XX əsrin əvvəllərində Parisdə Madam Fantanın evi sənət və ədəbiyyat söhbətləri ilə dolub-daşırdı. Bir tərəfdən, Albert Eynşteyn öz elmi ixtiralarından söhbət açır, digər yandan, Franz Kafkanın ədəbi kəşfləri dil açıb danışırdı. Elm və ədəbiyyatın çöhrəsini dəyişən bu iki şəxsin görüşməsi və bərabər elm-sənət söhbətləri etmələri nadir, tarixi faktdır. Madam Fanta isə elmi və bədii kəşflərə ev sahibliyi etdiyi üçün tarixdə qalıb və qalacaq həmişə.
XX əsrin əvvəllərində Azərbaycanın “petrol mənbəyi olan Bakıda” “Füyuzat” jurnalı və Qafqazın mədəni mərkəzlərindən olan Tiflisdə isə “Molla Nəsrəddin” jurnalı, bir növ, Madam Fantanın evinin gördüyü vəzifəni həyata keçirirdi.
Əli bəy Hüseynzadənin ədəbi-tənqidi görüşləri isə bu gün də öyrədici xarakter daşımaqdadır. “Tolstoyçuluq nədir?” məqaləsinin struktur estetikası ən az ifadə gözəlliyi ilə uzlaşır. Ailə modeli fərd və millət bölgüsü üçün təqdim edilir. Ailənin fərqli fərdi kimi millətlər ailəsinin də fərdi cizgiləri vurğulanır. Avropada rus millətinə qarşı maraq və qibtənin səbəbi rus ədəbiyyatı və Tolstoydur. Müharibənin ədəbiyyatda ifadəsi Homerdən Tolstoya qədər nəzərdən keçirilir.
Tolstoyun “Hərb və sülh” romanı Şərqdə Firdovsinin “Şahnamə”si ilə müqayisə edilir. Avropadan isə Höte, Russo və Hüqoyla. Bəs burada məqsəd nədir? Məqsəd yalnız Tolstoyu təqdim etmək deyil. Tolstoy miqyasında sənətkarı olan xalqın şansı, Tolstoyçuluq mərkəzdə dayanır. Məqalədən çıxan nəticə budur ki, rus ədəbiyyatı rus xalqını yaradıb. Halbuki xalq ədəbiyyatı formalaşdırır. Əli bəy tamamilə haqlıdır.
Tolstoy İran ədəbiyyatından Firdovsi, Sədi və Sənai səviyyəsindədir. Firdovsinin oxşarlığı “Şahnamə”də müharibə mövzusunu işləməsidir. Əli bəy burada peşəkar tənqid dərsi keçir. Tolstoy “Hərb və sülh”də Rusiya-Fransa, Firdovsi “Şahnamə”də İran-Turan savaşlarını təsvir edib. Firdovsinin əsəri daha ritorik, mübaliğəli bir üslubdadır. Tolstoyun romanı isə təbiidir, müharibənin anatomiyası olduqca naturaldır. Necə də doğru və ağıllı bir təsnifatdır. “Hərb və sülh”də elə səhnələr var ki, daha uğurludur. “Şahnamə”də isə elə qitələr var ki, Firdovsi Tolstoydan üstündür. Əli bəyin tənqidi görüşlərindəki peşəkarlığını Seyid Hüseynin tənqidi fəaliyyəti ilə müqayisə edə bilərik. Doktor Əli bəy ədəbi növ, janr və hətta cərəyanları əsas götürüb mətni rentgen cihazından keçirir; onun sağlam və xəstə cəhətlərini göstərir. Müharibənin ədəbiyyatda təsviri isə Homerlə başlayır. Əli bəy bu bölgünü də sistemləşdirir. Homer “Odisseya”da Qərbdəki fərdi seçimi də ifadə edir. Axilles Aqamemnona boyun əyməməklə, hökmdarın əmrinə qarşı çıxmaqla Qərbdəki fərdiyyətçiliyi başladır.
