Genealogiya nəsil-şəcərə əlaqələri, nəsillərin tarixi və izlənilməsi haqqında elm olduğu halda, diqqət yetirəcəyimiz psixogenealogiya elmi insan psixologiyasının soy bağları ilə əlaqəsini, nəsillərarası travmaların, nəsil lənətlərinin insanın taleyinə təsiri mexanizmlərini və ailə sirrlərini araşdırır. Bu elm çili-fransız kinorejissoru, sürreal filmləri ilə məşhurlaşan Aleksandro Kodorovskinin adı ilə bağlıdır. Nəsillərarası travma ilk dəfə Holokost faciəsindən- yəhudi soyqırımından sağ çıxan uşaqlarda müşahidə olunub. Bundan əlavə, köləliyə məcbur edilən afro-amerikalıların, Kaliforniya soyqırımından sağ çıxanların, qaçqınların nəsilləri arasında da nəsillərarası travma müşahidə edilmişdir. Nəsil lənəti bir nəsildən digər nəsilə keçən vərdiş və ya davranışlardır. Bir nəsildən digər nəsilə əcdadların günahı, lənətlər, dualar, arzular, silsilə intihar və boşanma hadisələri, uğursuz təcrübələr, psixoloji və psixosomatik xəstəliklər ötürülür. Yeddi nəsil öncədən yaşanan “tale” bugün yeddi nəsildən sonra gələn nəsilin hər hansı bir üzvündə müşahidə edilə bilər. Bu, zəncirvari bir prosesdir.
Psixogenealogiya elmindən danışarkən “zeyqarnik effekti”, (yarımçıq qalan fəaliyyətlərin daha tez xatırlanması) “yubiley sindromu”, (travma ildönümləri) “bədən yaddaşı”, (travmatik bədən xatirələri) “ailə sədaqəti” kimi anlayışlar da diqqətə alına bilər. Psixogenalogiya elminə görə, insan cinayət törətməyə meyllidirsə, pis vərdişləri varsa, (maddə bağımlılığı, cinsəl istismara meyllilik və s.) bu zaman gen strukturları üzə çıxır, insanın genetik quruluşu buna imkan yaradır. Həmçinin, elm bəzi genlərin cinayətə, mənfi vərdişlərə meylli olduğunu qeyd edir. (dopamin hormonunun artması).
Bununla bağlı digər araşdırma da mövcuddur. Məsələn, darvinizmlə bağlı yaranan yevgenika nəzəriyyəsi insanın taleyinə müdaxilə edərək, sağlam nəslin formalaşmasını, irsi xüsusiyyətlərin nəsildən-nəsilə ötürülməsini, insan irqinin təkmilləşdirilməsini təmin edir. Həmçinin, atavizm də darvinizmə əsaslanır. Atavizmin müəllifi hesab olunan İtaliya həkimi və kriminoloqu C.Lombrosonun fikrincə, biokriminoloji nəzəriyyələr insanın cinayət törətməsində genetik və bioloji faktorları əsas götürür. (kriminoloji atavizm) “İnsan iskeletindeki bütün kemikleri bir maymunda, yarasada veya fokta bulunan benzer kemiklerle karşılaştırmak mümkündür”. (Darvin “Türlerin kökeni”) Xristianlıqda hamartiologiya (günah doktrinası) anlayışı mövcuddur. Hamartiologiya yunanca “işarəni qaçırmaq” deməkdir, əbədi və bağışlanmaz günahların, əcdadların günahlarının öyrənilməsi, nəsil lənətləri, qarğışları haqqında elmdir. Xristian inancında “Yeddi ölümcül günah” (təkəbbür, şəhvət, paxıllıq, acgözlük, tamah, tənbəllik və qəzəb) anlayışı mövcuddur. “Yeddi ölümcül günah”a yeddi böyük günah, kardinal günahlar və ya əsas günahlar da deyilir. Hamartiologiya ədəbiyyatda və incəsənətdə geniş yayılıb. Məsələn, Hollandiyalı rəssam İ.Bosx əsasında “Yeddi ölümcül günah və dörd son şey” rəsm əsərini ərsəyə gətirib. O, dörd son şey deyəndə ölümü, cənnəti, cəhənnəmi və qiyamət gününü nəzərdə tutub. Ədəbiyyatda psixogenealoji elementlərə Sofoklun “Çar Edip”, Şekspirin “Romeo və Cülyetta”, A. K.Doylun “Baskervillərin iti”, Q.Q.Markesin “Yüz ilin tənhalığı”, H. Murakaminin “Kafka sahildə” əsərlərində rast gəlinir.
