Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlının Pekin Xarici Dillər Universiteti (PXDU) Asiya fakültəsinin “Beynəlxaq nüfuzlu alimlərin qısamüddətli akademik səfəri” proqramı (16-28 sentyabr 2024-cü il) başa çatmışdır. Səfər çərçivəsində Prof.Akad. Hamlet İsaxanlı silsilə məruzələr oxumaqla bərabər universitet rəhbərliiyi ilə görüşlər keçirmiş, universitetlərarası əlaəqələrin dərinləşməsi istiqamətində fikir mübadiləsi aparmışdır.
Prof. Akad. Hamlet İsaxanlının elmi məruzələri iki istiqamətdə müəyyən olunmuşdur: universitetin bütün tələbə və müəllim heyəti üçün və yalnız PXDU-da Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr üçün. Bütün universitet tələbə və müəllim heyəti üçün nəzərdə tutulmuş “İki mədəniyyət: Təbiət və humanitar elmlər arasında səddlər və körpülər” və “Ali təhsildə keyfiyyət konsepsiyası” geniş auditoriya tərəfindən maraqla qarşılanmış, Prof. Akad. Hamlet İsaxanlıya mövzuyla əlaqəli çoxsaylı suallar ünvanlanmışdır. Məruzələrdən öncə moderator, PXDU Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev natiqin həyat və faliyyəti haqqında dinləyicilərə geniş məllumat vermişdir. Bundan başqa Prof. Akad. Hamlet İsaxanlı universitetin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri üçün “Azərbaycan milli kimliyinin inkişaf tarixçəsi” adlı məruzəylə geniş çıxış etmişdir.
Qeyd edək ki, Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin “Beynəlxaq nüfuzlu alimlərin qısamüddətli akademik səfəri” proqramı müxtəlif ölkələrdən nüfuzlu alimləri dəvət etməklə tələbələrin dünyagürüşünü genişləndirmək, akademik əlaqələri dərinləşdirmək xarakteri daşıyır. Prof. Akad. Hamlet İsaxanlı bu proqramda iştirak edən ilk azərbaycanlı alimdir.
Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan, 101 xarici dilin tədris olunduğu PXDU-da Azərbaycan dili ixtisasının yaradılmasıyla bağlı qərar 2015-ci ildə Çin Təhsil Nazirliyi tərəfindən qəbul olunub. Universitetdə Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, 2018-ci ildə ümumrespublika qəbul imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək, Çinin ilk azərbaycanşünas kadrları olub. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi İli”ndə “Azərbaycan dili və Ədəbiyyatı Sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Tədris dövründə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akad. İsa Həbibbəyli və başqaları Azərbaycan dili kafedrasında olub, tələbələrə mühazirə oxuyublar. Qeyd edək ki, ilk qəbulun iki məzunu Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə magistr pilləsində təhsil almış, 2024-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişlər. 2023-cü ildə Xəzər Universiteti ilə Pekin Xarici Dillər Universiteti arasında əməkdaşlıqla bağlı anlaşma memoreandumu imzalanmışdır.
khazar.org