyətə, ölümü ilə isə tanrıya etiraz edən Emma Bovarinin” (Ü.Babasoy) bir obraz olaraq faciəsindən, əsərin sənət və həyatda doğurduğu suallardan söz açaraq, həmçinin müəllifin poetik təhkiyəsindən danışıblar. Onlar “Madam Bovari”dən gətirdikləri konkret misallar əsasında əsərin çoxsaylı özəl xüsusiyyətlərini qeyd ediblər.

Açıq dərs maraqlı üslubda qurulub; Q.Floberin estetik görüşlərindən danışan Q.Əzizxanlı onun “ən böyük qabiliyyətsizlik sənətkarın öz hisslərini təsvir etməsidir”, “mənə görə forma hər şeydən əzizdir” və s. fikirlərini dilə gətirərkən Ü.Babasoy öz növbəsində bu fikirlərlə bağlı ortaya çıxan suallara aydınlıq gətirib: “Q. Flober demək istəyib ki, yazıçı öz hiss və duyğularını didaktik fikir kimi səsləndirməməlidir, əsərdə hər hansı bir qəhrəmanın, obrazın “tərəfini” tutmamalıdır. Yoxsa bu, bədii mətn olmaz. Yəni mənə danışma, göstər” və i.a.

Mühazirəçilərin və tələbələrin qarşılıqlı sual-cavabı ilə yekunlaşan müzakirələrdə özünəməxsus təhlilləri ilə fərqlənən tələbələrdən Dünya Şükürova, Tamam Səlimova, İlahə Balakişiyeva, Arzu Hüseynova, Lalə Novruzova, Nuranə Qasımzadə, Səbinə Yunisova, Xumar Şirvanova, Nəzrin Niftiyeva, – hərə öz “gözlüyünü” taxaraq, – əsərin əsas qəhrəmanlarına münasibətlərini bildiriblər.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Jeton Kelmendi: Üzümü axtarıram

Jeton Kelmendi alban şairidir. O, yazıçı, dramaturq, publisist, tərcüməçi və universitet professoru kimi fəaliyyət göstərir. 1978-ci ildə Kosovanın Peja şəhərində anadan olub, ilk təhsilini də Pejada alıb. Daha sonra Pristina Universitetində təhsilini davam etdirib, kütləvi kommunikasiya sahəsində incəsənət ixtisası üzrə bakalavr dərəcəsini bitirib. Əsərləri xarici dillərə ən çox tərcümə edilən […]