Yazılı ədəbiyyatda “tale və qismət” motivlərinin işləndiyi ilk nümunə yunan dramaturqu Sofoklun “Çar Edip” faciəsi hesab olunur. Bu faciə əsasını qədim Misir nağılından götürüb. “Çar Edip” faciəsində Edipə bir tale biçilir və yazılan tale gerçəkləşir. Edip atası Layusu öldürür və anası Yokasta ilə evlənir. Beləliklə, insest əlaqə yaşanır və qəhrəman lənətlənir. Qeyd edək ki, insest latınca “natəmiz” deməkdir. Edip öz taleyi ilə mübarizə aparmağa çalışarkən taleyin qaçınılmaz olduğunu anlayır. O, ehtiraslarının, intim arzularının deyil, taleyinin qurbanı olur. Tragik qəhrəman olan Edip həm alın yazısına etiraz edərək, həm də yaşadığı əzabları ifadə edərək gözlərini kor edir, anası isə intihar edir. Edipi faciəli taleyinə aparan yol əslində kamilliyə, özünüdərkə gedən yoldur. O, taleyin hökmü qarşısında aciz bir varlıq olduğunu başa düşür.
Kolumbiyalı yazıçı Q.Q. Markesin “Yüz ilin tənhalığı” romanında karmanın, nəsil lənəti motivlərinin izlərini aydın şəkildə görmək mümkündür. Belə ki əsərdə insest əlaqə adlı yeddi böyük günahlardan birinin qurbanı olmuş lənətli bir nəslin taleyi təsvir olunur, eyni adları daşıyan qəhrəmanların taleləri təkrarlanır və adların üzərinə yığılan karmik borclar nəsildən-nəsilə ötürülür.
Qəhrəmanların nəinki taleləri, xarakterləri belə oxşardır, melanxolik və depressiv atmosfer bütöv bir nəslin üzərinə kölgə kimi çöküb. Qəhrəmanların hər birinin sonu kədərli və tənha bitir. Xarakter baxımından obrazlar tənhalığa meyillidir, süst, sentimental, depressiv, melanxolik, introvert, şizoid (şəxsiyyət pozuntusu) xüsusiyyətlərə sahibdir. Psixologiyada buna uyğun qavramlar var: “doğulduğun ev qədərindir”, “ailə dizimi”, “zəncirlənmiş həyat”, “öyrənilmiş çarəsizlik”, “nəsil ağacı”, “karma”.
Ailənin düşüncə və təcrübələrinin uşağa təsiri bir bağ yaradır və bu birlik ortaq şüuru bir araya gətirir. Bu formalaşma, bir və ya bir neçə nəslin daxil olduğu ailə arasında taleyüklü və əlaqəli bağın tikinti blokunu hazırlamaqla ailə dizimini ortaya qoyur. Bizə doğulduğum evdə nə öyrədilirsə, biz də onu təkrar edirik, yəni biz anamızın, atamızın imitasiyasıyıq. Ailəmizin. nəsillərimizin bizdə yaratdığı blokajlardan xilas ola bilməyəndə bu “zəncir” uzana-uzana gedir və biz bu çarəsizliyə alışırıq, onu “alnıma belə yazılıb” deyib bağrımıza basırıq. Romanda da Aureliano fərqində olmasa da nəslin mənşəyindəki təcrübə və travmalar ona miras olaraq, ötürülüb.
Son dövrlər Türkiyə ədəbiyyatında Freydin və Yunqun nəzəriyyələrinə əsaslanan bədii nümunələr aparıcı yer tutur. Məsələn, psixiatr və yazıçı Gülseren Budayıcıoğlunun “Həyata qayıt”, “Medalın içi”, “Günahın üç rəngi”, “Pəncərədəki qız”, “Kral itirərsə” psixoterapevtik romanlarının leytmotivini uşaqlıq travmaları və arxetiplər təşkil edir. Bundan əlavə Halid Ziya Uşaklıgilin məşhur “Aşk-ı Memnu” (“Qadağan olunmuş eşq”) romanında da Elektra kompeksi, libido, id-supereqo savaşı kimi məsələlər ön plandadır. Qeyd olunan əsərlərdə psixogenealoji motivlərə rast gəlinir.
Ədəbiyyatda psixogenealogiya ilə bağlı digər nümunə türkiyəli yazıçı Orxan Pamukun postmodernizm cərəyanında yazdığı “Qırmızı saçlı qadın” romanıdır. Yazıçı “Çar Edip” faciəsindən və Firdovsinin “Şahnamə” dastanından bəhrələnərək, sevgi, qısqanclıq, ata-oğul münasibətlərini, Şərq-Qərb motivlərini araşdırmışdır. Psixogenealoji əlamətlərin olduğu romanda qadın mövzusunu müəyyən edən ata-oğul münasibətləri, Akın-Cem-Ənvər üçbucağında, yəni baba-ata-oğul üçbucağında əks olunan irsi xüsusiyyətlər romanın əsas hadisələridir. Cem də atası kimi oğluna atalıq edə bilmir. Cemi həyatı boyu həll edə bilmədiyi travmaları, iztirabları izləyir, içinə basdırdığı duyğuları ona əzab verir. Oğlu Ənvər də atasını tanımadan yazıçı olmaq istəyir. (“yubiley sindromu”) Cemlə Ənvər arasındakı şəcərə bağı romanın psixogenealoji tərəflərinə işıq salır. Qırmızı Saçlı Qadın obrazı da detal olaraq istifadə olunur, bu münasibətləri üzə çıxaran əsas vasitə hesab olunur: Akının gənclik sevgisi, Cemin yeniyetməlik sevgisi, Ənvərin anası. Akının həmin qadınla yaşadığı sevgi, bu yarımçıq sevginin tamamlanma cəhdi psixogenealoji əlamətləri üzə çıxarır. Romanda qadının saçının qırmızı rəngdə olması təsadüfi deyil. Rəng görürük ki, qadının taleyinə təsir edir. Daha əvvəllər qırmızı saçlı qadınlar Avropada yandırılırdı, çünki onların ruhlarının şeytana satıldığı mifi vardı.
