Qulu Ağsəs. Görsən üşüyürsən, yandır özünü!

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı…

fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var

rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir

Səhər – körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş?

körpəsi hanı?

… Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən…

yandır özünü…

 

YUXU DƏRMANI

(“Ərzi-əsri-hal-namə”dən)

…Həə, əzizlərim,

uşağın asfalta düşən

çörəyi öpüb gözü

üstünə qoymağına –

nağıllardakı kimi – 3 gün,

3 gecə kövrələndən

sonra üz tutdum

psixoloqa. Xanımın

tıxacdan verdiyi

suallara könülsüz

“hə-hı” elədim.

Psixoloq bu dəfə

kimyəvi biliyimi

yoxlayıb, ardınca 1 şeir

deməyimi xahiş elədi.

İstədim, “Uşaq və

buz”u deyəm,

fikirləşdim, qadın

seansı uzadar. Keçdim

öz yaradıcılığıma.

“Görsən üşüyürsən,

yandır özünü!” –

gözucu baxdım ki,

psixoloq aglayır. Qəfil

ayağa durub:

“Yandıracam bir gün!”

dedi. Xanımı güc-bəla

sakitləşdirib çıxdım…

Küçədə yerə düşən

çörəyi öpüb gözü üstə

qoyan uşağı axtarıram.

Onu öpüb gözüm üstə

qoyacam…

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/10/30/edmund-husserl-kartezian-dusunceleri-10-33/ (davamı) Məntiqi tədqiqat II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma §8. Tənha ruhi həyatda ifadə İndiyə qədər biz ifadəni kommunikativ funksiyalarda nəzərdən keçirdik. O, əslində ona əsaslanır ki, ifadə əlamətlər kimi fəaliyyət göstərir. Hər halda ifadə kommunikativ məlumatlardan kənar mənəvi həyatda da böyük rol oynayır. Aydındır ki, dəyişilən […]