Firdovsi öz yolunda ömrünün axırınacan dava edib, mübarizə aparıb. Tolstoyda isə fərd-yazıçı böhranları onun həyatının semantik mərkəzində dayanıb. Məhz böyük yazıçı özü və həyatla barışmayan fərdin dünyagörüşündən doğulur. Qraf Tolstoy Sənaiyə bəzi bioqrafik cizgilər baxımından bənzəyir. Sənai də gəncliyini Tolstoy kimi ağaların, padşahların məclislərində keçirir. Və sonra insanlığın ən ciddi problemlərindən birinin dəbdəbə və şöhrət olduğunu dərk edir. Eynilə Tolstoy da bu mərhələdən keçir. Hətta ömrünün elə çağına gəlir ki, “Hərb və sülh”, “Anna Karenina” kimi əsərlərindən uzaqlaşır. Daha çox didaktik məzmunlu risalələr yazır. Əli bəy burada yalnız bölgü aparır. Şərh vermir. Lakin bu məqam yazıçı Tolstoyun yanılmasıdır; böyük ədəbiyyatdan uzaqlaşmasıdır. Vladimir Nabokov təxminən, belə deyir ki, Tolstoy Annanın uzun və qara saçlarından yazarkən böyük yazıçıdır. Rusiyadakı təhkimçilik hüququndan uzun-uzadı söhbət açarkən isə qoca çərənçidir. O zaman onu Annanın uzun və qara saçlarının yanına gətirib demək istəyirəm ki, bundan yaz, böyük ədəbiyyat budur. Mən Nabokovla razılaşmıram. Çünki “Anna Karenina”da Rusiyanın ictimai-siyasi, sosial-mədəni panoramı verilir və bu cəhət təsvir olunan həyatdan xaric səslənmir. Həmçinin Tolstoy həyatı geniş epik miqyasda görür və yaşayırdı. Ona görə də elə yazırdı.
Əli bəy Tolstoyun rəsmi, kilsə xristianlığını yox, ortodoks xristianlığı yaşayıb təbliğ etdiyini də yada salır. Doğrudur. Tolstoyun xristianlığı Əli bəyin “Nicat məhəbbətdədir” məqaləsində təqdim etdiyi saf, səmimi və dini sektaların saxtalığından arınmış isəvilik və hətta müsəlmanlıqdır. Yəni bir-birini inkar etməyən, tamamlayan dəyərlərdədir.
Sədi ilə Tolstoyun oxşarlığı isə uzun, keşməkeşli, müharibələrlə dolu ömür yaşamaları və dinlərinə bağlı olmalarıdır. Tolstoy özünə taxt qurmuş yazıçı deyil. Olduqca sadədir, içimizdə yaşamaqdan, habelə oxumaqdan belə qorxduqlarımızı qulağımıza pıçıldayır sanki. Və Əli bəy “narod” sözünü ümmət, millət və camaat kimi tərcümə etmir. Yalnız el və elpərvərlik (“narodniçestvo”) kimi ifadə edir. “Dindarlıq” anlayışı ilə özünü xalqa həsr edən, nicatı, qurtuluşu məhəbbətdə görən yazıçılar, insanlar, vətəndaşlar və dəyərləri ifadə edir. Din müstəqil düşüncəsi olan və məsələyə tənqidi yanaşan bir şəxs tərəfindən təhlil edilir.
“Həyatın bütün zövqü fənalıqla mübarizədir”. Belə düşünən Tolstoy qeyd edir ki, afrikalı bir vəhşi zənci gözlərimin qarşısında övladımı doğrasa, cavab vermərəm. Əli bəy bunu Tolstoyun axmaqlığı adlandırır.
Bəs Əli bəy Tolstoyun böyüklüyünü nədə görür? Onun böyüklüyünü məzhəbində deyil, məsləkində, bədii görüşlərində axtarır. Və dünyada barış üçün səy göstərməyində. Bu gün dünyanın hər yerində müharibələr davam edir, uşaqlar ölür… Heç kim Tolstoyun “Hərb və sülh”, “Hacı Murad” əsərlərini xatırlamaq istəmir. Əli bəy isə Madam Fantanın evini yada salan, daimi məskəni “Füyuzat”da elm və sənət məclislərini davam etdirir. “Çünki təkrarlanmağın skandalı unudulmağın skandalı tərəfindən “mərhəmətlə silinir”. Unudulmağın qapısı bağlananda isə Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Qazi Ağa Mir Məhəmməd Kərim Ağalar və bu günün intellektualları Tolstoyun düşüncəsinə və üslubuna uyğun addımlar atırlar.