Sovet ədəbiyyatında psixogenealogiya, nəsil travmaları problemi ön planda deyildi. Sovet insanı cəmiyyət insanı, ateist insanı və xoşbəxt insan idi. O, fabrik, kolxoz qurmalı, özü çalışmalı, öz həyatının məsuliyyətinə özü cavabdeh olmalı idi. Bir sözlə hər şey insanın əlində idi, insan özünə həyat qurmalı, azad bir vətəndaş kimi formalaşmalı idi. Bu dövrdə yazılan əsərlərdə də aydın şəkildə görürük ki, yazıçılar xurafatın əleyhinə idi, insanları elmə səsləyirdilər. Sovet ədəbiyyatında yalnız bir cərəyan mövcud idi: realizm. Sovet ədəbiyyatında faciə janrında yazılmış əsər yox idi.
Sovet ədəbiyyatı dövründə əsər yazarkən, seçimlər fərdi və sərbəst olmurdu. Seçimləri sistem təyin edirdi. Sosrealizm məcburi ədəbi metod kimi hakimiyyətə gətirilmişdi və bu dövrdə yaradıcılığa qədəm qoyan elm adamları sosrealizmə məhkum edilmiş yaradıcı insanlar idi. Yazıçıların, elm adamlarının “xalq düşməni” adlandırılması, repressiyanın həyata keçməsi, çərçivəli ədəbiyyat sovet ədəbiyyatına xas özəlliklər idi.
Sovet ədəbiyyatının “şinel”indən azad olmuş “Ölən dünyam” romanında İsmayıl Şıxlı qəhrəmanlarını taleyin acı sınaqları ilə üzləşdirir, fatalizmi ön plana çəkir. “Mən ev-eşiyi, arvad-uşağı başsız qoyub heç yana gedən deyiləm. İnsan anadan olanda alnına nə yazılıbsa, o da baş verəcək”.
İnsan qarşılaşdığı psixoloji problemlərin, həyatı boyunca onu kölgə kimi izləyən travmalarının taleyinə təsirini azaltmaq üçün nə edə bilər? Biz travmalarımızı yaddaşımızdan silə bilmərik, amma onları idarə etməyi öyrənə bilərik. Nəticədə həmin travmalar, neqativ təcrübələrimiz ya xatırlanmayacaq, ya da xatırlansa da yaşam keyfiyyətimizə əvvəlki qədər mənfi təsir göstərməyəcək. Bununla bağlı bəzi müalicə metodları təklif olunur. Bunlardan biri də şema terapiyadır.
Şema terapiya son zamanlar populyarlıq qazanmış psixoloji müalicə üsuludur. Şema (sxem) uşaqlıqdan başlayan və yaşamımız boyunca təkrarlanan davranışların toplusudur, qəlibidir. Uşaqlığımızda yaşadığımız travmalar yetkişkinlik dövründə təkrarlanır, daha doğrusu biz təkrarlayaraq və təkrar yaşadığımız hadisələrin adını “qismət” qoyuruq. Məsələn, valideynlərdən birinin ölümü, boşanması, evi tərk etməsi uşaqda tərkedilmə şeması yaradır və həmin uşaq yetişkin olarkən, onda tərk edilmə qorxusu yaranır. Bu qorxu həyatı boyu onu izləyir və həyatında fəsadlara yol açır. Nəticədə insan bunu “tale” adlandırır. Bir insan niyə hər zaman qurban rolunda olur? Niyə hər zaman fədakar davranır? Niyə hər zaman tərk edilən, incidilən tərəf olur? Bütün bunların cavabı şemalarda gizlənib. Bunun üçün sxemləri müəyyənləşdirmək və dəyişdirmək lazımdır.
Müasir dövrdə yaranmış digər terapiya üsulu düşüncə gücünə əsaslanan “Theta Healing”dir. Meditasiya texnikası hesab olunan “Theta Healing” insanın düşüncə, hiss və davranışlarını dəyişdirərək şüuraltında olan mənfi inancları, tıxanmaları və maneələri aradan qaldırmağı çalışır. Nəticədə şəxsin taleyində dönüş nöqtəsi yaşanır. Bunun üçün terapiya zamanı Teta dalğalarından istifadə edilir. Bu dalğalar beyindəki xüsusi tezliklərdir, şüuraltına çataraq neqativ hisslərin təsirini neytrallaşdırır.
Müasir ədəbiyyatımızda oxuduğumuz mətnlərdən çıxış etsək, psixogenealoji elementlərə rast gəlmirik.