Özüm kimi
Mən özüm kimi olmaq istədim, qoymadılar.
Yerişimə, baxışıma, gözümə,
sözümə söz dedilər tanımadığım qohumlarım, dostlarım.
Keçmədiyim yollarda yaşlandırmaq istədilər məni.
Az qala Allah olub məni təzədən yaratmaq istədilər,
Anam olub doğmaq istədilər məni.
Bəyənmədilər, dəyişmək istədilər səsimi…
Milçək kimi vızıldadılar, ilan kimi fısıldadılar
Köhnəlmiş ruhları geyindirmək istədilər bədənimə.
Bildilər ki, sevirəm dənizi,
Dalğa olub boğmaq istədilər məni.
Gördülər əllərimin arasında əllərini,
Gördülər o dünya boyda gəlinliyini,
Gördülər bu dünya boyda kəfənimi,
Yandırdılar bizi məhəbbətimizin atəşində.
Külümüzdən alovlandıq, günəş olduq, ay olduq,
Ruhumuza, bədənimizə tay olduq,
Bax bu misralarda üzən çay olduq.
Lənət
Eminönündə idim
Suların arxasında
Minarədə yenə həmin ağrı
Səni arzuladım
İstanbulu içdim
Boğazımda qaldın
Bütün yazıq ilanların şərəfinə idi
Kız kulesinde ürəyimə sancılanlar
İndi hansı körpü birləşdirər bizi
Metronu da gözləmə
Soruşdum, bu il açılmaz.
Bitdi, bitdi, bitdi…
Elə Laləlidə, həmin otel otağında
Rusça danışırdılar qonşu qadınlar
Üşüdüm, çox üşüdüm yayın ortasında
Ümidim?
O, bir göyərçin
“Uçduğun” təyyarənin motorunda
Paramparça!
Ağlamadım, bağışla
Hə, erkəklər ağlamaz (!)
Yox, söyüş də söymürəm daha
Bilirsən, lənətdir oxuduqlarım,
Məsələn, elə bu: “Səni sevmirəm”
Anama şeir
Kəndirdən sallanan qadın cəsədi,
Anamın ipdən asdığı paltarlara düşən qar dənəcikləri!
Bu mart günündə dişlərini qıcayan ac qurd kimi ölüm gəzir aramızda…
Ana, əllərini ver, gözlərinə basdır gözlərimi!
Saçların dünyanın ən gözəl çiçəkləridir qəbrimə qoyulan!
İndi bu dəqiqə heç kimi, heç nəyi istəmirəm!
Bir nağıl danış, üşüyürəm!
Deyirlər, adamlar öləndə üşüyür,
Qorxuram…
Başımı sıx sinənə, torpaq kimi ört məni
Ana, ver əllərini…
Gördüm, qorxdum ilk dəfə ölümdən!
Ölmək – bir səs kimi, söz kimi gözəldir
Amma ən pis ölüm ana kimi ölməkdir!
Bilirəm, analar yaşatmaq üçün yaranıb
Ölən uşaqlığımın xatirəsini yaşat
Ən sevdiyin ölünün xatirinə!
Günah
Dua etmək istərəm, əl açmağa gücüm yox.
Yalvarmağa sözüm, göyə baxmağa üzüm yox.
Qopardım qaranlıqda salxımı, işıqda baxdım üstündə üzüm yox.
Neyləyim ki, mən günaha girməyim, günah mənim cibimdədir
Mən cibimdə yaşayıram, günahımın qucağında
Dəyişibdir artıq dövran
Sevməyə mələk qalmadı, söyməyə şeytan
Mələyi də, şeytanı da udubdu insan.
Günah edirəm, bəlkə, savab bacarmıram
Bəlkə, yüküm ağır olmasın deyə o dünyaya savab aparmıram.
aydinyol.aztc.gov.az