Əli bəy “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsində dekadentizm, ümid, ümidsizlik, Verlen, Malerme və Bodlerdən söhbət açır. Osmanlının çöküş öncəsi dekadentə meyil etməsi və Tofiq Fikrətin ədəbi düşüncələri bu məqalədə sistemli şəkildə analiz edilir. “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” o dövr üçün estetik inqilabdır. İnsanlığın ən böyük düşməni olan ümidsizliyə qarşı inqilabı, inkişafı və mübarizəni elmi, bədii və fəlsəfi bir repertuar kimi ortaya qoyur. Dirijorluq edir. Çöküş əsrinin ibtidasındakı (başlanğıcındakı) qaranlığın içində ümidin, islamın və sevginin yaşıl işıqlarını yandırır.
Əli bəy “Məcnun və Leylayi-İslam” fəlsəfi essesində İslamı solğunüzlü bir qadın kimi təsvir edir. Daha doğrusu, İstanbulda dəlixanaya atılan və sonra vəfat edən İslam həkiminin dilindən nəql edilir İslam Leylasının hekayəti. “Məcnun və Leylayi-İslam” koteyl mətndir. Həm esse, həm məqalə, həm hekayə, həm də dramın elementləri vardır. Solğunüzlü qız deyir ki, mən İslamın özü deyiləm, coğrafiyasıyam. “İslam dininin burada, İstanbulda nə işi var? Onun bulunub ayrılmadığı yerlər Məkkə, Mədinə, Nəcəf, Kərbəla, Məşhəddir”. Bu essedə doktor Əli bəy Hüseynzadə İslam coğrafiyasını bir bədənin orqanlarına bənzədir. Ağ ciyər nəfəslikdir. Bu topoqrafiyaya Yənbu və Ciddə, Məkkə və Mədinə də daxildir. Osmanlıda bir, İranda yüz özbaşınalıq, istibdad, diktatorluq isə insan bədənindəki xəstəliklərlə simvollaşır. İslamın beyni, intellektual mərkəzlərindən biri olan İstanbul ürəyi, ruhu təmsil edən Məkkədən, Mədinədən uzaq düşüb. Aralarındakı damarlar tıxanıb. İslam coğrafiyasına bakterologiya elminin aseptik və antiseptik nəzəriyyələri tətbiq edilir və mikrobları oxumaq, anlamaq və dini dərk etməklə məhv etmək mümkündür.
“İntiqad ediyoruz, intiqad olunuyoruz” məqaləsində Axundovdan sonra tənqidin nə qədər böyük ehtiyac olması ciddi suallar və cavablar kontekstində sistemləşdirilir. Əli bəy yaxşı və ya pis hər bir anlayış və şeyin tənqid olunması fikrini irəli sürür. Bu məqaləsində “Füyuzat” və Əli bəyə qarşı olan böhtan, şər və təhqirlərə intellektual cavablar tənqidin etikasını ifadə edir. “İntiqad ediyoruz, intiqad olunuyoruz” məqaləsi bu gün də fərqli ədəbi və estetik platformaları təmsil edən sənət adamları üçün estetik davaya nümunədir. Bu məqalə Mirzə Fətəlinin ideallarını gerçəkləşdirir. Çünki Şahbaz bəyin simasında Azərbaycan kişilərinin modern modeli göstərilir. Əli bəy Hüseynzadə və məslək yoldaşları Şahbaz bəyin real həyatdakı ifadəsidir.
Əli bəy Hüseynzadə “Tolstoyçuluq nədir?” məqaləsində türk ədəbiyyatından Namiq Kamal Tolstoyla qarşılaşdırılır. Burada dövlətin və mühitin bir sənətkarın yetişməsində önəmi əsaslandırılır. Renessansşünas Yakob Burxart deyir ki, dövlət hər şeydən əvvəl estetik hadisədir. İntibah və inkişaf müstəqil və sekulyar dövlətlə başlayır. Bizim milli dövlətimizin olması və sekulyarlığımız Cümhuriyyətdən qalan ən böyük mirasdır, şansımızdır.
8 noyabr, 2024
edebiyyatqazeti.az