Klv.az saytı Qulu Ağsəsin yeni şeirini təqdim edir.
Mən Onu yaxşı tanıyırdım,
Adam rayonundan idi –
əsli,
Mən Onu yaxşı tanıyırdım,
sözün də açığını sevməzdi –
əsla…
Mən Onu yaxşı tanıyırdım,
düşüncələri təzə şum kimi
alt-üst idi,
Mən Onu yaxşı tanıyırdım,
su da atmazdı arxadan –
o qədər dürüst idi…
Mən Onu yaxşı tanıyırdım,
az yazdı,
amma A-dan Z-yəcən çatardı AZ-ı,
Mən Onu yaxşı tanıyırdım,
Allahdan başqa,
hamıdan qorxurdu yazıq…
Mən Onu yaxşı tanıyırdım,
O, mənim hər şeyimdi…
Mən Onun yarısı,
Mən Onu çoxdan tanıyırdım,
Alın təriylə yazılmışdı
alın yazısı…